Xilas günümüz
15 İyun Milli Qurtuluş Günü dövlət
müstəqilliyimizin ən böyük tarixi nailiyyətidir
1993-cü il 15 iyun - Azərbaycanın bugünü,
prespektivi birbaşa Heydər Əliyevin qayıdışı
ilə bağlı olan tarixi gün. Respublikamızın şəhər
və rayonlarında, həmçinin, respublikamızdan kənar
şəhərlərində də Milli Qurtuluş
Günü geniş şəkildə qeyd edilir. 15 iyunun Azərbaycan
xalqının tarixində çox mühüm hadisələrdən
biri olduğunu söyləyən siyasətçilərimiz,
ziyalılarımız onu da bildirirlər ki, Qurtuluşdan
başlanan inkişaf, tərəqqi bu gün daha da sürətlənib.
Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının
sədri Mirsüleyman Mirxaslı:
- Xalqımızın
milli bayramları arasında Milli Qurtuluş gününün
ayrıca yeri var. Çünki ümummilli liderimiz Heydər Əliyevin
xalqın arzusu və tələbi ilə 17 il əvvəl
hakimiyyətə qayıdışı ilə əlamətdar
olan 15 iyun - Milli Qurtuluş həqiqətən müstəqil
dövlətimizin məhvolma təhlükəsindən
xilasının əbədi tarixi günü oldu. Milli
Qurtuluş Günü Azərbaycan xalqının tarixində
dönüş nöqtəsi oldu. Vurğulamaq istərdim ki,
hər bir ölkənin tarixində onun gələcək
taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli
dönüş nöqtələri olur. Azərbaycan
xalqının müasir tarixinin çox əhəmiyyətli
dönüş nöqtəsi də 1993-cü ildə Heydər
Əliyevin tarixi qayıdışı ilə başlamış
qurtuluş məfkurəsi ilə əlaqədardır. Azərbaycan
xalqı, ilk növbədə, 1993-cü illərin faciələrindən
xilas olmaq üçün Heydər
Əliyev kimi böyük tarixi şəxsiyyətin qətiyyətinə,
müdrikliyinə ehtiyac duyurdu. Qurtuluş təkcə Azərbaycanın
müasir tarixinin keçmişi
deyil. eyni zamanda, Azərbaycanın bu günüdür,
bugünkü reallıqlarımız, ölkədə
mövcud olan sabitlik, əmin-amanlıq, vətəndaşların
əhvali-ruhiyyəsidir. Hamımızın yaxşı
yadındadır ki, 1993-cü ilin iyun günlərində
baş vermiş Gəncə hadisələri, naşı
dövlət rəhbərlərinin bir ovuc silahlı quldurun
qarşısında aciz qalması, ölkədə faktiki
olaraq, vətəndaş müharibəsinin başlanması,
erməni təcavüzünün genişlənməsi,
ayrı-ayrı ölkələrdə, xüsusən, cənub
rayonlarında separatçılıq meyillərinin güclənməsi
Azərbaycanı fəlakətlə üz-üzə
qoymuşdu, AXC-Müsavat iqtidarının cəmi bir il davam
etmiş səriştəsiz rəhbərliyi cəmiyyət həyatının
bütün sahələrində dərin böhranla nəticələndi.
Belə bir faciəvi şəraitdə xalqın, sözün
əsil mənasında, xilaskara ehtiyacı var idi və
1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyev
xalqın təkidli istəyi və tələbilə ikinci dəfə
siyasi hakimiyyətə qayıtdı.
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının
sədri Hafiz Bəşirov:
- Müstəqil Azərbaycanımızda
yaşanan 15 iyun- Milli Qurtuluş günü
xalqımızın fəlakətlərdən qurtulub, qüdrətli
bir dövlətin bünövrəsinin qoyulduğu
gündür. Bu müqəddəs günü tarixə yazan
isə ümummilli liderimiz Heydər Əliyevdir. İttifaq
dağılandan sonra müstəqillik uğrunda
alışıb yanan müttəfiq respublikalar kimi Azərbaycanda
da xalq hərəkatı vüsət almışdı. Ölkəmizdə
baş verən siyasi proseslər digər respublikalardan fərqli
idi. Bir yandan hiyləgər qonşularımızın ərazi
iddiası ilə apardığı müharibə, digər tərəfdən
naşı, səriştəsiz ölkə rəhbərliyinin
hakimiyyət hərisliyi xalqı uçurum
qarşısına gətirib çıxarmışdı. Belə
ağır bir məqamda ölkə xaricində olan
qeyri-dostlarımız ölkəmizin yeraltı və
yerüstü sərvətlərinə göz dikməsi
respublikanı çıxılmaz vəziyyətə
salmışdı.
Belə bir məqamda
xalq ümummilli liderimiz Heydər Əliyevə pənah
aparıb, onu ikinci dəfə hakimiyyətə gətirdi. Taleyini
bu dahi şəxsiyyətə etibar edən xalq, nəhayət,
azad nəfəs aldı. Xalqın taleyinə heç zaman
laqeyd qalmayan Heydər Əliyev yenə öz həyatını
təhlükələrə atıb, siyasi
bacarığını işə saldı. Tez bir zamanda ona
etibar olunan ölkəni təhlükədən qorudu. Ölkədə
yaranan sabitlik, cəbhədə əldə olunan atəşkəs
respublikanın inkişaf kursunu müəyyən etdi. Yaradılan
sabitlikdən istifadə edən xarici sərmayədarlar
ölkəyə gəlib müxtəlif sahələrə sərmayə
qoymağa başladılar. Elə bu andan başlanan inkişaf
"Əsrin müqaviləsi"ni, "İpək
yolu"nu imzalamağa gətirib çıxardı. Böyük
inkişafa qədəm qoyan ölkəmiz dünya dövlətləri
ilə bir sırada beynəlxalq təşkilatlara üzv qəbul
olundu. Azərbaycan bu gün
böyük dövlətlər üçün önəmli
bir ölkəyə çevrilib. İqtisadi və siyasi sahədə
aparıcı bir dövlətə çevrilən Azərbaycan
öz müstəqilliyi yolunda mətin addımlarla irəliləyir.
15 iyun 1993-cü il tarixi an məhz Heydər Əliyev tərəfindən
Azərbaycan təqviminə qızıl hərflərlə
yazıldı. Xalq bu günü böyük sevinc və fərəh
hissi ilə qeyd edir. Bu bayram münasibəti ilə
xalqımızı təbrik edir və ən xoş
arzularımızı bildiririk.
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının
sədri Ramazan Muradov:
- Milli Qurtuluş
Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü
onu qiymətləndirənlər, dərindən dərk edənlər
üçün çox əzizdir. Vətənini,
xalqını sevən həmin çətin,
ağrılı günlərin dəhşətlərini
yaşayan, hadisələri gözləri ilə görən
insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda
ölüm-dirim mübarizəsinin tarixidir. Məhz Heydər Əliyevin
uzaqgörən siyasətinin nəticəsində Azərbaycan
dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən
uğurla çıxdı. Ulu öndərin qətiyyəti nəticəsində
xalqın ruh yüksəkliyi artdı, sabitlik və əmin-amanlıq
bərqərar oldu, xalq öz xilaskarını tanıdı.
1993-cü ilin iyun ayına qədər Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, kriminal situasiya ölkəni iflic hala salmış, insanlardakı kütləvi psixoz sosial həyatı alt-üst etmişdi. O zaman hakimiyyətdə olan AXC-Müsavat birliyi ölkəni idarə etməkdə səriştəsizlik, acizlik göstərirdi. Ölkəni iqtisadi böhran bürümüşdü. Təcili şəkildə hakimiyyət boşluğunu aradan qaldırmaq, əfəl və aciz, başını itirmiş iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq lazım gəlirdi. Belə bir ağır zamanda xalq öz seçimini etməli, "olum, ya ölüm" dilemmasına cavab tapmalı idi. O günlərdə Azərbaycan ziyalılarının, bütövlükdə, xalqın diqqəti özünü görkəmli dövlət xadimi kimi çoxdan təsdiq etmiş Heydər Əliyevə yönəldi. Belə bir çətin və mürəkkəb durumda Azərbaycan ziyalılarının və Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və beləliklə, xalq öz qurtuluş, nicat yolunu tapdı. Xalqın seçimi qısa zaman kəsiyində özünü doğrultmağa başladı.
Heydər Əliyevin Azərbaycana qayıdışı və yenidən hakimiyyətə gəlməsi millətimizin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Yeni siyasi kurs və inkişaf perspektivlərini müəyyən edən ulu rəhbərin həyata keçirdiyi təcili tədbirlər nəticəsində hakimiyyət boşluğu aradan qaldırıldı. Respublikanın müxtəlif bölgələrində baş qaldırmış etnik-separatçı qüvvələr qətiyyətlə zərərsizləşdirildi. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı.
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının
sədri Kamil Mirzəyev:
- 15 iyun 1993-cü il Azərbaycan
xalqının tarixində ən əlamətdar bir hadisədir.
Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn
ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının
itirilmiş inamını özünə qaytardı, Azərbaycanın
müstəqilliyini təmin etdi. Ulu öndər, həmişə
qeyd edirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur.
Biz azadlığımızın, müstəqilliyimizin yolunu
gözləmişik, mübarizə aparmışıq, bu
yolda minlərlə şəhid vermişik.Azadlığı,
müstəqilliyi əldə etmək nə qədər
çətindirsə, onu qoruyub saxlamaq bir o qədər
mürəkkəbdir. 1993-cü ilin əvəllərində,
artıq Azərbaycan müstəqilliyini itirmək təhlükəsi
ilə üzləşmişdi.O zaman Azərbaycan son dərəcə
ağır vəziyyətdə idi. AXC-Müsavat
iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik,
başıpozuqluq, hakimiyyət uğrunda didişmə
dövlətin bütün sahələrinə sirayət
etmişdi. Tarixi düşmənimiz ermənilər bir-birinin
ardınca rayonlarımızı işğal edib,yüz minlərlə
soydaşımızı öz vətənində
qaçqına çevirmişdi. Azərbaycanı
parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən
xilas etmək reallıqdan çox uzaq görünürdü.
Bu zaman xalqın təkidli dəvətini qəbul edən ulu
öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Bütün
Azərbaycan xalqı bu gəlişi böyük ümid və
sevinclə qarşıladı. Bununla da, daxili və xarici
düşmənlərimizin bütün planları iflasa
uğradı. Xilaskarlıq missiyasini öz üzərinə
götürən ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə
səfəri vətəndaş müharibəsinin
qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü
kimi daxil oldu. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz
bərpa edildi, onun qətiyyətli, apardığı
uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz
xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək,
böyük nailiyyətlər qazandı. Müasir Azərbaycanın
banisi, Azərbaycanı sabitlik və inkişaf yoluna
çıxarmış böyük Heydər Əliyev
2003-cü il prezident seçkiləri ərəfəsində
çox böyük əminliklə Azərbaycan xalqına
müraciət edirdi: "İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları,
işləri xalqın köməyi
və dəstəyi ilə İlham Əliyev başa
çatdıra biləcək".
Beləliklə,
haqlı olaraq, Azərbaycan xalqı 2003-cü ilin oktyabrında
çox böyük ruh yüksəkilyi ilə İlham Əliyevi Azərbaycan Respublikasının
Prezidenti seçdi, çox böyük ümid və inamla
taleyini böyük Heydər Əliyevin zəka və iradəsinin
varisi İlham Əliyevə etibar etdi, tapşırdı. Bütün
varlığımızla fəxr edirik ki, bu gün
ümummilli liderimiz Heydər Əliyevin böyük yolunu
möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
şərəflə davam etdirir. Ölkə Prezidenti İlham
Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan
günü-gündən
çiçəklənərək və inkişaf edərək
iqtisadi inkişaf sahəsində dünyanın lider dövlətlərindən
birinə çevrilmişdir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 10 iyun.- S. 3.