Xalqın və dövlətin
qurtuluş günü
"Səs" qəzeti ulu öndər Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə gəldiyi gün - 15
İyun Milli Qurtuluş Günü münasibəti ilə dəyirmi
masa keçirdi
Qüdrətli və
möhkəm dövlət olmadan azadlıq və müstəqillik
də yoxdur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil
olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər,
dərindən dərk edənlər üçün çox
əzizdir. Bu günü bizə bəxş edən ulu öndərimiz
Heydər Əliyev dövlətimizin müstəqillik tarixinə
adını qızıl hərflərlə yazıb. Nə qədər
Azərbaycan xalqı və dövləti var, ulu öndərimiz
Heydər Əliyev də yaşayacaq. "Səs" qəzeti
ənənəvi olaraq keçirdiyi dəyirmi masanın
mövzusunu da məhz dahi öndərimizin xalqımıza və
dövlətimizə bəxş etdiyi 15 iyun Milli Qurtuluş
Gününə həsr etmişdir. Dəyirmi masada Yeni Azərbaycan
Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət
vəkili Eldar İbrahimov, YAP
Siyasi Şurasının üzvü, millət vəkili
Aydın Mirzəzadə, Ana Vətən Partiyasının sədri,
millət vəkili Fəzail Ağamalı, millət vəkilləri
Asəf Hacıyev, Məlahət İbrahimqızı, Gültəkin
Hacıbəyli və Gövhər Baxşəliyeva iştirak
edirdilər.
Dəyirmi masanı
giriş sözü ilə açan "Səs" qəzetinin
baş redaktoru Bəhruz Quliyev Vətənini, xalqını
sevən həmin çətin, ağrılı günlərin
dəhşətlərini yaşayan, hadisələri gözləri
ilə görən insanlar üçün 15 iyunun əsil
qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin
tarixi olduğunu bildirdi. Qeyd etdi ki, bu tarixi yaradan isə yenə
də Azərbaycanın inkişafında, müstəqilliyində,
gələcəyində müstəsna rol oynayan, daim
xalqına arxalanan və xalqa arxa olan ulu öndərimiz Heydər Əliyevdir.
Baş redaktor Milli Qurtuluşa gedən yol və Azərbaycanın o zaman üzləşdiyi ağır, çətin proseslərdən geniş və əhatəli fikirlər səsləndirdi. Onu da bildirdi ki, ulu öndərimizin xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə xalqın sabaha olan inamı özünə qayıtdı:"Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Ümummili liderimiz Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir".
B.Quliyev 15 İyun Milli Qurtuluş Günü ətrafında fikir mübadiləsinin aparılmasının və ulu öndərimizin dövlət, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs etmələrinin vacibliyini bildirdi.
BÜTÜN NAXÇIVAN ƏHALİSİ
KÖMƏK ÜÇÜN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ
ÜZ TUTDU
Eldar İbrahimov:
- 15 İyun Milli Qurtuluş Günü tariximizin ən şanlı səhifələrindən biridir. 1992-ci ilin mayın 18-də Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra ölkədə ağır böhran şəraiti yarandı. Bu gərgin vəziyyətin nəticəsi idi ki, xalq hakimiyyətdən üz döndərirdi. Belə bir vaxtda Azərbaycanın 91 nəfər ziyalısı "Səs" qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Onun rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılmasının vacibliyini bildirdilər. Qismət elə gətirmişdi ki, 1990-cı ilin oktyabr ayında biz birlikdə Azərbaycan Ali Sovetinə deputat seçilmişdik. Əksər vaxtlarda bir yerdə olurduq və birgə söhbətlər aparırdıq. Açığı, Heydər Əliyev əvvəllər belə bir partiyanın yaradılmasını əhəmiyyətli hesab etmirdi. Lakin bir qrup ölkə ziyalısı yeni partiyanın yaradılmasını və Onu dəstəkləyən insanların bir araya toplanılmasını istəyirdilər. Beləliklə, biz yeni partiyanın yaradılması üçün hazırlıq işlərinə başladıq. 1992-ci ilin oktyabrın 24-də o zamankı hakimiyyət Naxçıvanda dövlət çevrilişi etdi. Onlar Daxili İşlər Nazirliyini və Dövlət Televiziyasının binasını tutdular. Heydər Əliyevi məhv etmək üçün istənilən hərəkətə əl atırdılar. Hətta mən dəfələrlə Heydər Əliyevin Əbülfəz Elçibəylə danışıqlarının şahidi olmuşam. Mənə elə gəlir ki, o hadisədən 18 il deyil, 18 dəqiqə belə keçməyib. Yəni, hadisə bütün təfərrüatları ilə mənim yadımdadır. AXC-Müsavat hakimiyyəti bunu ona görə edirdi ki, özləri çox səriştəsiz və qabiliyyətsiz siyasətçilər idilər. Rəhbərlikdən heç bir başı çıxmayan bu şəxslərin Heydər Əliyevi siyasətdən uzaqlaşdırmaq istəklərinin əsil mahiyyəti beləliklə ortaya çıxır. Bütün insanlar kömək üçün üzünü məhz Heydər Əliyevə tutmuşdu. O zaman Zəngilandan olan əsirlərin azad olunmasında da ulu öndər Heydər Əliyevin xidməti var. Hakimiyyətdə təmsil olunan səriştəsiz rəhbərlər də Heydər Əliyevə olan inamı qısqanır və qəbul edə bilmirdilər. Ona görə də, çalışırdılar ki, Heydər Əliyevi sıradan çıxardıb, maymaq idarəçiliklərinə davam etsinlər. Onların bu cəhdlərinə baxmayaraq, bütün Naxçıvan əhalisi Heydər Əliyevin müdafiəsi məqsədilə Ali Məclisin qarşısına yığışdılar. Onlar anladılar ki, Heydər Əliyevə olan xalq inamını və məhəbbətini heç bir zaman qıra bilməzlər.
Belə olan halda, onların ikinci düşməni Surət Hüseynov idi. Onun böyük diviziyası var idi və ondan ehtiyat edirdilər. Mənim onunla da yaxın münasibətlərim var idi. S.Hüseynov deyirdi ki, istənilən vaxt Prezident Aparatını dağıda və onları dar ağacından asa bilərəm. 1993-cü ilin fevral ayından S.Hüseynovla Rəhim Qazıyev birləşdi. Bundan sonra vəziyyət getdikcə gərginləşməyə başladı. O zamankı hakimiyyət də birinci növbədə bunları aradan götürmək qərarına gəldilər. Bu cəhdlər də 4 iyun Gəncə hadisələrinin baş verməsinə gətirib çıxardı. Bu hadisə zamanı nə telefon xidməti, nə də televiziya kanalları çalışırdı. Naxçıvan əməlli-başlı blokada vəziyyətində idi. Bu gün bütün naxçıvanlılar şəhərin blokadadan çıxması üçün Heydər Əliyevə minnətdardırlar. Onun Türkiyə və İranla qurduğu əlaqələrə görə, Naxçıvan əhalisi sağ-salamat qaldı.
AZƏRBAYCANIN YEGANƏ NİCATI
HEYDƏR ƏLİYEVİN ÖLKƏ SİYASƏTİNƏ
GƏLMƏSİ İDİ
Fəzail Ağamalı:
- "Səs" qəzeti, ənənəvi olaraq, cəmiyyəti düşündürən aktual məsələlər ətrafında bu cür dəyirmi masalar təşkil edir. Düşünürəm ki, bunun özü də əhəmiyyətli missiyadır. 1987-ci ilin noyabr ayında Heydər Əliyev istefaya gedəndən sonra Ona qarşı böyük repressiyalar başladı. Bu repressiyaların da başında Mixail Qorbaçov və onun komandası dururdu. Qorbaçov tərəfindən idarə olunan və Heydər Əliyevin nüfuzundan çəkinən Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov görünməmiş bir səviyyədə ulu öndərə qarşı böyük təzyiqlər kampaniyasına başladılar. Hadisələrin gedişi Vəzirovu tarixin arxivinə göndərdi. Eyni zamanda, 1992-ci ilin mart ayının 5-6-da indiki Milli Məclisin qarşısında keçirilən mitinqdə mənim xüsusi təşəbbüsüm və qadınların cəsarəti ilə Ali Sovet mühasirəyə alınaraq, A. Mütəllibov istefaya göndərildi. Qeyd edim ki, o zaman, bir qayda olaraq, mitinqləri mən idarə edirdim. Həmin anda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gətirilməsi üçün əlverişli vəziyyət yarandı. Çox təəssüflər ki, bu əlverişli vəziyyətdən istifadə olunmadı. Həmin ilin mart ayının 9-da AXC-nin qərargahında demokratik qüvvələr birliyinin yığıncağı keçirildi. Orada mən çıxış edərək, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması təklifini irəli sürdüm. Belə bir fikir də söylədim ki, Azərbaycanın yeganə nicatı Heydər Əliyevin ölkə siyasətinə gəlməsidir. Millətini, dövlətini sevən hər bir kəs Onun ətrafına yığışmalı və Onu müdafiə etməlidir. Çox təəssüflər ki, nəinki mənim təklifim qəbul olunmadı, həmçinin, mən ağır və təhqiramiz sözlərə məruz qaldım. O zaman Heydər Əliyevin hakimiyyətə gəlişi daha real idi. Müzakirələrin gedişi zamanı AXC idarə heyətinin üzvləri mənə dedilər ki, biz özümüz hakimiyyətə gələcəyik və Heydər Əliyevin bizi qabaqlamasına imkan verməyəcəyik. Həmin vaxt Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri idi.
Beləliklə, səriştəsiz, hakimiyyəti idarə etməyi bacarmayan insanların hakimiyyətə gəlməsilə Azərbaycanın üzləşdiyi fəlakət daha da dərinləşdi. 1993-cü ilin 15 iyun hadisələrinə gətirən tarixi şəraitin məntiqi nəticəsi onu göstərdi ki, Azərbaycan son ciddi fəlakətlər qarşısındadır. Həmin ərəfədə erməni təcavüzü də ciddi xarakter almışdı. Azərbaycan torpaqları bir-birinin ardınca işğal olunurdu. Ordu yox idi və ayrı-ayrı könüllü dəstələr müəyyən qüvvələrin himayəsi altında idi. Biri göstəriş verirdi qabağa, digəri isə göstəriş verirdi ki, arxaya get. Döyüş bölgələrində müxtəlif təxribatlar davam edirdi. Faktiki olaraq, Ermənistana qarşı Azərbaycan dövlətinin güc tətbiq etmək imkanları yox idi. Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycana qarşı təkbaşına döyüş aparmırdı. O dövrdə Ermənistan Rusiyadan ən müxtəlif şəkildə yardım alırdı.
15 İYUN AZƏRBAYCAN
TARİXİNİN ULDUZLU ANIDIR
Asəf Hacıyev:
- Bu tədbirin "Səs" qəzetində keçirilməsi təsadüfi deyil. Çünki "Səs" qəzeti inqilabi bir qəzetdir. Hələ o vaxt bir çoxları Heydər Əliyevin adını çəkməyə qorxduqları halda, bu qəzetdə bütün hadisələr açıqlığı ilə yazılırdı. Siyasətçinin potensialını görmək üçün mütləq onu inqilabi şəraitə salmaq lazımdır. Bu baxımdan, demək olar ki, Heydər Əliyev əsil inqilabi şəxsiyyət idi. 15 iyun Azərbaycan tarixinin ulduzlu anıdır. Həmin an Heydər Əliyevin qayıdışı tarixi dəyişdi. Həmin vaxt nəinki Azərbaycanda, eləcə də, regionda tarixi dəyişikliklər baş verdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə də ölkəmiz müxtəlif sahələrdə uğurlar əldə etdi. Xüsusilə, iqtisadi sahədə Azərbaycan böyük nailiyyətlərə imza atdı. Heydər Əliyevin sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası iqtisadiyyatımızın tərəqqisində mühüm amil oldu. Belə ki, Azərbaycan balaca bir ölkədən inkişaf etmiş ölkəyə çevrildi. Heydər Əliyevin inqilabi cəhətləri bütün bu uğurların əldə olunmasına səbəb oldu. Heydər Əliyev o qədər cəsarətli idi ki, heç kimdən qorxmurdu. Hüseyn Cavidin cənazəsini Sibirdən Azərbaycana gətirtdi. O, bunu etməyə də bilərdi. Ona görə etdi ki, gənc nəsillərə örnək olsun ki, insan mədəni dəyərlərini çox yüksək tutmalı və ona bağlı olmalıdır. Heydər Əliyev bunu edərkən, Onu işdən azad edə bilərdilər. Lakin O, heç nədən qorxmadı və bu addımı atdı. Eyni zamanda, Gəncənin tarixi adının bərpa olunmasında Onun müstəsna xidmətləri var.
AXC-MÜSAVAT HAKİMİYYƏTİ
DÖVRÜNDƏ AZƏRBAYCANIN BEYNƏLXALQ VƏZİYYƏTİ
ÇOX GƏRGİN İDİ
Gültəkin Hacıbəyli:
- Əvvəlcə, "Səs" qəzetinə dialoq və polemika mədəniyyətini bu cür inkişaf etdirdiyinə görə, minnətdarlığımı bildirirəm. Həqiqətən, tarixi faktları ictimaiyyətə çatdırmaq şərəfli və əhəmiyyətli bir missiyadır. O zaman AXC-Müsavat hakimiyyəti çox zəif idi. Heydər Əliyev Azərbaycanı idarə etmək təcrübəsi olmayan insanların yanlış hərəkətlərindən qurtardı. Heydər Əliyev Azərbaycanı daha böyük bəlalardan qurtardı. Beynəlxalq vəziyyətə nəzər salsaq görərik ki, həqiqətən, Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Sərhəd qonşularımız olan Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanla çox gərgin münasibətlərimiz var idi. Türkiyə istisna olmaqla qalan dörd ölkə, faktiki olaraq, Azərbaycanın parçalanmasında maraqlı idi. Məhz İran amilinin nəticəsində "Talış-Müğan Respublikası" məsələsi ortaya atılmışdı. Azərbaycanın cənubunda separatizm meyilləri güclü idi. Beləliklə, Azərbaycanın cənub hissəsinin ondan ayrılması üçün ilkin zəmin ortaya atılmışdı. Qeyd edim ki, bütün problemlərin başında, eyni zamanda, Bakı neftinin bölüşdürülməsi dururdu. Bunun üçün dövlətlər arasında ciddi mübarizənin konturları görünürdü. Əgər yadınızdadırsa, A.Mütəllibovun hakimiyyəti dövründə Bakıya xüsusi statusun verilməsi məsələsi gündəmdə idi. Əslində, Bakıya statusun verilməsi ötən əsrin əvvəllərində mövcud olan bir məsələ idi. Bu Stalinin fikri idi ki, Bakı şəhəri aqrar kənd təsərrüfatı ölkəsi olan Azərbaycandan tamamilə ayrıdır və ona aidiyyətı yoxdur. Bu fikirlərin təməlində Bakını Azərbaycandan ayırmaq, qoparmaq və onun neftinə sahiblənmək məqsədi dururdu. Digər tərəfdən, bu məsələlərdə R.Qazıyevin Rusiya ilə əlaqələri də bir faktor kimi heç birimiz üçün sirr deyil. Bununla yanaşı, Gürcüstanla münasibətlər çox pis vəziyyətdə idi. Orada azərbaycanlılar sıxışdırılırdı. Hətta Azərbaycanla heç bir strateji marağı toqquşmayan Çin dövləti də dəfələrlə xəbərdarlıq etmişdi. Azərbaycanda xarici siyasətin nə dərəcədə yarıtmaz olduğunu bildirirdilər.
(Ardı var)
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.- 2010. 10 iyun.- S. 8-9.