Heydər Əliyev tərəfindən yürüdülən ideyalar dünyaya inteqrasiya edir

 

Heydər Əliyev Azərbaycan tarixinin, ümumən türk dünyasının yetişdirdiyi qüdrətli şəxsiyyət olaraq lider səviyyəsinə yüksəlmişdir. Azərbaycan tarixinə ümummilli lider kimi daxil olmuş Heydər Əliyev yaşadığı zamanın nizamını təmin edən təfəkkür sahibi, qüdrətli siyasi iradəyə malik tarixi fonemendir. Azərbaycanın ictimai, siyasi, mədəni həyatında mühüm əhəmiyyətli nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri Heydər Əliyevin adı ilə bağlıdır.

Onun gələcəyə doğru hər bir addımı müstəqil Azərbaycanın ideologiyasının formalaşmasına yönəlmişdir. Azərbaycanın tarixi salnaməsini yazan ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyü bu gün özünü ölkənin bütün sahələrində göstərir. Eləcə də, respublikanın mədəni həyatında baş verən dəyişikliklərin hər biri, məhz ümummilli liderin adı ilə bağlıdır. Bu gün sənət xadimləri ümummilli liderin gördüyü işlərlə bağlı böyük qürurla danışırlar. Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının müdiri Məmmədağa Kərimov:

- Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramı məqsədyönlü şəkildə bütün sahələrdə nailiyyətlərlə nəticələndi. Heydər Əliyevin fəaliyyəti dövründə dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri diqqəti cəlb edir. Mən xoşbəxt sənətkaram ki, fəaliyyətimin, eləcə də, tələbəlik illərimin ilk çağları Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edib. 1970-ci ildə Moskva şəhərində Azərbaycan SSR-in yaranmasının 50 illiyi keçirilirdi və bu tədbirdə iştirak etmək üçün bizi də Moskvaya dəvət etmişdilər. Azərbaycan nümayəndə heyətinə Heydər Əliyev rəhbərlik edirdi. İlk dəfə olaraq, mən həmin tədbirdə Heydər Əliyevi canlı olaraq görmüşəm. Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu sovet dövründə də, müstəqillik illərində də Azərbaycanın tarixinə töhfələr vermişdir. Azərbaycan sovet dövründə ümummili liderin rəhbərliyi ilə öndə gedən respublikalardan birinə çevrilmişdir. Respublikaya bir-birinin ardınca keçici bayraqlar, ordenlər Heydər Əliyevin Azərbaycana xidmətinin nəticəsində təqdim olunurdu. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə korrupsiyaya qarşı mübarizə aparmaq, respublikanın inkişafı istiqamətində işlər görməklə yanaşı, ziyalıların, sənət adamlarının maddi və mənəvi rifahının yüksəlməsinə önəm verirdi. Yaxşı yadımdadır ki, tələbə ikən Opera və Balet Teatrında təşkil olunmuş gənc ifaçıların bayram konsertində Heydər Əliyev mənim ifamda "Çahargah" muğamını dinləmiş və bu əlamətdar hadisə sonralar ifaçılıq sənətinin inkişafında müstəsna rol oynadı. Bütün dünyada tanınmış və böyük nüfuza malik olan şəxsiyyətin gənc ifaçıları alqışlaması, həqiqətən də, ulu öndərin ziyalılığının nümunəsidir. Azərbaycanın, bütövlükdə, ictimai-siyasi və iqtisadi həyatın da böyük gücə malik olan Heydər Əliyev mədəniyyət və incəsənət sahəsinə hər zaman diqqət göstərmiş və bu sahədə çalışan insanların iş şəraiti, yaşayış tərzi ilə, mütəmadi olaraq, maraqlanmışdır. Qətiyyətlə deyə bilərəm ki, O, incəsənətin, mədəniyyətin bütün sahələrini, bu sahənin mütəxəssisləri qədər mükəmməl bilən bir rəhbər idi.

Heydər Əliyevin hakimiyyəti dövründə təhsilə olan diqqəti də qeyd etmək vacib məsələlərdən biridir. Belə ki, Azərbaycan təhsil sisteminin inkişafı Heydər Əliyevin adı ilə sıx bağlıdır. Respublikada potensial gücə malik olan kadrların hazırlanması işində böyük işlər görmüş Heydər Əliyev azərbaycanlı gənclərin xaricdə təhsilinə şərait yaradaraq, onların təhsil aldıqları ali məktəblərdə həyat şəraitləri, təhsil prosesləri ilə ciddi şəkildə maraqlanır, hətta həmin respublika və şəhərlərə səfər edərkən tələbələrlə görüşlər təşkil edirdi.

Azərbaycanın xilaskarı kimi, O, tarixə adını yazmış simadır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı 20-ci yüzilliyin son on ilində yaşanılan böhran, xaos və gərginlik kimi anları aradan qaldırdı. Onun qayıdışı dövrün tələbi kimi qəbul olundu. Bu qayıdış Azərbaycanın hərtərəfli və dinamik inaişafını təmin etdi. Onun qayıdışı, müstəqilliyin, demokratiyanın, milli tərəqqinin təməlinin əsasını qoydu. Ölkə daxilində XX əsrin 80-90-cı illərində baş verən daxili çəkişmələr, xarici müdaxilələr Onun uzaqgörən, müdrik siyasəti nəticəsində aradan qaldırıldı. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdinin qarşısının alınması ümummilli liderimizin dahi bir şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Uzaqgörən siyasəti, dünyada baş verən prosesləri dərk etmək bacarığı Azərbaycan xalqını yaranmış xaosdan, mənəvi-psixoloji sarsıntıdan, maddi çətinlikdən uzaqlaşdırdı. XX əsrin son on ilində baş verən ictimai-siyasi proseslər xalqın həyat tərzinə, onun fiziki sağlamlığına böyük bir zərbə endirmişdir. İnsanlarda ruhi sarsıntılar, inam hissinin məhvi cəmiyyətin bütövlükdə uçuruma doğru yuvarlanacağını əks etdirirdi. Həmin illərdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı yaranmış mövcud halları qısa bir müddətdə aradan qaldırdı. Əgər bu tarixi gün olmasaydı, Azərbaycan bugünkü kimi inkişaf edə bilməzdi. Azərbaycan reallıqlarına görə 15 iyun tarixinə borcluyuq. Ölkədə aparılan islahatlar və quruculuq işləri tez bir zamanda Azərbaycanın müstəqil bir dövlət kimi özünü təsdiqləməsinə və dünya miqyasında yer tutmasına səbəb oldu. 15 iyun 1993-cü il tarixinə qədər Azərbaycan çox böyük problemlərlə qarşılaşdığından, mədəniyyət müəssisələri artıq dağıdılmağa başlamışdır. Bir çox sahələrin mütəxəssisləri kimi mədəniyyət işçilərinin də vəziyyəti kəskin hal almışdı. Acınacaqlı vəziyyətə düşmüş mədəniyyət müəssisələri yenidən qurulmağa, bərpa və təmir edilməyə başladı. Bu sahədə ümummilli liderin imzaladığı çoxsaylı sərəncamlar əsaslı dəyişikliklərlə nəticələndi. Respublikamızda kitabxanalar yaradıldı, muzeylər açıldı, teatr və musiqi ocaqları təmir edildi, eləcə də, ali təhsil ocaqlarına xüsusi diqqət yetirildi. 1993-cü ildəngələcəyə ümid yox dərəcəsində idisə, qısa bir zamanda təfəkkürlərdə, milli düşüncələrdə dönüş yarandı. 2002-ci ildə ulu öndərin çox böyük əhəmiyyət kəsb edən sərəncamı əsasında Azərbaycan Milli Konservatoriyası yaradıldı. Milli Konservatoriyanın Bakı Musiqi Akademiyasından ayrı bir şəkildə fəaliyyət göstərməsi milli musiqinin inkişafına böyük təsir göstərdi. Milli musiqinin belə bir relsin üzərində inkişafı ali təhsil ocağında təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb oldu. 40 ildən artıq bu sənətdə çalışan və konservatoriyada pedaqoji fəaliyyətdə olan bir ifaçı kimi deyərdim ki, milli musiqi sənətinə diqqət xüsusilə artmışdır. Kifayət qədər pedaqoji kadrlarımız Prezidentin sərəncamı əsasında fəxri ad və mükafatlarla təltif olunmuşdur. Bu diqqətin nəticəsində hər bir şəxs daha yüksək ifaçılıq qabiliyyətini nümayiş etdirməyə çalışır. Mədəniyyət ocaqlarının demək olar ki, hamısı təmir və bərpa olunmuşdur. Azərbaycan Milli Konservatoriyası üçün 8 mərtəbəli bina inşa olunur. Bu bina yüksək standartlara cavab verən bir şəkildə istifadəyə veriləcək. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada Prezident mədəniyyət işçisinə bizim ölkədəki qədər diqqət göstərsin. Onların mənzillə təmin edilməsi də sənətin inkişafına təkan verir. Təbii ki, bunun müqabilində hər bir sənətkar da Azərbaycan mədəniyyətinə və incəsənətinə potensialını bütövlükdə verməyi bacarmalıdır. Bu gün gerçəyə çevrilən əsası ümummilli lider tərəfindən qoyulan ideyalar nəticəsində Azərbaycan dinamik inkişaf edir. Bu uğurlar Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılır. Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Heydər Əliyev ideyaları yaşayır və qorunur. Hər gün auditoriyaya girib tələbə ilə ünsiyyətimiz, tədrisimiz bizim mənəvi dünyamızda Heydər Əliyevin ruhunu yaşadır.

 

Şair, pedaqoq Ramiz Nəqşi:

 

- Şüurlu həyatını Azərbaycanın inkişafına həsr edən Heydər Əliyev 1969-cu ildən başlayaraq, ölkənin ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik işlərin müəllifinə çevrildi. O, fəaliyyətdə olduğu dövr ərzində bir məqsədə, xalqımızın böyüklüyünü, əzəmətini, qəhrəmanlıq nümunəsini tanıtmağa və göstərməyə həsr etmişdir. Bildiyiniz kimi, 1969-cu ilə qədər Azərbaycan, SSRİ tərkibində olan respublikalar sırasında geridə qalmış ölkələrdən biri idi. Heydər Əliyevin sayəsində qısa bir dövr ərzində 12 il müddətində Azərbaycan respublikalar sırasında birincilərdən oldu. Bu, Heydər Əliyevin şəxsi nüfuzu və məqsədyönlü fəaliyyəti nəticəsində reallaşdı.

Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqillik tarixinin təməlidir. Müasir həyatımızda bu gün tarixiləşdi. 1993-cü ilin iyun ayında ictimai-siyasi hadisələr ölkənin həyatında çox böyük və ciddi olaylara səbəb oldu. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük bir dəyişiklik yaratdı. Ölkədə sabitlik hökm sürməyə başladı. İnsanlar rahat nəfəs almağa, istirahətlərini təşkil etmək üçün lazımi şəraiti əldə etməyə nail oldular. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı hadisələrin buxovundan xilas etdi, onun müstəqil dövlət kimi inkişafına təkan verdi. Azərbaycanın stabil dövlət kimi yaşamasında həmin gün bir nümunə idi. Onun ölkəyə rəhbərlik etdiyi dövr xalqın milli özünüdərki, özünəqayıdışı kimi səciyyələndirilir. Azərbaycanın həyatında baş verən proseslər Heydər Əliyevin hakimiyyətdə olduğu bir zamanda həllini tapdı. Ümummilli liderin milli mədəniyyətin, Azərbaycan elminin inkişafına diqqət ayırması respublikanın Avropa və dünya inteqrasiyasına daxil olması ilə nəticələndi. Sovet dövründə, eləcə də, müstəqillik illərində elmi- mədəni potensialdan istifadə dövlətin siyasətinin başlıca amilləridir. Dövrün tələblərini nəzərə alaraq, zəngin dəyərlərə malik olan xalqın intellekt potensialının üzə çıxarılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət qısa bir zamanda öz nəticələrini vermiş oldu. Onun rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanda elm, mədəniyyət, təhsil ocaqları müasir standartlara cavab verən bir səviyyədə təmir və bərpa olundu. 

Heydər Əliyev xalqın ənənələrindən bəhrələnərək, zəngin tariximizi üzə çıxarıb, məhz bu xətt üzrə öz siyasi sferasını gerçəkləşdirdi. İllər ötür, amma Heydər Əliyevin gördüyü işlərin timsalında O, bizə daha da yaxınlaşır. "Hər bir xalq öz mədəniyyətinə görə tanınır", - deyən ulu öndər bu sahəyə xüsusi diqqət yetirirdi. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və bu mənəvi xəzinəni yaradan sənətkarlar daim Heydər Əliyevin diqqət və qayğısından bəhrələnirdilər. Təsadüfi deyildir ki, dövlətin ali mükafatlarını və Prezident təqaüdünü alanlar içərisində çoxluğu mədəniyyət və incəsənət işçiləri təşkil edirlər. O, hər bir sənət adamının yaradıcılığına bələd idi, hər kəsə qiymətini verirdi. Azərbaycanın korifey sənətkarlarının dünya miqyasında yubileylərini keçirməklə mədəniyyətimizin zənginliyini, bəşəriliyini sübut edirdi.

Ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dahi rəhbərin müəyyənləşdirdiyi yolla gedərək, sürətlə inkişaf edir. Azərbaycanlı olaraq, Heydər Əliyev kimi dünya şöhrətli siyasətçidən qürur hissi duyuruq. Onun qurub-yaratdığı Azərbaycan etibarlı əllərdədir. Bu gün Azərbaycan özünün inkişaf yolundadır və Cənubi Qafqazda lider dövlətə çevrilmişdir:

 

Yoxdur, demə eşidər, O canlıdır, canlıdır,

Vətən qədər dəyərli, türk-azəri qanlıdır.

Keçdiyi ömür yolu, şərəflidir, şanlıdır,

Fəxr edirdi bu adla, O, Azərbaycanlıdır.

Zaman özü düz seçdi, müqəssiri-hakimi,

O tarixə yazıldı, bir el atası kimi.

 

 

Zümrüd

 

Səs.- 2010.- 10 iyun.- S. 12.