Xalqın və dövlətin qurtuluş günü

 

"Səs" qəzeti ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi gün - 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu günü bizə bəxş edən ulu öndərimiz Heydər Əliyev dövlətimizin müstəqillik tarixinə adını qızıl hərflərlə yazıb. Nə qədər Azərbaycan xalqı və dövləti var, ulu öndərimiz Heydər Əliyev də yaşayacaq. "Səs" qəzeti, ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın mövzusunu da məhz dahi öndərimizin xalqımıza və dövlətimizə bəxş etdiyi 15 İyun Milli Qurtuluş Gününə həsr etmişdir. Dəyirmi masada Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili  Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, millət vəkilləri Asəf Hacıyev, Məlahət İbrahimqızı, Gültəkin Hacıbəyli, Gövhər Baxşəliyeva iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixi olduğunu bildirdi. Qeyd etdi ki, bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır Heydər Əliyev.

Baş redaktor Milli Qurtuluşa gedən yol və Azərbaycanın o zaman üzləşdiyi ağır, çətin proseslərdən geniş və əhatli fikirlər səsləndirdi. Onu da bildirdi ki, ulu öndərimizin xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə xalqın sabaha olan inamı özünə qayıtdı:"Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Ümummili liderimiz Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarması  idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın və müstəqilliyimizin qorunub saxlanması deməkdir".

B.Quliyev 15 İyun Milli Qurtuluş Günü ətrafında fikir mübadiləsinin aparılmasının və ulu öndərimizin dövlət və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs etmələrinin vacibliyini bildirdi.

 

Gültəkin Hacıbəyli:

 

- AXC-Müsavat cütlüyü dövründə, hətta Azərbaycan üçün doğma olan Özbəkistanla belə münasibətlər yox dərəcədə idi. O qədər münasibətlərə zərbə vurulmuşdu ki, bu münasibətlərin bərpa olunacağına ümid az idi. Təxminən 3 ilə bundan əvvəl Özbəkistan prezidenti İslam Kərimov Azərbaycana səfəri zamanı o gərginliyi görmüş, sonra Heydər Əliyevlə ünsiyyətdə olmuş bir insan, Ona sitayiş etmiş varlıq  kimi, Heydər Əliyev haqqında xoş sözlər danışmışdı. Heydər Əliyev  Azərbaycanın əvvəlki siyasi yönətimindəki siyasi idarəetmənin fərqini bilirmiş. İslam Kərimovun çıxışına qulaq asan hər bir insana Azərbaycanın tarixini bilmək lazım deyildir. Belə bir vəziyyətdə və belə bir çətin geosiyasi reallıqların içərisində Azərbaycanın, faktiki olaraq, parçalanması ərəfəsində Heydər Əliyev kimi bir şəxsiyyət siyasət meydanına gəldi və bölünmüş, parçalanmış Azərbaycanı yenidən birləşdirdi. "Heydər Əliyev, əslində, 15 iyunda Azərbaycanı nədən qurtardı" sualının real cavabı yalnız bundan ibarətdir: dövlət olaraq dünyanın siyasi səhnəsindən silinməkdən. Bəlkə də, Azərbaycan bir dövlət olaraq siyasi səhnəsindən silinməyəcəkdi, ən azından Azərbaycanın siyasi xəritəsi çox-çox kiçiləcəkdi. Ermənilərin nə vaxtsa arzuladıqları kimi Azərbaycan miqyaslarına qədər kiçiləcəkdi. Azərbaycanı Heydər Əliyev bundan qurtardı. Dünyanın siyasi səhnəsindən, xəritəsindən silinməkdən qurtardı. Azərbaycanın bugünkü iqtisadi uğurlarının, iqtisadi rifahının, intibahının bünövrəsi o zaman qoyuldu. Ulu öndər Heydər Əliyev neft müqavilələrinə imza atmaqla, bugünkü Azərbaycanın rifahının təməlini qoydu. Bu gün Azərbaycanda əldə olunan bütün uğurların kökündə məhz ulu öndər Heydər Əliyevin siyasəti dayanır.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Ulu öndərimiz Heydər Əliyev tərəfindən Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ məsələsi beynəlxalq ictimaiyyətə obyektiv tərzdə çatdırılması üçün bütün səy və imkanlarından istifadə edib. Bu məsələlər ümumi şəkildə öz müsbət nəticələrini harada və necə göstərib?

 

 

"AZƏRBAYCAN 15 İYUN 1993-CÜ İLDƏN ÖZÜNÜN ƏN MÜASİR TARİXİNİ BAŞLAYIB"

 

Aydın Mirzəzadə:

 

- Bu gün Azərbaycan cəmiyyəti üçün biz nədən qurtulduq sualı artıq mövcud deyil? Artıq bu suala kifayət qədər cavab tapılıb ki, Azərbaycan 15 iyun 1993-cü ildən özünün ən müasir tarixini başlayıb. Beləliklə, Azərbaycan tarixi 15 iyun 1993-cü ildən bitib və 1993-cü il 15 iyundan yenidən başlayıb. Dağlıq Qarabağ probleminə gəldikdə isə, bu məsələ, ümumilikdə, Azərbaycanın qarşılaşdığı böyük problemlərdən biridir. Yəni, bu məsələ problemlərin içindən doğan bir problem idi. Çünki Dağlıq Qarabağ problemi ayrıca mövcud olan bir problem deyildi. Ulu öndər Heydər Əliyev istər təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə, istərsə də, Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Azərbaycan cəmiyyəti üçün Dağlıq Qarabağ problemi mövcud deyildi. Çünki ümummilli liderimiz yarana biləcək hər hansı bir problemi o dövrün məhdud imkanları çərçivəsində həll edildi. Beləliklə də, Azərbaycanın milli maraqlarına cəmiyyətimizin bu torpaqlara sahib olmasına dair kifayət qədər aydın faktlar ortalığa qoyuldu. Heç də təsadüfi deyil ki, 1987-ci ildə ulu öndər Heydər Əliyev sovet siyasi bürosundan istefa verdikdən sonra Dağlıq Qarabağ problemi günü-gündən şişirdilməyə başladı. 1988-ci ildə artıq separatçı hərəkətlərin başlanması və bunun ardınca Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktları bunu bir daha təsdiqləmiş oldu. Buna görə də, Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ probleminin ulu öndər Heydər Əliyevin siyasi baxışları və birbaşa iştirakı ilə həll olunacağına əminlik yarandı. Onu da qeyd edim ki, Dağlıq Qarabağ problemi bir gündə yaranmayıb. Bu problem ancaq ərazi iddiasının əsasında yaradılmış problemdir. Amma bu problem tək Azərbaycanın deyil, dövrün, türk dünyasının, bütövlükdə, Şərqin problemidir. Bu baxımdan da, ulu öndərimiz Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllinə kompleks şəkildə yanaşırdı. Aydın məsələdir ki, açıq döyüşlə, kəskin qarşıdurma zəminində məsələ həll edilə bilməzdi. Birincisi, ulu öndər Heydər Əliyevin qarşıda duran başlıca məsələ Azərbaycan dövlətinin müstəqilliyini əbədi və dönməz etmək idi. Məhz bu şüarı irəli sürməklə, O, Azərbaycanın Dağlıq Qarabağ probleminin və gələcəkdə ortaya çıxa biləcək digər problemlərin həllinə yeganə düzgün cavab Çünki Azərbaycanın müstəqilliyi əbədi və dönməz olması idi. İkinci bir tərəfdən müstəqilliyimiz, sadəcə, dövlət atributlarına sahib olmaqla məhdudlaşmırdı. Heydər Əliyevin istəyi güclü, qüdrətli və müasir tələblərə cavab verən bir dövlət modelinin qurulması idi ki, bu model həmişə uğur gətirir. Ona görə də, bu gün ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, Onun qurmuş olduğu dövlət yaşayır, dövrün problemlərinə cavab verərək, günü-gündən qüdrətlənir. Ona görə də, məhz yeni dövlət modelinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilməsi böyük uğurun məntiqi nəticəsidir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, O, çox qlobal dairəli problemlərin qeyri-standart həlli yolunu tapa bilirdi. Sanki tarix, cəmiyyət və mühit bu şəxsiyyəti həyata ancaq bu problemləri həll etmək üçün yetirmişdir. Ulu öndər Heydər Əliyevin Corc Vaşinqton, Şarl Qoll, Birinci Pyotr, Mustafa Kamal Atatürklə eyni liderlik xüsusiyyətlərinə malik olduğu bildirilir. Yəni bu gün Heydər Əliyevin böyüklüyü Azərbaycan sərhədlərindən çox-çox kənara çıxıb. Ümumiyyətlə, dünya dövlətlərinin tarixində dünyasını dəyişən dövlət başçılarının heykəllərini qoymaq az-az hallarda rast gəlinən məsələlərdəndir. Ancaq bir ölkənin dünyasını dəyişmiş rəhbərinə, digər ölkədə heykəl qoyulması, ümumiyyətlə, həddən artıq nadir hallarda rast gəlinən məsələdir. Amma ulu öndər Heydər Əliyevə dünyanın on ölkəsində heykəl qoyulub. Qeyd edək ki, ərazicə, resursca kiçik bir ölkənin liderinə dünyanın tanınmış on ölkəsində heykəl qoyulması artıq Heydər Əliyevin timsalında Azərbaycan faktorunun qəbul edilməsidir. Bu baxımdan da, ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllinə kompleks şəklində yanaşırdı. Güclü dövlətin qurulması, effektli iqtisadiyyatın yaradılması ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövəti modelinin ən mükəmməl forması idi.

 

Asəf  Hacıyev:

 

- Ulu öndər Heydər Əliyevə qoyulmuş ən böyük heykəl bugünkü günümüzdür. Çünki bu gün biz sərbəst toplaşa və düşünə bilirik. İnsan üçün dünyada müstəqillikdən və sərbəstlikdən böyük heç nə yoxdur. Heç bir maddi varlıq onu əvəz edə bilməz.

 

 

"ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCANI SABİTLİK VƏ İNKİŞAF YOLUNA ÇIXARDI"

 

Məlahət Həsənova:

 

- Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi üçün böyük və zəngin bir irs qoyub. Dünyanın ən görkəmli liderləri ümummilli lider Heydər Əliyev siyasətinin qarşısında, sözün böyük anlamında, səcdə ediblər. Çünki ulu öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfində qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun ulu öndər Heydər Əliyev kimi böyük lideri var. Bu liderin böyüklüyü bir də ondadır ki, Onun xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvzi yoxdur.

15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olub. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, Azərbaycanın müstəqilliyini təmin etdi. Ulu öndər, həmişə qeyd edirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur. Biz azadlığımızın, müstəqilliyimizin yolunu gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəbdir. 1993-cü ilin əvəllərində artıq Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. O zaman Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. AXC-Müsavat iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik, başıpozuqluq, hakimiyyət uğrunda didişmə dövlətin bütün sahələrinə sirayət etmişdi. Tarixi düşmənimiz ermənilər bir-birinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi. Azərbaycanı parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək reallıqdan çox uzaq görünürdü. Bu zaman xalqın təkidli dəvətini qəbul edən ulu öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da, daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, Onun qətiyyətlə, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazandı.

 

 

"ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV BÜTÜN HALLARDA AZƏRBAYCANLILARA DAYAQ OLUB"

 

Gövhər Baxşəliyeva:

 

- İlk öncə, onu əlavə edim ki, burada səslənən bütün fikirlərə mən də qoşuluram. Çünki burada əyləşənlərin hamısı eyni düşüncəli və eyni əqidəli insanlardır. Şəxsi həyatımdan irəli gələn bir sıra məqamları sizinlə bölüşmək istərdim. Biz uşaqlıqdan ulu öndər Heydər Əliyevlə bağlı məlumatlar alırdıq. Eyni zamanda, atam ulu öndərin tabeçiliyində olan şəxslərdən idi. O vaxt belə bir hal mövcud idi ki, Azərbaycanda çalışan bir sıra məmurlar yay vaxtları Moskvaya gedirdilər və onlara orada müəyyən iş şəraiti yaradılırdı. Atam bildirirdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər Moskvada azərbaycanlılara qarşı münasibət birmənalı idi. O vaxt daha çox gürcülərə və ruslara böyük diqqət və qayğı göstərilirdi. Məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycana və azərbaycanlılara qarşı münasibətin dəyişməsi ilə yanaşı, ölkəmizə ayrılan vəsaitlərin də göndərilməsində müəyyən dərəcədə köklü dəyişikliklər yarandı. Hələ sovet dövründə ulu öndər Heydər Əliyev gördüyü böyük işlərin nəticəsində Azərbaycan sürətlə inkişaf etməyə başladı. Moskvada ermənilərə sinə gərən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruyub saxlamaq və millətimizin ucalığını təmin etmək üçün əlindən gələn bütün imkanlardan istifadə edib. Məhz ulu öndər Heydər Əliyev sovet rəhbərliyindən uzaqlaşmasından üç-beş gün sonra ermənilən tərəfindən Azərbaycan ərazilərinə qarşı torpaq iddiaları başladı. Bunun ardınca isə, Dağlıq Qarabağ məsələsi ortaya atıldı. Bütün bunlar isə Azərbaycan xalqının görkəmli oğlu ümummilli lider Heydər Əliyevin sovet hakimiyyətindən uzaqlaşmasından sonra baş verən proseslərin bir hissəsi idi.

Müstəqillik əldə edildikdən sonra Dağlıq Qarabağ problemi daha da şiddətləndi və Azərbaycan çoxlu sayda şəhid verdi. Nəhayət, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsinin imzalanmasına nail oldu. Məhz bundan sonra Azərbaycanın həyatında inkişaf və uğurlar başlandı. Bu gün isə ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu uğurlu inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əzmlə davam etdirilir.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2010.- 11 iyun.- S. 8-9.