Xilaskarlıq yolu
YAP Qadınlar Şurasının Qurtuluş
Günü münasibətilə keçirdiyi tədbirdə
bu fikir xüsusi vurğulandı ki, Heydər Əliyevin irsi
milli quruculuq strategiyasıdır
15 İyun Qurtuluş Günü münasibətilə respublikanın şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Dünən YAP Qadınlar Şurasının keçirdiyi tədbir də həmin mərasimlərin tərkib hissələrindəndir. Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarları önünə qızıl gül dəstəri qoydular.
Sonra YAP Xətai rayon təşkilatının akt zalında davam etdirilən tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova mərasim iştirakçılarını Qurtuluş Günü münasibətilə təbrik edərək, qısaca da olsa, bu günün tarixi ilə bağlı fikirlərini açıqladı. Qeyd etdi ki, 15 iyunun tarixə Qurtuluş Günü kimi daxil olması təsadüfi deyil: "Azərbaycan həmin dövrdə çox ağır günlərini yaşayırdı. Ölkəni bürüyən iqtisadi tənəzzül, ictimai-siyasi gərginlik, sabitliyin olmaması, ölkə daxilində siyasi qüvvələr arasında ziddiyyətlər respublikanı fəlakətə sürükləyirdi. Azərbaycan xalqının həyatında olan bu keşməkeşli, əzablı, eyni zamanda, şərəf və qürur doğuran günləri birgə yaşamışıq. Ona görə keşməkeşli, əzablı idi ki, xalqımız ağır sınaqlar ilə üz-üzə idi. Ona görə şərəfli idi ki, bu sınaqlardan çıxmaq üçün xalqın potensialını bir araya gətirəcək siyasi qüvvə və bu qüvvəni irəliyə apara biləcək şəxsiyyət var idi. O şəxsiyyət bu gün hər birimizin böyük ehtiramla yad etdiyimiz, xatirəsini daim qəlbimizdə uca tutduğumuz ümummilli lider Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Onun həyata keçirdiyi daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. O, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Bu qələbələrin əldə olunmasında xalq daim ümummilli liderə dayaq oldu. Azərbaycanın bugünkü uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də, Heydər Əliyev deyəndə, Azərbaycan xalqı, Azərbaycan xalqı deyəndə, Heydər Əliyev xatırlanır. Azərbaycanın dövlət müstəqilliyi əbədiddir, sarsılmazdır. Bu inkişaf davamlıdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək, Azərbaycanı böyük uğurları ilə dünyanın diqqətində saxlayır".
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva " Ölkəni xilas edən böyük qayıdış" mövzusu ətrafında çıxış edərək, bildirdi ki, 15 İyun Qurtuluş Gününün Azərbaycanın inkişafında, tərəqqisində hansı rola malik olduğunu dərk etmək üçün həmin dövrdə ölkədə mövcud olan ictimai-siyasi duruma diqqət yetirmək kifayətdir: "Milli Qurtuluş günü xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz bayramlardan biridir. Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır. Bu bayramın adındakı qurtuluş sözünün siyasi, tarixi və bəşəri mənaları çoxdur. Bu mənaların məğzi isə Azərbaycan dövlətçiliyinin tarixin ağır sınaqlarından uzaqlaşıb əmin-amanlıq sahilinə yan almasını ifadə edir. Bu tarixi yerişin sükançısı və qurucusu böyük Heydər Əliyev idi, onun xilaskar iradəsi idi".
N.Əliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi inkişafında mühüm rolu olduğunu qeyd etdi: "O, ana dilimizin azadlığı uğrunda iki cəbhədə mübarizə aparırdı. Birinci cəbhə onun özünün ana dilində danışması idi. İkinci cəbhə isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılması xətti idi. Ulu öndər Heydər Əliyev hər iki istiqamətdə mühüm addımlar atdı: "Ümummilli liderimiz Heydər Əliyevin irsi milli quruculuq strategiyasıdır, bu irsin aktual mənası öndərin praqmatik bir dövlətçi olmasıdır. Ona görə istər siyasi təbliğatda, istər tədris və təhsildə, istərsə də elmi sahədə əsas diqqət bu cəhətlərə yönəlməlidir. Rəhbərin şəxsiyyətindən yeni nəsil əsas bir amili- praqmatik milli quruculuq konsepsiyasını, öz həyatını xalq, cəmiyyət, milli ideallara xidmət yolu kimi yaşamağı öyrənməlidir. Heydər Əliyev azərbaycançılığının ən aktual tərəf budur: xalqın sabahını qurmaq, onun daha fıravan yaşayışı üçün konkret işlər görmək. Bu gün respublikamızda Heydər Əliyev siyasəti davam edir. Rəhbərin siyasi varisi Prezident İlham Əliyev onun milli tərəqqi və quruculuq xəttinə sadiqdir. Ölkəmizdə mühüm yeniliklər baş verir. İnsanların rifahı, yeni iş yerlərinin açılışı, yeni iqtisadi layihələrin gerçəkləşdirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Heydər Əliyevin qırx il əvvəl Azərbaycanda hakimiyyətə gəlməsi həm də xalqın tarixində Milli qurtuluş epoxasının başlanğıcı idi. Onun 1993-cü ilin 15 iyununda Qayıdışı isə xalqın həqiqi milli qurtuluşu idi. Ona görə də xalqımız bu günü öz sevimli bayramı kimi qeyd edir".
Tədbirdə çıxış edən millət vəkili Elmira Axundova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan, anarxiyadan xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı. İlk növbədə, ölkədə sabitliyin yaradılmasının zəruriliyini bildirən ulu öndər bunu bütün inkişafın əsası kimi qeyd etdi. Ölkə iqtisadiyyatı çox qısa zamanda tənəzzüldən tərəqqi yoluna çıxdı. Bütün sahələrdə inkişafın əsası qoyuldu.
E.Axundova bu gün Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsi olaraq ölkəmizin daha da qüdrətləndiyini, çiçəkləndiyini bildirdi.
YAP Qadınlar Şurasının üzvü Mehriban Alışanova çıxışında qeyd etdi ki, Azərbaycanı bugünkü inkişaf, tərəqqi yolunda inamla irəliləməsinə, dünya birliyində layiqli yer tutmasına səbəb ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkəmizin bugünkü uğurları ilə fəxr edir, böyük qürur hissi keçirir.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı 1993-cü ilin 15 İyunundan - Qurtuluş Günündən ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan geniş bəhs etdi. Bildirdi ki, ümummilli liderin hakimiyyətə qayıdışı zərurət idi: "Siyasətdə təsadüf olmur. Baş verən hadisələr zərurətdir. Tarixin gedişindən, yaranmış ictimai-siyasi vəziyyətdən çıxış edərək bu addımlar atılır. 17 il bundan öncə ölkədə cərəyan edən proseslər hər kəsə bəllidir. Azərbaycan parçalanmaq, bir dövlət olaraq siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin məqamda Heydər Əliyev xalqla bir olduğunu, dövlətin maraqlarını hər şeydən öndə saxladığını sübut etdi. Ümummilli liderin hakimiyyətə qayıdışı ilə mövcud problemlərin həllinə geniş imkanlar açıldı".
"YAP tarixin varislik məsələlərinə çox böyük əhəmiyyət verir" söyləyən M.Qurbanlı qeyd etdi ki, bu tipli silsilə tədbirlərin keçirilməsi vacibdir. Ümummilli liderimiz Heydər Əliyev irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması ən mühüm vəzifələrimizdəndir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın qazandığı uğurlardan bəhs edərkən M.Qurbanlı əsas çıxışını iki tezis üzərində qurdu. Bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda üç mühüm vəzifə dayanırdı: "Birincisi, sovet sisteminin ictimai münasibətlərini dəyişərək yerli münasibətlərə söykənən dövlət idarə kollektivini yaratmaq, ikincisi Ermənistanın davam edən təcavüzünü dəf etmək, üçüncüsü Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmək. Bu üç vəzifəni həyata keçirmək üçün Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmək, həqiqətlərimizi dünya ictimaiyyətinə dolğun çatdırmaq gərək idi. Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bu vəzifələrin uğurla həyata keçirilməsinə nail oldu. Bu uğurların əsasında dayanan amillərdən biri də Heydər Əliyev-xalq birliyinin möhkəm olması idi. Bu birlik, həmrəylik Azərbaycanın qüdrətini artırdı, dünya dövlətləri arasında layiqli yer tutmasına səbəb oldu".
"Hər bir dövlətin söykəndiyi prinsiplər var" deyən M.Qurbanlı bildirdi ki, Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin qurduğu əsaslar üzərində inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Prezident İlham Əliyev atdığı hər addımı ilə Heydər Əliyev siyasətinə sadiqliyini sübut edir. Bu günün real nəticələri gələcəyə daha böyük inamla baxmağa əsas verir. YAP İcra katibinin müavini Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın cəmiyyətdəki rolundan da bəhs etdi. Qeyd etdi ki, uğurlar, qələbələr partiyası kimi tanınan YAP-ın həyata keçirdiyi siyasətin əsasında xalqa, dövlətə xidmət dayanır. Xalqla bir, həmrəy olan partiyanın qələbələr qazanması şəksizdir.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Bahar Muradova çıxışında bir daha qadınların böyük qüvvə olduğunu, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev qadınların malik olduğu potensialdan dövlətin, xalqın maraqları üçün istifadənin vacibliyini hər zaman önə çəkirdi. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti hər kəs üçün örnəkdir. O da bildirildi ki, YAP sıralarında birləşən qadınların sayına diqqət yetirsək, bu gün onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı barədə bizdə aydın təsəvvür yaranar.
Sonda tələbələr ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini əks etdirən şeirlər söylədilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 12 iyun.- S. 3.