Heydər Əliyev 15 iyunda Azərbaycanı
xaosdan və qardaş qırğınından qurtardı
- Eldar müəllim, hazırda
bütün respublika ərazisində 15 İyun Milli
Qurtuluş Günü münasibətilə silsilə tədbirlər
keçirilir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin
ikinci dəfə Azərbaycanda hakimiyyətə
qayıdıraq xilaskarlıq missiyasını yerinə yetirməsi
hər il xalqımız tərəfindən dövlətimizin
qurtuluşu kimi qeyd olunur. Həmin hadisələrin canlı
şahidi olaraq o dövrü necə xarakterizə edərdiniz?
- Bilirsiniz ki, 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi və bu hakimiyyət atdıqları addımlarla qısa zamanda xalqın inamını tamamilə itirmişdi. Bununla belə, səhv siyasət yürüdənlər hakimiyyətdən əl çəkmək istəmirdilər. 1993-cü ilin yayında baş verənləri isə xalqın taleyi ilə oynayan səriştəsiz, qabiliyyətsiz hakimiyyətin dövləti təhlükəyə atması kimi dəyərləndirmək olar. Ulu Öndər Heydər Əliyev Bakıya iyunun 9-da gəldi, iyunun 13-də Gəncəyə getdi, orda baş verənləri öz gözləri ilə gördü və dəqiq vəziyyəti müəyyənləşdirdi. Heydər Əliyev 15 iyunda Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən qurtardı. 4 iyun Gəncə hadisələrindən danışarkən, bir məsələ qeyd olunmalıdır ki, özlərinin qəhrəman etdikləri Surət Hüseynov həmin hakimiyyətin axırına çıxdı. AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Heydər Əliyev dövlətçilik ustadı idi, müdrik insan idi, Azərbaycana əmin-amanlıq gətirdi. Ulu Öndər Heydər Əliyev dünyada böyük nüfuza sahib idi və xalqın sevgisini qazanmışdı. Ona görə də, həmin hakimiyyət Heydər Əliyevi qəbul etmək istəmirdi və 1992-ci ilin 24 oktyabrında onlar Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Naxçıvanda Daxili İşlər Nazirliyinin binasını, televiziyanı zəbt etdilər, istəkləri televiziya ilə camaata müraciət etmək idi. Baxmayaraq ki, Xalq Cəbhəsinin üzvləri bütün yolları bağlamışdılar, amma Heydər Əliyevi müdafiə etmək üçün bütün kəndlərdən camaat gəlmişdi. Xalq Heydər Əliyevə sevgisini Onun ətrafında sıx birləşməklə, müdafiə etməklə göstərdi. Ulu Öndər Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi. O zaman hakimiyyətdə olanlar bəzən bu bayrama başqa cür yanaşır, deyirdilər ki, nədən qurtulduq? Tam məsuliyyətimlə deyirəm ki, məhz onlar Surət Hüseynovun dar ağacından qurtuldular. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə AXC-Müsavat hakimiyyətinin rəhbərlərini S.Hüseynovun dar ağacından xilas etdi. Buna görə onlar bütün həyatları boyu Heydər Əliyevə borcludurlar.
1997-ci ilin 17 iyununda 15 iyunun Milli Qurtuluş günü kimi qeyd olunması təklifini parlamentdə mən irəli sürmüşəm. 45 millət vəkili də çıxış edərək, mənim təklifimi dəstəkləyib. Beləliklə də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 iyun tarixi həyatımıza Milli Qurtuluş Günü bayramı kimi daxil olub. Mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də suveren dövlət olmayacaqdı.
- 15 iyun tarixinin Azərbaycanın,
dövlətçiliyimizin tarixindəki yeri və rolu
haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü, onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev. Tale elə gətirmişdir ki, 1992-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası"nı elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bugününü özünə qaytardı.
- O zaman Ulu Öndər Heydər Əliyevin
Azərbaycanda nüfuzunun gündən-günə
artmasından həm bəzi daxili qüvvələr, həm də
xarici qüvvələr narahat olurdu. 1992-ci ilin oktyabr ayında
Naxçıvanda dövlət çevirilişi cəhdlərinin
bu məsələ ilə bağlı olduğu nə dərəcədə
realdır?
- Əlbəttə, o vaxtkı AXC - Müsavat cütlüyü Heydər Əliyevin nüfuzundan qorxurdu. Ona görə də, o zamankı hakimiyyətin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Bu, artıq Heydər Əliyev - xalq birliyinin sarsılmaz olduğunun əyani sübutu idi. Bu birlik Heydər Əliyevi Bakıya gətirdi. Ulu Ö ndərin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı.
- 1993-cü il iyunun 15-də Ulu
Öndər Heydər Əliyev Azərbaycan parlamentinin Sədri
seçildi. Xalqın tələbi ilə hakimiyyətə bu
qayıdışın dövlətçiliyimiz
üçün önəmi nədən ibarətdir?
- Bu hadisənin misilsiz
faydası oldu. Bu tarixi qayıdış, sözün həqiqi
mənasında, Azərbaycan dövlətçiliyinin və
millətimizin qurtuluşu oldu. Heydər Əliyevin hakimiyyətə
tarixi qayıdışından sonra ölkədəki
AXC-Müsavat cütlüyündən miras qalmış xaos və
anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi
xülyası qısa zamanda aradan qaldırıldı. Bir
sözlə, Ulu Öndərin Naxçıvanda
başladığı milli qurtuluş savaşının əsil
zəfər yürüşü başlandı. Tezliklə
separatçıların respublikanı parçalamaq kimi məkrli
niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində
mühüm işlər görüldü. Cəbhədə
atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin
və terror aktlarının qarşısı alındı.
Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif
təbəqələrinin nümayəndələri Milli Məclisə
müraciət edərək, öz istək və
arzularının nəzərə alınmasını və
bu günün Azərbaycan xalqının milli qurtuluş
günü elan edilməsini tələb edirdilər. Nəticədə
insanların bu arzusu reallığa çevrildi.
- Eldar müəllim, Milli Qurtuluş Günü Azərbaycanın
gələcəyi baxımından, nə kimi tarixi əhəmiyyətə
malikdir?
- Tarixin, dövrün,
zamanın yazıları, əsrlərlə silinməyən,
daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol
yoldaşı, bələdçisidir. Zamanı, bütöv
bir dövrü, bəzən bir anı tarixləşdirən,
əbədiləşdirən isə qüdrətli,
müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi,
zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət
isə azad, firavan həyatı üçün belə
insanlara, şəxsiyyətlərə borcludur. Bu günün
fövqündən baxanda Azərbaycanın gələcəyi
işıqlı və firavan görünür. Çünki
müstəqil Azərbaycanın idarəçilik
sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab
İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin
rəhbərliyi dövründə Azərbaycan Respublikası
misli görünməmiş sosial-iqtisadi inkişafa nail
olmuş, regionda lider ölkə statusunu qazanmışdır.
Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində özünəməxsus xüsusi
yeri olan önəmli bir ölkədir. Ölkəmizdə
çox uğurla həyata keçirilən iqtisadi siyasətin
nəticəsidir ki, dünyada tüğyan edən qlobal
böhran Azərbaycana təsir göstərə bilmir və
başqa ölkələrdən fərqli olaraq
respublikamızda dinamik artım davam edir, böyük maliyyə
tutumlu layihələr həyata keçirilir, investisiya
qoyuluşu genişlənir, əhalinin sosial rifah halı
yaxşılaşır. Biz Heydər Əliyev ideyaları
işığında müstəqil Azərbaycanın
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək
zirvələr fəth edəcəyinə əminik.
Səs.- 2010.- 12 iyun.- S. 7.