Tarixi xilasdan başlanan yol

 

"Səs" qəzeti ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi gün - 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə növbəti dəyirmi masa keçirdi

 

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətmizin və millətimizin qurtuluş tarixidir. Bu tarixi hər bir azərbaycanlı dərk edir və ondan nəticə çıxarır. "Səs" qəzeti bu dəfə keçirdiyi növbəti dəyirmi masanın da mövzusunu məhz Milli Qurtuluş Gününə həsr edib.  Dəyirmi masada millət vəkili Musa Urud, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, millət vəkili Lalə Abbasova, Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov iştirak edirdi.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətmizin və millətimizin qurtuluş tarixidir. Bu tarixi hər bir azərbaycanlı dərk edir və ondan nəticə çıxarır. "Səs" qəzeti bu dəfə keçirdiyi növbəti dəyirmi masanın da mövzusunu məhz Milli Qurtuluş Gününə həsr edib.  Dəyirmi masada millət vəkili Musa Urud, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, millət vəkili Lalə Abbasova, Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov iştirak edirdi.

Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən danışdı. Qeyd etdi ki,  dünyanın ən görkəmli liderləri ümummilli lider Heydər Əliyev siyasətinin qarşısında böyük anlamda qibtə ediblər. "Çünki ulu öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyəti var. Bu şəxsiyyətin böyüklüyü xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur" - yoxdur deyən B.Quliyev 15 iyun 1993-cü ili Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olduğunu da dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı deyən baş redaktor, bununla da, Azərbaycanın müstəqilliyini təmin olunduğunu dilə gətirdi.

B.Quliyev 15 İyun Milli Qurtuluş Günü ətrafında fikir mübadiləsinin aparılmasının və ulu öndərimizin dövlət və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs etmələrinin vacibliyini təklif etdi.

 

 

"AZƏRBAYCAN ULU ÖNDƏRİN DƏRİN ZƏKASI VƏ SARSILMAZ İRADƏSİ SAYƏSİNDƏ BİRDƏFƏLİK XAOS VƏ ANARXİYADAN QURTULMUŞ OLDU"

 

Musa Urud:

 

- İlk öncə, belə bir gərəkli təşəbbüsü reallaşdırdığına görə, "Səs" qəzetinə və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Doğurdan da, bu, elə bir tarixdir ki, hər zaman xatırlanmalı və həmişə deyilməlidir. Ən azı, ona görə ki, müstəqil Azərbaycanın inkişaf tarixi və Azərbaycan dövlətinin quruculuq tarixi məhz 1993-cü il 15 iyundan başlayır. Onu da, əlavə edim ki, belə bir ritorika mövcuddur. 4 iyun olmasaydı, 15 iyun olardımı? Yaxud da 15 iyun mütləq 4 iyun hadisələrindən sonra gəlməli idi. Qeyd edim ki, 1988-ci ilin əvvəllərindən başlayaraq, Azərbaycanda bir dövlət strukturunun və idarəçilik sisteminin dağılması prosesi getməyə başladı. Bu proses, demək olar ki, 1992-ci ildə özünün ən pik nöqtəsinə çatmalı oldu. Bununla da, Azərbaycanda dövlət idarəçiliyi tam dağılmış, süqut etmiş xaosun, anarxiyanın hökm sürdüyü bir vəziyyət yaratmışdır. Məhz bu vəziyyət nəticəsində 4 iyun hadisələri Gəncədə, Lənkəranda, Qusarda və ümumiyyətlə, Azərbaycanın hər yerində baş verə bilərdi. Burada əsas məqam ondan ibarət idi ki, vahid idarəçilik sistemi tamamilə məhv olmuşdu. Dövlət tamamilə dağılmış bir vəziyyətdə idi. Eyni zamanda, dövlətdə ayrı-ayrı vəzifə tutan şəxslərin özlərinin hərbi dəstələri mövcud idi. Bu, təkcə Surət Hüseynovun hərbi dəstələri deyildi. Onunla yanaşı, Rəhim Qazıyevə, İsgəndər Həmidova, Pənah Hüseynova, İsa Qəmbərova və Arif Hacıyevə tabe olan hərbi dəstələr idi. Bu dəstələrin arasında isə dərin ədavət prosesi gedirdi. Onların aralarında gedən mübarizədə isə nə dövlət, nə də xalq yada düşürdü. Məhz belə bir dövrdə Gəncədə məlum 4 iyun hadisələri baş verdi. 4 iyundan 15 iyuna qədər olan proseslər isə sanki, bir kinoxronikanı xatırladır. Çünki bu müddətdə olan hər gün və hər an deyilməli və xatırlanmalıdır. Qeyd edim ki, o dövrlər Gəncədən bir gün ərzində, mərkəzə dəfələrlə dəyişən informasiyalar çatdırılırdı. Bütün bunların hamısı isə ölkədə vətəndaş müharibəsinin başlanğıcı demək idi. Əgər iyunun 8 və 9-da ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlib, Gəncəyə getməsəydi, təbii ki, vətəndaş müharibəsi böyük vüsətlə alovlanacaqdı. Bir daha qeyd edim ki, Qusarda və cənub bölgəsində müəyyən silahlı birliklər vətəndaş müharibəsinin başlanmasına tam hazır idilər. Onların bu məsələdə yeganə məqsədi Azərbaycanı parçalamaq ibarət idi. Eyni zamanda, o vaxt Ayaz Mütəllibov da Rusiya rəhbərliyi ilə bu məsələdə razılığa gəlmişdi ki, Bakı və Şamaxı da daxil olmaqla, Rusiyanın tərkibində, onun rəhbərliyi ilə yeni bir quberniya yaradılsın. Bunun ardınca isə, ermənilər Yevlaxa qədər olan əraziləri zəbt etməyi planlaşdırırdılar. Bu proseslərin cərəyan etdiyi bir vaxtda ulu öndər Heydər Əliyev çox böyük iradə nümayiş etdirərək, həyatını belə risk altında qoymaqdan çəkinməyərək, Naxçıvandan Bakıya və bunun ardınca isə, Gəncəyə yola düşdü. Çünki o zaman Bakıda da ulu öndər Heydər Əliyevin gəlməsini istəməyən silahlı qüvvələr mövcud idi. Gəncədə isə vəziyyət tamamilə başqa cür idi. Orada kriminal aləmin bütün nümayəndələrindən ibarət silahlı birləşmələr yaradılmışdı. Onlar, bütün hallarda, hər kəsi belə qətlə yetirməyə hazır dayanmışdılar. Ulu öndər Heydər Əliyevin məhz o dövrdə belə bir cəsarətli addım atması böyük bir səriştənin bariz nümunəsi idi. Eyni zamanda, Azərbaycan xalqı və dövləti üçün böyük bir sevgi nümunəsi idi. Bundan sonrakı proseslərin nəticəsi olaraq,  15 iyunda Milli Məslis ulu öndər Heydər Əliyevin  Ali Sovetin Sədri seçilməsi barədə  qərar çıxardı. Bu hadisədən sonra isə, Azərbaycan dövlətçiliyinin əsası qoyuldu. Qeyd edim ki, Azərbaycan dövləti və Azərbaycan xalqı 15 iyun 1993-cü il tarixi ilə ulu öndərin dərin zəkası və sarsılmaz iradəsi sayəsində birdəfəlik xaos və anarxiyadan qurtulmuş oldu. Səriştəsizlikdən, hakimiyyətsizlikdən, siyasi ambisiyalardan qurtularaq, millətin bir millət kimi,  silinməsi təhlükəsinin üzərindən böyük cəsarətlə adlamış olduq.

 

 

"ULU ÖNDƏR HEYDƏR ƏLİYEV XALQIN TƏKİDLİ TƏLƏBİ İLƏ İKİNCİ DƏFƏ SİYASİ HAKİMİYYƏTƏ QAYITMAQLA AZƏRBAYCAN DÖVLƏTİNİN BÜTÖVLÜKDƏ QORUNMASINA NAİL OLDU"

 

Vüqar Rəhimzadə:

 

- Əvvəla, "Səs" qəzetinə belə bir əlamətdar günlə bağlı keçirilən tədbirin təşkilatçısı olduğuna görə, təşəkkürümü bildirirəm. Eyni zamanda, bütün Azərbaycan xalqını və dünyada yaşayan azərbaycanlıları qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirəm. Azərbaycan dövlətinin olum və ölüm dilemması qarşısında olduğu bir dövrdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Azərbaycanın bütün faciələrdən qurtuluşunun təməli qoyuldu. Onu da əlavə edim ki, o vaxt "91-lər"in ulu öndər Heydər Əliyevə müraciəti xalqın böyük əksəriyyətinin istək və arzularını ifadə edirdi. Qeyd edim ki, bu gün demokratiyadan və söz azadlığından dəm vuran Azərbaycanı anarxiyaya sürükləyən yarıtmaz siyasi qüvvələrin fəaliyyəti nəticəsində ölkə mətbuatında da acınacaqlı durum mövcud idi. Eyni zamanda, onların tək mətbuata deyil, bütövlükdə, Azərbaycan xalqına qarşı münasibətləri o cür idi. Yəni mətbuata, jurnalistə, qəzet redaktorlarına qarşı təzyiqlərin göstərilməsi, hətta jurnalistlərin nalayiq formada müəyyən yerlərə aparılaraq, onlara müəyyən fiziki təzyiqlərin göstərilməsi də danılmaz faktlardandır. O dövrdə də təkcə senzura deyil, o vaxtkı hakimiyyət mətbuat üzərində hərbi senzura tətbiq etmişdir. Ona görə də, xalqın bu ağrılı və acınacaqlı günlərində ulu öndər Heydər Əliyev millətinə və xalqına olan dərgin sevgisindən irəli gələrək, möhkəm iradə nümayiş etdirdi. Bir faktı da xatırladım ki, Yeni Azərbaycan Partiyasının Gədəbəy  rayon təşkilatının 1993-cü ilin yanvar ayında keçirilən təsis konfransında xalqın nə dərəcədə ulu öndər Heydər Əliyev sevgisinə malik olduğunu bir dağ rayonununun timsalında şahidi olduq. Bundan əlavə, bütün Azərbaycan xalqı o çətin dövrlərdə belə ulu öndər Heydər Əliyevə olan sevgilərini büruzə verirdilər. Sadəcə olaraq, həmin dövrlər siyasi hakimiyyətdə olan səriştəsiz liderlərin qısqanclığı insanlara qarşı amansız rəftarı, münasibəti onların üzə çıxmasına imkan vermirdi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycan dövlətinin, bütövlükdə, qorunmasına nail oldu. Ulu öndər bu qayıdışla Azərbaycan dövlətinin və xalqının mövcudluğunu təmin etmiş oldu.

 

 

"ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANI VƏTƏNDAŞ MÜHARİBƏSİNDƏN, XAOS VƏ ANARXİYADAN XİLAS ETDİ"

 

Aydın Hüseynov:

 

- Bir faktı qeyd edim ki, 1992-ci ildə yaş senzi ilə bağlı keçirilən mitinqlərdə insanlar ulu öndər Heydər Əliyevə qarşı olan sevgi və istəklərini bildirmək üçün müəyyən vasitələrdən istifadə edirdilər. Çünki Azərbaycan xalqı təkcə 1993-cü ilin 15 iyununa qədər deyil, ondan əvvəlki dövrlərdə də ulu öndər Heydər Əliyevin yeganə xilaskar şəxs olduğunu bildirirdi. Bu baxımdan da, ulu öndər Heydər Əliyev əgər 1993-cü ildən əvvəl də siyasi hakimiyyətdə olsaydı, Azərbaycanda bu cür hərc-mərclik, qarşıdurmalar, vətəndaş müharibəsi baş verməzdi. Eyni zamanda, ölkə daxilində baş verən ziddiyyətlərin və siyasi hakimiyyətin səriştəsizliyi nəticəsində bədnam qonşularımız olan ermənilər də cəbhə xəttində xeyli fəallaşaraq, Azərbaycan torpaqlarını ardıcıl olaraq işğal etməkdə davam etdirmək imkanlarını itirmiş olardılar. Amma çox təəsüflər olsun ki, həmin vaxtlar ölkəyə rəhbərlik edən şəxslərin bacarıqsızlığı Azərbaycanı bir sıra böyük problemlərlə üz-üzə qoymuş oludu. Bütün bunların qarşısı isə ulu öndər Heydər Əliyevin qətiyyəti və yüksək siyasi səriştəsi nəticəsində qısa müddətdə alındı. Bundan əlavə, o vaxtkı hakimiyyətin yarıtmazlığı ölkədə iqtisadiyyatın tamamilə sıradan çıxmasını da təmin etmişdi. Çünki o dövrdə Azərbaycanda iqtisadiyyatın idarə edilməsi adında bir məfhum mövcud deyildi. Bu baxımdan da, Azərbaycanda iqtisadi geriləmə, vətəndaşların sosial rifahının aşağı düşməsi halları çox böyük sürətlə baş verirdi. Onu da qeyd edim ki, həmin dövrlər isə, nəinki Azərbaycanla qonşu olan, eyni zamanda, dünya ölkələrinin iqtisadiyyatına nəzər saldıqda, ölkəmizin nə dərəcədə acınacaqlı bir durumda olduğunu müşahidə etmək olur. Bütün bunların isə baş verməsində yeganə günahkar o dövrdə hakimiyyətdə olan, AXC-Müsavat cütlüyünün siyasi səriştəsi olmayan, hakimiyyət hərisliyi və şəxsi ambisiyaları ilə məşğul olan şəxsləri idi. Əgər həmin dövrlər ulu öndər Heydər Əliyev ölkə rəhbərliyində təmsil olunsa idi, bu cür xoşagəlməz və xalqın böyük sınaqla qarşı-qarşıya qalması halları baş verməzdi. Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla keçmiş SSRİ-nin yenidən bərpası barəsində atılan bütün addımları alt-üst etmiş oldu. Qeyd edim ki, həmin vaxtlar bu məsələ ilə bağlı müəyyən qüvvələr məşğul olur və SSRİ-nin bərpası üçün artıq bir çox işlər də görülmüşdü. Həmin dövr Naxçıvanda olan rus qoşunları oradan çıxarılmasına baxmayaraq, Azərbaycanda bu ordu birləşmələri hələ də qalmaqda idi. Doğrudur, AXC-Müsavat hakimiyyətində təmsil olunan şəxslər rus ordusunun çıxarılması barəsində müəyyən fikirlər səsləndirsələr də, onların heç bir əsası yox idi. Çünki həmin ordu birləşmələri S.Hüseynovun, R.Qazıyevin rəhbərliyi altında başqa-başqa formalarda fəaliyyətlərini hələ də davam etdirirdilər. Məhz 1993-cü ilin iyununda baş verən hadisələr zamın da bir daha bütün xalq bunun şahidi oldu.

 

 

"ULU ÖNDƏR HEYDƏR ƏLİYEV BİR DÖVLƏTİN VAR OLMASI ÜÇÜN NƏ VACİB SAYILIRDISA, ONU ETMİŞ OLDU"

 

Hikmət Babaoğlu:

 

- Əvvəlcə "Səs" qəzetinə belə bir dəyirmi masa təşkil etdiyinə görə təşəkkürlərimi bildirirəm. Bu qəzet necə ki, o illər Azərbaycanda baş verən ictimai-siyasi proseslərə təsir göstərir, ictimai şüurun düzgün əsaslarda, məhz ictimai vicdanın tələb etdiyi və Azərbaycan dövlətçiliyinin mənafelərinə uyğun şəkildə formalaşmasında fəaliyyət göstərirdi, bu gün də bu missiyasını uğurla davam etdirməkdədir. Bundan sonrakı fəaliyyətində isə "Səs" qəzetinə daha böyük müvəffəqiyyətlər arzulayıram.

O dövrlə bağlı fikirlərə gəldikdə isə o vaxtlar çox təlatümlü bir dövr idi. Çünki cəmiyyətdə həm funksional dəyişikliklər, həm də, keyfiyyət dəyişiklikləri baş verirdi. Ona görə də, o dövr Azərbaycan dövlətçilik tarixində bir dönüş nöqtəsi idi. Eyni zamanda, qurtuluşa gedən yol və bundan sonrakı dövr Azərbaycanın ictimai-siyasi həyatında çox önəmli aspektləri özündə ifadə edir. 1988-ci ildən başlayaraq, artıq Azərbaycanda müxtəlif meyillər müşahidə olunmağa başlamışdı. Əgər bunun bir istiqaməti Azərbaycan xalqının və dövlətin mənafeyinə uyğun idisə və eyni zamanda, Dağlıq Qarabağ problemi və Azərbaycanın müstəqilliyi ilə bağlı idisə, digər tərəfdən, bu ad altında gedən başqa proseslər də vardı. Bununla bərabər paralel sürətdə etnik separatizm meyilləri, ideoloji parçalanmalar və eyni zamanda, cəmiyyətin sosial qütbləşməsi prosesi də baş verirdi. Nəticə etibarı ilə Azərbaycanda cəmiyyət bir-birinə qarşı olan qütblərə parçalanmaqda idi. O dövrdə ən nəzərəçarpacaq proses aldadıcı olsa da, vətənpərvərlik hissləri ilə bağlı idi. Amma bütün bunların altında isə Azərbaycan dövlətçiliyinin əsaslarını dağıdacaq və xüsusi qüvvələr tərəfindən məxsusi fəaliyyət növləri var idi. Bütün bunlar isə nəticə etibarı ilə 1993-cü ilin 4 iyun hadisələrinə gətirib çıxarmış oldu. 4 iyun hadisələrində isə rəsmən ölkədə qiyam baş verdi. Azərbaycanda, nəinki etnik separatçılıq, Azərbaycanın dominant hesab olunan milli, etnik qrupunun özünün içərisində ziddiyyətlər formalaşmağa başladı. Bu isə Azərbaycan dövlətinin məhvi idi.

Milli Qurtuluş məfkurəsi dedikdə isə biz xaosdan, anarxiyadan, özbaşınalıqdan, hakimiyyətsizlikdən xilas olduq kimi sözləri yada düşür. Amma bunların heç biri deyilişi gözəl sözlər deyil. Bu sözlərin hər birinin arxasında məhz o sözün etimoloji cəhətdən böyük bir məzmunu dayanır. Ona görə də, məhz o dövrdə Azərbaycan xalqının yeganə ümid yeri ulu öndər Heydər Əliyev idi. Azərbaycan xalqı o zaman ulu öndər Heydər Əliyevdən, təcrübəli bir dövlət xadimindən, böyük bir siyasətçidən imdad gözləyirdi. Bu baxımdan da, o dövr təkcə ideoloji deyil, eyni zamanda, mənəvi mənada məsuliyyətlər dövrü idi. Çünki bir dövləti, bir xalqı ayaqda tutacaq, bu qədər dəyərlər sisteminin hamısına məhdudiyyət qoyulsa, əlbəttə ki, bu, mütləq dağılmalıdır. Burada formalaşan inersiya məhz bu durumu hökmən parçalamalıdır. Ona görə də, məhz dövlətin bir ideoloji əsaslarının, mənəvi birliyinin, cəmiyyətdə sosial bərabərliyin, ölkə iqtisadiyyatının yeni əsaslarla yenidən formalaşması, bütün Azərbaycanda mövcud olan etnik sosial, siyasi, ideoloji, dini qurupları birləşdirəcək vahid milli formanın tapılması məsələsi aktual məsələ kimi qarşıda dururdu. Məhz bütün bunları təmin edəcək və bu böyük işlərin öhdəsindən gələ biləcək yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Doğrudan da, qısa bir zamanda, 1993-ci ilin 15 iyununda Milli Məclisə Sədr seçildikdən sonra ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyi, xalqın milli-mənəvi birliyi, ordunun güclənməsi, iqtisadiyyatın yenidən təşkili, bütün maliyyə məsələlərinin yenidən qaydaya salınması və bir dövlətin var olması üçün nə vacib sayılırdısa, onu etmiş oldu. Doğrudur, əvvəllər atılan addımların bir qismi cəmiyyət tərəfindən asanlıqla həzm olundu. Digər bir tərəfdən, isə milli birlik, Azərbaycançılıq kimi ideyaların, ideologiyaların cəmiyyət tərəfindən mənimsənilməsi xüsusi vaxt tələb edən məsələlər idi. İqtisadiyyatın yenidən bərpası da xüsusi vaxt tələb edən məsələlər sırasında dayanırdı. Çünki təkcə Azərbaycanda deyil, bütövlükdə, regionun iqtisadi münasibətlərində bir tənəzzül prosesi gedirdi.  Maliyyə institutlarının və maliyyə problemlərinin tənzimlənməsi ciddi bir məsələ sayılırdı. Bu baxımdan da, mövcud məsələ təkcə Azərbaycanın problemi deyildi. Amma o vaxt elə əsaslar qoyulurdu ki, məhz o vaxt ulu öndər Heydər Əliyev tərəfindən atılan addımlar müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmiş oldu.

 

 

(Ardı var)

 

Tapdıq QURBANLI

 

Səs.- 2010.- 12 iyun.- S. 8-9.