15 iyun tarixi Azərbaycanın həyatında
hadisəyə çevrildi
Müasir
müstəqil Azərbaycanın taleyüklü hadisələrlə
dolu dövrü ölkənin memarı və qurucusu Heydər
Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev
Azərbaycan dövlətini və xalqını zamanın ən
çətin sınaqlarından çıxarmış,
ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi
tərəqqisinə nail olmuşdur. Zamanla ölçülməyən
ömür yaşayan Heydər Əliyev ömrünün
arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın
sivilizasiyası dayanır. Onun dövrünün
ziyalıları olmuş, Azərbaycan mədəniyyətinə
və elminə töhfələrini vermiş ziyalılar bu
gün ümummilli liderin gördüyü işlərdən
qürurla danışırlar:
Yazıçı-publisit, respublikanın fəxri cərrahı
Nurəddin Mirzəyev:
- Ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı 20-ci yüzilliyin son on
illiyində yaşanılan böhran, xaos, gərginlik kimi
anları aradan qaldırdı. Onun qayıdışı
dövrün tələbi kimi qəbul olundu. Onun
qayıdışı, müstəqilliyin, demokratiyanın,
milli tərəqqinin təməlinin əsasını qoydu. XX
əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər
xalqın həyat tərzinə, fiziki
sağlamlığına böyük zərbə
endirmişdir. İnsanlarda ruhi sarsıntılar, inam hissinin məhvi
cəmiyyətin, bütövlükdə, uçuruma doğru
yuvarlanacağını əks etdirirdi. Həmin illərdə
xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə
qayıdışı yaranmış mövcud halları
qısa bir müddətdə aradan qaldırdı. Biz o illərdə
baş verən hadisələrin iştirakçısı
olduğumuzdan, Azərbaycanın başı üstünü
almış dəhşətləri unuda bilmərik.
Respublikanın həyatı gözümüz
qarşısında canlanır. Heydər Əliyevin
qayıdışı ilə bu hadisələrin
qarşısına sədd çəkildi. 1993-cü ildən
gələcəyə ümid yox dərəcəsində idisə,
qısa bir zamanda təfəkkürlərdə, milli
düşüncələrdə dönüş yarandı.
Heydər Əliyevin 1969-cu
ildə hakimiyyətə gəlişi ilə Azərbaycan
gerilikdən, tənəzzüldən
çıxmışdı. Kənd təsərrüfatının,
sənayenin, iqtisadiyyatın digər sahələrinin
inkişafında, sosial məsələlərin həllində,
əhalinin rifah halının
yaxşılaşdırılmasında böyük irəliləyiş
əldə edilmişdir. Moskvada, Leninqradda, keçmiş
ittifaqın digər şəhərlərində Azərbaycan
üçün yüksək ixtisaslı kadrların
hazırlanması təmin edilmişdir.
Sovet dövründə onun həkimiyyətdə
olduğu illər Azərbaycan inkişaf yoluna qədəm
qoydu. Dözülməz, müstəmləkə altında
ağlagəlməz təzyiqlərə dözən Rusiya
üçün ən ucqar bir məmləkət, aqrar ölkə
olan Azərbaycan birdən-birə kommunist ideyasını,
bütövlükdə, bütöv bir dünya, rus
inqilabı ilə üz-üzə gəldi və ideyanın təzyiqlərinə
məruz qaldı. Bu dövr ağır zaman idi. Xüsusilə
də, mədəniyyət və tibbi yardımın ağlagəlməz,
ehtiyac içində çapaladığı bir zamanda
baş vermiş kommunist inqilabı idi. Azərbaycanda
bütün bölgələrdə tibbi xidmət
üçün tələb oluna biləcək bir şərait
mövcud deyildi. Tibbi xidməti yerinə yetirmək qabiliyyəti
olan mütəxəssislər yox dərəcəsində idi.
Vəba, taun, qarın yatalağı, vərəm,
qızılca və malyariya kimi xəstəlikdən əhali
arasında saysız-hesabsız insan həyatına son
qoymağa səbəb olurdu. Səfalət və
kasıblıq içərisində olan insanlar, hətta təbii
fəlakətlərə düçar olurdular. Rayon və kəndləri
su daşqınları viran, xaraba qoyardı. Azərbaycan belə
bir vəziyyəti inqilabdan sonra da yaşamış,
Böyük Vətən müharibəsindən sonra olan
çətinliklər də hər kəsə məlum həqiqətdir.
Azərbaycanda belə bir quruluş, ab-hava hökm
sürürdü. Əsas Azərbaycanın inkişaf
dövrü, mən deyərdim ki, ulu öndər respublikaya rəhbər
təyin olunandan sonra başladı. Rayon mərkəzlərində
və bölgələrində böyük abadlıq-quruculuq
işlərinə başlanıldı. O dövrün tələblərinə
uyğun bir şəkildə tibbi avadanlıqlarla rayon və
şəhərlərdəki tibb müəssisələri təchiz
edildi və təmir olundu. Tibb sahəsinə, xüsusilə,
ditqqət yetirildi. İxtisaslı kadrların
potensialının daha da yüksəlməsi üçün
Rusiyanın müxtəlif şəhərlərinə tələbələr
göndərildi. Təkcə bu tələbələrin təhsili
ilə məhdudlaşmadı, eləcə də, həkimlər
ixtisasartırma kurslarına göndərildi. Bir çox
ölkələrdən respublikamıza ixtisaslı həkimlərin
ezam olunması da Azərbaycanda mövcud olan bir sıra problemlərin
qarşısını aldı. O dövr üçün
çox böyük əhəmiyyət kəsb edən
Ağdam və Əsgəran istiqamətində çoxmərtəbəli
psixonervoloji bina inşa olundu. Ağdamın Şelli deyilən
dağətəyi kəndində yeni çoxsaylı, mərtəbəli
sanatoriya binası istifadəyə verildi. Bütün bu deyilənlərin
hamısı Heydər Əliyevin Azərbaycana birinci katib təyin
olunduğu dövrdə baş vermişdi. Mərkəzi
nervoloji və uşaq xəstəxanaları üçün
vərəmə qarşı mübarizə dispanserləri
inşa etdirildi və müasir tipli texniki aparatlarla təmin
olundu. Bu gün də müstəqillik dövrümüzdə
İlham Əliyev cənablarının
regionların sosial-iqtisadi inkişafının yüksəlməsi
məqsədilə həyata keçirdiyi genişmiqyaslı
layihələr Heydər Əliyev ənənələrinin
davam etdirildiyini sübuta yetirir.
Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov:
- Xalqın tarixinə iz salan
15 iyun tarixi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında
hadisəyə çevrildi. Bu zamana qədər son illərdə
baş verən hadisələr, xalqı bütövlükdə,
uçuruma sürükləyən məqamlar istər ölkə
daxilində, istərsə də, onun xaricində
sütunlarını zəiflətməyə
başlamışdı. Heydər Əliyev belə zamanda
xalqın təkidi və istəyi ilə hakimiyyətə gəldi
və Ona etimad göstərənlərin ümidini tez bir
zamanda doğrultdu. 15 iyun Azərbaycan xalqının
Qurtuluş Günü Azərbaycanın dirçəldilməsinə
və intibahına səbəb oldu. 1994-1995-ci illərdə
dövlət çevrilişi cəhdinin
qarşısının alınması ümummilli liderimizin
dahi bir şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Mən
tarixi proseslərdə iştirak edən şəxs kimi
ölkəmizin keçirdiyi ağır, təlatümlü
günlərdə Onun nə qədər böyük vətəndaşlıq
mövqeyi göstərdiyinin şahidiyəm. 15 iyun tarixini nəyə
görə Qurtuluş Günü kimi qeyd edirik? Azərbaycan
xalqı parçalanmaq təhlükəsindən, öz
dövlətçiliyini itirməkdən, onun gənclərini
məhv edən müharibədən qurtuldu. Ona görə də,
bizim bu günü qurtuluş və dönüş
günü kimi adlandırmağa mənəvi haqqımız
var. Heydər Əliyevin hakimiyyətə
qayıdışı Azərbaycanın ictimai-siyasi, mədəni
həyatında böyük dəyişiklik yaratdı. İnsanlar
rahat nəfəs almağa, istirahətlərini təşkil
etməyə lazımi şəraiti əldə etməyə
nail oldular. Azərbaycan tarixinin dönüş nöqtəsi
1969-cu ildən başlanır. Azərbaycan həyatında
baş verən proseslər Heydər Əliyevin hakimiyyətdə
olduğu zamanda həllini tapdı. Ümummilli liderin milli mədəniyyətin,
Azərbaycan elminin inkişafına diqqət ayırması
respublikanın Avropa və dünya inteqrasiyasına daxil
olması ilə nəticələndi. Sovet dövründə,
eləcə də, müstəqillik illərində elmi, mədəni
potensialdan istifadə dövlətin siyasətinin
başlıca amilinə çevrildi. Dövrün tələblərini
nəzərə alaraq, zəngin dəyərlərə malik
olan xalqın intellektual potensialının üzə
çıxarılması istiqamətində ardıcıl, məqsədyönlü
fəaliyyət qısa zamanda nəticələrini vermiş
oldu. İlk növbədə, onu
qeyd edim ki, ali təhsil ocaqlarında neqativ hallar aradan
qaldırıldı. 1970-ci ilə qədər sənəd
verib instituta qəbul ola bilmədiyimiz halda, artıq vəziyyət
tamamilə dəyişildi və savadı, biliyi olan abituriyentlər
üçün lazımi şərait yaradıldı. Həmin
illərdə ali təhsil ocaqlarında bir inqilab baş verdi.
Bir sıra gənclər kimi mən də zamanın
ab-havasının nəticəsi olaraq, Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə daxil oldum. O illərdə
həm də musiqi ilə məşğul olurdum. Sənətkarlıq
xüsusiyyətlərini üzə çıxartmaq
üçün o illərdə bugünkü kimi
böyük imkan, şərait mövcud deyildi ki, istədiyin
televiziya kanalında çıxış edib, ifanı təqdim
edəsən. Bu, çox böyük bir məsuliyyət tələb
edirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi və
gənclərə, sənətə xüsusi önəm verməsinin
nəticəsində 1971-ci ildə mən Azərbaycan
Televiziyasında çıxış etdim. O illərdə belə
bir ənənə var idi ki, hər ilin yekunundan sonra məhsul
bayramları keçirilirdi. Hər bir rayon özünün
hesabatını verdikdən sonra bədii özfəaliyyət
kollektivlərinin çıxışı olurdu. Masallı
rayon mədəniyyət evinin solisti kimi çıxış
etdiyim vaxt mənə qarşı böyük diqqət
yarandı. Qismət elə gətirdi ki, 1974-cü ildə
"İstedadlar axtarırıq" konsert-müsabiqəsinin
qalibi oldum. Beləliklə, tez-tez televiziya ekranında, konsertlərdə
çıxış etdim. 1982-ci ildə Azərbaycana 12-ci
Keçici Qırmızı Bayraq veriləndə indiki Heydər
Əliyev adına Sarayda konsert-müsabiqənin qalibi kimi
dövlət tədbirinə dəvət olundum. Heydər Əliyevin
şəxsən özünün, eləcə də,
respublikanın çox böyük sənətkarlarının,
SSRİ xalq artistlərinin, Azərbaycan xalq artistlərinin, eləcə
də, əməkdar artistlərin iştirak etdiyi tədbirlərdə
mən də təmsil olunurdum. Konsertdən sonra, həmişə
olduğu kimi Heydər Əliyev səhnə arxasında sənətkarlarla
görüşdü, o cümlədən də, bu xoşbəxtlik
mənim də taleyimə yazıldı. O illərdə
respublikada mövcud olan vəziyyət şəraitində
çox böyük anşlaqla mənim də konsertlərim keçirilirdi. Çox
təəssüf olsun ki, hər kəsə məlum olan hadisələrin
başlanması, ölkə daxilindəki sabitliyin
pozulması, bir çox sənətkarlar kimi mənim də
yaradıcılığımdan yan keçmədi. Siyasi hadisələrin
dəyişməsi, Azərbaycanda 20 Yanvar faciəsinin baş
verməsi, daha sonrakı faciə, işğal ölkədə
durğunluq və böhran yaratmışdır. Çox
şükürlər olsun ki, bu vəziyyət çox da uzun
sürmədi. 1993-cü il iyunun 15-i Heydər Əliyevin
hakimiyyətə qayıdışı hər şeyi öz
axarına saldı. Heydər Əliyevin 1993-cü ildə yenidən
siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda
mədəniyyət və incəsənətinin
inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin
şahidiyəm. 1994-cü ildən başlayaraq həyata
keçirilən islahatlar Azərbaycanın dünya iqtisadi
sisteminə inteqrasiyasında həlledici rol oynadı. 15 iyun
1993-cü il tarixinə qədər Azərbaycan çox
böyük problemlərlə qarşılaşdığından,
mədəniyyət müəssisələri artıq
dağıdılmağa başlamışdı. Bir çox
sahələrin mütəxəssisləri kimi mədəniyyət
işçilərinin də vəziyyəti kəskin hal
almışdı. Acınacaqlı vəziyyətə
düşmüş mədəniyyət müəssisələri
yenidən qurulmağa, bərpa və təmir edilməyə
başladı. Bu sahədə ümummilli liderin
imzaladığı çoxsaylı sərəncamlar əsaslı
dəyişikliklərlə nəticələndi. Bütün
bunların hər biri Azərbaycanın inkişafına, eləcə
də, gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə
təkan verdi. Eləcə də, regionlarda böyük işlər
görüldü. Mövcud mədəniyyət müəssisələri
təmir edildi, əhaliyə göstərilən mədəni
xidmət yüksəldildi. Sənətkarlara, mədəniyyət
və incəsənət xadimlərinə diqqət yönəldi
və bir sıra şəxslərə əməkdar və
xalq artistləri adları verildi. Bu sırada mənim də
ismim vardır. Heydər Əliyev hakimiyyətə
qayıtması yenidən yaradıcılığımda
yaşıl işığın yanmasına gətirib
çıxardı. Mövcud bataqlıqdan sonra televiziya
kanallarında, konsert salonlarında tamaşaçılara xidmət
etməyə başladım. Tamaşaçı
auditoriyamın da sayı get-gedə artmağa başladı.
Xarici dövlətlərdə
tez-tez qastrol səfərlərində oluram. Orada yaşayan azərbaycanlılarla
görüşlərim də olur. Mən onlara əvvəllər
deyirdim ki, siz vaxt gələcək Azərbaycandan
uzaqlaşdığınıza görə,
peşmançılıq çəkəcəksiniz. Çünki
Azərbaycan çox böyük inkişaf yolundadır. Bu,
belə də oldu. Bu gün Azərbaycan sivil inkişaf
etmiş ölkələr sırasındadır. Azərbaycanda
vəzifəsindən və peşəsindən asılı
olmayaraq, hər bir kəsə geniş imkanlar yaradılıb.
O cümlədən də, musiqi xadimlərinə. Azərbaycan
efir məkanı hər zaman onların üzünə
açıqdır. Azərbaycanın gənc
ifaçılarına da geniş meydan verilmişdir. YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
Azərbaycan musiqi sənəti sahəsində göstərdiyi
xidməti qeyd etmək vacibdir. Onun təşübbüsü
və layihəsi əsasında muğam müsabiqəsinin
keçirilməsi gənc ifaçılara böyük bir
stimul verdi. Bütün bu qayğı və diqqətin nəticəsi
olaraq çağdaş dövrümüzdə hər bir sənətkar
geniş intellektual səviyyəyə malik olmalıdır. Azərbaycanı
təmsil edən sənətkarlar dünya miqyasında ölkə
ilə bağlı təsəvvür yaratmaq intellektinə
malik olmalıdırlar. Heydər
Əliyev hakimiyyəti dövründə olduğu kimi, bu
gün də İlham Əliyev
cənablarının yürütdüyü siyasət nəticəsində
Azərbaycan musiqi sənəti inkişafdadır.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2010.- 12 iyun.- S. 12.