“Qurtuluş - 17"
Əli Əhmədov: "Qurtuluş, eyni zamanda, Azərbaycanın
bugünüdür, bugünkü reallıqlarımız,
ölkədə mövcud olan sabitlik, əmin-amanlıq, vətəndaşların
əhval-ruhiyyəsidir"
Dünən "Hyatt
Regancy" otelinin "Quba" zalında YAP İdarə Heyətinin,
Siyasi Şurasının üzvlərinin, millət vəkillərinin,
dövlət qurumlarının təmsilçilərinin,
partiya fəallarının iştirakı ilə keçirilən
tədbiri giriş sözü ilə açan YAP Sədrinin
müavini, İcra katibi, millət vəkili Əli Əhmədov
bildirdi ki, Azərbaycan xalqının tarixində dönüş
nöqtəsi olan, Ulu Öndər Heydər Əliyevin tarixi
qayıdışından başlanan Qurtuluş Günü
münasibətilə "Qurtuluş-17" adı altında
keçirilən konfransda
ümummilli liderin düşünülmüş və
məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın
ötən bu müddətdə
keçdiyi inkişaf yoluna nəzər salınır,
bir daha "Qurtuluş bizə nə
verdi" sualı ətrafında məruzələr dinlənilir.
Hər bir ölkənin tarixində onun gələcək
taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli
dönüş nöqtələri olur. Azərbaycan
xalqının müasir tarixinin çox əhəmiyyətli
dönüş nöqtəsi də 1993-cü ildə Heydər
Əliyevin tarixi qayıdışı ilə
başlamış qurtuluş məfkurəsi ilə əlaqədardır.
Qurtuluş ədalət və həqiqətin təntənəsidir.
Bu hadisə Heydər Əliyev şəxsiyyətinin və
qüdrətinin təntənəsidir. Eyni zamanda, Qurtuluş
Azərbaycan xalqının böyüklüyünün,
müdrikliyinin və siyasi kamilliyinin bilavasitə ifadəsidir.
"Əgər
Qurtuluş Azərbaycana nə verdi" sualı səsləndirilərsə,
Azərbaycanın bugünkü həqiqətlərini,
bugünkü mənzərəsini, ölkə vətəndaşlarının bugünkü həyatını və
əhval-ruhiyyəsini, ümumilikdə ölkəmizin gələcək
perspektivlərini, imkanlarını qeyd etmək olar"
söyləyən Ə.Əhmədov bildirdi ki, 17 ildə Azərbaycan
fəlakətlərdən, iflasdan geniş inkişaf yoluna
çıxaraq, bu gün dünyanın ən sabit, əmin-amanlığın
bərqərar olduğu, iqtisadiyyatı sürətlə
inkişaf edən, dünyada rolu və əhəmiyyəti
artan bir ölkəyə çevrilib: "Bu işləri
görmək üçün Azərbaycan Heydər Əliyevin
müəyyənləşdirdiyi bir siyasəti gerçəkləşdirib.
Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir."
Qurtuluş təkcə
Azərbaycanın 90-cı illərin əvvəllərində
düşdüyü bəlalardan xilas olması ilə ifadə
olunmur. Baxmayaraq ki, Heydər Əliyevin həmin illərdə
hakimiyyətə qayıdışını həm arzu edən,
həm də öz xahiş və təkidli tələbini ona
ünvanlayan Azərbaycan xalqı, ilk növbədə, 1993-cü illərin faciələrindən
xilas olmaq üçün Heydər
Əliyev kimi böyük tarixi şəxsiyyətin qətiyyətinə,
müdrikliyinə ehtiyac duyurdu. Amma Heydər Əliyev
özünün missiyasını təkcə Azərbaycan
xalqının düşdüyü
bu bəlalardan xilas olunmasında görmürdü. Onun
qayıdışı ilə başlanan Qurtuluş Azərbaycanı
faciələrdən, parçalanmaqdan xilas etməklə
yanaşı, ölkəmizin sonrakı sürətli, dinamik
inkişafının da çox etibarlı fundamentini
yaratdı. Bu mənada, Qurtuluş təkcə Azərbaycanın
müasir tarixinin keçmişi
deyil. Baxmayaraq ki, bu keçmiş kifayət qədər şərəfli
və xalqımızın tarixində əhəmiyyətli yer
tutur. Qurtuluş, eyni zamanda, Azərbaycanın
bugünüdür, ölkədə mövcud olan sabitlik, əmin-amanlıq,
vətəndaşların əhval-ruhiyyəsidir. Bundan da əhəmiyyətlisi
Qurtuluşun özünü Azərbaycanın sabahında ifadə
etməsindədir. Azərbaycan xalqı gələcəyə böyük
inamla baxır. Bu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə başlanan Qurtuluşun ölkəmizə
qazandırdığı ən böyük
uğurlardandır: "Qısaca da olsa, 90-cı illərin əvvəllərində
Azərbaycanın yaşadığı duruma nəzər
salsaq, ölkəmizin nələrdən
xilas olduğunu əminliklə deyə bilərik. Heydər Əliyevin
qayıdışı ilə Azərbaycan başının
üstünü almış real təhlükələrdən, hərc-mərclik və xaosdan,
iqtisadi tənəzzüldən xilas oldu. Ümumiyyətlə,
xalqımız sabaha
ümidsizlikdən xilas edildi. Azərbaycan yenicə müsətəqillik
əldə etmiş gənc dövlətin gələcəyini
şübhə altına alan o zamankı səriştəsiz
rəhbərliyin fəaliyyəti nəticəsində
düçar olduğu beynəlxalq təcriddən xilas oldu.
Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti,
müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və
məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı
üçün elə etibarlı dayaq yaradıldı ki, bu
bünövrənin üzərində respublikamız sürətlə inkişaf
edir".
YAP Sədrinin müavini
Əli Əhmədov bildirdi ki,
Qurtuluşdan başlanan inkişaf, tərəqqi bu gün daha
da sürətlənib. Azərbaycan Ulu Öndərin
vurğuladığı kimi, demokratiya prinsipləri,
iqtisadiyyat sahəsində başqa dövlətlərə
nümunə olub. Xalqımız yeni həyatın
başlanğıcını qoyan ümummilli lider Heydər Əliyevin
ideyalarına sadiqdir, bu irsin öyrənilməsi və təbliği
istiqamətində səylər göstərir. "Azərbaycan
17 illik bir yol keçib" söyləyən Ə.Əhmədov
qeyd etdi ki, keçirilən yolun məsafə baxımından
qiymətləndirilməsi hər kəsdən çox gərgin düşünməsini
tələb edir: "Bu illər ərzində keçilən
yolun dəyəri, mahiyyəti, əhəmiyyəti tarixən
çox qısa olan bu müddətə çətinliklə
sığışır. 17 illik yolu Azərbaycan bir dövlət
olaraq tək keçməyib. Eyni çıxış
nöqtəsindən başlayan digər dövlətlər də
bu illəri yaşayıblar. Amma keçilən yol, qət
edilən məsafə arasında
fərqlər o qədər böyükdür ki,
müqayisəyə gətirmək qeyri-mümkündür. Azərbaycanın
timsalında yüksəliş, tərəqqi, inkişaf, yeniləşmə
və müasirləşmə, ölkəmizin əhatəsində
olan ölkələrdə isə durğunluq, az səviyyədə inkişaf,
dağıntılar, qarşıdurmalar, fəlakətlər,
onlarla, bəzən isə yüzlərlə insanın həlak
olması kimi faktlar ortaya çıxır."
YAP-ın İcra katibi müstəqil dövlətimizin Qurtuluşdan ötən dövr ərzində imza atdığı uğurlardan geniş bəhs etdi. Vurğuladı ki, Qurtuluşdan başlanan siyasət davam edir: "Prezident İlham Əliyev atdığı hər addımında Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirərək, Azərbaycanın daha yüksək zirvələri fəth etməsinə geniş imkanlar açır. Dövlət başçısının bütün çıxışlarında "Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır" söyləməsi də bugünün reallıqlarına əsaslanır. Böyük enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyi möhkəmlənir. Heydər Əliyevin müəyyənləşdirdiyi yol, düşünülmüş və uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadi cəhətdən qüdrətlənən Azərbaycan bütün sahələrdə böyük inkişafa, tərəqqiyə nail olub. İnkişaf etmiş, zəngin Azərbaycan və vətəndaşlarının xoşbəxt həyatının təmin edilməsi 15 iyun - Qurtuluş tarixi ilə bağlıdır. Buna görə də, Azərbaycan vətəndaşı Heydər Əliyev şəxsiyyətinə hörmətini, ehtiramını hər zaman ifadə edir. Arxada qalan hər gün ölkəmizin həyatında mühüm uğurlarla yadda qalır. Bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün siyasətin nəticəsidir. Azərbaycan xalqı sabaha böyük inamla irəliləyir. Bu inamı şərtləndirən əsaslar hər kəsə bəllidir. Azərbaycanı xoş günə çıxaran Qurtuluş Gününün respublikamızın şəhər və rayonlarında, bütün idarə və müəssisələrdə yüksək səviyyədə qeyd olunması əsaslıdır. Xalqın verdiyi qiymətdən düzgün qiyməti təsəvvür etmək mümkün deyil. Qurtuluşdan başlanan inkişaf uğurla davam edir. Xalqımız bu siyasətin davamlılığına dəstək olduğunu 2003 və 2008-ci il prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə təsdiqlədi. Bu birlik möhkəm əsaslara söykənir".
"Azərbaycanı hər gün təkmilləşməyə, yeniləşməyə hazır olan bir binaya bənzətsək, fundamenti o qədər möhkəm və etibarlıdır ki, onun üzərində inkişafın, tərəqqinin daha çox mərtəbələrinin ucaldılması imkanları var" deyən Ə.Əhmədov qeyd etdi ki, bu imkanlardan istifadə edərək Heydər Əliyevin yaratdığı müasir Azərbaycan daha da əzəmətli görünəcək.
Arif Rəhimzadə: "Heydər Əliyevin hakimiyyətə
qayıdışı, sözün əsil mənasında,
"Ömrümün qalan hissəsini də xalqıma qurban
verirəm" deyib öz xalqına sahib çıxması
böyük fədakarlıq idi"
YAP İdarə Heyətinin üzvü, millət vəkili Arif Rəhimzadə bildirdi ki, Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyurdusa, bizlər, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da onunla fəxr edirik: "Ulu Öndərin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda sıçrayışlı inkişafın təmin edilməsi ilə yanaşı, milli dəyərlərin, qədim ənənələrimizin, mentalitetimizin, milli-mənəvi sərvətlərimizin qorunub saxlanılmasında göstərdiyi əvəzsiz xidmətlərlə bağlıdır. Heydər Əliyev bütün məsələlərdə milliliyə, tarixi ənənələrə daha çox diqqət göstərirdi. Heydər Əliyev sübut etdi ki, tarixi keçmişi, gözəl ənənələri olan Azərbaycan xalqı həm də yaradıcı xalqdır. Özünün nüfuzedici fəaliyyəti ilə ümumxalq yüksəlişinə təkan verən Heydər Əliyev xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli ruhun, milli qürur hissinin, mənəvi dəyərlərin güclənməsi üçün möhkəm zəmin yaratdı. Əməli fəaliyyəti ilə içində olan xalq sevgisini ifadə etdi".
A.Rəhimzadə bildirdi ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı dövr çox ağır zaman, böhranlı mərhələ idi. Bir sözlə, ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr gərginliyi, qeyri - sabit, qarşıdurmanın ifrat həddə çatdığı, ölkənin uçuruma sürükləndiyi, erməni kimi rəzil düşmənin torpaqlarımızın bir hissəsini işğal etdiyi dövrə təsadüf edirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı, sözün əsil mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib öz xalqına sahib çıxması böyük fədakarlıq idi. Azərbaycanın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı həyata keçirdi. Müstəqilliyin əbədi və dönməz olmasını şərtləndirən bütün amillərin işlək mexanizmə çevrilməsini həyata keçirdi.
Millət vəkili ümummilli liderin qurduğu müstəqil Azərbaycanın, artıq dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi, regionda söz sahibinə çevrildiyini bildirdi. Qeyd etdi ki, respublikamızın dinamik inkişafını və siyasi üstünlüklərini şərtləndirən əsas amil məhz Heydər Əliyevin müstəqil Azərbaycanı etibarlı əllərə tapşırmasıdır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu əməli fəaliyyəti ilə ötən dövrdə tam sübuta yetirdi.
Eldar İbrahimov: "Ulu Öndər
Heydər Əliyev Azərbaycanı sabitlik diyarına
çevirməklə iqtisadi, siyasi, xarici siyasət sahəsində
mühüm uğurların əldə olunmasına zəmin
yaratdı"
YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov konfransda çıxış edərək, vurğuladı ki, Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir: "Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır Ulu Öndərimiz Heydər Əliyev. Tale elə gətirmişdir ki, 1992-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bugününü özünə qaytardı".
E.İbrahimov onu da söylədi ki, Naxçıvana qayıtmış Heydər Əliyev xalqının bu ağır günündə onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi: "Belə bir vaxtda 1990-cı il noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında Onun təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sərhəd məftillərinin söküldüyü gün - dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Blokada şəraitində olan Naxçıvanın müdafiəsini təmin etmək məqsədilə Müdafiə Komitəsi yaradıldı. Erməni hücumlarına tutarlı cavablar verildi. Respublikada ilk dəfə olaraq sovet ordu hissələri Naxçıvanda bütün əmlaklarını qoyaraq, muxtar respublikanın ərazisini tərk etdilər. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı, əlaqələr genişləndirildi, Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı. O vaxtlar Nehrəmdən Ali Sovetə deputat seçilən Heydər Əliyev Milli Məclisdəki çıxışlarında Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini tənqid edərək, SSRİ-nin tezliklə dağılacağını dəfələrlə bəyan etsə də, səbatsız iqtidar bu fikirlərə məhəl qoymurdu. Zaman Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi".
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına Sədr seçildiyini vurğulayan millət vəkili E.İbrahimov xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın misilsiz faydası olduğunu bildirdi: "Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu Öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsil zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri Milli Məclisə müraciət edərək, öz istək və arzularının nəzərə alınmasını və bu günün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsini tələb edirdilər. Xalqın müxtəlif təbəqələrinin bu tələbini nəzərə alaraq, mən parlamentdə çıxış edərək, belə bir qərarın qəbul edilməsini təklif etdim və deputatlar bu təklifi müdafiə etdilər. Bundan az sonra 1997-ci il iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da bu tələb səsləndirildi və həmin gün Milli Məclisin qərarı ilə 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu. Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Bu günün fövqündən baxanda, Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmuş, regionda lider ölkə statusunu qazanmışdır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir ölkədir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın hörmətli Prezidentimiz İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq".
Şahlar Əsgərov:
"Ümummilli lider hakimiyyətə qaydışı ilə
Azərbaycanı inkişaf yoluna çıxardı və bu
gün ölkəmiz beynəlxalq aləmdə sabitlik
diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən
demokratik ölkə kimi tanınır"
YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov bildirdi ki, Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyurdusa, bizlər, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da onunla fəxr edirik: "Ulu Öndərin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda sıçrayışlı inkişafın təmin edilməsi ilə yanaşı, milli dəyərlərin, qədim ənənələrimizin, mentalitetimizin, milli-mənəvi sərvətlərimizin qorunub saxlanılmasında göstərdiyi əvəzsiz xidmətlərlə bağlıdır. Heydər Əliyev bütün məsələlərdə milliliyə, tarixi ənənələrə daha çox diqqət göstərirdi. Ulu Öndər sübut etdi ki, tarixi keçmişi, gözəl ənənələri olan Azərbaycan xalqı həm də yaradıcı xalqdır. Özünün nüfuzedici fəaliyyəti ilə ümumxalq yüksəlişinə təkan verən Heydər Əliyev xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli ruhun, milli qürur hissinin, mənəvi dəyərlərin güclənməsi üçün möhkəm zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövr çox ağır zaman, böhranlı mərhələ idi. Bir sözlə, ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr gərginliyi, qeyri-sabit, qarşıdurmanın ifrat həddə çatdığı, ölkənin uçuruma sürükləndiyi, Ermənistan kimi işğalçı dövlətin torpaqlarımızın bir hissəsini işğal etdiyi dövrə təsadüf edirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, sözün əsil mənasında, "Mənim həyatım xalqa mənsubdur və bundan sonra ömrünün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm" deyib öz xalqına sahib çıxması böyük fədakarlıq idi. Azərbaycanın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı həyata keçirdi. Müstəqilliyin əbədi və dönməz olmasını şərtləndirən bütün amillərin işlək mexanizmə çevrilməsini həyata keçirdi. Ümummilli liderin qurduğu müstəqil Azərbaycan artıq dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi regionda söz sahibinə çevrilib. Respublikamızın dinamik inkişafını və siyasi üstünlüklərini şərtləndirən əsas amil məhz Heydər Əliyevin müstəqil Azərbaycanı etibarlı əllərə tapşırmasıdır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu əməli fəaliyyəti ilə ötən dövrdə tam sübuta yetirdi".
Tədbirdəki çıxışlarda ümumi fikir bu oldu ki, Ulu Öndər Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi, fədakarlığı sayəsində müstəqil Azərbaycan dövlətini yaratdı, qoruyub saxladı, indiki və gələcək nəsillərə ərməğan etdi. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 13 iyun.- S. 2-3.