Ölkəni xilas edən böyük qayıdış

 

Heydər Əliyev və milli dirçəlişimiz

 

Milli Qurtuluş Günü xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz bayramlardan biridir. Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır. Bu bayramın adındakı qurtuluş sözünün siyasi, tarixi və bəşəri mənaları çoxdur. Bu mənaların məğzi isə Azərbaycan dövlətçiliyinin tarixin ağır sınaqlarından uzaqlaşıb əmin-amanlıq sahilinə yan almasını ifadə edir. Bu tarixi yerişin sükançısı və qurucusu böyük Heydər Əliyev idi, Onun xilaskar iradəsi idi.

Ölkədə 1988-ci ildən başlayan proseslər, həm də sovetlərdən qalma dövlət idarəçiliyi sisteminin aşınması illəri idi. Bu aşınmanın çoxlu səbəbləri vardı: amma onlardan ən mühümü ermənilərin torpaq iddialarına qarşı mübarizənin dövlət səviyyəsində aparılmaması, çoxsaylı ictimai qurumların, AXC-nin ümidinə qalması idi. Halbuki erməni tərəfindən bu mübarizəyə təkcə Ermənistan Respublikası deyil, bütün dünyadakı erməni diasporunun maddi və mənəvi resursları da cəlb edilmişdi. AXC zorakı yolla hakimiyyətə gələndən sonra, qəribə də olsa, vəziyyətin idarəolunmazlığı daha da dərinləşdi, mərkəzdənqaçma meyilləri daha da çoxaldı. Bu, həm də cəbhə liderlərinin başındakı dərnəkçilik havası ilə bağlı idi. Böhran xalqımıza baha başa gələ bilərdi: ordudakı və cəmiyyətdəki parçalanma onların səhvlərinin nəticəsi  idi və son mərhələyə çatdı, bütün dövlətçiliyin əsasları üçün təhlükə yaratdı. Naxçıvanda yaşayan milli öndər bu təhlükələri görür, onların səbəblərini araşdırırdı. Ona görə də, Heydər Əliyev 1993-cü il böhranı zamanı yenidən rəhbərliyə gələndə, Onun üçün planlar düşünmək lazım deyildi: hər şey çoxdan düşünülmüş və götür-qoy edilmişdi. Xalqı və dövləti güclü etmək üçün onun sağlam adamları öz ətrafında birləşdirmək lazım idi. Bu, xalqın mənəvi gücünün üzə çıxarılması və təmin edilməsi planı idi. Heydər Əliyev gözəl bilirdi ki, xalqın belə bir qüvvəsi vardır. O xalqımızın sağlam və yaradıcı gücünə inanmaqda bizim hamımıza nümunə idi və belə olaraq qalır. Onun qələbələrinin, uğurlarının kökü, ilk növbədə, bu sarsılmaz inamda idi.

1993-cü ilin baharının aprel-may aylarında cəbhə hökuməti içərisindən dağıldı: əslində, buna qədər də cəbhənin rəhbərliyi müxtəlif klanlar və səfirliklər tərəfindən, o cümlədən, xaricdən idarə olunan dəstələrdən ibarət idi. Cəbhədəki və iqtisadi-inzibati sahədəki uğursuzluqlar AXC-nin daxilində diskussiyaları gücləndirdi: cəbhə liderlərini sağlam hissəsi təkidlə Heydər Əliyevin hakimiyyətə dəvət olunmasını tələb etdilər. Lakin bu sağlam çağırışlar ümumi xaos içərisində eşidilməz oldu, böhran isə sürətlə dərinləşməkdə davam etdi.

1993-cü ilin yazında Azərbaycan vətəndaş müharibəsi astanasına gəlib çatanda nə AXC, nə də Ali Sovet böhranlı vəziyyətdə xalqımızı və müstəqilliyimizi müdafiə üçün siyasi iradə nümayiş etdirə bilmədi. AXC üzvləri ədəbi dərnəklərin, Ali Sovet üzvlərinin əksəriyyəti isə hakimiyyət aparatının əməkdaşları idilər. Hər iki qüvvəni həqiqi siyasi iradə boşluğu birləşdirirdi. Ona görə də, 1988-1992-ci illərdəki böhranlı vəziyyətdə partiya məmurları və AXC erməni fitnəkarlığının qarşısını almaq və ölkəni böhrandan çıxarmaq üçün heç bir addım ata bilmədilər. Gəncədə qanlı qardaş qırğını baş verdiyi bir vaxtda, 1993-cü ilin 15 iyununda xalqın fəal təzyiqi ilə Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Bu, xalqımızın milli taleyində misilsiz bir gün oldu. Qısa vaxtda onun fəaliyyəti sayəsində aydın oldu ki, həqiqətən ölkədə bütün düşmənlərimizin qorxduğu milli siyasi qüvvə var imiş: bu, Naxçıvanda yaşayaraq siyasi komanda və YAP-ı yaratmış Heydər Əliyev idi. Onun ətratında birləşən vətənpərvər insanlar, yetişdirdiyi xalqa sadiq kadrlar idi. Onlar milli fəlakətlə mübarizə edən rəhbərə köməkçi oldular. Siyasi qədirbilənliklə Onun özünü göz bəbəyi kimi qorudular.

Tarix elə gətirmişdi ki, Azərbaycanın müstəqilliyi iki problemə çevrilmişdi: bunlardan biri Ermənistanla müharibəni sabitləşdirmək, ikinci isə müstəqil dövləti möhkəmlətmək idi. Sərhəddə müharibə siyasi reallıq idi və Heydər Əliyev kimi ağıllı siyasətçi bu müharibəni nəzərə almadan heç bir addım ata bilməzdi. Azərbaycanın xilas yolu bir idi: sərhəd müharibəsi bitənə qədər bütün sağlam qüvvələr, düşünən beyinlər birləşməli idilər. Partiya    fərqləri bir kənara atılmalı idi. Amma buna nail olmaq çox çətin idi, çünki Azərbaycanın siyasi qüvvələri arasındakı intriqalar xaricdən də qızışdırılırdı.

Elçibəyin Bakıdan qaçışından sonra öndər qəti qərarlar verməyə, ciddi kadr dəyişmələri ilə iflic olmuş dövlət aparatını yenidən qurmağa başladı. Heydər Əliyevin siyasi qüdrətinə inanan Milli Məclis üzvləri onun xəttini himayə etməyə başladılar. Böhrandan çıxmaqda geniş xalq kütlələrinin, ziyalı hərəkatının, öndərin özünün yetişdirib tərbiyə etdiyi vətənpərvər məmurların mühüm rolu oldu. Murtuz Ələsgərov, Afiyəddin Cəlilov, İsmayıl Şıxlı kimi sağlam ziyalılar rəhbərin xəttini fəal surətdə dəstəklədilər. Hakimiyyət orqanlarına vətənpərvər ziyalılar, elm və mədəniyyət adamları, öndərin vaxtilə sınaqdan çıxarmış olduğu və ona sadiq kadrlar gətirildi. Milli Məclisin taleyüklü qərarlarını qəbul edən iclasların təşkili ardıcıl təxribat və maneçiliklər, siyasi şantaj şəraitində baş tuturdu.

Ağır siyasi vəziyyətə baxmayaraq, Heydər Əliyev 1993-cü ilin böhranlı payız aylarında xalqın qüvvələrinin cəbhəyə səfərbər edilməsi üçün təşkilatçılıq işləri gördü, ordumuzun əks-hücum planlarını hazırladı. Öndərin istiqamətləndirdiyi hərbi yenidənqurma tez bir zamanda öz nəticələrini verdi, peşəkar hərbi kadrların orduda üstün mövqeyi təmin edildi, ermənilər geri oturduldu.

Çünki heç bir təbliğat və müqavimət rəhbərin iradəsini qıra bilməzdi, onun geriyə çəkilməsi mümkün deyildi: riskə qoyulan Azərbaycanın taleyi idi. Öndər üçün xalqın təəssübündən, onu xilas etməkdən yüksək heç nə yox idi. Ona görə də 1993-cü ilin yayında və payızında qurulan bütün fitnələr, hətta terrora əl atmaq kimi sərsəm planlar darmadağın oldu. Çox məqamda sadə adamlar, təəssübkeş insanlar rəhbəri yalın əllə müdafiə etdilər. Sadə insanlarda sağlam düşüncə, vətənin və torpağın mənafeyini yüksək tutmaq əzmi cəbhə liderlərindən üstün oldu. Sonrakı tarixi hadisələr, cəbhə rejimi zamanı cinayətlərinə görə çıxarılan məhkəmə hökmləri bu liderlərin siyasi cılızlığını sona qədər üzə çıxardı, onlar taledən və xalqdan, məhkəmədən və qanundan ədalətli cəza aldılar.

1993-cü ilin böhranlı iyun günləri Vətənimizin beynəlxalq mövqeyinin də ən zəif vaxtı idi. Lakin Heydər Əliyevin dühası burada da ciddi işlər gördü. İyun-sentyabr ayları öndərin, həm də diplomatik fəaliyyətinin parlaq dövrü oldu. Onun dünya siyasətçiləri sırasındakı misilsiz nüfuzu milli dövlətimizin etiraf edilməsinə xidmət edirdi. Dünyanın ən böyük dövlətlərinin başçıları ulu öndərlə - nisbətən balaca bir dövlətin başçısı ilə, tam bərabərlik şəraitində danışıqlar aparırdılar. Bu, nüfuzun siyasi qüvvəyə çevrilməsi idi, Azərbaycan Respublikasının əsil beynəlxalq etirafı idi. Dünya siyasətində ikili standartların çoxdan hökm sürdüyünü bilən rəhbər böhran dövründə Ana Vətənin mövqeyini sona qədər müdafiə edir, torpaqların taleyinin ikili standartlardan asılı olmamasını təmin etməyə çalışırdı. Gileydənsə real işlərə, ölkənin suverenliyini gündən-günə möhkəmlətməyə səy edirdi. Bunun nəticəsində böyük dövlətlər də ölkədə gedən siyasi proseslərin, hakimiyyət dəyişikliyinin legitimliyini qəbul etdilər.

Azərbaycanın ərazi bütövlüyü heç bir danışığın və müqavilənin predmeti ola bilməz - bu rəhbərin Dağlıq Qarabağ konflikti ilə bağlı bizə qoyduğu siyasi vəsiyyətidir. Öndər konfliktin sülh yolu ilə həllinə üstünlük verdi və bununla iki mühüm niyyət güdürdü. Bunların birincisi, diplomatik və təbliğat müharibəsini udmaq zərurəti ilə bağlı idi. Dünyada Azərbaycanın ərazi bütüövlüyü diplomatik baxımdan himayə olunmayınca, hərbi əməliyyatların səmərəsi olmaya da bilərdi. İkinci niyyət isə ikili standartlar siyasətindəndan asılı olmamaq üçün əlverişli siyasi vəziyyətin yetişməsini gözləmək zərurətidir. Bu gözləmə, həm də qalib bir ordunun yaranması üçün zəruri idi.

Qurtuluş günü, həm də gənc nəslin, balalarımızın bayramıdır. Dövlətimiz, Prezidentimiz İlham Əliyev Vətəni, onun iqtisadiyyatını və ordusunu gücləndirməklə sabahımıza xidmət edir. Bu, Heydər Əliyevin vəsiyyətlərinin layiqli davamıdır. Dünyadakı çətin maliyyə durumuna baxmayaraq, Azərbaycanın iqtisadiyyatı sabit və davamlıdır. Ölkədə sosialyönümlü siyasət davam edir və gələcəkdə də belə olacaqdır. Biz analar sülh istəyirik və belə sülhün dayağı olmağı bacarmalıyıq.

Azərbaycanın keçmişi çətin və əzablı oldu. Lakin nə qədər çətin olsa da, biz torpağımızı və onun üzərində yaşamaq hüququmuzu qoruya, milli varlığımızı yaşada bilmişik. Bunu çox zaman vahid və güclü dövlət olmadan, ağır mübarizələr nəticəsində edə bilmişik.

Milli qurtuluş bayramının əsas məramı xalqın və dövlətin sarsılmaz birliyidir. Bizi tarixin sınağından çıxaran bu birlik və həmrəylik hissi olubdur. Sayıram ki, gələcəkdə də yeni nəsillərin vətənpərvərlik tərbiyəsinə diqqət yetirmək, təhsil prosesində bu problemləri diqqət mərkəzində saxlamaq vacibdir. Dünyada qeyri-sabit bir siyasi vəziyyət mövcuddur, hadisələr sürətlə inkişaf edir. Biz həm iqtisadi, həm siyasi və hərbi çağırışlara layiqli cavab verməyə hazır olmalıyıq. Vətəni sevmək azdır, onu göz bəbəyi kimi qorumaq, qüdrətini və milli birliyini gücləndirmək, həm də anaların borcudur.

Sovetlərin dağılma ərəfəsində Heydər Əliyev xalq hərəkatındakı gənc və sağlam milli qüvvələrə rəhbərlik etdi, sonra isə müstəqil dövlətin başçısı və yaradıcısı oldu. O, xalqımızı gələcəyə aparacaq siyasi təşkilatı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu, həm rəhbərin qızğın tərəfdarlarının, həm də böyük ziyalı qüvvələrinin partiyası idi. Rəhbər partiyanın quruculuğuna şəxsən rəhbərlik etdi, onun aparatının sağlam, uzaqgörən, konstruktiv və perspektivli kadrlarla möhkəmlənməsini təmin etdi. İndi bu partiya ölkənin ən böyük siyasi qüvvəsi olmaqla xalqın siyasi, iqtisadi və sosial mənafeləri uğrunda Azərbaycanın bütün bölgələrində mübarizə aparır. Yeni Azərbaycan Partiyası öz monolitliyi, rəhbərin ideyalarına və vəsiyyətlərinə sədaqəti ilə ölkəmizdə gedən işlərə istiqamət verir, parlament və prezident seçkilərində əhalinin tam əksəriyyətinin səsini və etimadını qazanır. İnanıram ki, qarşıdakı parlament seçkilərində də belə olacaqdır.

Heydər Əliyevin vəsiyyətləri milli quruculuq strategiyasıdır, bu irsin aktual mənası dövləti qorumaq və müasirləşdirməkdir. Ona görə istər siyasi təbliğatda, istər tədris və təhsildə, istərsə də elmi sahədə əsas diqqət bu cəhətlərə yönəlməlidir. Rəhbərin şəxsiyyətindən yeni nəsil əsas bir şeyi - milli quruculuq konsepsiyasını öyrənməlidir. Öz həyatını xalq, cəmiyyət, milli ideallara xidmət yolu kimi yaşamağı öyrənməlidir. Sayıram ki, Heydər Əliyev azərbaycançılığının ən aktual tərəfi budur: xalqın sabahını qurmaq, onun daha firavan yaşayışı üçün konkret işlər görmək.

Müstəqil Azərbaycan dünya siyasətinin reallığıdır, onun regionda mövqeləri getdikcə möhkəmlənir. Bayrağımız bayraqlar sırasında, millətlər evi üzərində dalğalanır. Bu, Heydər Əliyevin, - müdrik rəhbərin doğma xalqına yarım əsirlik xidmətinin ən yüksək bəhrəsidir. Xalqımızın ən böyük qoruyucu və irəli aparıcı dəyəridir. Heydər Əliyevin adı və onun banisi olduğu müstəqil dövlətimiz ayrılmazdır. Onlar yaşıyır və yaşayacaqdır.

 

 

Nurlana Əliyeva

 

Səs.- 2010.- 13 iyun.- S. 6.