MİLLİ QURTULUŞ
GÜNÜ - TARİXİN QIZIL YADDAŞINA YAZILAN GÜN
Bu tarixi bir həqiqətdir ki, XX əsr müdhiş, sarsıntılı və qalmaqallı keçməklə bərabər dünyada hökm sürən son imperiyanın süqutu ilə də tarixin yaddaşına köç edə bildi. Dünyada elə bir siyasi-iqtisadi quruluşun dəyişməsi baş verdi ki, bu zaman kəsiyində Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etməyə nail oldu. Ancaq bu müstəqilliyin ilk illərində respublikamızda rəhbərlik naşı adamların əlinə keçdiyindən, qəbul edilmiş siyasi qərarlar ağ kağız parçası kimi göründü. Rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də, erməni şovinistlərinin torpaq iddiası nəticəsində qərəzli müharibə alovu Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsinə gətirmişdi.
O zaman ölkəmizə rəhbərlik edənlər Heydər Əliyev ucalığına qısqanclıqla yanaşdılar, bu böyük dövlət adamı və ictimai xadiminə kölgə salmağa çalışmaqla xalqımızın yaddaşından silməyə çalışdılar. Bu zaman müdrik xalqımız Azərbaycan tarixinə qanla yazılmış 1990-cı il 20 yanvar hadisələrində erməni şovinistlərinin rus imperiyasına arxalanıb, Azərbaycanda törətdikləri qanlı cinayət hadisəsinə siyasi bəyanat verməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldən Heydər Əliyev böyüklüyünə, öz xilaskarına, ümummilli liderinə üz tutdu. Bu gün hər bir azərbaycanlı böyük məhəbbət hissilə deyə bilər ki, ulu öndər həyatının xoşbəxt anlarını Azərbaycan insanlarının işıqlı gələcəyinə həsr etməkdən qürur duyduğundan, "Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram" - deyirdi.
Bunu hər kəs yaxşı bilir ki, Azərbaycan bir dövlət kimi müstəqilliyini əldə etdikdən sonra da dağılmaq təhlükəsi ilə üzləşməli oldu. Bir tərəfdən Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyən şimalda "Sadval" hərəkatının, cənubda isə qeyri-qanuni "Talış-Muğan Respublikası" elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədiyi separatçı hərəkatı və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik bir qərara gələ bilən ulu öndər təkcə milləti, respublikamızı ölüm-dirim mübarizəsindən qurtarmadı, həm də ulu öndərimiz xalqımızın böyük əksəriyyətinin təkidi, tələbi ilə hakimiyyətə ikinci dəfə gəlməsi ilə Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytara bildi. Beləliklə, xalqımızın mütləq əksəriyyətinin tələbi və təkidi ilə ümummilli liderimizin 1993-cü il iyun ayının 15-də ölkəmizə rəhbərliyə gəlməsi ilə Azərbaycanın həyatında Milli Qurtuluş epopeyası başladı.
Ulu öndər Azərbaycanda ikinci dəfə rəhbərlik etməsi ilə tarixin keçmiş dönəmlərinə qayıtmağı bacardı, xalq təsərrüfatının bütün sahələrində inkişaf üçün işıqlı yol göstərdi. Elmin bütün sahələrində uğurlar əldə edilməsində elm adamlarına arxa-dayaq oldu. Neft sənayesinin inkişafında xarüqələr yaradılmasına öncüllük etdi. Azərbaycan torpağının, Azərbaycan xalqının oğlu olaraq, o, torpağa bağlılığını sübut etməyi bacardı. Böyük öndər ölkəmizdə əldə edilən uğurlara qısqanclıqla baxanlara "Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın" dedi. Ulu öndər deyirdi: "Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir".
Məhz Heydər Əliyev böyüklüyü sayəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycan dünya sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edərək, milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq, bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramlarının hazırlanmasına başlanıldı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi islahatlar, dövlət quruculuğu sahəsində islahatlar kursu genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: "Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk. Çünki bunun üçün həm təcrübə lazımdır, həm də gərək səhv buraxmayasan. Biz bunları keçirdikcə Azərbaycanda idarəetmə orqanlarının işi təkmilləşir. Hesab edirəm ki, biz bunu başa çatdırandan sonra bu sahədə də ölkəmizin iqtisadiyyatı üçün daha böyük imkanlar açılacaqdır".
Ulu öndərimiz Heydər Əliyev bütün dünyaya bəyan etdi ki, müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır. Ümummilli liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahədə iqtisadiyyatın inkişafının əsası aparılacaq torpaq islahatlarının nəticələrindən asılıdır. Torpaq siyasəti kifayət qədər həssas bir sahə olduğu üçün çox ehtiyatlı və incə yanaşma tərzi tələb edirdi. Bu sahədə hər hansı bir kiçik səhv çox böyük problemlər yarada bilərdi. Digər tərəfdən isə, Azərbaycanın nə dərəcədə mürəkkəb ictimai-siyasi və iqtisadi quruluşa malik olması heç kəsə sirr deyildir. Belə bir şəraitdə respublikada torpaq islahatlarına başlanması nə qədər vacib bir məsələ idisə, onun həyata keçirilməsi bir o qədər çətin və cəsarət tələb edən bir iş idi. Lakin bütün çətinliklərə və maneələrə baxmadan ümummilli lider Heydər Əliyev digər məsələlər kimi bu problemin də həllinə nail oldu. Belə ki, onun təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Bundan sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başlandı.
Azərbaycan Respublikasının vahid torpaq fondu qanunvericiliyə müvafiq şəkildə üç mülkiyyət (dövlət, bələdiyyə və xüsusi) formasına ayrıldı. Belə ki, bu torpaq fondundan 23,5 faizi bələdiyyə mülkiyyətinə, 19,6 əaizi xüsusi mülkiyyətə və 56,9 əaizi isə dövlət mülkiyyətinə aid edildi. Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan amillərdən biri də 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin yaradılması oldu. 1999-cu ilin 24 dekabr tarixində "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 237 nömrəli Fərmandan irəli gələn tapşırıqların yerinə yetirilməsi də ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Məhz bu işlərin nizama salınmasının hüquqi əsaslarını müəyyən etmək üçün "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq "Torpaq-kadastr sənədlərinin aparılması qaydaları" və eləcə də, "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında", "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında" əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.
2003-cü ildə xalqımızın mütləq əksəriyyətinin səs çoxluğu ilə hakimiyyətə gələn, Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyev də ölkədə regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirməkdədir. "Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyil... Azərbaycanın hər bir regionu inkişaf etməlidir... Kənd təsərrüfatında aparılan islahatların ikinci mərhələsi başlanmalıdır" - söyləyən Prezident İlham Əliyev tərəfindən imzalanan, ölkəmizin hərtərəfli inkişafına xidmət edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" mahiyyətcə heç də torpaq islahatlarından geri qalmamaqla, insan amilinin yüksəlişinə xidmət edən təkmil strategiya kimi qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", əslində, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın davamı kimi qiymətləndirilməlidir. Çünki bu, Dövlət Proqramının vəzifələri və regionların prioritet istiqamətlərində əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Məhz torpaq islahatlarının və regionların sosial-iqtisadi inkişafı proqramının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ümumi daxili məhsulun istehsalına görə Azərbaycan adını lider ölkə kimi tarixə yazdı. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ölkəmizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, bir qayda olaraq, torpaq amilinə həmişə önəm verməsinin bariz nümunəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük uzaqgörənliklə dünyamızın gələcəkdə iqtisadi böhranla üzləşə biləcəyini gördüyündən, zamanın axarını qabaqlayaraq, Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması və hər hansı bir iqtisadi böhrandan əzmlə çıxmaları məqsədilə imzaladığı həmin Dövlət Proqramını təsdiq edərkən, həmçinin, nəzərə almışdır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində torpaq ən başlıca və əvəzedilməz amildir. Prezident İlham Əliyev ulu öndərin ideyalarının ölməzliyi və əbədi olacağı barədə danışarkən demişdir: "Bu gün Heydər Əliyevin cismani yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır. Yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq və Vətənimizi bu yolla irəliyə aparaq. Bu, hamımız üçün, onu tanıyanlar və sevənlər, onunla birlikdə işləyən bütün insanlar üçün böyük sınaqdır. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətirib və əminəm ki, daha yeni-yeni uğurlar gətirəcəkdir".
QƏRİB MƏMMƏDOV
Səs.- 2010.- 13 iyun.- S. 7.