Tarixi xilasdan başlanan yol
"Səs" qəzeti ulu öndər Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə gəldiyi gün - 15
İyun Milli Qurtuluş Günü münasibəti ilə
növbəti dəyirmi masa keçirdi
(Əvvəli ötən sayımızda)
Azərbaycan
xalqının ulu öndəri Heydər Əliyevin 1993-cü
ilin 15 iyununda ikinci dəfə xalqın təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdışı dövlətimizin
və millətimizin qurtuluş tarixidir. Bu tarixi bu gün hər
bir azərbaycanlı dərk edir və ondan nəticə
çıxarır. Yetişməkdə olan gənc nəsil
müasir Azərbaycan tarixində baş vermiş lap bu parlaq səhifəni
özünün həyat amalına çevirir. Ona görə
də, cəmiyyət, dövlət üçün aktual məsələlələri
davamlı şəkildə hökumət, dövlət, millət
vəkilləri, pedaqoji kadrlar, siyasi partiya nümayəndələri,
ayrı-ayır təşkilatlar və cəmiyyətin
müxtəlif təbəqələri tərəfindən
müzakirəyə çıxaran "Səs" qəzeti
bu dəfə keçirdiyi növbəti dəyirmi masanın
da mövzusunu Milli Qurtuluş Gününə həsr edib.
Dəyirmi masada "Səs"
qəzetinin baş redaktoru Bəhruz Quliyev, millət vəkili
Musa Urud, YAP Siyasi Şurasının üzvü, "İki
Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Siyasi
Şurasının üzvü, Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Lalə
Abbasova, Azad Respublikaçılar Partiyasının sədri
Kamil Seyidov iştirak edirdi.
Dəyirmi masada giriş
sözü ilə çıxış edən "Səs"
qəzetinin baş redaktoru Bəhruz Quliyev ulu öndər Heydər
Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyinin
bugünü və gələcəyi üçün
böyük və zəngin bir irs qoyduğunu bildirdi. Qeyd etdi
ki, dünyanın ən görkəmli
liderləri ümummilli lider Heydər Əliyev siyasətinin
qarşısında böyük anlamda qibtə ediblər.
"Çünki Ulu Öndər Heydər Əliyev təkcə
Azərbaycan coğrafiyası daxilində deyil bütün bəşəriyyət
tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir.
Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi
ondadır ki, onun ulu öndər Heydər Əliyev kimi
böyük şəxsiyyəti var. Bu şəxsiyyətin
böyüklüyü xalqının və millətinin
xoşbəxtliyi üçün fədakarcasına
görmüş olduğu işlərin əvəzi
yoxdur" - deyən B.Quliyev 15 iyun 1993-cü il Azərbaycan
xalqının tarixində ən əlamətdar bir tarixi hadisə
kimi daxil olduğunu da dəyirmi masa
iştirakçılarının diqqətinə
çatdırdı. Bildirdi ki, bu tarix Azərbaycanın xilas və
nicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə
gələn ümummilli lider Heydər Əliyev Azərbaycan
xalqının itirilmiş inamını özünə
qaytardı" deyən baş redaktor, bununla da, Azərbaycanın
müstəqilliyini təmin olunduğunu dilə gətirdi.
"Ulu Öndər həmişə qeyd edirdi ki, dövləti
olmayan xalq ölümə məhkumdur. Biz
azadlığımızın, müstəqilliyimizin yolunu
gözləmişik, mübarizə aparmışıq, bu
yolda minlərlə şəhid vermişik.
Azadlığı, müstəqilliyi əldə etmək nə
qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər
mürəkkəbdir. 1993-cü ilin əvvəllərində,
artıq Azərbaycan müstəqilliyini itirmək təhlükəsi
ilə üzləşmişdi. O zaman Azərbaycan son dərəcə
ağır vəziyyətdə idi. AXC-Müsavat
iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik,
başıpozuqluq, hakimiyyət uğrunda didişmə
dövlətin bütün sahələrinə sirayət
etmişdi. Tarixi düşmənimiz ermənilər bir-birinin
ardınca rayonlarımızı işğal edib, yüz minlərlə
soydaşımızı öz vətənində
qaçqına çevirmişdi. Azərbaycanı
parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən
xilas etmək reallıqdan çox uzaq görünürdü.
Bu zaman xalqın təkidli dəvətini qəbul edən Ulu
Öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.
Bütün Azərbaycan xalqı bu gəlişi böyük
ümid və sevinclə qarşıladı. Bununla da, daxili və
xarici düşmənlərimizin bütün planları iflasa
uğradı. Xilaskarlıq missiyasını öz üzərinə
götürən ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə
səfəri vətəndaş müharibəsinin
qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü
kimi daxil oldu" deyən B.Quliyev ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə
milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyətli,
apardığı uğurlu daxili və xarici siyasət sayəsində
ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə
inamla irəliləyərək, böyük nailiyyətlər
qazandığını bildirdi.
B.Quliyev 15 İyun Milli
Qurtuluş Günü ətrafında fikir mübadiləsinin
aparılmasının və Ulu Öndərimizin dövlət,
xalq qarşısındakı tarixi xidmətlərindən bəhs
etmələrinin vacibliyini təklif etdi.
Jalə Əliyeva:
- Burada məndən
öncə çıxış edən qonaqlara qoşularaq
"Səs" qəzetinə belə bir dəyirmi masanı
təşkil etdiyinə görə minnətdarlığımı
bildirirəm. Alman filosofu Tariyel Tomasın belə bir fikri var
ki, dünyada elə oğullar var ki, xalqlar onların
adının, şöhrətinin arxasında gəlirlər.
Nadir oğullardan, nadir insanlardan biri tarixin əsrdə bir dəfə
yetişdirdiyi və Tanrının nadir hallarda bəxş
etdiyi bir şəxsiyyəti - Heydər Əliyevi Azərbaycan
xalqı özünün ümummilli lideri olaraq qəbul etdi.
Ulu Öndər Heydər Əliyev də haqlı olaraq Azərbaycan
xalqının, dövlətinin himayəsinə qalxdı. Əvvəla
onu qeyd edim ki, müstəqilliyi bəzən qorumaq, saxlamaq onu əldə
etməkdən, qazanmaqdan çox-çox çətin olur.
Bunu dünya tarixi də sübut edibdir. Özümüzün
bir əsrlik tariximizdə də bunu hər birimiz açıq
şəkildə görə bilirik. Azərbaycan XX əsrdə
iki dəfə müstəqillik əldə etdi. Əsrin əvvəllərində
əldə etdiyimiz müstəqilliyin hansı bəlalarla
qarşılaşdığını və çox qısa
bir ömür sürdüyünü hər birimiz bilirik.
İkinci dəfə isə Azərbaycan xalqı təbii
olaraq azad olmaq, müstəqil olmaq arzusu ilə
çarpışırdı. Tarixi şərait
yarandığı anda 70 ildən sonra bir daha xalqımız
bu müstəqilliyə can atdı və yenidən öz milli
müstəqilliyinə qovuşmuş oldu. O dövrün bütün
tarixi proseslərini burada oturan şəxslər də öz
gözləri ilə izləyirdilər. Həmin anlarda, həmin
illərdə nələrin baş verdiyini biz orta nəsil
şahidi olmuşuq. O dövr ölkə tamamilə
dağılmaq təhlükəsi ilə üzləşmişdi.
Onu da qeyd edim ki, 1988-ci ildə Azərbaycanda artıq bir
oyanış hərəkatı mövcud idi. İstər
daxildən, istər xaricdən Azərbaycanın başına
gələn müsibətlər, bəlalar, bədnam
qonşularımız tərəfindən
işğalçılıq siyasəti, rus
qoşunlarının bu işğalçılıq əməllərinə
yardım göstərmələri torpaqlarımızın 20
faizinin itirilməsi, 1 milyondan artıq vətəndaşımızın
öz ölkəsində qaçqın və məcburi
köçkünə çevrilməsi ilə nəticələndi.
Eyni zamanda, Azərbaycanda qısa müddətdə bir-birinin
ardınca hakimiyyət dəyişikliklərinin baş verməsi
və bu dəyişikliklərin də hər biri Azərbaycanı
parçalanmağa, yox olmağa, xalqı bəlalara
sürükləyən proseslərin yaranmasına rəvac
vermiş oldu. 1993-cü ildə artıq Ulu Öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı ərəfəsində də ölkədə
baş verən proseslər, xalqın ağır durumu hər
kəsin yaddaşındadır. O zaman baş vermiş olan Gəncə
hadisələri, Şimal zonasındakı hadisələr,
eyni zamanda, Cənubda baş verən "Talış-Muğan
Respublikası", digər bir tərəfdən, Ermənistan
tərəfindən elan edilməmiş müharibə, bir tərəfdən,
tamamilə talan edilmiş dövlət büdcəsi Azərbaycanın
bir dövlət kimi məhvini stimullaşdıran proseslər
idi. Bütün bunların isə qarşısını almaq
və hər bir prosesi ayrı-ayrılıqda dəyərləndirərək,
qaydasına salmaq isə, həqiqətən də,
böyük bir hünər, tarixin yetişdirdiyi böyük
bir şəxsiyyət nümunəsi istəyirdi. Bir faktı
da qeyd edim ki, o dövrlər biz ictimai nəqliyyatda və digər
ictimai yerlərdə olarkən, Azərbaycan xalqının
nümayəndələri Ulu Öndər Heydər Əliyevi
nə dərəcədə böyük sevgi və məhəbbətlə
arzuladıqlarının şahidi olurduq. Sadə xalq göz
önündə bu cür hadisələri gördükcə,
açıq şəkildə bildirirdilər ki, bizə Ulu
Öndər Heydər Əliyev lazımdır. Çünki
onlar bildirirdilər ki, dahi şəxsiyyət Heydər Əliyev
paytaxta vaxtında gəlməsinə şərait
yaradılsaydı, bu cür hadisələr xalqın
başına gətirilməzdi. Məhz bu ictimai sifariş və
xalqın dəstəyi ilə Ulu Öndər Heydər Əliyev,
təbii ki, ikinci dəfə siyasi hakimiyyətə
qayıtdı. Beləliklə də, Azərbaycanın yeni
müstəqillik tarixinin başlanğıcı oldu. Biz
böyük tariximizi unutmayaraq, eyni zamanda, əsil müstəqilliyimizə,
bizi bu günümüzə qovuşduran Ulu Öndər Heydər
Əliyevə borcluyuq. Bu gün hər birimiz azad nəfəs
aldığımız, öz fikirlərimiz,
ideyalarımız üçün də ulu Heydər Əliyev
müdrikliyi qarşısında baş əyirik.
Lalə Abbasova:
- Bu gün hər birimiz
ölkəmizdə böyük quruculuq-abadlıq işlərinin
yenidənqurma proseslərinin böyük uğurla və
sürətlə davam etdirildiyini müşahidə edirik. Məhz
təməli Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan bu böyük işlər bu gün cənab Prezident
İlham Əliyev tərəfindən davam etdirilir. Çox təəssüflər
olsun ki, Azərbaycan torpaqları müəyyən bir
düşmənlərin təcavüzünə məruz
qalıb. Onlar hər zaman çalışırdılar ki, Azərbaycan
xalqını parçalasınlar və xalqımızı pərən-pərən
salsınlar. Nəhayətdə isə, Ulu Öndər Heydər
Əliyev yenidən öz xalqının arzusuna uyğun olaraq
qayıtdı və dövlətimizi parçalanmadan, çətin
vəziyyətdən xilas etdi. 1993-2003-cü ilə qədər
olan müddətdə Ulu Öndər Heydər Əliyev Azərbaycan
xalqının gələcək inkişafı və dövlətimizin
qüdrətlənməsi üçün ən zəruri addımları
atmış oldu. Ümummilli lider Heydər Əliyev siyasətdə
və iqtisadiyyatda atmış olduğu böyük uğurlar
bu gün də öz bəhrəsini göstərməkdədir.
Məhz bu möhkəm təməllərə söykənən
Azərbaycan bu gün uğurla addımlayır və öz
mövqelərini günü-gündən möhkəmləndirir.
Ulu öndər Heydər Əliyevin ən layiqli
davamçısı olan cənab Prezident İlham Əliyev bu
gün Azərbaycan xalqının və dövlətinin
maraqlarını təmin etmək üçün ən
prinsipial addımlar atmaqdadır. Eyni zamanda, möhtərəm
Prezidentimiz İlham Əliyev bütün dünyaya sübut
edir ki, Ermənistan tərəfindən işğal olunan
torpaqlar, həqiqətən də, Azərbaycan
torpaqlarıdır.
Biz bu gün bir millət
kimi yetişməkdə olan gənclərə, ailələrimizdə
Ulu Öndərin zəngin irsi barəsində təbliğat
aparmalıyıq ki, gələcəkdə də
xalqımız ümummilli liderin ideyaları ilə tam əhatə
olunsun.
Musa Urud:
- Burada belə bir fikir səsləndi
ki, o dövr hakimiyyətdə olanlar ya gənc idilər və
başqa cür düşünürdülər. Amma nə
tarix, nə də ki, siyasətdə bunu qəbul etmir. Siyasi
gücü, siyasi iradəsi, xalqın dəstəyinə
arxalanmayan və siyasi peşəkarlığı olmayan
adamlar heç vaxt hakimiyyətə gəlməməlidirlər.
Bu, ən
pis presidentdir ki, o adamlar siyasətlə məşğul
olublar. Ən ağrılı hal isə ondan ibarətdir ki,
onlar bu gün də bu işlə məşğul olurlar.
Eyni zamanda, bunu təsdiq etdi ki, siyasətlə ən
yüksək peşəkarlıq səviyyəsində məşğul
olmaq lazımdır. Siyasətlə xalqa
xidmət etməyi bacaran insanlar məşğul
olmalıdır və xalqın dəstəyini qazanan insanlar
siyasətə gəlməlidirlər. Yəni,
1992-1993-cü illərin presidenti, bir daha onu göstərmiş
oldu ki, xalqın dəstəyinə arxalanmayan heç bir
qüvvə hakimiyyətə gələ bilməz. Əgər onlar hansısa bir yolla hakimiyyətə gəlsə,
hakimiyyətdə qala bilməzlər. Xüsusən
də, keçid dövrü hakimiyyətində səriştəli
peşəkar qanunçuluğa riayət edən və xalqını
ürəkdən sevən adamlar olmalıdır.
Kamil Seyidov:
- Bu tədbirdə mən ani
olaraq o vaxtlar "Səs" qəzetinin Riyaziyyat
İnstitutunda yerləşən kiçik bir
redaksiyasını xatırladım. Həmin
dövrlər Yeni Azərbaycan Partiyası yeni
yaradılırdı. Bu proseslər çox
çətin bir dövrdə baş verirdi. Aprel ayının 2-də o vaxtkı prezident Əbülfəz
Elçibəy tərəfindən fövqəladə vəziyyət
elan olunmuşdu. Əslində, bu vəziyyət
ancaq həmin ərazidə yaradılmalı idi. Amma təəssüf olsun ki, bu fövqəladə vəziyyət
bütün respublikaya şamil edilmişdi. Beləliklə də, bütün ölkə
üzrə idarəetmə sırf polis idarələrinin nəzarətinə
keçmiş oldu. Yəni, o dövrlər
rayonlardan gəlmək və hər hansı bir proselərdə
iştirak etmək çox böyük problemlər
bahasına başa gəlirdi. 27 apreldə
YAP fəallarına qarşı İsgəndər Həmidov
başda olmaqla bir sıra qaragüruhçular tərəfindən
müəyyən addımlar atıldı. Mən həmin gün "Əlincə" Xeyriyyə
Cəmiyyətinin qərargahında idim. Həmin
vaxt isə bura cəbhəçilər tərəfindən hərtərəfli
nəzarətə götürülmüşdü. Biz oraya daxil olmaq üçün bir sıra çətinliklərlə
üzləşməli olurduq. Ona görə
də, o dövrün çətinliklərindən Azərbaycan
xalqının Ulu Öndəri Heydər Əliyevin
böyük şücaəti və səriştəsi naminə
qurtularaq, biz bu gün işıqlı gələcəyimizə
və firavan həyatımıza qovuşmalı olduq. Həmin dövrlərlə bağlı burada bir
sıra fikirlər səsləndirildi və çətinliklər,
mövcud problemlər ətraflı sadalandı. Ona görə də, həmin dövrlə
bağlı səslənən fikirlərin hər biri nə qədər
sadə görünsə də, biz o dövrlərdə bu
problemlərin, proseslərin içində olan şəxslər
kimi Azərbaycan xalqının nə qədər
ağrılı və acılı günlər
yaşadığını görmüşük. Həmin dövr müxalifətdə olan Yeni Azərbaycan
Partiyasına qarşı AXC-Müsavat iqtidarı tərəfindən
böyük təzyiqlər və təpkilər göstərilirdi.
Çünki YAP və xalqın böyük əksəriyyəti
həmin hakimiyyətin qanunazidd hərəkətlərinə
qarşı çıxır və həmin hakimiyyətin eybəcərliklərini
ictimaiyyətə bəlli edirdi. Bu baxımdan da, o
dövrlər AXC idarə heyətinin üzvləri onların
bütün eybəcərliklərini açıqlayan insanlara
qarşı çox amansızlıqla yanaşı, bunu dövlətçiliyə
qarşı bir hadisə kimi qiymətləndirməyə
çalışırdılar.
1993-cü ilin
15 iyunundan sonra Ali Məclisin Sədri seçilən Heydər
Əliyev şahmat dəqiqliyi ilə situasiyanı dəyərləndirərək
idarə edirdi.
Həmin dövrlər ölkə
iqtisadiyyatı, demək olar ki, tamamilə
dağılmışdı. Dövlətçilikdən
heç bir əsər-əlamət qalmamışdı.
Müxtəlif qruplara məxsus olan silahlı dəstələr
ölkədə hegemonluq edirdilər. Eyni
zamanda, AXC və Müsavat cütlüyünün tərkibində
olan milli qüvvələrlə yanaşı, antimilli qüvvələr
də mövcud idi. Bu qüvvələr isə
çalışırdılar ki, Azərbaycan, ümumiyyətlə,
bir dövlət olaraq siyasi arenadan silinsin. Onu
da qeyd edim ki, 24 iyunda Ali Məclisin sessiyasında o dövr
ölkəyə rəhbərlik etmiş Əbülfəz
Elçibəyin gizli şəkildə Naxçıvanın
Kələki kəndinə qaçması geniş şəkildə
müzakirə edildi. Həmin demokratik
proseslər də elə buradan başladı ki, prezidentin səlahiyyətlərinin
bir qismi alınaraq, Ali Məclisin Sədri Heydər Əliyevə
verildi. Çünki Heydər Əliyev o
vaxt kifayət qədər xalqın istəyi ilə əhatə
olunmuşdu. Sonrakı proseslərdə
avqust ayının 29-da ümumxalq referendumu keçirildi və
burada da xalqın böyük əksəriyyəti o vaxtkı
prezident Ə.Elçibəyi qəbul etmədiyini
açıq şəkildə bildirdi. Amma bunun qanuni
forması həmin referendumla, yəni 95,2
faiz səslə xalq AXC-Müsavat hakimiyyətinə yox dedi.
Bundan sonra, ilk dəfə olaraq, qanuni şəkildə
1993-cü il oktyabr ayının 3-də
keçirilən prezident seçkilərində xalq öz
Prezidentini seçdi. Onu da qeyd edək ki,
müstəqilliyin ilk illərində prezident seçkiləri
keçirilirdi. Məhz 1993-cü ildən sonra bu proses
ölkə Konstitusiyasına və qanunlarına uyğun
olaraq, vaxtında və demokratik şəkildə keçirilməyə
başladı. Bundan sonra isə 1995-ci il
oktyabrın 12-də ölkə Konstitusiyası qəbul edildi.
Heydər Əliyev bununla yanaşı, digər
beynəlxalq strukturlu təsisatların Azərbaycanda bərqərar
olmasına şərait yaratdı.
Musa Quliyev:
- Burada bir fikir də səsləndi
ki, o vaxtlar dövlət çevrilişi nəticəsində
hakimiyyət dəyişikliyi baş verdi.
Maraqlısı isə budur ki, necə dövlət
çevrilişi ola bilərdi ki,
1993-cü ilə qədər Dağlıq Qarabağ prosesləri
ilə bağlı bir milyon adam meydana
yığışırdı. 1993-cü ilin iyun ayında Ə.Elçibəy
öz hakimiyyətini qorumaq üçün xalqa müraciət
etdi, lakin 200 nəfər adam tapa bilmədilər
ki, Prezident Aparatının ətrafına yığsınlar.
Hətta AXC üzvləri belə bu
çağırışa reaksiya vermədilər. İkinci bir tərəfdən isə, cəbhə
hakimiyyətində təmsil olunan nazirlərin özləri
bir-bir qərar verirdilər ki, biz fəaliyyətimizi dondururuq.
Eyni zamanda, Ə.Elçibəyin özü Ulu
Öndər Heydər Əliyevə telefonla zəng edərək
və adamlar göndərərək, xahiş etdi ki, biz bu
dövləti idarə edə bilmirik. Məhz
bundan sonra xalqın böyük təkidi ilə Bakıya gələn
və bütün təhlükələrə baxmayaraq,
dövlətin suverenliyi naminə addımlar atan Ulu Öndər
Heydər Əliyev Azərbaycanın tam sabit bir durumda idarə
edilməsinə nail oldu.
Kamil Seyidov:
- Həmin vaxt hakimiyyətdə
təmsil olunan yarıtmaz insanlar bu gün də siyasətlə
məşğul olurlar. Onların yerinə səviyyəli
bir insan olsaydı, siyasətdən gedərdi.
Musa Quliyev:
- Bu gün isə yeni
müstəqil Azərbaycandan danışırıqsa, yeni
müstəqil Azərbaycanın da yeni bazar iqtisadiyyatına əsaslanan
əhalinin sosial rifahını prioritet tutan bir siyasət
mövcud idi. Bu siyasət də ümummilli
liderin Azərbaycana rəhbərliyə
başladığı gündən elan edilmiş bir siyasət
idi. O dövrdən bu dövrə qədər olan proseslərə
nəzər salsaq, Azərbaycanın dövlət büdcəsinin
həmişə sosialyönümlü büdcə
olduğunu müşahidə etmək olur. Heç
vaxt mümkün olmayıb ki, Azərbaycanda sosial xərclərə
30 faizdən aşağı pul ayrılsın. Ümumdünya böhranı bütün dünya
ölkələrini silkələdiyi dövrdə, yenə də
Azərbaycanda sosial xərclər bir qəpik də belə
azaldılmadı. Əksinə isə, bu
sahədə ayrı-ayrı vaxtlarda artımlar oldu.
Jalə Əliyeva:
- Bu gün müstəqil və
güclü Azərbaycan dövləti Ulu Öndər Heydər
Əliyev zəkası
sayəsində Prezident İlham Əliyevin rəhbərliyi
altında günü-gündən öz liderlik mövqelərini
gücləndirməkdədir. Artıq istənilən
regional və beynəlxalq əhəmiyyətli tədbir və
layihələrdə Azərbaycanın mövqeyi olmadan
heç bir addım atılmır. Bu da,
onu göstərir ki, Ulu Öndərin daim böyük əzmlə
yaratdığı qüdrətli Azərbaycan dövləti
artıq bütün dünyada öz sözünü deməkdədir.
Lalə Abbasova:
- Prezident İlham Əliyevin
rəhbərliyi altında milli-mənəvi dəyərlərimiz,
sosial problemlərimiz, demək olar ki, tam həllini tapıb. Bu gün ölkəmizin idman, mədəniyyət,
incəsənət, siyasət meydanında özünün
layiqli mövqeyi mövcuddur. Çünki dərin
köklərə və zəngin idarəçilik prinsiplərinə
əsaslanan Ulu Öndər Heydər Əliyev ideyaları çiçəklənən Azərbaycanın gələcək
yüzilliklər boyu inkişafını təmin edəcək.
Aydın Hüseynov:
- Ölkəmizin iqtisadi
resurslarının güclənməsi, makroiqtisadi göstəricilərin
günü-gündən yüksəlməsi, dünyada
baş verən bir sıra böhran və təhlükələrə
baxmayaraq, Azərbaycan öz inkişafının ən
yüksək zirvəsindədir.
TAPDIQ QURBANLI
Səs.- 2010.- 13 iyun.- S. 8-9.