"Heydər Əliyev Azərbaycan qadınlarının yüksəlişi"

 

Dünən YAP İsmayıllı rayon təşkilatının qərargahında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev Azərbaycan qadınlarının yüksəlişi" mövzusunda toplantı keçirib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova çıxış edərək, bildirdi ki, müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Bunu əldə etmək qədər çətindirsə, qoruyub saxlamaq ondan da qat-qat çətindir: "Müstəqilliyimizi əldə etməyimizdən böyük bir zaman keçməsə , hər halda, bunun əbədi dönməz olduğunu bütün dünyaya çatdıra bilmişik. Müstəqil Azərbaycanımız ümummilli lideri Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf edir, dünya birliyində tanınır. Bu gün Azərbaycanın üçrəngli bayrağının dünyanın ən böyük beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının iqamətgahında müstəqil dövlətlərin bayraqları ilə bir yerdə dalğalanması hər birimiz üçün fəxredici qürurverici məsələdir". Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan qadınına böyük qayğı diqqətlə yanaşdığını söyləyən YAP İsmayıllı rayon təşkilatının sədri onu da vurğuladı ki, Heydər Əliyevin Azərbaycana ali siyasi hakimiyyətə qayıdışından sonra analarımızın, gəlinlərimizin, qızlarımızın göz yaşları qurudu, atəşkəs əldə edildi. Tədbirdə rayon incəsənət məktəbinin müəllimi Ceyran Məmmədova, Mican kənd orta məktəbinin müəllimi Əsmər Məmmədova, mərkəzi xəstəxananın baş tibb bacısı Azadə Bağıyeva, İsmayıllı şəhər 3 sayli orta məktəbin müəllimi Brilyant Mürsalova və başqaları 15 İyun Milli Qurtuluş Gününün dövlət müstəqilliyimizin ən böyük tarixi nailiyyəti olduğunu bildirdilər.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2010.- 13 iyun.- S. 13.