BÖYÜK XİLASKARLIQ
MİSSİYASI
"Biz bütün çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik, Azərbaycanın dövlət müstəqilliyini yaşatdıq və bundan sonra da yaşadacağıq".
Heydər
Əliyev
Tale xalqları, ölkələri sərt sınaqlara çəkir, üzücü müharibələr və sosial kataklizmlər, tənəzzül və böhran minilliklərin nailiyyətlərini təhlükə altına alır, tarixi tərəqqi məhvə sürüklənir. Belə hallarda cəmiyyət bəşəri bir xilaskarın gəlişinə ehtiyac duyur. Həmin şəxsiyyət öz xilaskarlıq missiyasını yerinə yetirdikdən sonra tarixdə əbədi iz qoyur. Millət vəkili Tahir Rzayev Ümummilli liderimiz Heydər Əliyevin xilaskarlardan olduğunu və ali siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdiyini bildirdi:
- Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə, taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Bu illər ərzində 1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il oldu. Ölkə həyatının bütün sahələrini bürümüş özbaşınalıq artıq orduya da sirayət etdi. Bu o dövr idi ki, ölkədə anarxiya, xaos, kəskin ictimai narazılıqlar kulminasiya nöqtəsinə çatdı. 1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda, ulu öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bu çətin vəziyyətdən ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. İyunun 13-də Heydər Əliyev vəziyyətlə yerində tanış olmaq üçün Gəncə şəhərinə gəldi, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi. İyunun 15-də Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi isə respublika həyatında mühüm bir tarixi hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında, Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Heç də təsadüfi deyildir ki, sonralar müstəqil Azərbaycanın Parlamenti Vətənin Böyük oğlunun ölkə rəhbərliyinə qayıdışı gününü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.
Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü başlandı. 1993-cü ilin iyununda başlanmış bu dövr mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Məhz o zaman-1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş başlandı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətəni üçün nələri etdi? Və yaxud 1993-cü ilin 15 iyunu nə üçün xalqımızın tarixinə Qurtuluş Günü kimi daxil oldu? Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa, onların ən mühümlərini sıraya düzək. Ən başlıcası-azadlıq, müstəqillik həm ayrıca hər bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər ağır məsələdir. Ümummilli lider Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, O, ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, xalqımızı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Ölkədə sabitlik və əmin-amanlıq yarandı. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 13 iyun.- S. 14.