Xalqın ümidi
və pənahı, müstəqilliyimizin dayağı
Ta qədimdən bəşəriyyəti ətalət və durğunluq bataqlığından qurtararaq irəliyə aparan, tərəqqini sürətləndirən qeyri-adi zəka sahibləri, onların gördükləri işlər olub. Dünya xalqlarının tarixinə nəzər salsaq görərik ki, ümumilikdə bütün xalqların taleyində dahi şəxsiyyətlər müstəsna rol oynayır və əbədi olaraq yaddaşlarda qalır. Azərbaycan xalqı qədim və zəngin tarixi, dünya xalqlarının siyasi və mədəni irsinə verdiyi töhfələri və yetirdiyi görkəmli şəxsiyyətləri ilə bəşər tarixində özünəməxsus yer tutur və bu gün Azərbaycan xalqının toplum olaraq formalaşması da məhz xalqımızın dahi övladlarının ideyalarının və əməllərinin bilavasitə nəticəsidir. Ümumiyyətlə lider dedikdə, cəmiyyətə fəal təsir göstərməklə onu yönləndirməyə qadir olan, kütləni özünə tabe etdirən, insanları ardınca apara bilən və ən başlıcası xalqın mənəvi bütövlüyünə nail olmağı bacaran şəxs başa düşülür ki, məhz bütün bu keyfiyyətlər də Heydər Əliyevdə birləşmişdi. Tarixə öz möhürünü vurmuş böyük liderlər kimi ulu öndər Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər ilk növbədə xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmiş, milli birliyə və həmrəyliyə xidmət edən siyasətinin nəticəsi olmuşdur. Azərbaycan xalqını, onun müstəqil dövlətini sevən, onu parçalanmaqdan, məhv olmaqdan xilas edərək yenidən quran, yaşadan, bütün müasir dünyada tanıdan Heydər Əliyev ümummilli lider səviyyəsinə yüksələrək, tarixi şəxsiyyət kimi yaddaşlara həkk olundu. Azərbaycanın XX əsrin sonları, XXI əsrin əvvəllərinə təsadüf edən tarixi şübhəsiz ki, Heydər Əliyevin adı və uzaqgörən ideyaları ilə bağlıdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Və bu dövrə nəzər salarkən aydın görmək olar ki, Heydər Əliyev SSRİ-nin bürokratik idarəçilik sisteminə yeni baxış, yeni nəfəs gətirən siyasətçi olmuşdur. Məhz Heydər Əliyevin dövründə Azərbaycanda problemlər açıq şəkildə göstərilməyə başladı, tənqid və özünütənqidə geniş meydan açıldı. Siravi vətəndaşlardan tutmuş yüksək vəzifəli məmuraların bu və ya digər məsələlərə münasibətinin öyrənilməsi, mövcud vəziyyətin hərtərəfli təhlili nəticəsində qəbul olunmuş qərarlar formalaşmış stereotiplərdən kənara çıxır və populyarlıq qazanırdı. Məhz Heydər Əliyevin titanik səylərinin, rasional təşəbbüslərinin nəticəsi idi ki, qısa zamanda Azərbaycan iqtisadiyyatına külli miqdarda investisiya cəlb edildi, respublikada güclü sənaye potensialının yaradılmasına başlandı.
1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Lakin müstəqilliyin ilk illərində hakimiyyət böhranı yarandı. Azərbaycanda ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyildi. . İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik halları artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi və vətəndaş müharibəsi üçün real tarixi şərait yaranmışdı. Hakimiyyətin başında duranların məsuliyyətsizliyi və idarəçilik qabiliyyətinin olmaması üzündən artıq Azərbaycan parçalanırdı.
Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq xalqını kömək etdi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev. Beləliklə, cəbhə xəttində Atəşkəs elan olundu. Həmçinin zorakı yolla hakimiyyəti ələ keçirmək ənənəsinə son qoyuldu. Bununla da Azərbaycan Xalqının işıqlı gələcəyinin təməli qoyuldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Və bu, Azərbaycanın müstəqillik yolunda ən böyük nailiyyətidir.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın "ölüm, ya olum" məsələsidir. Azərbaycan dövləti və demokratik prinsiplər məhz Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi və səyləri nəticəsində mümkün olmuşdur.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Ümummilli lider həyatının bütün mərhələlərində, gənclik çağlarından başlayaraq ömrünün sonuna qədər öz ali məqsədini-mənsub olduğu xalqa və cəmiyyətə sədaqət, vicdanlı və əzmkar xidmət prinsiplərini rəhbər tutmuş və bu yoldan heç zaman dönməmişdir. Heydər Əliyev qarşısına qoyduğu bu yüksək amala yetişmək üçün məqsədyönlü və ardıcıl surətdə çalışmış, istənilən situasiyada öz prinsiplərini qoruyub saxlamış və bununla haqlı olaraq fexr etmişdir. Heydər Əliyev ensiklopedik biliyə malik, məlumatlı şəxsiyyət kimi tanınmışdır. Siyasət və dövlət xadimləri, elm, sənət adamları, təsərrüfat işçiləri ilə söhbətlərində müsahiblər Heydər Əliyevin məlumatlılığına, problemləri dərindən bilmək qabiliyyətinə, xırda təfərrüatlara bələdliyinə heyran olur, ondan yeni cəsarətli ideyalar, təkliflər eşidirdilər. Məhz bu dərin və ətraflı biliklər ona əsaslandırılmış, bitkin qərarlar qəbul etməyə imkan verirdi.
Heydər Əliyevin fitri liderlik istedadı, fenomenal hafizəsi, incə hissetmə və duyma qabiliyyəti, nüfuzedici natiqlik bacarığı ilə insanların beyninə və qəlbinə asanlıqla yol tapması ona geniş xalq kütlələri ilə istənilən səviyyədə ünsiyyət qurmağa və onları öz arxasınca aparmağa imkan verirdi.
Heydər Əliyev şəxsiyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdən biri milli birlik strategiyasını irəli sürməsi və real olaraq uğurla həyata keçirməsidir. O, xalqımızın və cəmiyyətimizin əsas qüvvələrini azərbaycançılıq, milli dövlətçilik ideyaları ətrafında birləşdirməyə qabil olan lider kimi özünü təsdiq etdi. O, əsil ümummilli lider, azərbaycanlıların mənəvi atası kimi Azərbaycanı dünyadakı bütün soydaşlarımızın istinadgahına, siyasi və mədəni-mənəvi mərkəzinə çevirmək yolunda mühüm işlər gördü, diasporamızın formalaşması sahəsində əvəzsiz xidmət göstərdi. Məhz onun təçəbbüsü ilə Bakıda yüksək səviyyədə Dünya azərbaycanlılarının I qurultayı keçirildi, Azərbaycan bütün dünya azərbaycanlılarının ümid yerinə, mənəvi dayağına çevrildi.
Heydər Əliyev həmişə xalqdan güc alır, xalqa arxalanırdı. Ölkə üçün təhlükə yarananda, mühüm siyasi qərarlar qəbul etmək lazım gələndə, o, əsil ümummilli lider kimi xalqa müraciət edir, xalqın rəyini öyrənir, onu səfərbər etməyi bacarırdı. O, xalqı səfərbər edərək öz arxasınca apara bilən lider olmaqla yanaşı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətlərini yenidən parlaq şəkildə nümayiş etdiridi. O, mürəkkəb xarici-siyasi vəziyyətdə, yeni dünya düzəninin tələblərini və geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin milli inkişaf strategiyasını müəyyənləşdirdi və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı. Bu strategiya Azərbaycan Respublikasını milli-mənəvi dəyərlərin inkişafı, demokratik dövlətçiliyin möhkəmlənməsi, vətəndaş cəmiyyəti, insan hüquqlarının bərqərar olması, Avropaya inteqrasiya və bəşəri dəyərlərdən bəhrələnmə yoluna çıxarmışdır. Bu gün Azərbaycan bu yolda inamla və ardıcıl surətdə irəliləyir.
Heydər Əliyevin vəfatından sonra bəzi dövlət xadimlərinin və siyasi liderlərin etirafları Heydər Əliyevin nəhəng siyasi fiqur, dahi şəxsiyyət olduğunu, yaşadığımız region, hətta dünya miqyasında onun baxışlarına, məsiləhətlərinə böyük ehtiyac duyulduğunu təsdiq etmişdir. Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze bildiridi: "Heydər Əliyevin yoxluğu mənim üçün böyük itki oldu. Mənim ən böyük məsiləhətçim o idi. Bir problem yarananda həmişə ehtiyatlı olmağı tövsiyə edirdi. Onun bütün sözləri, proqnozları həmişə özünü doğruldurdu. Elə ki, Heydər Əliyev dünyasını dəyişdi, məsiləhətçisiz qaldım. Nəticəsini də özünüz görürsünüz. "Doğurdan da o, güclü iradəyə və tükənməz enerjiyə malik müdrik məsiləhətçi idi. O, ən çətin məqamlarda, çıxılmaz görünən vəziyyətlərdə sarsılmaz iradə göstərməyi, əzmkarlıq nümayiş etdirməyi bacarırdı. "Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olamağa hazıram" - deyən Heydər Əliyev məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək, xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi ardıcıl inkişaf yoluna çıxarmağa qadir olduğunu sübut etdi.
Bütün bunlarla yanaşı, Heydər Əliyevin Azərbaycan üçün miras qoyduğu ən böyük sərvət onun davamçısı İlham Əliyevdir. Doğurdan da siyasətdə irsiyyət hamı tərəfindən qəbul edilən və normal sayılan mövcudluqdur. Əslində, dövləti və xalqı tərəqqinin zirvəsinə aparan yolun uzunluğu siyasətdə irsiyyət və davamçılığın vacibliyini zərurətə çevirir. Hazırda müstəqil Azərbaycanın siyasi mühitində cavanlaşmaya doğru güclü meyl duyulmaqdadır. Böyük siyasət aləmində dünyaya göz açan, planetimizin ən nəhəng siyasi xadimindən dərs alan İlham Əliyev heç kəsə nəsib olmayan həyat yolu keçmiş, bənzərsiz bir məktəbdə tərbiyələnmişdir. O, bu gün də Heydər Əliyev adlı canlı və daim fəaliyyət göstərən qeyri-adi, tarixdə bənzəri olmayan məktəbin dinləyicisi, əlaçı tələbəsi, məzunudur. İstedadla taleyin yaratdığı imkan birləşəndə mahir siyasətçilər meydana gəlir. Heydər Əlieyvin yarımçıq qoyub getdiyi bütün işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanın dünyada beynəlxalq imicini xarakterizə edən əsas cəhətlərdən biri demokratik prinsiplərə sadiqlik, hüquqi dövlət quruculuğu prosesinin daha geniş vüsət alması, vətəndaş cəmiyyətinin daha möhkəm özüllər üzərində bərqərar olması üçün davamlı islahatlar aparan ölkə adı qazanmasıdır. Bütün bunlar təbii olaraq Azərbaycanın dünya miqyasında mövqelərinin daha da güclənməsinə, beynəlxalq hüququn müstəqil subyekti kimi nüfuzunun daim yüksəlməsinə mühüm töhfələr verməkdədir. İqtisadi sahədə keçid dövrünü başa çatdıran Azərbaycan Heydər Əliyevin layiqli varisi olan Prezident İlham Əliyrvin rəhbərliyi altında bu gün daha surətli inkişaf yoluna qədəm qoymuş, beynəlxalq hüquq məkanının ayrılmaz subyektlərindən birinə çevrilmişdir.
Və yekun olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı sabaha inanır. İnanır ki, torpaqları düşmən əsarətindən azad ediləcək, ərazi bütövlüyü bərpa olunacaq, təkcə Azərbaycanda yox,bütünlüklə Qafqazada möhkəm və dönməz sülh və sabitlik yaranacaqdır. Çünki Azərbaycanın İlham Əliyev kimi müdrik və uzaqgörən rəhbəri, nüfuzlu və qüdrətli Prezidenti var.
Pərvanə Nəbiyeva
Səs.- 2010.- 13 iyun.- S. 15.