İlham Əliyev təbii
fəlakət zamanı da sübut etdi ki, o, hər bir
azərbaycanlının prezidentidir
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədovun yap.org.az-a
müsahibəsi
- Qərib
müəllim, Azərbaycanın müstəqillik əldə
etməsindən sonra Sovetlər İttifaqında mövcud olan
asılı iqtisadiyyat sisteminin parçalanması, digər
respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi
böhrana saldı. Respublikanı bu böhrandan
çıxarmağın yeganə və düzgün yolunu
Ulu Öndərimiz Heydər Əliyev, ilk növbədə, məhz
ölkədə torpaq islahatlarının aparılmasında
gördü. Sizcə, bu, hansı səbəbdən irəli
gəlirdi?
- Məlumdur ki, torpaq ən qədim
dövrlərdən bəri insanlığın yaşam
amillərindən biri kimi müasir dövrümüzə
qədər gəlib çatan, dünyanın əksər
xalqlarının inanclarında mövcud olan dörd ilahi
ünsürdən biridir. Torpaq amili heç bir zaman
öz tarixi vacibliyini itirməmiş, əksinə, onun insan
həyatındakı rolu və qiyməti daha da
artmışdır. Hətta ilkin baxışda torpaq amili
ilə bilavasitə əlaqəsi olmayan sənaye istehsalı
da bu və ya digər dərəcədə torpaqla
bağlıdır.
Yuxarıda
göstərilənləri nəzərə aldıqda,
məlum olur ki, nəyə görə Ulu Öndərimiz
Heydər Əliyevin diqqət yetirdiyi vacib sahələrdən
biri də məhz niyə torpaq amili olmuşdur?!
Əvvəla, onu mütləq demək yerinə
düşər ki, ümummilli liderimiz hələ sovetlər
dönəmində respublikamıza rəhbərlik etdiyi 1969-cu
ildən torpaq amilinə yüksək qiymət vermiş,
Azərbaycan Respublikasının başçısı kimi
xalq təsərrüfatının bütün sahələrini,
o cümlədən, kənd
təsərrüfatında yaranmış geriliyin
səbəblərini avqust plenumunda geniş təhlil edib,
1970-ci ilin iyul ayında SSRİ Nazirlər Sovetində "Azərbaycan
SSR-də kənd təsərrüfatı istehsalının
daha da intensivləşdirilməsi tədbirləri
haqqında" qərar qəbul etdirmişdir. Təbii
ki, həmin dövr üçün bu istək böyük
cəsarət və əzmkarlıq tələb edirdi. Nəhayət, 1993-cü ildə ikinci dəfə
ölkəmizə rəhbərlik edən Ulu Öndər
yenə də torpaq amilinə üstünlük
verərək, əhalinin etibarlı ərzaq
təminatını düşündü və bu problemin
birdəfəlik həllini ölkədə köklü torpaq
islahatının aparılmasında gördü.
Beləliklə, 1993-cü ildən 2003-cü
ilədək keçən 10 il müddətində Ulu
Öndərimiz Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə ümumxalq
müzakirələrindən sonra torpaq islahatı proqramı
hazırlandı və bu proqram əsasında torpaq
islahatlarının həyata keçirilməsini təmin
edən hüquqi baza yaradıldı.
"Torpaq islahatı haqqında" Azərbaycan
Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu,
"Dövlət torpaq kadastrı, torpaqların monitorinqi
və yer quruluşu haqqında" Azərbaycan
Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, "Torpaq
icarəsi haqqında" Azərbaycan Respublikasının 12
mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Torpaq Məcəlləsi",
"Torpaq bazarı haqqında" Azərbaycan
Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla,
qəbul edilmiş fərman, qanun və digər hüquqi
normativ aktlar respublikamızda torpaq islahatlarını həyata
keçirməyə əsaslı zəmin
yaratdı. Beləliklə, hələ böyük
dövlət xalimi Heydər Əliyevin Naxçıvan Muxtar
Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun
Şurut və Gal kəndlərində bünövrəsini
qoyduğu torpaq islahatları bütün ölkəyə
tətbiq edilməyə başlandı. "Aqrar
islahatların həyata keçirilməsini təmin
edən bəzi normativ-hüquqi aktların təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından
sonra islahatların sürətlə həyata
keçirilməsi prosesi başladı.
Ulu Öndərin uzaqgörən siyasəti
nəticəsində, Azərbaycan Respublikası
qanunvericiliyinin qarşıya qoyduğu
vəzifələrə müvafiq olaraq ölkəmizin vahid
torpaq fondunun üç mülkiyyət formasına
(dövlət, bələdiyyə və xüsusi)
ayrılması işi biri digərini tamamlayan struktur
vahidləri tərəfindən aparılan
iri həcmli dövlət torpaq kadastrı və yer quruluşu
tədbirləri əsasında təmin edilmiş və
mülkiyyətçilərin torpağa sahiblik, istifadə
və sərəncam hüquqlarının
rəsmiləşdirilməsinə dair
sənədləşmə işləri aparılmağa
başlanmışdır.
Beləliklə, Ulu Öndər Azərbaycan
tarixində ilk dəfə olaraq ölkəmizdə torpaq
payı almaq hüququna malik olan 873.618 ailədən
869.268-nə pulsuz olaraq torpaq payı verilməsini təmin
etdi. 3.442.778 subyektə verilən torpaq sahələri onlara
mülkiyyət hüququnu təsdiq edən hüquqi
sənəd, Dövlət Aktları ilə
rəsmiləşdirilmiş qaydada naturada sahiblərinə
tanıdıldı.
Azərbaycanda
həyata keçirilən torpaq islahatlarından
danışarkən, qeyd etmək lazımdır ki, Heydər
Əliyev torpaq islahatları MDB məkanında analoqu olmayan bir
proses kimi qiymətləndirildi.
2003-cü ilin prezident seçkilərindən sonra
möhtərəm Prezidentimiz İlham Əliyev əsası
Ulu Öndərimiz Heydər Əliyev tərəfindən
qoyulan iqtisadi islahatları uğurla davam etdirməyə
başladı. Sənayenin, kənd
təsərrüfatının, ümumiyyətlə,
iqtisadiyyatın bütün sahələrində aparılan
islahatlar torpaq islahatlarının uğurlu
nəticələrindən də asılı idi. Bütün bunları gözəl bilən
möhtərəm Prezidentimiz hər sahədə olduğu
kimi torpaq və aqrar sahədə aparılan islahatları da
ön plana çəkməyi unutmadı. Torpaq qanunvericiliyinin
müasir beynəlxalq standartlara cavab verən istiqamətdə
daha da təkmilləşdirilməsi üçün bir
sıra qanunvericilik aktlarına dəyişikliklər
edildi ki, bunlar da, öz növbəsində, torpaqlardan daha
səmərəli istifadə edilməsinə, torpaq-hüquq
münasibətlərinin daha sivill, ölkə qanunvericiliyinin
tələblərinə uyğun tənzimlənməsinə
şərait yaratdı.
- Qərib müəllim, belə
qənaətə gəlmək olarmı ki, ölkə
Prezidenti cənab İlham Əliyevin bir çox, o
cümlədən, "Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər)" Dövlət
Proqramı bu uğurlu siyasətin davamı idi?
- Əslində, möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixdə
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında"
imzaladığı fərman, demək olar ki, 2004-cü
ildə "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)" Dövlət
Proqramının qəbul olunmasının
başlanğıc nöqtəsi idi. Bunu hər kəs
yaxşı bilir ki, adı çəkilən bu Dövlət
Proqramı ölkəmizin sosial-iqtisadi inkişafında yeni
mərhələnin təməli oldu. Regionların
inkişafı məsələsi iqtisadi siyasətin əsas
istiqamətlərindən biri səviyyəsinə
qaldırıldı, dövlət idarəetmə
orqanlarında bu sahəyə münasibət əsaslı
şəkildə dəyişdi. Nəticədə
regionların kompleks inkişafı təmin edildi, kommunal
xidmətlər yaxşılaşdırıldı,
məktəblər tikildi, səhiyyə ocaqları
açıldı, yeni yollar salındı, yeni iş
yerləri açıldı və sevindirici haldır ki,
bütün bunlar möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi və nəzarəti
altında uğurla yerinə yetirildi və bu tədbirlər
davam etməkdədir.
- Yeni qanunda birbaşa
göstərilir ki, torpaq bazarının təşkilində
təşkilatçı Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsidir. Bilmək
olarmı, təşkilatçı olaraq rəhbərlik etdiyiniz
komitəyə hansı səlahiyyətlər verilmişdir?
- Torpaq bazarının təşkili sahəsində
dövlət aqrar siyasətinin həyata keçirilməsi,
torpaq hərraclarının və müsabiqələrinin
təşkili qaydalarına dair sənəd
nümunələrinin işlənməsi və təsdiq
edilməsi, torpaq üzərində mülkiyyət,
istifadə və icarə hüquqları
üzrə əqdlərin sənədləşdirilməsi
üçün əsasnamələrin və nümunəvi
müqavilələrin əhali arasında geniş formada
təbliğ olunması, torpaq bazarını
səciyyələndirən rəsmi məlumatların
müntəzəm toplanması, xüsusi bülletenlər
və kütləvi informasiya vasitələrilə aşkarlanması, torpaq bazarında
bağlanmış əqdlərin və torpaq
üzərində hüquqların dövlət uçotu -
bütün bunlar Azərbaycan Respublikasının torpaq və
mülki qanunvericiliyi ilə müəyyən edilən
digər səlahiyyətlər təşkilatçı kimi
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin öhdəsinə düşən
vəzifələrdən ibarətdir.
- Kür və Araz
çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakətin nəticəsi olaraq,
Azərbaycanın bəzi rayonlarının əhalisinə, hüquqi
şəxslərə, təsərrüfatlara ciddi ziyan
dəymişdir. Həmin təbii fəlakətin
qarşısının alınması tədbirlərindən
biri də Araz çayının tarixi məcrası ilə
yeni qolun açılması təklif olunmuşdur.
- Bəli,
qeyd etdiyiniz kimi son aylar Kür və Araz çayları
ilə axan suyun həcmi digər illərlə müqayisədə
2-3 dəfə artaraq çox ağır fəsadlar
vermişdir. Minlərlə insanlar suyun daşması
nəticəsində məcburən öz evlərindən
evakuasiya olunmuşdur. Təbii fəlakət zamanı
dövlət, bələdiyyə və xüsusi
mülkiyyətdə olan 75856 hektar torpaq sahəsi su altında
qalmışdır. Gələcəkdə həmin
fəlakətin təkrar olunmaması üçün Araz
çayı ilə axan suyun həcmini azaltmaq
məqsədilə təklif olunmuşdur ki, Araz
çayının tarixi məcrası ilə yeni qol
açılsın.
- İlk olaraq, bu təklif
hansı təşkilat tərəfindən irəli
sürülmüşdür?
- Araz
çayının tarixi məcrası ilə yeni qolun
açılması təklifi ilk olaraq DTXK
tərəfindən irəli sürülmüşdür.
Sonradan bu təklif digər təşkilatlar tərəfindən
də dəstəklənmişdir.
- Araz çayının yeni qolu
Azərbaycanın hansı rayonlarının ərazisi ilə
axıdılır?
- Qeyd etdiyimiz kimi, Araz çayının su həcmi
kəskin artdığından, suyun bir hissəsinin tarixi
məcrası ilə axıdılmasına dair müvafiq
qərar verilmişdir və 2010-cu ilin mayın 31-dən
xüsusi qurulmuş qurğu vasitəsilə Araz
çayının suyu yeni qola axıdıldı. Yeni qol
İmişli, Biləsuvar, Cəlilabad, Masallı,
Neftçala və Lənkəran rayonlarının
ərazisinin bir hissəsi ilə keçərək,
Xəzər dənizinə daxil olunur. Keçən əsrin
əvvəllərinə qədər Araz çayının
bir hissəsi həmin qolla Xəzər dənizinə
axırdı.
- Yeni qolun açılması
nəticəsində axan su neçə hektar torpağı
əhatə edəcək və yeni qolun Xəzər
dənizinə qədər uzunluğu neçə kilometr
təşkil edir?
- Araz
çayının yeni qolunun uzunluğu 130 km təşkil
edərək, 500 kub metr/saniyədə suyun həcmi olarsa, 76
min hektar ərazini əhatə edə bilər. Amma bu, o
demək deyil ki, gələcəkdə də çayın
yeni qolu bu qədər ərazini əhatə edəcək.
Nəzərdə tutulur ki, hal-hazırda su axan
ərazilərdə müasir tələblərə cavab
verən kanal qazılacaq. Suyun idarə olunması
üçün xüsusi şlyuzlar, istiqamətverici
bəndlər və digər hidrotexnik qurğular inşa
ediləcəkdir.
- Araz çayının yeni
qolunun çəkilməsi gələcəkdə
Azərbaycana nə fayda verəcək?
- Qeyd etdiyimiz kimi, Arazın yeni qolu idarəolunan kanal
vasitəsilə axıdılarsa, yüzlərlə hektar
torpaq sahələri normal şəkildə su ilə təmin
olunacaq və bu da, öz növbəsində, həmin
ərazilərdə kənd təsərrüfatının
inkişafına kömək edəcəkdir. DTXK bu
işlərdə fəal iştirak edir və
gələcəkdə də yeni qolun idarəolunan
şəkildə layihələşdirilməsi və
qurulmasında yaxından iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sədrliyi ilə 2010-cu il 7 may tarixində Kür
çayında suyun səviyyəsinin qalxması ilə
bağlı baş verən təbii fəlakətlərin
nəticələrinin aradan qaldırılması
məsələlərini müzakirə edərkən
"Mən əminəm ki, biz bu çətin vəziyyətdən
şərəflə çıxacağıq. Azərbaycan
dövləti güclü dövlətdir. Bizim çox
güclü siyasətimiz vardır. Hər bir məmur, hər
bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun
evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır.
Yəni, burada hər bir vəzifəli şəxs məmur, bu
işlə məşğul olan insan bu
məsələlərə böyük vicdanla
yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz
vətəndaşlarımızı maksimum
dərəcədə qoruyaq və onlara dəstək
verək" deməsi və möhtərəm Prezidentimizin
özünün hadisə yerində olması,
zərərçəkmiş vətəndaşlarla
şəxsən görüşməsi onu göstərir ki,
2003-cü ildə cənab İlham Əliyev prezident
seçilərkən dediyi "Mən hər bir Azərbaycan
vətəndaşının prezidenti olacağam"
sözünə bir daha sadiq qaldığını sübut
edir.
Səs.- 2010.- 17 iyun.- S. 6.