“Əkinçi" ənənələri davam etdirilir

 

Milli mətbuatın 135 illik yubileyinin keçirilməsi barədə Prezident İlham Əliyevin sərəncamı mətbuata göstərilən diqqət və qayğının nəticəsidir

 

Bu gün Azərbaycan milli mətbuatının bazasının möhkəmləndirilməsində, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişafında məqsədyönlü tədbirlər planı həyata keçirilir.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mətbuatda mövcud olan maneələr aradan qaldırılmış, söz və məlumat azadlığı prinsipləri bərqərər olmuş, jurnalistikanın peşəkar, dəqiq və qərəzsiz fəaliyyətinə təkan verilmişdi.

Ulu Öndər Heydər ideyalarını davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuarımızın 135 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının sərəncamında deyilir ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçipublisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır: "Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olub. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində "Əkinçi" ənənələrini davam etdirən "Ziya", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin" və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanmışlar. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib".

Dövlət başçısının sərəncamı jurnalist həmkarlarımız və tanınmış jurnalist təşkilatları tərəfindən də yüksək qiymətləndirilir.

 

Dağbəyi İsmayılov,

AzərTAc İnformasiya Agentliyinin baş direktor müavini:

 

- Milli mətbuatımızın 135 illik yubileyi haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı Azərbaycanda söz, fikir azadlığına dövlət tərəfindən göstərilən qayğının təzahürüdür. Azərbaycanda milli mətbuatın inkişafı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət sayəsində daim inkişaf edir. Azərbaycanda mətbuatın geniş şəkildə maddi-texniki bazasının möhkəmləndirilməsi üçün tədbirlər görülür.

Belə hesab edirəm ki, cənab Prezidentin bu sərəncamı Azərbaycan mətbuatının inkişafı üçün onun yeni nailiyyətlər əldə etməsi üçün böyük bir təməldir. Milli mətbuatımızın ad günləri həmişə AzərTAc tərəfindən yüksək səviyyədə qeyd olunub.

Bu dəfə də mətbuatımızın 135 illik yubileyini daha yüksək səviyyədə qeyd edəcəyik və eyni zamanda, bu, bizim üzərimizə daha böyük məsuliyyət qoyacaq ki, bundan sonra da Azərbaycanın həqiqətlərini geniş şəkildə dünyaya yayaq.

 

Asəf Abbasov,

"Azad Azərbaycan" qəzetinin baş redaktoru:

 

- Bu sərəncam bir daha dövlət başçısı tərəfindən əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi kursun davamlığını və dövlətin mətbuata olan diqqət və qayğısının göstəricisidir. Sərəncamda göründüyü kimi, Azərbaycan mətbuatının inkişafına yönələn addımların atılması üçün zəruri tədbirlərin yerinə yetirilməsi ön plana çəkilib. Azərbaycanda mətbuatın, söz və məlumat azadlığının qorunması üçün kifayət qədər resurslar var və bunların davamlı olması üçün dövlətimiz tərəfindən bir sıra addımlar atılır. Belə ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin bir çoxunu artıq yerinə yetirib. Mətbuatın inkişafı üçün digər addımlar da atılır. Qısaca onu deyə bilərəm ki, Sərəncamın tətbiqi biz mətbuat işçilərini sevindirdi və gözləntilərimiz öz təsdiqini tapdı.

Biz "Azad Azərbaycan" qəzeti olaraq, dövlət başçısına təşəkkürümüzü bildiririk və əminik ki, bu istiqamətdə atılan addımlar mətbuatın inkişafına daim təkan verəcək.

 

Şakir Ağayev,

"Yeni Zaman" qəzetinin baş redaktoru:

 

- Mətbuatın inkişafına edilən hər bir köməyi, sərəncamı, yüksək qiymətləndirir və bunu mətbuata olan qayğı kimi dəyərləndiririk. Bu, bizi daha əzmlə, ruh yüksəkliyi ilə işləməyə həvəsləndirir. Buna görə Prezidentə təşəkkürümüzü bildirirəm.

 

 

Aylana Rzayeva

 

Səs.- 2010.- 17 iyun.- S. 8.