Bu gün Milli İnsan Hüquqları Günüdür

 

Elmira Süleymanova: "İnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir"

 

Məlum olduğu kimi, hər il iyunun 18-i Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması ilə bağlı ümummilli lider Heydər Əliyev 1997-ci ildə Sərəncam imzalayıb. Ombudsman Elmira Süleymanova bu tarixi günlə bağlı açıqlamasında bildirdi ki, ulu öndərimiz Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib. E.Süleymanova bildidi ki, 18 İyun Milli İnsan Hüquqları Gününün birilliyi çərçivəsində Ombudsman tərəfindən mayın 19-dan iyunun 18-dək insan hüquqları aylığı elan edilib:

- Bəşər sivilizasiyasının keçdiyi tarixi inkişaf mərhələlərinin son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Hazırda demokratik mahiyyətli dövlət qurduğunu elan edən hər bir dövlət dünya birliyində özünə layiq yer tutmaq istəyirsə, o, ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır.

E.Süleymanova onu da bildirdi ki, bu gün ölkəmizdə ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquqi islahatlar da həyata keçirilməyə başlamış və respublikamızda, ilk dəfə olaraq, üçpilləli məhkəmə sistemi yaradılmışdır. Hazırda da bu islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq, ölüm cəzası ləğv edilmiş, ümummilli liderin humanistliyi bütün dünyada bir daha təsdiqlənmişdir. Ölkəmizdə insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" mühüm rol oynamışdır. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrlə əlaqələri genişlənmiş və dərinləşmişdir. Təsadüfi deyildir ki, 2001-ci ilin yanvar ayında, Azərbaycan Respublikası, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Fransanın Strasburq şəhərində Avropa Şurasının iqamətgahı önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən, məqsədyönlü, çevik və müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi hesab edilməlidir.

Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Həmin Sərəncamda qeyd edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmçinin, ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər ilin iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi qərara alınmışdır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 18 iyun.- S. 10.