Dövlət İdarəçilik
Akademiyasında elmi- praktik
konfrans keçirilib
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Dövlət qulluqçularının peşə bayramı - Beynəlxalq dövlət qulluğu gününə həsr olunmuş tədbiri akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, müstəqil Azərbaycan Respublikasında dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərinə ümummilli liderimiz Heydər Əliyevin töhfələrini vurğulamışdır. Rektor respublikamızda dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açmış, bu məsələlərin Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını bildirmişdir. Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən professor S.Qəndilov uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğunu İdarəetmə Şurasına başçılıq etməsinin qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirmişdir.
"Azərbaycanda dövlət qulluğunun inkişafı" mövzusunda məruzə ilə çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov artıq beşinci ildir ki, ölkəmizdə bayram kimi qeyd edilən bu günün əhəmiyyətindən danışmış, dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlərdən söz açmışdır. Bildirmişdir ki, dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.
Bəhram Xəlilov demişdir ki, rəhbərlik etdiyi komissiyanın əsas məqsədləri dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin digər məsələlər barədə qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması ilə bağlı təkliflər hazırlayır. Komissiya eyni zamanda, bu istiqamətdə normativ-hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.
Konfransda, həmçinin DİA-nın dövlət quruculuğu və hüquq kafedrasının dosenti, hüquq elmləri namizədi Əli Rzayevin "Azərbaycan Respublikasında dövlət qulluğunun bəzi hüquqi problemləri" və fəlsəfə və sosial psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Bayram Haqverdiyevin "Dövlət qulluğunun səmərəliliyinin mənəvi-psixoloji əsasları" mövzularında məruzələri dinlənilmişdir.
Səs.- 2010.- 24 iyun.- S. 5.