Azərbaycan Ordusu yüksək
hazırlıqlı ordudur
- Aydın müəllim, hər il
26 iyun tarixi ölkəmizdə Silahlı Qüvvələr
Günü kimi qeyd olunur. Bu gün ərəfəsində
istərdik ki, Azərbaycan Ordusunun keçdiyi yol,
hazırkı durumu haqqında fikirlərinizi bildirəsiniz...
- Ordu
Azərbaycan dövlətinin əsas atributlarından biridir. Müstəqil
Azərbaycan dövləti yarandıqdan sonra sonra ilk
görülən mühüm işlərdən biri ordu
quruculuğu olub. 1993-cü ilə
qədər, bütün sahələrdə olduğu kimi,
ordu quruculuğu məsələlərinə də ciddi
yanaşılmırdı. Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra
ordu quruculuğuna xüsusi diqqət yetirilib. Həmin dövrdən etibarən ordu təsadüfi
insanlardan təmizləndi, peşəkar
hərbçilərdən ibarət strukturun
yaradılmasına başlandı, Silahlı
Qüvvələrimizdə nizam-intizam yarandı. Eyni zamanda, insanlarda hərbi
vətənpərvərlik hissləri gücləndi və
hər bir gəncin orduda xidmət etməsi şərəf
məsələsinə çevrildi. Ölkəmizin
iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsait
də artırılır. Bu gün
Azərbaycanın büdcədə ayırdığı
müdafiə xərcləri Ermənistanın dövlət
büdcəsinə bərabərdir. Azərbaycan
Silahlı Qüvvələri regionun ən
hazırlıqlı və ən müasir silahlarla təchiz
edilmiş bir strukturudur. Azərbaycan Ordusu
Vətənin keşiyində çox mətanətlə durur
və torpaqlarımızın işğaldan azad edilməsi
məsələsində əmrləri yerinə
yetirməyə hazırdır. Bu gün
hazırlıqlı zabit heyəti, öz vəzifəsinə
böyük məsuliyyətlə yanaşan əsgər
heyəti Vətənin keşiyində layiqincə
dayanırlar. Birmənalı demək olar
ki, Azərbaycan Ordusu dövlətçiliyin keşiyində
duran vacib dövlət strukturudur və cəmiyyətlə
ordunun birliyi dövlətin varlığının
əsasını təşkil edir.
- Müasir, güclü
Azərbaycan Ordusunun yaradılması prosesi nədən
başladı? Döyüş qabiliyyəti və
mənəvi gücün birliyi ordumuzda özünü nə
dərəcədə göstərir?
- Bizim ordumuzun yaranması və
müasir tələblər səviyyəsində
formalaşması, ağır, mürəkkəb və
keşməkeşli yollardan keçib. Erməni
təcavüzü, daxili çəkişmələr, yeni
yaradılmış özünümüdafiə
taborlarının ayrı-ayrı siyasi
məqsədlərə xidmət etməsi bir
tərəfdən torpaqlarımızın işğalına
şərait yaradır, digər tərəfdən ordumuzun
yaranmasına mane olurdu. Ulu Öndərin
titanik fəaliyyəti nəticəsində güclü
Azərbaycan Ordusu yaradılmağa başlandı. Ordu
quruculuğunun elmi-təcrübi əsaslar üzərində
aparılması, vahid komandanlıq prinsiplərinin həyata
keçirilməsi Qarabağ bölgəsində gedən
döyüş əməliyyatlarına öz müsbət
təsirini göstərdi. 1993-cü il noyabrın
2-də Ulu Öndər Heydər Əliyev radio və televiziya
ilə xalqa müraciət etdi. Bu müraciət
bütünlüklə Azərbaycanın
düşdüyü ictimai-siyasi və hərbi
böhranın təhlilinə və ondan
çıxış yollarına həsr edilmişdi. Bu
çıxışdan sonra xalqımızın çoxdan
arzuladığı birliyin, həmrəyliyin əsası
qoyuldu. Hamı bir nəfər kimi ölkəni
dəhşətli təhlükədən çıxarmaq
üçün Heydər Əliyevin ətrafında
birləşməyə başladı. Ordu quruculuğu
sahəsində aparılan işlərin
sistemləşdirilməsi, mərkəzləşdirilməsi,
ordunun vahid komandanlıq prinsipi əsasında fəaliyyət
göstərməsi qısa müddətdən sonra
öz səmərəsini verdi. Azərbaycan
Ordusu tərəfindən aparılan uğurlu döyüş
əməliyyatlarından təşvişə
düşən və gücümüzün artmasını
hiss edən düşmən 1994-cü il mayın 12-də
atəşkəs haqqında müqaviləni imzaladı.
Sonrakı dövrlərdə ordumuzun daha da
möhkəmləndirilməsi sahəsində bir
çox mühüm tədbirlər həyata keçirildi. Bu
tədbirlər nəticəsində
çağırış və səfərbərlik işi
xeyli təkmilləşdirilib, hərbi hissələrdə
intizam möhkəmlənib, qanun-qaydalara tam riayət
olunması təmin edilib. Bütün bunlar orduya gələn
gənclərin peşəkar hərbi qulluqçu kimi
hazırlanmasına, hərbi ixtisaslara dərindən
yiyələnməsinə şərait yaradıb. Silahlı
Qüvvələrin döyüş qabiliyyətinin
yüksəldilməsi, peşəkarlığının artırılması
fasiləsiz, yəni hər gün davam edən bir prosesdir.
Döyüş hazırlığı
məsələlərinə ciddi önəm verilməsinin
nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri
hal-hazırda istər quruda, istər havada, istərsə
də dənizdə hər hansı döyüş
tapşırığını yerinə yetirməyə
qadirdir. Məlumdur ki, hər bir ordunun gücü - onun
döyüş qabiliyyəti ilə mənəvi
gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində,
eləcə də, orduda Ümummilli Liderimiz Heydər
Əliyev tərəfindən hazırlanmış və
elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış
mükəmməl hərbi vətənpərvərlik
konsepsiyası mövcuddur. İstər sülh, istərsə
də, müharibə dövründə
hərbi qulluqçularda Vətənə, xalqa,
dövlətçiliyimizə sədaqət və
məhəbbət hisslərinin
möhkəmləndirilməsi, onların ümumdövlət
mənafeləri ətrafında səfərbər edilməsi
bu istiqamətdə aparılan fəaliyyətin əsas
məqsədləridir.
- Bu yaxınlarda Milli
Məclisdə Azərbaycanın Hərbi Doktrinası
təsdiq olundu. Ümumiyyətlə, bu sənədin qəbul
edilməsi ölkəmizin təhlükəsizliyi və
müdafiəsində nə kimi rol oynayacaq? Bu baxımdan,
sənədin əhəmiyyəti nədən ibarətdir?
- Hərbi
Doktrina ölkəmizin İkinci Konstitusiyası sayıla
bilər. Sənəddə ölkənin hərbi
təhlükəsizliyini təmin edən bütün
müddəalar açıqlanır. Baxmayaraq ki, doktrina 2010-cu
ildə qəbul olundu, buna qədər sənədin
üzərində ciddi iş aparılırdı,
beynəlxalq təcrübə öyrənilirdi, ordu
quruculuğunda əldə edilmiş nəticələrdən
istifadə edilirdi. Qeyd etmək lazımdır ki, doktrinanın
hazırlanmasında, ilk növbədə, Azərbaycanın
təcrübəsi böyük rol oynadı. Bilirsiniz ki,
2007-ci ildə Azərbaycanın milli təhlükəsizlik
konsepsiyası təsdiq edildi. Və onun əsasında
hərbi təhlükəsizliyi təmin edəcək bu
sənəd üzərində böyük iş getdi.
Sənəddə, həmçinin, Azərbaycan ərazi
bütövlüyünə hərbi təhlükə
törədəcək faktorlar sadalanır. Onların
içərisində birincisi qonşu Ermənistanın
torpaqlarımızı işğal etməsidir, daha sonra
Azərbaycanın dövlət müstəqilliyinin
şübhə altına alınması cəhdləridir,
qeyri-qanuni miqrasiyadır, daxili sabitliyi pozmaq cəhdləri
və s. amillərdir. Bunun
qarşısını almaq üçün yüksək
hazırlıqlı silahlı qüvvələrin
hazırlanması, onun peşəkar kadrlarla təmin
edilməsi, strateji və taktiki hazırlıq
məsələlərinin həyata keçirilməsi və
ən əsası ordu ilə cəmiyyətin sıx birliyinin
təmin edilməsidir. Bu gün Hərbi Doktrina 2010-cu
ilə qədər Azərbaycanın həm dövlət,
həm də ordu quruculuğunda əldə etdiyi
nəticələri özündə əks etdirən çox
ciddi bir sənəddir. Eyni zamanda, həmin sənəd ehtiyac
olduqda, ona dəyişiklik etmək ehtimalını da
qüvvədə saxlayır. Qeyd edim ki, Azərbaycan
birmənalı şəkildə öz ərazisində xarici
hərbi bazaların yerləşdirilməsinin
əleyhinədir. Amma doktrinada göstərilir ki,
hərbi-siyasi zərurət yaranarsa, müvəqqəti olaraq,
istisna kimi Azərbaycanda hərbi bazalar yerləşdirilə
bilər. Yəni bununla da, Azərbaycan müəyyən
məqamda manevr etmək imkanlarını öz əlində
saxlayır. Təsadüfi deyil ki, Hərbi Doktrinanın
qəbulu dünyada da marağa səbəb oldu. Hətta
işğalçı Ermənistanın parlamentində
müzakirə mövzusuna çevrildi. Bunun özü
göstərir ki, doktrinanın müddəaları
işğalçıları ciddi narahat edir.
- Torpaqlarımızın 20
faizinin Ermənistan tərəfindən işğal edildiyi bir
şəraitdə bu gün ölkəmizdə ordu
quruculuğuna diqqət və cəmiyyətlə silahlı
qüvvələr arasındakı münasibət haqqında
nə deyə bilərsiniz?
-
Ümumiyyətlə, ordu faktoru hər bir dövlətin daxili
və xarici siyasətinin güzgüsü sayıla bilər.
Dövlətin orduya münasibəti isə həmin
dövlətin öz nüfuzuna, bugününə və sabahına
olan münasibətidir. Ulu Öndər Heydər Əliyevin
böyük dövlətçilik, idarəçilik
təcrübəsi bir çox sahələrdə olduğu
kimi, ordu quruculuğu prosesində, Azərbaycan Milli Ordusunun
yaranmasında da özünü göstərdi. Faktiki olaraq,
atəşkəs əldə edilənədək Azərbaycanda
nizami ordu haqqında danışmaq mümkün deyildi. Məhz atəşkəs əldə olunduqdan sonra,
bu məsələlərə ciddi şəkildə dünya
təcrübəsinə uyğun olaraq yanaşılmağa
başlandı, bir çox sahələrdə aparılan
islahatlar və quruculuq işləri Azərbaycan Silahlı
Qüvvələrində də öz əksini tapa bildi.
Azərbaycan iqtisadiyyatında, kənd
təsərrüfatında islahatların aparılması
ölkəmizdə effektli iqtisadiyyatın qurulmasına
gətirib çıxardı. Sahibkarlar təbəqəsinin
formalaşması, iqtisadiyyatın Azərbaycanın təbii
resurslarına uyğun olaraq qurulması öz nəticəsini
verməyə başladı. Əgər 1994-cü ildə
Azərbaycanın dövlət büdcəsi 370 milyon
dollar idisə, 2000-ci ildə artıq bu rəqəm 800 milyon
dollara çatdı. Növbəti illərdə bu artım
davam etdi və 2010-cu ilin dövlət büdcəsi 15 milyard
dollar təşkil edir. Bunu ancaq neft faktoru ilə bağlamaq
olmaz. Bu, ilk növbədə, neft sənayesi ilə
yanaşı, qeyri-neft sektorunun inkişafına da ciddi
əhəmiyyət verilməsi ilə mümkün oldu. Bu
gün dünya bazarlarına çıxarılan
Azərbaycanın sənaye məhsulları, kənd təsərrüfatı
məhsulları, səhiyyə, elm, bank, turizm xidmətləri
artıq dünyanın diqqətini cəlb etməyə
başlayıb. Bütün bunlarla
yanaşı, ordu quruculuğu prosesində də çox
böyük nailiyyətlər qazanılıb. Ümummilli
Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi bu sahədə də ciddi
irəliləyişlərin əldə olunmasını
şərtləndirib.
- Hazırda Azərbaycan hərbi
sahədə beynəlxalq müstəvidə də geniş
əlaqələrə malikdir. Bu baxımdan, ordumuzun NATO
standartlarına uyğunlaşdırılması
məsələsi də daim cəmiyyətin diqqət
mərkəzində olub. Necə hesab edirsiniz, bu
istiqamətdə mövcud vəziyyəti necə
dəyərləndirmək mümkündür?
- Ordu
quruculuğu başlayarkən Azərbaycan Silahlı
Qüvvələrinin müasir NATO standartlarına uyğun
olaraq yenidən qurulacağı tam aydın idi. Çünki
bunun üçün yetərli potensial mövcud idi. Eyni
zamanda, Azərbaycanda ali hərbi məktəblər sisteminin
yaradılması, onun tədris prosesinin NATO və dost
Türkiyə dövlətinin hərbi təhsil sisteminin
üstünlüklərinə uyğun olaraq qurulması
öz nəticəsini tədricən verməkdədir.
Azərbaycan zabitlərinin böyük bir hissəsi
vaxtaşırı xarici ölkələrdə
ixtisasartırma kurslarına göndərilir. NATO-nun
Qərargah Hərbi Təlimləri üzrə
keçirilən seminarlarda Azərbaycan generalları və
zabitləri də iştirak edirlər. Azərbaycanda
aşağı və orta təbəqə komandirlərinin
hazırlığı üçün NATO standartlarına
uyğun təlim - tədris mərkəzləri
yaradılmağa başlandı. Bu isə hərbi qulluğa
məsuliyyətlə yanaşan, hazırlığı
kifayət qədər yüksək olan aşağı
təbəqə komandir heyətinin peşəkarlıq
səviyyəsinin daha da yüksəlməsinə zəmin
yaratdı. Azərbaycan Ordusu ən müasir silahlarla
silahlanıb. Ordumuzun şəxsi heyəti üçün
həmin silahlardan istifadə edilməsi təlimi həm
ölkə daxilində, həm də ölkəmizdən
kənarda keçirilir. Bu gün hər bir
Azərbaycan gənci üçün orduda xidmət etmək
fəxrdir. 2008-ci ildə Azərbaycan Ordusunun
yaradılmasının 90 illiyi ilə bağlı
keçirilən hərbi parad bütün dünyaya səs
saldı və bir sıra dövlətlərin Azərbaycan
Ordusu haqqında təsəvvürlərinin
dəyişməsinə səbəb oldu. Eyni
təəssürat ötən il Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın
bütün Silahlı Qüvvələrinin birgə
böyük miqyaslı təlimində də yarandı.
Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin
yaradılması ordunun inkişafı baxımından yeni
mərhələnin əsasını qoydu. Azərbaycan
artıq öz silahlarını istehsal edir. Bu silahları
həm daxili tələbata yönəldə bilir, həm
də bu silahlar dünya bazarlarına
çıxarılır.
- Aydın müəllim, qeyd
etdiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələrinin
səviyyəsi beynəlxalq miqyasda da etiraf olunur. Bəs
işğalçı Ermənistanda bu sahədə vəziyyət
necədir?
-
Azərbaycan Ordusu bu gün Azərbaycan dövlətinin
qüdrətinin nümunəsidir, xalqımızın iftixar
yeridir və dövlətimizin ərazi
bütövlüyünü təmin etmək iqtidarında
olan yüksək hazırlıqlı ordudur. Beynəlxalq
hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə
görə, ordumuz regionun ən hazırlıqlı və
ən müasir strukturu sayılır. Bütün bunlar
Azərbaycan Ordusunun bugünkü ən müasir
tələblərə cavab verdiyini göstərir. Bu fakt
torpaqlarımızın 20 faizini işğal etmiş və
bütün siyasətini ancaq və ancaq qonşu
dövlətlərin torpaqlarını işğalı
üstündə quran Ermənistanda da kifayət qədər
məlumdur. Təbii resursları kasad,
militaristləşdirilmiş siyasətin həyata
keçirilməsi, Azərbaycana, Türkiyəyə,
Gürcüstana torpaq iddiaları irəli sürməsi və
beləliklə də, özünü inkişafdan kənarda
qoyması Ermənistanda iqtisadiyyatın geriləməsinə
səbəb olub. Ermənistan sivil dövlət qurmaq, obyektiv
qanunlarla işləyən iqtisadiyyat qurmaq, mehriban qonşuluq
siyasətinə əsaslanan xarici diplomatiya həyata
keçirmək əvəzinə, qonşu
dövlətlərə torpaq iddiasına üstünlük
verir. Bu da işğalçı dövlət
üçün bumeranq effekti verir və ziyanı
özünə dəyir. Bu gün Ermənistan ordusu, faktiki
olaraq, hərbi polis rejimini xatırladır. Orduda qulluq
etmək erməni vətəndaşları üçün
şərəf yox, zülmə çevrilib. Xidmətdən
yayınmaq halları, "dedovşina" faktları
ildən-ilə artmaqdadır. Orduda hansısa
vətənpərvərlikdən, ruh yüksəkliyindən
danışmaq olmaz. Ermənistan ordusunun maddi
təminatının zəifliyi şəxsi heyətin ruh
yüksəkliyinin zəifliyində özünü
göstərir. Ordu köhnə silahlarla təchiz olunub,
ərzaq təminatı bərbad vəziyyətdədir. Orduya dövlət büdcəsindən ayrılan
vəsaitin böyük bir hissəsi korrupsiyanın
yeyintisinə çevrilir. Ən əsası isə, qonşu
dövlətin torpaqlarını işğal altında saxlamaq
bu gün erməni əsgərləri, zabitləri
üçün maraq kəsb etmir. O özünün
yaşayışını düşünür, bundan narahat
olur. Bir sözlə, dövlətin böhran yaşaması
ordunu da pis vəziyyətə salıb.
Aydın Mirzəzadə
Səs.- 2010.- 24 iyun.- S. 7.