Cəmiyyət Dövlət qulluqçuları ölkənin inkişafına töhfələr verirlər

 

23 iyun dövlət qulluqçularının peşə bayramı Qax rayonunda geniş qeyd edildi

 

Dünən Qax rayonunda 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra toplantını giriş sözü ilə RİH başçısının birinci müavini Tahir İsmayılov açaraq, bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi.

T.İsmayılov Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşmasının və inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirərək vurğuladı ki, məhz Heydər Əliyevin 1993-cü ildə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı: "Nəticədə ölkədə dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edildi, demokratik, hüquqi dövlət quruculuğu prosesi başlandı. Bu gün bu uğurlu siyasət ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Dövlət idarəetmə orqanlarının işinin dövrün tələblərinə uyğun tərzdə yenidən qurulması, keyfiyyətli kadr korpusunun yaradılması, nazirlik və komitələrin müvafiq istiqamətlər üzrə vahid dövlət siyasətini həyata keçirən hakimiyyət orqanlarına çevrilməsi istiqamətində zəruri tədbirlər görülür.

Tədbirdə çıxış edən rayon maliyyə şöbəsinin müdiri Rasim Məmmədov, Qax rayon icra hakimiyyətinin nümayəndələri Lyuza Kuzikevxaşvili, Nemət Paşayev, rayon pensiya fondunun rəhbəri Vüqar Əhmədzadə, rayon təhsil şöbəsinin metodisti Hacıxan İskəndərov və başqaları respublikada həyata keçirilən dövlət siyasətinin əsas vəzifələrindən, dövlət qulluğu siyasətinin əsas məqsədinin ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən danışdılar.

YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov dövlət qulluğu siyasətinin əsas məqsədləri ilə bağlı çıxış edərək  bildirdi ki, ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, habelə, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir: "Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Milli Konstitusiya ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit edib, dövlət həyatının bütün sahələrini tənzimləyən zəruri qanunvericilik bazasının yaradılmasına təkan verib. 2000-ci ildə qəbul olunan "Dövlət qulluğu haqqında" Qanun isə bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlar qazanılıb. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır".

Sonda rayonda dövlət qulluğu sahəsində çalışan bir neçə dövlət qulluqçusuna fəxri fərmanlar təqdim edildi, onlara demokratik dövlət quruculuğunda, xalqın rifahı naminə fəaliyyətlərində uğurlar arzuladılar.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 24 iyun.- S. 10.