Təhsil sahəsində beynəlxalq
əməkdaşlığın təbliği
"Bizim müstəqil dövlət olmağımız, müstəqil dövlət olaraq dünyada tanınmağımız və dünya birliyində yer tutmağımız onu tələb edir ki, ölkəmizin, xalqımızın bütün sahələrdə gərək yüksək ixtisasa malik olan, dünyada gedən elmi-texniki proseslə, nəinki ayaqlaşan və bəlkə də müəyyən istiqamətdə onu qabaqlayan, buna qabil ola bilən kadr potensialı olsun. Ona görə də biz, ümumiyyətlə, təhsil sahəsinə xüsusi fikir veririk. Çünki bizim əhalimizin hamısı təhsilli olmalıdır".
Ümummilli lider Heydər Əliyevin bildirdiyi bu fikirlər ölkəmizdə müstəqillik əldə olunduqdan sonra təhsilin inkişafına xüsusi önəm verildiyini göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsildə də müəyyən dəyişikliklər edilməyə başlanıldı. Belə ki, Azərbaycan təhsili klassik alman sistemindən çıxaraq beynəlxalq prinsiplərə uyğynlaşdırıldı. Bu isə Azərbaycanın inkişafı, onun dünyada öz yerini tapması üçün çox əhəmiyyətli bir addım idi.
Azərbaycan təhsilində olan bugünkü problemlərin aradan qaldırılması, inkişaf etdirilməsi, yeni, müasir vasitəslərin təhsildə tətbiqi üçün ölkəmizin bu istiqamətdə beynəlxalq əməkdaşlığa geniş yer verməsi vacibdir. Hazırda Azərbaycanda tələbələrin, şagirdlərin, gənc mütəxəssislərin beynəlxalq mübadiləsi ilə yanaşı, digər istiqamətlərdə də əməkdaşlıqlar genişləndirilməkdədir.
Azərbaycan mütəxəssislərinin dünyanın ən qabaqcıl ölkələrində təhsil almaları, müəyyən kurslar keçmələri ölkə gənclərinin təhsilində - öyrənməkdə olan gənc nəslin bilik və savadlılığında özünün müsbət təsirini açıq şəkildə göstərməkdədir.
Təhsildə beynəlxalq əməkdaşlıq respublikamızda həm orta təhsilin, həm də ali təhsilin keyfiyyətini artırmaqla yanaşı, dövlət və özəl idarələrin də savadlı və bacarıqlı kadrlarla təmin edilməsinə şərait yaradır.
Hazırda Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir.
Azərbaycan Təhsil Nazirliyi ölkəmizin savadlı gənclərinin dünyanın ən qabaqcıl təhsil sistemi olan ölkələrdə təhsil almalarını həm dövlət, həm də özəl üsullarla təmin edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 19 oktyabr 2006-cı il tarixdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" və 16 aprel 2007-ci il tarixində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrədə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" sərəncamlar imzalayıb.
Təhsil Nazirliyinin məlumatına görə, bu Proqram çərçivəsində 500-dən artıq azərbaycanlı gənc dünyanın bir çox ölkələrinin ali məktəblərinin bakalavr, magistratura və doktorantura pillələrində təhsil alırlar. Bu isə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yeni Zellandiya, Avstriya, Yaponiya, Avstraliya, Cənubi Koreya, İsveç, Niderland və digər qabaqcıl təhsil sistemlərinin Azərbaycan təhsili ilə keyfiyyətli əməkdaşlığının nümunəsidir.
Proqram çərçivəsində 2007-2015-ci illər ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub.
Hazırda hər il dövlət xətti ilə Azərbaycan gəncləri partnyor ölkələrin təqaüd proqramları hesabına Rusiya, Çin, Misir, Çexiya, Slovakiya kimi ölkələrdə təhsil almağa göndərilirlər (Son beş ildə dövlət xətti ilə təqribən hər il 200 tələbə).
811 tələbə müxtəlif pillələr üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirir. Öz hesabına təhsil alanların sayı isə bir neçə dəfə artıqdır.
Bu barədə daha yaxından məlumat almaq üçün rəsmi orqanlar yox, məhz beynəlxalq əməkdaşlıq çərçivəsində hazırda xaricdə magistr təhsili alan Azərbaycan gənclərinin fikirlərini öyrəndik.
Gülay Nəsibova (Bakı
Dövlət Universitetinin məzunu. Hazırda Türkiyədə
magistr təhsili alır): "Mənim fikrimcə, Azərbaycanın
Türkiyə ilə təhsil haqqındakı bu sazişi həqiqətən
təqdirəlayiqdir. Bu tələbə
mübadiləsi ölkələr arasındakı əlaqələri
daha da möhkəmləndirir. Belə əməkdaşlıqlar
təhsilin və dolayısıyla bir çox sahələrin
inkişafına müsbət təsir edir. Burada təhsil
alan azərbaycanlı gənclərin
üzərinə böyük məsuliyyət
düşür. Biz Türkiyənin təhsilində
olan inkişaf yolunu mənimsəyib, ölkəmizdə tətbiq
edə bilərik. Türkiyə bizim
üçün də, öz tələbələrinə
verdiyi kimi, bərabər hüquqlar verir. Azərbaycan tərəfi
ilə yanaşı, Türkiyə də burada təhsil alan gənclərə təqaüd verir (hər
ay təqribən 170 dollar), təhsil haqqı və yataqxana ilə
təmin edir".
Şahin Əsgərov
(Azərbaycan Mədəniyyət və İncəsənət
Universitetinin məzunu. Hazırda Türkiyədə magistr təhsili alır):
"Türkiyədə bizim üçün hər cür
şərait yaradılıb. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bizimlə daim
maraqlanır və hər hansı çətinlik olduqda, dərhal
onu həll edir. Ankarada olan nümayəndəlik
də hər hansı problem yarandıqda, dərhal müdaxilə
edir. Xaricdə təhsil Azərbaycan gənclərinə
yüksək bilik və savad verməklə yanaşı,
dünya görüşlərinin
formalaşdırılmasında da böyük rol
oynayır".
Qeyd edək ki,
beynəlxalq əməkdaşlıq çərçivəsində
yalnız Azərbaycan gəncləri xaricdə deyil,
dünyanın müxtəlif ölkələrindən olan tələbələr
də ölkəmizə gələrək, burada təhsil
alırlar. Bu isə Azərbaycanda təhsilin səviyyəsinin
gündən-günə daha da inkişaf etməsindən xəbər
verir. Azərbaycanın ali məktəblərində
50-ə yaxın ölkədən 6795 nəfər əcnəbi
tələbə təhsil alır. Belə bir nəticə ali təhsil müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi və təhsilin
keyfiyyətinin yüksəldilməsi, ən
başlıcası isə ölkə daxilində
yaradılmış sabit və sağlam mühit sayəsində
əldə edilib.
Beynəlxalq təşkilatlarla
aparılan səmərəli əməkdaşlığın
nəticələrindən biri də Avropa Birliyi tərəfindən
maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycanın
ali məktəblərinin cəlb
olunmasıdır. TEMPUS proqramı çərçivəsində
Azərbaycanın ali məktəblərinə göstərilən
maliyyə-texniki yardımı təqribən 5,5
milyon avro təşkil edir.
2005-ci ilin may ayında Azərbaycan
Vahid Avropa Ali Təhsil Məkanının
yaradılmasını nəzərdə tutan Bolonya prosesinə
qoşulub. Bu, Azərbaycanın təhsil
sisteminin Avropa Ali Təhsil Məkanına daha səmərəli
inteqrasiyasına geniş imkanlar yaradır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasının Avropa ali təhsil məkanına
inteqrasiyası ilə bağlı bəzi tədbirlər
haqqında" 31 yanvar 2008-ci il tarixli Sərəncamı
ölkəmizdə Bolonya prinsiplərinin uğurla həyata
keçirilməsinə daha əsaslı zəmin yaradıb.
Əgər əvvəllər
Azərbaycanın təshil sənədləri dünya ölkələrində
çox az tanınırdısa, hazırda
demək olar ki, dünyanın bütün ölkələrində
Azərbaycanın təhsil sənədləri tanınır. Təhsil Nazirliyinin məlumatına görə, Azərbaycan
təhsilinin beynəlxalq əlaqələrini tənzimləmək
və daha da inkişaf etdirmək üçün lazımi
hüquqi baza yaradılıb. Azərbaycan Respublikası ali təhsil sahəsində təhsil sənədlərinin
və elmi dərəcələrin tanınması ilə
bağlı onlarla beynəlxalq konvensiyalara qoşulub.
Hazırda Azərbaycanda
beynəlxalq təhsil-mübadilə təşkilatları və
onların həyata keçirdiyi proqramlar fəaliyyət
göstərirlər. Bunlardan ABŞ-ın ACCELS (Amerika Təhsil
Şurası), IREX, World Learning, Böyük Britaniyanın
British Counsil, Almaniyanın DAAD təşkilatlarının
Bakıdakı nümayəndəliklərini göstərmək
olar. Onlarla yanaşı, Fransa, İtaliya, Yaponiya,
Yunanıstan, Misir, Polşa və s. ölkələrin
Bakıdakı səfirlikləri tərəfindən də təqaüd
proqramları elan olunur. Say baxımından ABŞ və
Almaniyada həyata keçirilən təqaüd proqramları
daha çoxluq təşkil edir.
Bütün
bunlarla yanaşı, Azərbaycan orta məktəb təhsili
sahəsində də uğurlu beynəlxalq əməkdaşlıqlara
imza atır. Belə ki, dünyanın ən qabaqcıl təhsil
sisteminə malik ölkələri öz şagirdlərini Azərbaycanda
ənənəvi olaraq təşkil olunan orta məktəb
şagirdləri arasında beynəlxalq olimpiadalara göndərirlər.
Xarici ölkə nümayəndləri ölkəmizdə
təşkil olunmuş bu olimpiadaların yüksək səviyyəli
olduqlarını, belə tədbirlərin şagirdlərin təhsil
həyatında önəmli olduğunu qeyd edirlər.
Azərbaycan
şagirdləri də, həmçinin, xarici ölkələrdə
təşkil olunmuş beynəlxalq olimpiadalarda uğurla
iştirak edirlər. Bunun bariz nümunəsi olaraq bir neçə
həftə öncə Türkiyədə keçirilmiş
"Uluslararası Türkcə Olimpiatları" adlı beynəlxalq
olimpiadanı göstərmək olar. Ankaraya
yarışlarda iştirak etmək üçün
yollanmış Azərbaycan şagirdlərindən, demək
olar ki, hamısı vətənə medallarla
qayıdıblar. Belə ki, Türkiyədə
beynəlxalq olimpiadaya qatılmış şagirdlərimiz 16
medal qazanaraq (5 qızıl, 8 gümüş, 3 bürünc
medal) dünya ölkələrini heyrətləndiriblər.
Həmin olimpiadada Azərbaycanı
uğurla təmsil edərək, gümüş medal
qazanmış, Qafqaz Azərbaycan Birgə Özəl
Gimnaziyasının 10-cu sinif şagirdi Sevinc Abbasovanın məhz
beynəlxalq əməkdaşlıq çərçivəsində
iştirak etdiyi olimpiadanın ona və onunla təhsil alan digər
Azərbaycan gənclərinə nə verdiyini soruşduq:
"Mən, ilk növbədə, yoldaşlarımla birgə
Azərbaycanı uğurla təmsil etdiyimiz üçün
çox sevinirəm. Bu olimpiada, ilk növbədə,
hələ xarici ölkələrdə olmayan Azərbaycan gənclərində
bilik yarışlarında ölkəmizi təmsil etməklə
yanaşı, xarici ölkəyə ilk gedişləri ilə
yadda qaldı. Biz orada dünyanın bir
çox ölkələrindən olan gənclərlə
dostlaşdıq, onların mədəniyyəti, ölkələri
barədə məlumatlandıq. Türkiyənin
müxtəlif bölgələrinə gəzintilər təşkil
olundu. Bilik yarışlarında iştirak
edərək, həm özümüzü sınaqdan
keçirdik, həm də dünyaya Azərbaycan gənclərinin
savadını sübut etdik. Bir sözlə,
18 günümüz çox maraqlı keçdi və bu
günlər bizim yaddaşımıza həkk olundu".
Beynəlxalq əməkdaşlıq
çərçivəsində Azərbaycanda xarici ölkələrin
ali və orta məktəbləri də fəaliyyət
göstərir. Onlar həmin təhsil ocaqlarında sırf öz
ölkələrinin təhsil sistemi əsasında dərslər
keçir və yüksək ixtisaslı kadrlar
hazırlayırlar.
Qürur hissi ilə qeyd etmək
olar ki, Azərbaycanın da artıq bəzi xarici ölkələrdə
təhsil ocaqları var. Həmçinin, bəzi xarici ölkələrin
ali məktəblərində Azərbaycanşünaslıq
və Azərbaycan dili ixtisasları da mövcuddur.
Beynəlxalq əməkdaşlıq
ölkənin təhsilinə ancaq yenilik, novatorluq, inkişaf gətirir
və Azərbaycan da bu inkişafdan kənarda qalmayaraq, daim
daha yüksəklərə can atır.
Elgün VİDADİOĞLU
Səs.- 2010.- 24 iyun.- S. 13.