Azərabaycanda müstəqil mətbuat
formalaşıb
Ulu öndər Heydər Əliyevin mətbuatın
inkişafında yaratdığı və gördüyü
işlər əvəzsizdir
Mətbuatın yubleyinin
135 illiyi ilə əlaqədar ölkə ərazisində bir
çox tədbirlər keçirilir. Mətbuatın
hazırkı vəziyyəti və dəyəri haqqında mətbuatla
sıx əməkdaşlıq edən millət vəkillərinin eləcə
də, baş redaktorların dəyərli fikirlərini
öyrəndik.
Millət vəkili Jalə Əliyeva :
- Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən mətbuatın 135 illiyi
ilə əlaqədar verdiyi Sərəncam, təbii ki, mətbuat
üçün çox önəmli bir proses olmuşdur.
Yaxın tariximizi səhifələsək, görərik ki, mətbuatın
inkişafında ulu öndər Heydər Əliyevin
böyük rolu olmuşdur. Bu gün Azərbaycan mətbuatı
müstəqil, liberal, senzuradan uzaq, demokratik bir ölkəyə
yaraşan səviyyədədirsə, bu, məhz ulu öndər
Heydər Əliyevin sayəsində yaranmışdır. Ulu
öndər Heydər Əliyevin mətbuat üçün
gördüyü işlər əvəzsizdir. Məhz ulu
öndərin hakimiyyətə gəlişindən sonra,
kütləvi informasiya vasitələrinə xüsusi diqqət
ayrılmışdır. Bildiyimiz kimi o dövrlərdə mətbuat
sahəsinə ciddi dəstək verildikdən sonra, mətbuat
vasitələri vergilərdən azad edilmişdi. Qəzetlərin
"Azərbaycan" nəşriyyatına olan borcları ləğv
edilmiş, mətbuata tətbiq
edilən senzura aradan qaldırılmışdır. Bu da ulu
öndərimizin mətbuata olan qayğısının bariz
nümunəsidir. Xatırlayaq ki, ulu öndər tez-tez mətbuat
işçilərinin vəziyyəti ilə
maraqlanırdı. Hətta vaxt tapdıqca onlarla
görüşlər keçirirdi. Təbii ki, bu diqqət
ulu öndər Heydər Əliyevin mətbuata olan qiymətli
hədiyyəsi idi. Onu da qeyd edim ki, ulu öndərin layiqli
davamçısı olan cənab Prezident İlham Əliyev mətbuata
qayğısını yüksək səviyyədə davam
etdirməkdədir. 135 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatı
yaxın gələcəkdə
daha da inkişaf edəcək və güclənəcəkdir.
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz
:
- Cənab Prezidentin mətbuatın
inkişafına dəstəyi, təbii ki, xoş hadisədir.
İmzalanan Sərəncamın mətbuatın inkişaf
prosesini daha da sürətləndirəcəyinə heç
bir şübhə yoxdur və ola da bilməz. Milli mətbuat
gününü mətbuat işçilərinin bayramı da
hesab etmək olar. Təəssüf ki, bu gün mətbuatımz
bir neçə sahəyə bölünüb. Hətta
iqtidar ilə barışmaz mövqe
seçən bir neçə qəzetin demokratiya pərdəsi
altında məqsədyönlü fəaliyyəti
dövrümüzün reallığıdır. Lakin buna
baxmayaraq, cənab Prezidentin yaratdığı Fond və Mətbuat
Şurası tam obyektiv şəkildə işini davam etdirir.
Təbii ki, hazırda Azərbaycan mətbuatının
inkişafı üçün ideal bir şərait
vardır. Bu səbəbdən biz "Olaylar" qəzeti
olaraq, inanırıq ki, mətbuatın 135 illiyi lazımi səviyyədə
keçiriləcəkdir.
"Reytinq" qəzetinin baş redaktoru Afiq Mirzəbəyli
:
- Cənab Prezidentin bu Sərəncamı
mətbuat sahəsinin inkişafına çox müsbət təsir
göstərəcəkdir. Əlbəttə, hazırda mətbuatımızın
vəziyyəti superdövlətlərlə ayaqlaşacaq dərəcədə güclü olmasa da, yaxın gələcəkdə
onlardan qat-qat güclü olmaq
ehtimalı var. Çünkü cənab Prezidentin Sərəncamı bu inkişaf
prosesini, sözün əsil mənasında, gücləndirəcəkdir.
Bildiyimiz kimi, mətbuat günü ilə əlaqədar
müəyyən müsabiqələr keçirilir. Təbii
ki, bu müsabiqələr bir çox mətbuat işçilərinin
fəaliyyətinə müsbət təsirini göstərəcəkdir.
Onu da qeyd edək ki, Prezident yanında KİV-lərin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaranmasını da böyük nailiyyət kimi dəyərləndirmək
olar. Bu fond bir çox mətbuat orqanlarına dəstək vermişdir.
Bütün bu tədbirlərin keçirilməsi,
ümumilikdə, mətbuat sahəsinin inkişafını təmin
edəcəkdir.
Bəxtiyar
Səs.- 2010.- 19 iyun.- S. 8.