Azərbaycan təhsili: keçmiş və bu gün
Azərbaycanın təhsil səhəsində keçdiyi yolu təhlil edərkən, ilk öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Tarixi yaddaş isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə ilk hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı.
Məhz ümummilli lider Heydər Əliyev 1970-80-ci illər də SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına köməklik göstərmişdir. Bütün görülən bu işlər Azərbaycan xalqının gələcəyi və gəncliyi üçün idi. Çünki ulu öndər Heydər Əliyev hər zaman bütün sahələrə olduğu kimi, gənclərə və gənclərin təhsilinin yüksək səviyyədə olmasına böyük qayğı və diqqət göstərib. Bir faktı yada salmaq lazımdır ki, 1970-ci ilə qədər ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində bu rəqəm 97,7 faizə yüksəlmişdi. Həmçinin, həmin illər də ölkə ərazisində orta və ali məktəblərdə çalışan müəllimlərin öz ixtisasları üzrə daha da təkmilləşməsinə və yüksək səviyyədə tədris metodlarına yiyələnmələri üçün seminarlar hazırlanırdı və təbii ki, bu seminarlar onların fəaliyyətində öz müsbət təsirini göstərirdi.
Şübhəsiz ki, keçmişini və bugününü təhlil edərkən, təhsil tarixini mərhələlərə bölməklə müxtəlif zamanlarda hansı işlərin görülməsi və görülən bu işlərin təhsilimizin durumunda nə dərəcədə rolu olmasını daha aydın göstərmək olar. Müstəqil Azərbaycanın təhsil sistəmindəki nailiyyətləri də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ölkəmizi çətin vəziyyətlərdən xilas edən ümummilli lider Heydər Əliyev ölkədə bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdı. Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğının arxasında Onun "Təhsil millətin gələcəyidir" fikri durmuşdu. Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər saldıqda, görürük ki, təhsil sahəsində müxtəlif çətinliklər, problemlər yaşanırdı. Bu problemlər məktəblərin yenidən qurulmasına, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsində özünü göstərirdi. Təbii ki, bütün bunları nəzərə alınaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması və digər yüksək səviyyəli işlərin icrası ardıcıl və nizamlı şəkildə aparıldı və hal-hazırda bu işlər davam etdirilir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də ulu öndərin siyasi kursuna sadiq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir. Belə ki, cənab Prezident İlham Əliyev təhsillə bağlı bir neçə Sərəncamlar, Fərmanlar imzalayıb. Bu gün Azərbaycan təhsilində xüsusi xətt üzrə inkişafa həm də məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması daxildir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixili 353 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" əsasında 3 il ərzində proqramın həyata keçirilməsi üçün büdcədən 30 milyon vəsait ayrılıb. Bu vəsait əsasında məktəblərdə kompyuterləşmə prosesi sürətlənib. Bu gün Azərbaycan məktəblərində şagirdlərin müasir texnologiyalarla bağlı məlumat alması və kompyuterlərdən yüksək səviyyədə istifadə edə bilməsi üçün dərslər təşkil olunur. Bu da təhsilin inkişafı üçün atılan addımdır. Daha sonra cənab Prezident İlham Əliyevin 10 iyun 2008-ci il tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər də böyük uğurla davam etdirilir. Belə ki, həmin proqrama əsasən, 20 məktəb "Elektron məktəb" pilot layihəsinə qoşulub. Həmçinin, məktəblərə verilmiş kompyuter dəstləri yenilənir. Milli Təhsil Portalının yaradılması, təhsil sisteminin informasiyalaşdırılması, ümumtəhsil məktəblərinə yeni kompyuterlərin verilməsi və digər işlərin görülməsi üçün 2008-ci ildə 8 milyon 353 min, 2009-cu ildə isə 14 milyon 980 min manat vəsait xərclənib. Azərbaycan təhsilinin keçmişinə və bugününə baxarkən, bir daha hansı inkişafdan, hansı yüksək səviyyəli işlərin görülməsindən qürurla danışmaq olar. Təhsilə göstərilən bu diqqət və qayğı azərbaycanlıların, Azərbaycan millətinin, ölkəmizin gələcəyi olan şagirdlərin, tələbələrin, gənclərin daha savadlı, bilikli, ağıllı, intellektual formada böyüməsi üçün edilən xidmətlərdir. Bu xidmətlər hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilməlidir.
Unutmaq olmaz ki, Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondu və Onun rəhbəri, millət vəkili, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkədə yeni məktəblərin tikilərək istifadəyə verilməsində öz köməyini əsirgəmir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana-yeni məktəb" proqramı ölkəmizin bütün ərazisində böyük sevinclə qarşılandı. Belə ki, bu proqramın birinci mərhələsində ən ucqar rayon və kəndlərdə 132 məktəb tikilib. Bu məktəblərin tikintisi cəmiyyətimizin ən qiymətli qazanclarından biridir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, yeni məktəblərin tikilməsi ilə yanaşı, həm də uzun illərdən bəri təmir olunmayan və çox yararsız vəziyyətə düşən məktəblərin yerində müasir və avadanlıqlarla təchiz olunmuş məktəblər tikilib. Bütün bunlar Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi qayğı və diqqətin sübutudur.
Azərbaycanda bugünkü, təhsilin inkişafı təkcə ölkə daxilində deyil, həmçinin, beynəlxalq səviyyədə qiymətləndirilməlidir. Çünki Azərbaycanın digər ölkələrlə sıx əməkdaşlıq etdiyi sahələrdən biri də təhsil sahəsidir. Təhsildəki beynəlxalq əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir:
1.Ölkələr
arasındakı müqavilələr əsasında birgə tədbirlərin
həyata keçirilməsi;
2.Təhsil sahəsində beynəlxalq
proqram və layihələrin
reallaşdırılması;
3.Dövlət xətti ilə təhsil
sahəsində əməkdaşlıq haqqında ikitərəfli
razılaşmalar əsasında Azərbaycan vətəndaşları
üçün ayrılan təqaüdlər
hesabına həyata keçirilən xaricdə təhsil;
4.Təsdiq olunmuş
Dövlət Proqramına əsasən azərbaycanlı tələbələrin
xaricdə təhsili;
5.Əcnəbi tələbələrin
Azərbaycanın ali məktəblərində
təhsili;
6.Təhsil müəssisələri
arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi və
müəllimlərin ixtisasının artırılması və
digər istiqamətlər.
Ölkəmizdə aparılan təhsil islahatının tərkib hissəsi olan texniki-peşə təhsilinin yeniləşdirilməsi sahəsində də, son illər böyük işlər görülməkdədir. Texniki peşə, təhsil sisteminin əsas istiqamətlərindən biri olmaqla, cəmiyyətin sosial-mədəni və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Dövlətimiz bütün bunları nəzərə alır və təhsilin bütün sahələrinə diqqət və qayğı ilə yanaşır. Cənab Prezident İlham Əliyev təhsilin bu sahəsinin də inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Prezident İlham Əliyevin 2007-ci ildə "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etməsi bu sahənin sürətli inkişafı üçün güclü stimul yaratdı. Belə ki, texniki peşə təhsilinin maddi-texniki bazası möhkəmləndirildi, idarəetmə strukturu təkmilləşdirildi. Həmçinin, çox sevindiricidir ki, Təhsil Nazirliyi texniki peşə təhsili sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Belə ki, YUNESKO, Dünya Bankı, Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Cənubi Koreyanın DEU İnternational Korporasiyası ilə ölkəmizdə texniki peşə təhsilinin inkişafı sahəsində bir sıra layihələr həyata keçirilib. Bunlara misal olaraq Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO arasında 18 iyun 2007-ci il tarixində imzalanmış sazişə əsasən, "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi"nin həyata keçirildiyini göstərmək olar.
Bu gün təhsil müəssisələrimizdə məktəblilərin təlim-tərbiyəsi və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə dərindən sevdirən müəllimlərimiz çoxdur. Bu müəllimlərin əsas məqsədləri ondan ibarətdir ki, onlar öz tələbələri ilə əməkdaşlıq edə bilir, onları yaradıcı düşünməyə, tədqiqatçılığa istiqamətləndirməyi bacarır, şagirdlərdə öz potensial imkanlarına inam yaradır. Bütün sahələrdə olduğu kimi, təhsilimizdə də, özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlərimiz ölkə başçısının qayğı və diqqətindən kənarda qalmayıb. Cənab Prezident İlham Əliyev müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşır və bu özü də təhsilimizə olan qayğının bir hissəsidir.
Ölkəmizin iqtisadiyyatı günü-gündən güclənir və iqtisadiyyat gücləndikcə, bütün sahələrə olduğu kimi, təhsil sahəsinə yönəldilən dövlət vəsaiti də ildən-ilə artır. Ona görə də, Azərbaycan təhsili bu gün öz inkişafının mühüm bir mərhələsini yaşamaqdadır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim edilmək üçün
Tapdıq QURBANLI
Səs.- 2010.- 19 iyun.- S. 11.