"Nizami və
Nəvai: tarixi və mədəni əlaqələr"
beynəlxalq elmi konfransı keçirilib
Azərbaycanlı alimlər Səmərqənd Dövlət Universitetində keçirilən "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" beynəlxalq elmi konfransda iştirak ediblər. Konfrans YUNESKO-nun mədəniyyətlərin və xalqların daha çox yaxınlaşmasına kömək edən tədbirlərin keçirilməsi çağırışı ilə YUNESKO Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu tərəfindən təşkil olunub və Şərqin iki dahi şairi və mütəfəkkiri - Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığına həsr edilib.
Konfransın işində Özbəkistan, Türkiyə, İran, Tacikistan və Azərbaycandan olan ədəbiyyatşünaslar, dilçi və tarixçi alimlər iştirak ediblər. Konfransda filologiya elmləri doktoru, professor Mehdi Kazımov "Nizaminin "Xəmsə"sində nəzirənin öyrənilməsinin bir sıra aspektləri haqda", AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi Şirindil Alışanov "Azərbaycan ədəbi düşüncəsində Əlişir Nəvai irsinin qiymətləndirilməsi məsələsi haqda", AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri namizədi Səadət Şıxıyeva "XV-XVI əsrlərdə Azərbaycan - Özbəkistan ədəbi əlaqələri" (Seyid İmadəddin Nəsiminin poeziyası əsasında) mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində orta əsrlər türkdilli və farsdilli ədəbiyyatların inkişafı, qarşılıqlı əlaqələri və təsirlərinə dair məsələlər müzakirə olunub.
Konfrans iştirakçıları üçün Səmərqənd və
Buxaranın tarixi abidələrinə ekskursiyalar təşkil olunub.
Zümrüd
Səs.- 2010.- 19 iyun.- S. 12.