Akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, sənaye energetika naziri Natiq Əliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Bakı Dövlər Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Yazıçılar Birliyinin sədri Anar Rzayev digər rəsmi şəxlər iştirak ediblər. Tədbirdə çıxış edənlər akademikin həyatı yaradıcılığı haqqında məlumat verərək, onun Azərbaycan elminə verdiyi töhvələrdən danışıblar. Qeyd edək ki, akademik Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakının Buzovna kəndində anadan olub. 1961-ci ildə Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1977-ci ildə ona professor adı verilib. 1976-1978-ci illərdə o, Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-82-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olub. 1980-ci ildə Z.Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib. 1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS TRASEKA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olub. Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

 

 

Səs.- 2010.- 26 iyun.- S. 7.