Xocalı faciəsi dünya mətbuatında
"Nezavisimaya
qazeta"-da Yevgeni Kriştalyovun
"Xocalıya ədalət" sərlövhəli məqaləsi
dərc edilib
Rusiyanın
"Nezavisimaya qazeta" nəşrinin 26 fevral nömrəsində
Yevgeni Kriştalyovun "Xocalıya ədalət" sərlövhəli
məqaləsi dərc edilib. AzərTAc həmin məqaləni
təqdim edir.
Müharibə qanlı
qətliyama düşmüş xalqlara, sadə insanlara
çoxlu əzab və faciə gətirir. Yüzlərlə
və minlərlə günahsız adam hərcmərcliyin
qurbanı olur və yalnız nəsillərin yaddaşı
onların adlarının yaddaşlardan silinməsinə imkan
vermir. Qonşular arasında qarşıdurma daha amansız
olur. Ermənistan ilə Azərbaycan arasında Dağlıq
Qarabağa nəzarət uğrunda döyüşlər qəddarlıq
salnaməsinin daha bir səhifəsi olmuşdur.
Fevralın 26-sı Xocalı şəhidlərinin anma günüdür. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bu şəhərinin adı çoxlarına tanışdır və Xatın, Liditse, Serebrenisa, Sonqminin taleyi ilə müqayisə olunur. 18 il əvvəl Xocalının dinc sakinləri strateji yaşayış məntəqəsini tutmağa çalışan erməni silahlı dəstələrinin mühasirəsinə düşmüşdü. Qarabağda yeganə hava limanı burada yerləşirdi, yol isə birbaşa Azərbaycanın içərilərinə aparırdı. Xocalılıların geri çəkilməsi üçün qoyulan yollarda "tələ" qurulmuşdu. Onları gülləbaran edir, yaralı uşaqları qətlə yetirir, əsir götürürdülər. Bu əsirlikdən çoxları geri qayıtmadı. 1992-ci il fevralın 26-na keçən o müdhiş gecədə alov məngənəsindən çoxları keçə bilmədi. Qətliamın nəticələri dəhşətli idi: 613 nəfər qətlə yetirilmişdir, onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. Səkkiz ailənin bütün üzvləri məhv edilmiş, 487 adam yaralanmışdır. 1275 nəfər əsir götürülmüş, onların 150-nin taleyi hələ də məlum deyildir.
Azərbaycan Prokurorluğu ətraflı təhqiqat apararaq bu qanlı qətliamın təşkilatçılarının və icraçılarının törətdiklərini soyqırımı və hərbi cinayət kimi qiymətləndirmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, keçmiş sovet ordusunun 366-cı alayının hərbçilərinin də bu qətliamda əli vardır. 366-cı hərbi birləşmə Dağlıq Qarabağda yerləşdirilmişdi və alayda erməni milliyyətindən olan hərbçilər də qulluq eirdilər.
Faciənin bir çox məqamları həm də beynəlxalq müşahidəçilər - jurnalistlər və hüquq müdafiəçiləri tərəfindən sənədləşdirilmişdir. Rusiyanın tanınmış "Memorial" təşkilatı bu barədə ətraflı məlumat vermiş, şahidlərin dediklərini İnternetdə yerləşdirmişdir. 1992-ci il martın 13-də "İzvestiya" qəzetində müxbir Vadim Belıxın reportajı dərc edilmişdi. O, hər bir normal insanın ruhunu lərzəyə gətirə biləcək və şəxsən şahidi olduğu faktları təsvir etmişdir.
Dağlıq Qarabağın Azərbaycan icması Xocalını və onun sakinlərini itirməklə doğma torpaqda yeganə dayağından məhrum olmuşdu. Erməni millətçilərinin bir vaxtlar bərəkətli diyarda törətdiyi etnik təmizləmə, faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycan icmasının soyqırımı, Xocalı qətliamı isə bu siyasətin ən müdhiş nöqtəsi idi. "Yaşayış məkanının işğalı" strategiyasının həyata keçirilməsinin kulminasiyası isə 1992-ci ilin mayında Qarabağ azərbaycanlılarının başlıca tarixi mərkəzi - qoruq-şəhər Şuşanın işğalı oldu.
Bununla əlaqədar, Serj Sarkisyanın Britaniya jurnalisti, "Qarabağ" kitabının müəllifi Tomas de Vaala etirafı çox maraqlıdır: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi qıra bildik". Necə deyərlər, şərhə ehtiyac yoxdur, nə əlavə, nə də ixtisar etmək lüzumsuzdur.
Bu gün Xocalı faciəsinə gətirib çıxarmış o cinayətkar siyasətin davamçıları Dağlıq Qarabağ üçün hansısa öz müqəddəratını təyin etməkdən danışırlar. Eyni zamanda, onlar Qarabağ azərbaycanlılarının əzəli torpaqlarına qayıtması imkanını yada da salmırlar. Onların referendumun bölgənin yalnız erməni sakinlərinin iştirakı ilə keçirilməsi tələbinin məqsədi də məhz budur.
Hazırda Azərbaycan ilə Ermənistan arasında beynəlxalq vasitəçilərin, - burada başlıca rolu Rusiya oynayır, - iştirakı ilə gedən sülh danışıqları yalnız möhkəm sülhü təmin ecdəcəyi halda məna kəsb edir. Bu cür sülh isə Dağlıq Qarabağın hər iki icmasının - ermənilərin və azərbaycanlıların hüquqlarına riayət olunmasına əsaslanmalıdır. Bu icmaların hər birinin Qarabağın yüksək dağ zirvələrində və sıx meşələrində öz müqəddəs ocaqları vardır. Hər iki icmanın nümayəndələri Qarabağdan olan dahi əcdadlarının xatirəsini əziz tuturlar.
Münaqişə nəticəsində qovulmuş azərbaycanlıların geri qayıtması və Dağlıq Qarabağın, heç olmasa sovet dövründəki kimi, əvvəlki status-kvo vəziyyətinin bərpa edilməsi bölgədə normal həyatın bərpasının baza şərtidir.
Yaxın keçmişə nəzər salsaq, görərik ki, sovet dövrü XX əsrin əvvəllərindəki fikir ayrılığını unutdura bilmişdi. O zaman da Qarabağı Azərbaycandan qoparmaq istəyirdilər. Lakin elə ilk sistem qeyri-sabitliyi köhnə iddiaları üzə çıxardı, ayrılma məsələsi yenidən qaldırıldı. Bu, barıt çəlləyinin fitilini yandırdı və partlayış, öz növbəsində, ittifaq dövlətinin dağılmasına son qoydu. İndi bunu az-az yada salırlar, çünki xatırlatmağa dəyər ki, fitil, ilk növbədə, Qarabağın idi. Yuqoslaviyanın qanlı parçalanmasını, Kosovodakı indiki vəziyyət mahiyyət etibarilə Ermənistan-Azərbaycan qarşıdurmasını xatırladır. Serblərin ürəyini - Kosovo diyarını kökləri ilə qoparıb çıxardılar. Azərbaycanın qəlbi Qarabağı da beləcə kökləri ilə çıxarmağa çalışırlar. Xocalı Qarabağın göz yaşları və şəhid qanı hopmuş bir parçasıdır.
Bu gün Azərbaycan yalnız ədalət tələb edir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və bu qurumun rəhbəri Leyla Əliyevanın şəxsən irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilən genişmiqyaslı beynəlxalq informasiya-təbliğat kampaniyası da məhz "Xocalıya ədalət" adlanır. Kampaniyadan məqsəd dünyaya bəşəriyyətə qarşı cinayət, Xocalı soyqırımı haqqında həqiqətləri yaymaqdır. Fondun aksiyaları artıq bütün dünyada, o cümlədən beynəlxalq təşkilatların ofislərində, habelə BMT-nin Cenevrədəki Baş qərargahında keçirilir.
Səs.- 2010.- 2 mart.- S.4.