AzərTAc-ın 90 yaşı
tamam oldu
Şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc ötən 90 ildə mürəkkəb, eyni zamanda şərəfli bir yol keçmiş, bütün çətinliklərə baxmayaraq, həmişə xalqımıza, Azərbaycana xidmət edib. AzərTAc-ın tarixinə qısa ekskursda "mürəkkəb və şərəfli yol" ifadəsi bədii ritorika kimi qəbul edilməməlidir. Agentliyin 90 illik tarixində adı 7 dəfə dəyişdirilib - 1920-ci ildə AzərTAc, yenə də həmin ildə AzQafROSTA, 1921-ci ildə AzərTA, 1923-cü ildə ZaqTA, 1936-cı ildə yenidən AzərTA, 1972-ci ildə Azərinform, nəhayət, 1992-ci ildə AzərTAc.
AzərTAc necə yaranıb?
1918-ci il
mayın 28-də yaranan Azərbaycan Xalq Cumhuriyyəti fəaliyyətinin
ilk ilindən xalqa və dünya ictimaiyyətinə Azərbaycan
haqda düzgün informasiya çatdırılmasının
vacibliyini həmişə önə çəkirdi. 1919-cu il martın 3-də Xalq Cümhuriyyəti
hökumətinin- Nazirlər Şurasının iclasında Azərbaycan
Teleqraf Agentliyinin təşkili barədə məsələ
müzakirə olundu.
Lakin məlum olmayan səbəblər üzündən agentlik həmin tarixdə fəaliyyətə başlamadı. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Acanslığının ştatlarının layihəsi və əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alındı.
Nəhayət,
1920-ci il martın 2-də "Azərbaycan" qəzetində
ilk dəfə olaraq "AzərTAc" imzası ilə xəbərlər
dərc olundu. Təxminən bir ay sonra, 1920-ci il martın 25-də
Azərbaycan Teleqraf Agentliyindən Xalq Maarif Nazirliyinə
göndərilmiş 17 nömrəli təliqə qurumun məhz
martın 1-də yarandığını təsdiq edən
daha bir tutarlı dəlildir.
AzərTAc Sovetlər
dövründə
Azərbaycanda
sovet hakimiyyəti qurulandan sonra AzərTAc Rusiya Teleqraf
Agentliyinin (ROSTA) filialı kimi fəaliyyətini davam etdirdi. Bölgələrdən
göndərilən xəbərlər istisna olmaqla, AzərTAc
qalan bütün informasiyaları ROSTA-dan alırdı.
ROSTA-nın Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinin- AzQafROSTA-nın işi təkcə Bakı ilə məhdudlaşmır, respublikanın digər şəhərlərində də (Gəncə, Şuşa, Lənkəran və s.) qurumun bölmə və məntəqələri fəaliyyət göstərirdi. Həmin məntəqələr nəinki yerlərdə baş verən hadisələr haqqında mərkəzə məlumat göndərir, eyni zamanda, özləri də daxili imkanlarından istifadə etməklə informasiya xarakterli divar qəzetləri və təşviqat plakatları buraxırdılar.
1921-ci ildə AzQafRostanın bazasında AzərTAc təşkil olunandan sonra Azərbaycan musiqi mədəniyyəti tarixinin, o cümlədən, Üzeyir Hacıbəylinin yaradıcılığının məşhur araşdırıcılarından biri kimi tanınmış Qubad Qasımov iyulun 14-də agentliyin direktoru təyin edilir.
Ümumiyyətlə, 1922-ci ildə SSRİ-nin təşkilindən sonra digər respublikaların informasiya agentlikləri kimi, AzərTAc da əslində Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialına çevrilmişdi.
Zaqafqaziya Federasiyası yarandıqdan sonra 1923-cü ilin martında üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə Azərbaycan Teleqraf Agentliyi yenidən AzərTAc adı ilə fəaliyyətini bərpa etdi.
Dünya Müharibəsinin ilk günlərindən AzərTAc-nın hərbi müxbirləri bilavasitə döyüşlərin getdiyi ön cəbhədən hazırladıqları reportajları agentliyə göndərirdilər. Qələmini silaha çevirərək, Azərbaycan Teleqraf Agentliyinin vəsiqəsi ilə qanlı-qadalı cəbhə yollarında irəliləyənlər arasında Rəsul Rza, Qılman Musayev, İsmayıl Hüseynov, Abbas Zamanov, Cəmşid Əmirov, Nüsrət Bağırov, Mixail Pleskaçevski kimi adlı-sanlı nümayəndələri də var idi.
Müharibədən
sonrakı illərdə iqtisadi, ictimai-siyasi, mədəni həyatdakı
quruculuq işləri yenidən AzərTAc-nın
materiallarının başlıca mövzusu idi. Agentliyin respublikanın həyatının müxtəlif
sahələrindən, Xəzərin qəhrəman
neftçilərinin, pambıqçıların əmək qələbələrindən,
Bakının, Sumqayıtın, Mingəçevirin və digər
şəhərlərimizin yeni tikintilərindən, Azərbaycan
alimlərinin elmi axtarışlarından, incəsənət
ustalarının uğurlarından, nəhayət, ictimai-siyasi
həyatdakı dəyişikliklərdən bəhs edən
müxtəlif informasiyaları SİTA vasitəsilə ittifaq
və xarici ölkə mətbuatına verilirdi.
AzərTAc ötən əsrin
ikinci yarısında
Müharibə başa çatdıqdan sonra bütün sahələrdə quruculuq işləri başladı. Bu işlər agentlikdən də yan keçmədi. Agentliyin maddi-texniki bazası və işçi personalı gücləndi. 1969-cu ilin iyulunda dahi öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsi respublikanın həyatında dönüş mərhələsinin başlanğıcı oldu. Həmin dövrdə Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sovet respublikaları arasında axırıncı yerlərdən birini tuturdu.
İqtisadiyyatı bütövlükdə böhran keçirən respublikanı ağır vəziyyətdən çıxarmağın yollarını axtarıb tapmaq, prinsipcə yeni konseptual səviyyədə yanaşma əsasında inkişaf planlarını işləyib hazırlamaq, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparmaq və digər tədbirlər görmək lazım idi. Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan bütün sahələrdə sürətli inkişafa nail oldu.
O, yaxşı başa düşürdü ki, millətin siyasi müstəqilliyini onun iqtisadi azadlığı şərtləndirir. Ona görə də inamla deyə bilərik ki, müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun dünya iqtisadiyyatına daha dərin inteqrasiyası məhz 1970-ci illərdə - 1980-ci illərin əvvəlində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
O illər Azərbaycanda həm də milli ruhun və milli özünüdərkin dirçəlməsi dövrü idi. Bu baxımdan təhsilin, elmin, mədəniyyətin inkişafına böyük diqqət yetirilirdi. Təbii ki, belə bir vaxtda mətbuat da diqqətdən kənarda qala bilməzdi.
1972-ci ilin iyununda respublika Nazirlər Sovetinin qərarı ilə Azərbaycan İnformasiya Agentliyi - Azərinform adlandırılan agentlik o dövr üçün müasir texniki avadanlıqla da təchiz olunmuşdu. Əlbəttə, o dövrdə bu, heç də asan məsələ deyildi. Lakin dahi öndər Heydər Əliyevin şəxsi nüfuzu, qüdrəti bütün sədləri aşmağa imkan verirdi.
SİTA kimi dünyanın nəhəng informasiya maşınının sükançıları artıq SSRİ rəhbərliyinin də böyük hörmət və rəğbət bəslədiyi, hesablaşdığı ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın qazandığı uğurlar barədə Azərinformun hazırladığı xəbərləri dünyaya yaymağa, agentliyə hər cür kömək göstərdiklərini sübut etməyə çalışırdılar.
Məhz ötən əsrin 70-ci illərində
SİTA özünün Moskvadakı baş ofisini kompüterləşdirməyə
başlayanda, ulu öndər Heydər Əliyevə hörmət
əlaməti olaraq, ittifaq respublikaları arasında
Ukrinformdan sonra Azərinformu o dövrün müasir
"Olivetti" markalı kompüterləri ilə təchiz
etmişdi. Beləliklə, 1970-1980-ci illərdə
o dövrün ən mükəmməl informasiya
texnologiyaları və avadanlıqları ilə təchiz edilən
Azərinform keçmiş sovet respublikalarının
informasiya agentlikləri arasında həm maddi-texniki
bazasının mükəmməlliyinə, həm də
yüksək yaradıcılıq potensialına görə
ön mövqeyə çıxmağa nail oldu.
AzərTAc müstəqillik
dövründə
Azərbaycan dövlət
müstəqilliyini elan etdikdən bir qədər sonra, 1992-ci il dekabrın 18-də Azərinformun tarixi
adı bərpa olundu və o, Azərbaycan Teleqraf Agentliyi- AzərTAc
adlandırıldı. Zaman agentliyin işinin
yeni dövrün tələblərinə cavab verən
maddi-texniki baza əsasında və dünya standartları səviyyəsində
qurulmasını və təkmilləşdirilməsini tələb
edirdi. Bunun üçün isə, ilk
növbədə, maliyyə vəsaiti lazım idi. Lakin həmin dövrdə bunun üçün
ölkənin maddi imkanları yox idi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin yayında rəhbərliyə gəlişindən sonra agentliyin inkişafında yeni dövr başladı. Cəmiyyətin həyatında mətbuatın, o cümlədən informasiya agentliyinin rolunu yüksək qiymətləndirən Heydər Əliyev müstəqil Azərbaycanın dövlət informasiya orqanının işinin müasir tələblər səviyyəsində qurulmasına böyük diqqət yetirirdi. AzərTAc isə bu işdə agentliyə həmişə xüsusi qayğı ilə yanaşan ümummilli liderimizin layiqli köməkçisi olmağa çalışır, Azərbaycan həqiqətlərini yaymaqla ölkəmizi dünyaya tanıdırdı.
1995-ci il martın 3-də Prezident Heydər Əliyev Azərbaycan Teleqraf Agentliyinin yenidən təşkil edilməsi haqqında Fərman imzaladı. Həmin Fərmanla agentliyin tarixi adı saxlanılmaqla ona dövlət informasiya orqanı statusu verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi yaradıldı. AzərTAc-ın maliyyə çətinliklərini nəzərə alaraq, onun əsasən dövlət büdcəsindən maliyyələşdirilməsi müəyyən edildi.
1996-cı il iyunun 29-da isə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) işinin yaxşılaşdırılması haqqında" Prezidentin Sərəncamı verildi və onun icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olundu. Həmin qərarla işin spesifik xüsusiyyətləri nəzərə alınmaqla AzərTAc-ın maddi-texniki bazası yaxşılaşdırıldı, onun fəaliyyətini gücləndirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirildi, agentliyin tarixində ilk dəfə olaraq ABŞ, İran, Almaniya, Fransa, Türkiyə, Tiflis, Moskva və Daşkənddə müxbir məntəqələri açıldı, xarici dillərdə xəbər hazırlayan və yayan baş redaksiya yaradıldı. Görülən bu işlər nəticəsində AzərTAc-ın fəaliyyətində əsaslı dəyişikliklər baş verdi.
2000-ci il yanvarın 17-də, AzərTAc-ın 80 illiyinin yaxınlaşdığı bir vaxtda Prezident Heydər Əliyev agentliyin fəaliyyətinin təkmilləşdirilməsi barədə Fərman imzaladı. Bu, dövlətimizin başçısının ölkədə informasiya xidmətinə necə böyük əhəmiyyət verməsinə daha bir parlaq misal idi. Yubileylə bağlı Azərbaycan Prezidentinin Sərəncamları ilə agentliyin əməkdaşlarının bir qrupu təltif olundu.
Prezident Heydər
Əliyevin 80 illik yubiley ərəfəsində agentliyin
kollektivinə ünvanladığı təbrik məktubunda
deyilirdi: "1991-ci ildə dövlət müstəqilliyini bərpa
etmiş Azərbaycan Respublikası hüquqi, demokratik və
dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir.
Müstəqilliyimizin daha da möhkəmləndirilməsində,
ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrini əhatə edən köklü
islahatların, baş verən mütərəqqi dəyişikliklərin,
Ermənistanın respublikamıza təcavüzü ilə
yaranmış mürəkkəb sosial-iqtisadi və
insani problemlərin açılmasında, beynəlxalq aləmə
yayılmasında AzərTAc-ın fəaliyyəti
mühüm əhəmiyyət kəsb edir.
AzərTAc dünya informasiya məkanında
Aparıcı
dövlətlərin milli informasiya agentlikləri AzərTAc-la əməkdaşlığa
böyük maraq göstərirlər. Agentliyin Türkiyənin,
Rusiyanın, İtaliyanın, Rumıniyanın, İranın,
Bolqarıstanın, Çinin, Qazaxıstanın, Ukraynanın,
Koreya Respublikasının, Küveytin, Macarıstanın,
İndoneziyanın, Serbiyanın, Misirin, Albaniyanın,
Latviyanın, Belarusun, Moldovanın, İordaniyanın,
Monqolustanın, Qırğızıstanın, Tacikistanın
milli informasiya agentlikləri ilə əməkdaşlıq
müqavilələri var.
Bundan əlavə, AzərTAc
Müstəqil Dövlətlər Birliyinin üzvü olan
ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyasının (ANİA), Türkdilli Xəbər
Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən
biridir.
2004-cü ilin
sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatının (OANA)
üzvü olub. Bunun sayəsində AzərTAc-ın informasiyaları
OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan
təşkilatın üzvü olan digər 32 ölkənin
39 informasiya agentliyi istifadə edir. 2007-ci il
dekabrın 12-də isə OANA-nın İndoneziyanın
paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu
qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin
idarə heyətinin üzvü seçilib.
2008-ci ildən
AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun
("AsiaPulse") üzvüdür. AzərTAc-ın Avropa
Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul
edilməsi agentliyimizin həyatında ən mühüm hadisələrdən
biri kimi qiymətləndirilməlidir. Beləliklə,
agentliyimiz postsovet məkanında İTAR-TASS və Ukrinformdan
sonra EANA-ya qəbul edilmiş üçüncü informasiya
agentliyi və həmin təşkilatın sayca 31-ci
üzvü olub.
Həmin il sentyabrın 1-4-də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının - OANA-nın İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün" mövzusunda 30-cu iclasına AzərTAc ev sahibliyi edib. İlk dəfə olaraq, 21 ölkənin milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycan paytaxtına gəlmişdilər.
İclasda OANA-nın və üzv agentliklərin rəhbər və yüksək vəzifəli təmsilçiləri ilə yanaşı, AzərTAc-ın dəvəti ilə Avropa Xəbər Agentlikləri Alyansının- EANA-nın prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru, Bolqarıstanın BTA agentliyinin baş direktoru, Fransanın Frans Press agentliyinin departament rəhbəri, habelə İordaniyanın PETRA agentliyinin nümayəndəsi də iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev iclas iştirakçılarına təbrik məktubu göndərib, sentyabrın 2-də onları qəbul edib. İclas çərçivəsində "Mədəniyyət", "Təbiət" və "İdman" nominasiyalarında fotomüsabiqə keçirilib. Qaliblərə OANA-nın və AzərTAc-ın xüsusi diplomu və qiymətli hədiyyələri təqdim edilib. İclasın materialları Azərbaycan, ingilis və rus dillərində ayrıca kitab halında nəşr edilib.
Agentlik bir sıra beynəlxalq mükafatlara layiq
görülüb, əməkdaşımız Osman Kərimovun
fotosu İspaniyada dünyanın 90 ölkəsinin
aparıcı informasiya agentlikləri fotomüxbirlərinin
işlərinin təqdim olunduğu müsabiqənin
"Bayram" nominasiyasında münsiflər heyətinin
yekdil qərarı ilə birinci yeri tutub.
AzərTAc bu gün
AzərTAc
respublikanın aparıcı informasiya agentliklərindən
biri, yerli və xarici KİV-lər üçün yeganə
rəsmi dövlət informasiya agentliyidir. AzərTAc rəsmi dövlət
xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi
mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq
bütün sutka ərzində Azərbaycan, ingilis və rus
dillərində dəqiq və operativ informasiya buraxır.
Hazırda
agentlik gün ərzində Azərbaycan, rus və ingilis dillərində
orta hesabla 450 min işarədən çox informasiya və
40-50 fotoinformasiya buraxır. Hər gün AzərTAc-ın
internet saytına dünya üzrə 10-12 min giriş olur.
AzərTAc-ın Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya,
Avstriya, İran, Ukrayna, Gürcüstanda, Orta Asiya və
Qazaxıstanda, respublikanın bölgələrində
müxbir məntəqələri fəaliyyət göstərir.
2010-cu il fevralın 26-da 90
illik yubiley ərəfəsində Azərbaycan Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamlara
agentliyin 19 əməkdaşı müxtəlif fəxri adlara
və mükafatlara layiq görülüb.
AzərTAc-ın 90 illik
yubileyi mərasimində iştirak etmək üçün
Bakıya 13 ölkənin nüfuzlu kütləvi informasiya
vasitələrinin yüksək səviyyəli nümayəndə
heyətləri, media nümayəndələri gəliblər.
Martın 1-də yubiley mərasiminin
iştirakçıları Fəxri xiyabanda ümummilli lider
Heydər Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət ediblər.
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil
olunmuş yubiley mərasimində xarici qonaqlarla yanaşı,
Azərbaycanın dövlət və hökumət nümayəndələri,
Milli Məclisin deputatları, KİV rəhbərləri,
ziyalılar iştirak ediblər.
Azərbaycanın dövlət
himni səsləndikdən sonra Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru
Aslan Aslanov, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko,
Anadolu Ajansının baş direktoru Hilmi Bengi,
Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim
Minçev, Bakı Dövlət Universitetinin rektoru akademik Abel
Məhərrəmov, Xorvatiyanın HİNA agentliyinin baş
direktoru xanım Smiliana Xrinçeviç, İtaliyanın
ANSA agentliyinin baş direktorunun müavini Culio Pekora,
Yaponiyanın Kiodo agentliyinin xarici əlaqələr
departamentinin direktoru Masaru Savanaşi, Çinin Sinxua
agentliyinin Asiya-Avropa departamentinin direktoru Zhanq Cinhay, AMEA-nın
müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov
çıxış ediblər.
AzərTAc-ın
kollektivi adından Prezident İlham Əliyevə müraciət
qəbul olunub.
Yubiley mərasimi konsert proqramı ilə davam
edib. "Səs" qəzetinin
baş redaktoru Bəhruz Quliyev başda olmaqla qəzetin
bütün kollektivi "AzərTAc"ı 90 illik yubileyi
münasibətilə təbrik edir, agentliyin bütün əməkdaşlarına
öz şərəfli missiyalarında uğurlar arzulayır.
Elçin Bayramlı
Səs.- 2010.- 2 mart.- S. 5-6.