Xocalıda erməni vandalizmi həyata
keçirilib
"Səs" qəzeti Prezident
Kitabxanası Xocalı soyqırımının
ildönümünə həsr olunmuş dəyirmi masa və
SİA-nın hazırladığı diskin təqdimatını
keçirdi
(Əvvəli ötən
sayımızda)
Prezident
Kitabxanasında "Səs" qəzetinin təşkilatçılığı
ilə Xocalı soyqırımı ilə bağlı dəyirmi
masa və SİA-nın hazırladığı diskin təqdimatı
keçirilib.
Dəyirmi masada Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov,
millət vəkilləri Fəzail Ağamalı, Jalə Əliyeva,
Miri Qəmbərov, Aydın Həsənov, Mirkazım
Kazımov, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi
Şurasının üzvü Aydın Hüseynov, Milli
Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf
Zeyni, Türkiyə Universitetləri Məzunları İctimai
Birliyinin sədri Çingiz Bayramov, Azad Respublikaçılar
Partiyasının sədri Kamil Seyidov, YAP Gənclər
Birliyinin (GB) sədr müavini Bəxtiyar Əsgərov, YAP Nərimanov
rayon təşkilatı GB-nin sədri Yusif Babanlı, "Yeni
Azərbaycan" qəzetinin baş redaktoru Hikmət
Babaoğlu, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli,
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz,
"Şərq" qəzetinin baş redaktoru Akif
Aşırlı, "İki sahil" qəzetinin baş
redaktor müavini İsmayıl Hacıyev iştirak edirdilər.
Dəyirmi masada
çıxış edən Mayıl Əhmədov ermənilərin
zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi
genosid siyasətindən, o cümlədən, bəşəriyyətə və
insanlığa qarşı olan Xocalı
soyqırımının dəhşətlərindən bəhs
etdi. Bildirdi ki, Xocalı faciəsi Xatın,
Lidisa, Oradur soyqırımı qədər dəhşətlidir.
Natiq erməni vandalizminin əsil mahiyyəti barədə
dünya birliyinə yetərincə məlumatların
çatdırılmasının vacibliyini söylədi.
Qeyd etdi ki, istintaq materiallarına, eləcə də, faciənin
şahidlərinin və Ermənistandan əsirlikdən
qayıdan mülkü və hərbi şəxslərin fikirlərinə,
həmçinin, dünya KİV-lərində yer alan materiallara istinadən, demək olar ki,
Xocalı qətliamını kimlər həyata keçirib. O
şəxslər Ermənistanın hakimiyyətində ən
yüksək vəzifələrdə təmsil olunanlardır.
Hesab edirəm ki, onlar beynəlxalq məhkəməyə
verilərək, törətdikləri cinayətin cəzasını
almalıdırlar.
XOCALIDA ERMƏNİ
VANDALİZMİ HƏYATA KEÇİRİLİB
Xocalı
soyqırımına həsr olunan sənədli xronikanın
mahiyyətinə toxunan "Səs" qəzetinin baş
redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev
diskin hazırlanmasında məqsədin Xocalı həqiqətlərinə
bir daha nəzər salmaq, onu ictimai fikrin yaddaşında
möhkəmləndirmək olduğunu bildirdi. O, qeyd etdi ki,
1987-ci il fevralın 13-də Xankəndində ermənilərin
ilk separatçı mitinqlərə başlamaları ilə
Azərbaycanın dilbər guşələrinin tədricən
işğal edilməsinin əsası qoyulub. 1987-ci ildən 1992-ci ilə qədər
erməni-rus hərbi birləşmələri tərəfindən
Azərbaycanın onlarla yaşayış məskəni
işğal edilib, insanlar soyqırıma məruz qalıblar:
"1992-ci il fevralın 25-dən 26-sına keçən gecə isə ermənilər Xocalıda
dünyanı dəhşətə gətirən soyqırımı
aktı həyata keçirdi. Ermənilər Xankəndində
yerləşən SSRİ-nin 366-cı motoatıcı
alayının köməyi ilə Xocalını yerlə
yeksan etdi. Ermənilər 613 nəfər azərbaycanlını
vəhşicəsinə qətlə yetirdilər. Onların
63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi.
8 ailə bütövlükdə qətlə yetirildi. 487 nəfər
yaralandı. Yaralananların 76 nəfəri uşaq idi. Girov
götürülənlərin sayı 1275 nəfər təşkil
edir. 150 nəfərin aqibətindən isə hələ də
xəbər-ətər yoxdur.
AYAZ MÜTƏLLİBOV AZƏRBAYCAN XALQI TƏRƏFİNDƏN
BAŞINA YAYLIQ BAĞLANARAQ MOSKVAYA GÖNDƏRİLDİ
Fəzail Ağamalı:
- Xocalı faciəsi
millətimizə qarşı törədilmiş
soyqırım aktıdır. Bunun başqa izahı ola bilməz. Kimsə bunu bu və ya digər siyasi konyuktura
müstəvisi çərçivəsində həll etməyə
cəhdlər göstərirsə, deməli, onun adı xəyanətkardır.
1992-ci il fevralın 26-da
soyqırımı baş verdi. Fevralın 28-də
Ağdamdan Şakir adlı bir nəfər "Jiquli"
markalı maşının arxa hissəsindən iki nəfər
adsız körpənin meyitini mənə təqdim etdi. Hadisə qurbanı olan həmin körpələri
Şəhidlər Xiyabanında dəfn etdirdim. Bu günə qədər onların yalnız birinin
adı məlum olub. Bu
soyqırımının nəticələrini xalqımız
öz dərdi kimi daşıyırdı. Bu gün də belədir. Xocalı
faciəsinin törədilməsinin başlıca səbəbi
sovet imperiyası, bu imperiyanın dağıdılmasında
maraqlı olan qüvvələr, bundan istifadə edən ermənilər,
onların Azərbaycana qarşı yönəlmiş məkrli
siyasətinin ölkəmizin səriştəsiz, antimilli
hökuməti tərəfindən lazımi səviyyədə
qiymətləndirilməməsi oldu. Daha
konkret desək, soyqırımının baş verməsini əngəlləmək
olardı. Ona görə də, 1992-ci ilin
mart ayında Ayaz Mütəllibov Azərbaycan xalqı tərəfindən
başına yaylıq bağlanaraq, Moskvaya göndərildi.
Azərbaycan xalqının təbliğatı
ermənilərə nifrət istiqamətində
aparılmalıdır. Ermənilərin iç
üzünü unutmadan, onların Azərbaycan türkünə
qarşı düşmənçiliyi yaddan
çıxarılmamalıdır.
Bu gün dünyada
xristian təəssübkeşliyi və ikili standartlardan
yanaşmaq mövqeyi var. Bu səbəbdən də, Azərbaycanın
haqlı mövqeyi dövlətlər tərəfindən qəbul
olunmur və dərk edilmir. Çünki dünya ədalətsiz
dünyadır. Azərbaycan intensiv və ardıcıl olaraq
bu yöndə işlər görməli, gələcək nəsillərə
olduğu kimi çatdırmalıdır. Artıq Xocalı
soyqırımı ilə bağlı təşviqat, təbliğat
işləri dövlət siyasətinə çevirilib və
sistemli xarakter alıb. Azərbaycan Ordusu daha da güclənməli
və ermənilərlə iki əsrdən bəri davam edən
müharibədə son sözünü deməlidir. Əminəm
ki, zaman gələcək Azərbaycan türkü ermənidən
özünün son və tarixi intiqamını alacaq.
İşğal altında olan torpaqlarımız Azərbaycana
geri qaytarılacaq. Sadəcə, öz mübarizəmizdə
prinsipial və qətiyyətli olmalıyıq.
Aydın Hüseynov:
- Xocalı
soyqırımının dünyaya
çatdırılması üçün Azərbaycan
dövlətinin əlində kifayət qədər imkanlar
var. Hər bir ölkə vətəndaşı da bu işdə
aktivlik nümayiş etdirməlidir. Mən təklif edərdim
ki, soyqırımına aid materiallar toplanarkən Xocalı
sakinlərinin ifadəsi alınsın. Hər halda, onlar hadisənin
canlı şahididir və onların söylədikləri
tarixi sənədlərin dünyaya
çatdırılmasında mühüm rol oynaya bilər.
Düşünürəm ki, Xocalı
soyqırımının törədilməsində 366-cı
motoatıcı alayın "fəaliyyətindənsə",
ermənilərin riyakarlığı daha çox
qabardılmalıdır. Çünki bu hadisəni törədən
azğınlaşmış erməni millətidir.
13 YAŞLI AZƏRBAYCANLI QIZI ERMƏNİ TƏRƏFİNDƏN
7 DƏQİQƏ ƏRZİNDƏ ZORLANIB
VƏ ÖLDÜRÜLÜB
Cümşüd Nuriyev:
- O zaman Xocalı deputat
komissiyasının üzvü olmuşam. Ümummilli lider Heydər Əliyevin
gözəl bir fikri var. O deyirdi: "Biz erməni deyilik, amma
genosidə məruz qalmışıq. Erməni
kimi bunu gündəmə gətirib xaricdən maliyyə
yardımı almaq üçün yox, öz həqiqətlərimizi
dünyaya çatdırmaq üçün deyirik". Məşhur rus politoloqu Sergey Markedenov yazır ki,
Heydər Əliyev ermənilərin əlindən ən
böyük "kozır"ı aldı. Cənab Prezident İlham Əliyev elan etdi ki, son iki
yüz ildə ermənilər azərbaycanlılara
qarşı soyqırımı siyasəti həyata
keçirib və İrəvan onlara bağışlanıb.
Dövlət başçısı və
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son
açıqlamasından sonra erməni saytlarının təhqirinə
məruz qalıb. Ermənilərin 40 ildə
gördüyü işi Azərbaycan dövləti son 4 ildə
həyata keçirib. Çünki Azərbaycan
həqiqəti deyir. Aparılan rəsmi
araşdırmalara görə, Ermənistanda hər dörd nəfərdən
biri psixoz xəstəliyinə tutulub. Amma
Azərbaycanda ruh yüsəkliyi var. Gənclərimizin bu
işə müdaxiləsi intensiv xarakter daşıyır.
Ermənilər qondarma soyqırımı məsələsini
40 il ərzində çox böyük
çətinliklə dünyanın 24 ölkəsinə qəbul
etdirib. Son 1 ildə isə Azərbaycanın
xaricdəki təbliğatı 3 dəfə artıb.
Üç il bundan öncə, Prezident
İlham Əliyev xarici ölkədəki səfirlərimizə
yanına çağıraraq, onlara hücum taktikasını
irəli sürdü. Tomas Devalın "Qarabağ. Azərbaycan və Ermənistan hərb, sülh
arasında" adlı kitabında sapı özümüzdən
olan baltalar ölkəmizin əleyhinə yazılar
yazıblar. 1996-cı ildə Zori Balayan
kitabında 13 yaşlı azərbaycanlı qızın erməni
tərəfindən 7 dəqiqə ərzində necə
zorlandığını və
öldürüldüyünü yazıb. Bu kitabı Azərbaycan dilinə tərcümə
edib yaymalıydıq.
Xocalı
soyqırımı ilə bağlı istintaq materialları
tamamilə açılmalıdır. Gəlin, bu məsələdə
hakimiyyətin günahı ilə ermənilərin
günahını qarışdırmayaq. Təbii
ki, bu soyqırımının baş verməsində o
zamankı Azərbaycan rəhbərlərinin təqsiri
böyükdür. Ancaq bütün
gücümüzü onların xəyanətkarlığını
sübut etməyə yönəltsək, o zaman bu hadisəyə
soyqırımı adı verə bilmərik. Soyqırımı termininin konkret izahı var. Ermənistanın
soyqırımı muzeyinin materialları 16 saytda 3 dildə
yerləşdirilib. Amma Azərbaycanda ən
aktiv qəzetlərin saytı yalnız 2 dildə fəaliyyət
göstərir. Çox təəssüflər
ki, bütün domenlərimiz ermənilərdədir. Nə üçün onlara qarşı mübarizə
aparmırıq? Qarabağ, Sumqayıt, hətta
Şamaxı adlı domenlər ermənilərin əlindədir.
Ermənilər bu domenlərdən istifadə edərək,
Azərbaycan dilində verdikləri yanlış məlumatları
dünyaya çatdırırlar. Fikrimin məğzi
ondan ibarətdir ki, Azərbaycan bu istiqamətdə
bütün tədbirləri həyata keçirmək
gücündədir.
İNŞALLAH, PREZİDENT İLHAM ƏLİYEVİN
SAYƏSİNDƏ XALQIMIZ QƏLƏBƏ ÇƏLƏNGİNİ
BOYNUNA ASAR
Bəxtiyar Əsgərov:
- Azərbaycan dövləti
Xocalı soyqırımının tanıdılması
yönündə ciddi işlər görür. Bu işdə, təbii ki, gənclərimizin rolu əhəmiyyət
kəsb edir. Bu, onu göstərir ki, gənclər
bütün ümummilli məsələlərdə Azərbaycan
xalqı ilə birgədir. Qeyd etməliyik
ki, Xocalı soyqırımına ilk dəfə siyasi və
hüquqi qiyməti verən böyük şəxsiyyət
Heydər Əliyev olub. Bu gün də biz
Onun qoyduğu ideoloji-siyasi xətlə gedirik və bu
soyqırımını dünya miqyasında təbliğ
edirik. Bu soyqırımının
dünyaya tanıdılması ilə bağlı
bütün məsuliyyəti dövlətin üzərinə
yıxmaq kökündən yanlışdır. Bu, bir faktdır ki, dünyada ikili standartlar
mövcuddur. Bizim üzümüzə
gülsələr də, arxada erməniləri dəstəkləyirlər.
Kiminsə onurğa sütunundan
çıxarılmış bir sümüyü dünyaya
car çəkərək, qondarma erməni
soyqırımının nəticəsi kimi təqdim etməyə
çalışırlar. Ancaq biz yaxın
keçmişdə baş verən Xocalı
soyqırımının dünyaya tanıdılmasına nail
ola bilmirik. Bütün
bunlara baxmayaraq, Azərbaycan dövləti səylərində
möhkəm olmalı və dövlət
başçısı İlham Əliyevin ətrafında
sıx birləşməliyik. Bu istiqamətdə
işimizi artan templə davam etdirməliyik.
Ümid edirəm
ki, yaxın gələcəkdə Xocalı soyqırımının
dünyaya tanıdılması yönündə ciddi irəliləyiş
əldə olunacaq. O cümlədən, Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həllinə
nail olacağıq. Ömür vəfa etmədi,
ulu öndərimiz Heydər Əliyev bu işləri həyata
keçirə bilmədi. İnşallah,
Prezident İlham Əliyevin sayəsində xalqımız qələbə
çələngini boynuna asar.
Akif Aşırlı:
- Xocalı
soyqırımının dünyaya tanıdılması
istiqamətində Azərbaycan mətbuatı tərəfindən
kifayət qədər iş görülüb və
görülməkdədir. Bu istiqamətdə
gördüyümüz işlər göz qabağındadır.
Sadəcə, bu hadisənin dünyaya
çatdırılması formaları haqqında
düşünməliyik. Xocalı
soyqırımının beynəlxalq arenaya
çatdırılması üçün tədbirlər
planı işlənib hazırlanmalıdır. İnformasiyaların müxtəlif dillərdə
axtarış saytlarına yerləşdirilməsi, bununla
bağlı kütləvi filmlərin çəkilməsi
olduqca vacibdir. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə, Xocalı soyqırımına aid qısametrajlı
film müxtəlif dillərə tərcümə olunaraq,
dünya ictimaiyyətinə təqdim olunub. Ancaq bir filmlə işimizi yekunlaşmış hesab
etməməliyik. Kinoşünaslar bu
işə məxsusi fikir verməlidirlər. Biz təklif edirik ki, soyqırımını
özündə əks etdirən ədəbiyyat nümunələri
yaradılsın. Keyfiyyətli bədii əsərlərin
formalaşmasına ehtiyac var. Ermənilər törətdikləri
cinayətin arxasından qaçmaq üçün müxtəlif
vasitələrə əl atırlar. Azərbaycan
buna imkan verməməlidir. 1948-ci ildə qəbul
olunmuş "Soyqırımı haqqında" Konvensiya var.
İşimizi həmin konvensiyanın müddəalarına
uyğun qurmalıyıq. Əgər
Xocalı soyqırımını bütün dünyaya
çatdırmaq istəyiriksə, bəzi məsələləri
korrektə etməliyik. Bu da, ondan ibarətdir
ki, Xocalı soyqırımının baş verməsində
daxili düşmən axtarmamalıyıq. Mən təklif edirəm ki, ictimai əsaslarla bir
qurum yaradılsın və Xocalı soyqırımı ilə
bağlı bütün dəlil-sübutlar oraya toplansın.
Siyasətçilərin, tarixçi alimlərin
və beynəlxalq mütəxəssislərin köməyi ilə
geniş təbliğat işləri aparaq.
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 2 mart.- S. 8-9.