Uşaqların sevimli qəhrəmanlarının yaradıcısı

 

Qəhrəmanlarına - kuklalara nəfəs verib onları canlandıran sənətkarın sənət tərcümeyi-halı

                                                                                                                             

Tanrı sevgisi, istək, həvəs sənət zirvəsində hansısa uğurun əldə etməsinə gətirib çıxarır. Təbii ki, sənət, səhnə zərif və həssas olduğu qədər də çətin və mürəkkəbdir, məsuliyyətlidir. Azərbaycan səhnəsində bu və ya digər keyfiyyətləri özündə yaşadan simalar kifayət qədərdir. Belə simalardan biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin məzunu olan və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktrisa kimi çalışan Tamella Bünyadovadır. Onun ilk sənətə sevgisi elə debütün 1976-cı ildə oynadığı "Cırtdan" tamaşasındakı rolundan başlanıb. Tamella xanım həyatda çox ciddi, bəzi hallarda isə insana monoton təsir bağışlayan bir aktrisadır. Lakin o, bu və ya digər obrazların ərsəyə gəlməsində rəngarəng xarakterlər yaratmaq potensialına malik aktrisadır. Demək olar ki, bu teatrın sevilən xanımı Tamella Bünyadovanın yaradıcılığının əsas leytmotivi sənətə həvəsi, zəhmətkeşlik üzərində qurulmuşdur. Tamella xanım Kukla Teatrında 33 illik şərəfli yaradıcılıq yolu keçmiş, teatr salnaməsinə öz imzasını atmış, özünəməxsus lirik, dramatik, zəngin, fitri istedada malik bir sənətkardır. Bu deyilən fikirlərdən çıxış edərək, belə qənaətə gəlmək olar ki, uşaq yazıçılarının böyük bir qismi öz əsərlərinin səhnə uğruna görə Tamella xanıma minnətdar olmalıdırlar. Çünki onların qələmə aldıqları bir çox obrazlar aktrisanın ifasında canlı şəkildə öz əksini tapmışdır. Tamella xanım uşaqların maraq dairəsini bilmək, duymaq, zövqünü düzgün istiqamətləndirmək, onların vətən sevgisi ilə və vətənə məhəbbət uğrunda tərbiyə edilməsi baxımından yaradıcılıq potensialına malik sənətkardır. Onun yaradıcılığını bir-birindən maraqlı, rəngarəng edən yaratdığı obrazlardır ki, onların da hər biri uşaqların məhz düşüncəsinə uyğun bir şəkildə təqdim olunur. Tamella xanım uzun illərdən bəri təsvir edilən qəhrəmanlara - kuklalara öz yüksək aktyorluq sənəti vasitəsilə nəfəs verən, onları canlandıran yaradıcı şəxs kimi uzun illərin yolunda özünün dəsti-xəttini yarada bilmişdir. Onun uğurları sırasında qeyd etməliyik ki, 1988-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" əsərinin tamaşasında oynadığı Hafizə xanım obrazı "Ən yaxşı qadın rolu" mükafatına layiq görülüb. Aktrisa bir sıra beynəlxalq teatr festivallarında iştirak etmiş, xarici ölkələrin qastrol səfərlərində olmuşdur. O, demək olar ki, teatrın repertuarındakı bütün tamaşalarda məharətlə çıxış etmiş, tamaşaçıların sevimli aktrisasına çevrilmişdir. Onun yaratdığı səhnə obrazları sırasında Aytək ("Cunquş"), Şərəbanı ("Parisi dağıdanlar"), Div xala ("Od oğlan"), Dadaş ("Sehirli güzgü") və s. rolları yaradıcılığının əsas güzgüsüdür. Hazırda teatrda nümayiş etdirilən "Məlikməmməd"də Böyük qardaş, Təlxək, Qız, Simurq quşu, "Cırtdan"da Cırtdan, "Çippolino"da Şahzadə oğlan, Limon, "Düməcik"də Köstəba, Qurbağa balası, "Bremen musiqiçiləri"ndə Şahzadə qız və s. uğurlu rollarıdır. Tamella xanımın yaratdığı bir sıra rollar teatrın qızıl fonduna daxil edilmişdir. Peşəkarlıq qabiliyyətini tamaşadan-tamaşaya daha da təkmilləşdirən bir aktrisa kimi uşaqlar tərəfindən sevilir. Tamella Bünyadovanın yaradıcılıq axtarışları davam edir. Eyni zamanda, o, truppa müdiri, həmkarlar təşkilatının sədri kimi teatrın yaradıcı və ictimai həyatında yaxından iştirak edir. 60 yaşını qeyd edən Tamella xanımın yaradıcılıq uğurları və axtarışları onun sənət naxışına öz yeni səhifələrini yazacaq.

 

 

Zümrüd

 

Səs.- 2010.- 2 mart.- S. 12.