Səməd Mənsurun xatirəsi əbədiləşdirildi

 

Prezidentin Sərəncamı ilə yaşadığı binaya xatirə lövhəsi vuruldu

 

2008-ci il 27 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tanınmış şair Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyətinə Səməd Mənsurun yaşadığı binaya xatirə lövhəsinin vurulmasını təmin etmək tapşırılmışdır. Dünən Mədəniyyət Turizm Nazirliyi, Suraxanı rayon icra hakimiyyətinin təşəbbüsü ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun xatirə lövhəsinin açılış mərasimi keçirilib. Rəsmi hissədən sonra Suraxanı rayonu Mədəniyyət Evində şairin həyat yaradıcılığına həsr olunmuş bədii proqram təqdim olunub. Qeyd edək ki, Səməd Mənsur Kazımov Bakıda anadan olmuş, ilk təhsilini rus-müsəlman məktəbində almış, sonralar davamlı mütaliə ilə biliyini artırmışdır. O 1907-ci ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Səməd Mənsur 1905-ci ildən sonra şeirləri ilə mətbuatda çıxış etmiş, 1918-ci ildə "Şeypur" jurnalında baş mühərrir olmuş, "Molla Nəsrəddin" ədəbi parçalar, "Bəsirət" "Tuti" şeirlər çap etdirirmiş, xırda pyeslər yazmışdır. Şəmsəddin Sami bəyin "Gavəyi-ahəngər" əsərini təbdil etmişdir. Bu əsər uzun illər səhnədən düşməmişdir. Səməd Mənsur ömrünün axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışmışdır. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 2 mart.- S. 12.