"Azərbaycan qadınlarının cəmiyyətdə rolu"

 

"Səs" qəzeti bu mövzuda növbəti dəyirmi masa keçirdi

 

"Səs" qəzeti ənənəvi olaraq Azərbaycanın ictimai, siyasi, mədəni həyatında baş verən əhəmiyyətli hadisələrlə bağlı hökumət, dövlət nümayəndələrinin, Milli Məclis üzvlərinin, ziyalıların iştirakı ilə dəyirmi masalar təşkil edir. Dünən belə tədbirlərin davamı olaraq növbəti dəyirmi masa 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan qadınlarının cəmiyyətdə rolu" mövzusunda keçirildi.

Dəyirmi masada YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Cəmilə Ramazanova, "Demokratik Qadın Dünyası" İctimai Birliyininin sədri Vəsilə  Kərimova və qurumun sədr müavini Ruhiyyə Kəlbiyeva, Dövlət Miqrasiya Xidməti Kadrlar və Kadr Hazırlığı idarə rəisinin müavini Vəfa Əsədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Səbail rayon icra hakimiyyəti başçısı aparatı təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, YAP qadınlar şurası sədr müavini, YAP Nərimanov rayon qadınlar şurasının sədri Məhəbbət İbrahimova, YAP Binəqədi rayon Qadınlar Şurasının sədri Məlahət İbrahimova və "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iştirak edirdilər.

"Səs" qəzetinin əməkdaşı Nəzakət Bayramova dəyirmi masanı açaraq qadınların cəmiyyətdəki çoxşaxəli rolundan danışdı və bütün Azərbaycan qadnlarını 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik etdi: "Bu bayramı qeyd etməyə Azərbaycan qadının mənəvi haqqı var. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Ölkənin həyatında yüksək fəallıq göstərir. Bələdiyyə seçkilərində bunun bir daha şahidi olduq. Qadınlarımız xüsusilə fəallıq nümayiş etdirdilər və onlara yüksək, layiqli etimad göstərildi. Qarşıdan parlament seçkiləri gəlir və bu seçki prosesində də, inanırıq ki, qadınlarımız seçkilərdə çoxluq təşkil edəcək, öz güc və potensiallarını ortaya qoya biləcəklər. Belə nüfuza malik olan Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətini daha da gücləndirəcək, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, xalqın rifah halının daha da yaxşılaşmasına öz töhfələrini verəcəklər.

N.Bayramova bu mövzu ətrafında müzakirələrin aparılmasının vacibliyini söylədi.

 

AZƏRBAYCAN QADINI HƏM ƏKİM, HƏM MÜƏLLİM, HƏM MEMAR, HƏM DÖVLƏT QULLUQÇUSU, HƏM DƏ İCTİMAİ-SİYASİ XADİMDİR

 

Cəmilə Ramazanova:

- Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki, respublikanın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. Bu və ya digər amilləri özündə cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır. Bu yaxınlarda keçirilən bələdiyyə seçkilərində də qadınların fəallığı özünü göstərdi. Bizim rayon ərazisində 34 nəfər qadın bələdiyyə seçkilərində yüksək səs topladılar. Bu, çox gözəl bir göstəricidir. Ötən illərdə belə  hallara təsadüf edilmirdi. Bunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsin gözü qarşısında baş vermişdir. Onun qadına verdiyi qiymət, qadınların qurultayındakı çıxışı və Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi  fikirlər, inanıram ki, heç bir qadının yaddaşından silinə bilməz. Bu gün Prezidentimiz İlham  Əliyev, eləcə də, Onun xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər çox dəyərli və qiymətlidir. Onların Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və onu qiymətləndirir. Bu gün qadınlarımızın səsi dünyanın hər yerində eşidilir. Dünya dövlətlərinin yüksək  tribunalarındakı qadınlarımızın çıxışı və onların qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, ümummilli liderin təməlini qoyduğu yol bu gün də  davam etdirilməkdədir.

 

AZƏRBAYCAN QADINI XEYRİYYƏÇİ, MƏRHƏMƏTLİ, İCTİMAİ-SİYASİ FƏALİYYƏTDƏ OLAN BİR VARLIQ OLDUĞUNU DÜNYA İCTİMAİYYƏTİNƏ BİR DAHA SÜBUT ETDİ

 

Məhəbbət İbrahimova:

- Azərbaycan qadını dedikdə, bu gün nümunə olaraq Mehriban xanım Əliyevanı göstərə bilərik. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır. O, dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan qadını xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir insandır. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Qeyd olunduğu kimi, bələdiyyə seçkilərində qadınlara göstərilən etimadfaizin yüksək şəkildə dəyişməsi Azərbaycan qadınının real həyatımızda rolunu göstərən amildir. Mehriban xanım Əliyeva ataana məhəbbətindən uzaq olub, uşaq evlərinə verilənlərin qayğısına qalan, onları himayəyə götürən, həyat şəraitlərini yaxşılaşdırmaq üçün yerləşdikləri mərkəzləri, evləri təmir və bərpa etdirərək, onlar üçün hər cür şəraitin yaradılmasına çalışmış, həyata keçirdiyi layihələr əsasında azərbaycanlı uşaqların maarifləndirilməsi və sağlam ruhda tərbiyə olunmasına yardımçı olmuşdur. Biz də Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva apardığı siyasəti bir nümunə olaraq ictimai fəaliyyətimizdə davam etdirməyə çalışırıq. Rayon təmsilçisi kimi buya digər fəaliyyətimizdə xeyriyyəçi kimi müəyyən işlər görür, imkansız şəxslərə əl tuturuq. Valideyn himayəsindən məhrum olmuş uşaqları, o cümlədən, atılmış valideynləri himayəmizə götürür, onların həyatını normal vəziyyətə düşməsinə çalışırıq. Həmçinin, bayramlarda onların qayğısına qalır və müəyyən hədiyyələrlə könüllərini oxşayırıq. Buya digər addımlar Azərbaycan qadınının mənəvi dəyərlərini üzə çıxarır, onların böyük ürəyə malik olduğunu göstərir. Azərbaycan qadını ictimai-siyasi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik işlərindən də kənarda qalmayıb, öz üzərinə düşən yükü imkanı daxilində reallaşdırır. Humanizm və xeyriyyəçilik kimi məfhumlar Azərbaycan qadınının mənəvi dəyərlərinin göstəricisidir. Mehriban xanım Əliyevanın gördüyü işlər bizim fəaliyyətimizə bir stimuldur. O, nəinki Azərbaycanın daxilində, eləcə də, onun hüdudlarından çox-çox kənarlarda Azərbaycan qadınının nəyə qadir olduğunu göstərir.

 

QADINLARIMIZ İCTİMAİ-SİYASİ FƏALİYYƏTDƏ MƏXSUSİ KEYFİYYƏTLƏRİNİ BÜRUZƏ VERİR

 

Mahirə Əmirhüseynova:

- İlk olaraq bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bu gün Azərbaycan qadını bütün sahələrdə mübariz və dəyanətlidir. O cümlədən, ictimai-siyasi fəaliyyətdə məxsusi keyfiyyətləri ilə seçilir. Belə qadınlarımızla hər bir vətəndaş fəxr edir və onların gördüyü işlərdən və səmərəli fəaliyyətindən bir nümunə götürürük. Azərbaycandan kənarda da belə qadınlarımızla qürur duyuruq. Mən düşünürəm ki, bir qadının görə biləcəyi işi neçə-neçə əks-cinsin nümayəndəsi görə bilmir. Bu mənada ki, Azərbaycan qadını anadır, ailəni idarə edən qüvvədir. Ona görə də, qadın bütün sahələrdə aktiv və fəaldır. Azərbaycan qadınları parlamentdə təmsil olunurlar. Biz Milli Məclisin vitse-spikeri Bahar xanım Muradovayla fəxr edirik. Millət vəkillərimizin sırasında qadınların faizi az olsa da, kişilərlə bərabərlikdə mühüm işlərin öhdəsindən gəlirlər. Milli Məclisdə 14 nəfər qadın millət vəkili kimi təmsil olunsa da, onun sayının az olmasına baxmayaraq, böyük layihələri gerçəkləşdirirlər.

 

MEHRİBAN XANIM ƏLİYEVA DÜNYA MİQYASINDA AZƏRBAYCAN QADINININ  SİMVOLUNA ÇEVRİLİB

 

Mehriban Abasquliyeva:

- Burada qeyd olunan fikirlərə mən qoşularaq, onu deyə bilərəm ki, Azərbaycan xanımı Mehriban xanım Əliyevanın timsalında bütün dünyada öz layiqli yerini tapıb. Mən deyərdim ki, Azərbaycan qadınının potensialının tam şəkildə ortaya qoyulması bu gün cəmiyyətimizdə öz əksini tapmayıb. Müxtəlif tədbirlərdə, təşkilatı məsələlərdə görürük ki, qadınların potensialı daha yüksəkdir. Qadın potensialının lazımi işlərə yönəlməsi məqsədəuyğundur. Xüsusilə, bu, özünü daha çox Azərbaycanın rayonlarında özünü göstərir. Bu gün onların potensial gücünün ortaya çıxması üçün lazımi şəraitin yaradılmasını çox istərdim. İstər ictimai işlərdə, istərsə dövlət qulluğunda çalışmaları üçün onların mövcud gücündən istifadə olunmalıdır. Ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən son bələdiyyə seçkilərində belə bir məsələ qarşıya qoyulmuşdur ki, bu seçkilərdə qadınların fəallığına mütləq önəm verilsin. Nəticədə əldə olunan uğurlar qadın potensialının hansı səviyyədə olduğunu bir daha təsdiqlədi. Bütün bu uğurlarla yanaşı, bizim bütün qadınlarımız çalışmalıdırlar ki, xanımlarımızın fəallığı daha da artsın onlar yüksək təbəqələrdə təmsil olunsunlar. Çünki biz lazımi potensialı Azərbaycan qadınının timsalında görürük. Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilmişdir. Onun genişmiqyaslı fəaliyyəti, fikirləri söyləməyə imkan verir. Hər bir Azərbaycan xanımı çalışmalıdır ki, gördüyü işlər ilə Azərbaycanın dövlətçiliyinin qorunmasına onun dünyada lazımi səviyyədə təbliğinə nail olsun.

 

AZƏRBAYCAN QADINI HƏR SAHƏDƏ ÖZÜNÜ GÖSTƏRİR

 

Tənzilə Rüstəmxanlı:

- Mən, ilk növbədə, "Səs" qəzetinin kollektivinə öz təşəkkürümü bildirirəm ki, belə bir mövzu ətrafında dəyirmi masa təşkil edib, Azərbaycanın ictimai-siyasi həyatında rolu olan qadındarımızı bir araya gətirib. Dəfələrlə mən bu müzakirələrdə iştirakçı olmuşam. Müxtəlif mövzular üzərində qurulmuş maarifləndirici, Azərbaycanın ictimai-siyasi həyatı ilə sıx bağlı olan mövzular ətrafında dəyirmi masalar əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, hər bir cəmiyyətin mədəniyyəti, səviyyəsi onun qadınına olan münasibəti ilə ölçülür. Təbii ki, bu gün cəmiyyətimizdə qadınların problemi yox dərəcəsində deyildir. Onu da etiraf edək ki, qadın problemi bütün ölkələrdə mövcuddur. Bir məqamı diqqətinizə çatdırım ki, televiziya vasitəsilə, eləcə , mətbuatda Azərbaycan qadınının aşağı səviyyədə təqdimatı gedir. Mən hər zaman onun əleyhinə olmuşam. Avropa ölkələrində məgər qadına təcavüz olunmur? Amerika Kanada kimi ölkələr qadına təcavüz edilən  məkan kimi birinci yer tutmuşlar. Mən düşünürəm ki, Azərbaycan qadınının təqdimatı da əsas məsələlərdən biridir. Azərbaycan qadını hər sahədə özünü göstərir. Amma bu, yetərlidirmi? Bu gün gənc qızlarımız dünya ölkələrində təhsil almaq hüququna malikdirlər. Bu, Azərbaycan xanımlarının nailiyyətlərindən xəbər verir. Onları geri dönərkən istiqamətləndirib, lazımi işlərlə təmin etmək vacib məsələlərdəndir. Cəmiyyətin 51 faizini qadın təşkil edirsə, parlamentdə 14 nəfərin təmsilçi olması çox az bir rəqəmdir. İnanıram ki, Azərbaycan dövlətində buna böyük bir diqqət yetiriləcək.

 

 

(Ardı var)

 

Nəzakət ƏLƏDDİNQIZI,

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2010.- 4 mart.- S. 8-9.