"Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı - 2010" adlı tədbirə start verilib

 

 Gəncə şəhərinin Dövlət Dram Teatrında "Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı - 2010" adlı tədbiri start verilib.

 Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu il üçün Xalq Yaradıcılığı Paytaxtları ilə əlaqədar keçirildi. Tədbirin əsas mahiyyəti Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi irsini qorumaqdan və əsrlərdən - əsrlərə ötürməkdən ibarətdir.

 Tədbiri giriş sözü ilə Gəncə şəhər icra hakimiyyəti başçısının müavini A.Ələkbərov açıq elan edib. O, qeyd etdi ki, 2010-cu il Gəncə şəhərinin tarixində və gəncəlilərin yaddaşında xüsusi iz buraxacaqdır. İl ərzində şəhərdə maraqlı tədbirlər keçiriləcəkdir.

 Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi bölməsinin müdiri Lətifə Məmmədova gəncəliləri və şəhərin qonaqlarını salamlayaraq, onları bu tədbirlə əlaqədar təbrik edib və mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin ən səmimi və xoş arzularını mərasim iştirakçılarına çatdırıb. L.Məmmədova çıxışında qeyd edib ki, qeyri-maddi mədəni irsin qorunması və təbliği sahəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən islahatların aparılması planlaşdırılıb. Bu məqsədlə nazirlik tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı təsdiq edilmişdir. 2010-cu il üçün "Gəncə -  Azərbaycanın Əfsanələr Paytaxtı", "Qazax - Azərbaycanın Folklor Paytaxtı", Şəki isə Azərbaycanın sənətkarlıq paytaxtı elan olunmuşdur. Bütün tədbirlərin keçirilməsində çıxış edən natiq gəncəlilərə uğurlar və müvvəfəqiyyətlər dilədi.

 Gəncə şəhər mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova tədbiri yekunlaşdıraraq Mədəniyyət və Turizm Nazirliyinə, Gəncə şəhər icra hakimiyyətinə öz təşəkkürünü və minnətdarlığını bildirib və qeyd edib ki, mədəniyyət işçilərinin səyi nəticəsində il ərzində keçirilən tədbirlər yüksək peşəkarlıqla keçiriləcək və Gəncənin adət və ənənələrinin, mentalitetini yaşadacaq.

 Tədbirin sonunda Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri, Dövlət Kamera Orkestrinin, habelə, rəqs ansambllarının iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

 Tədbirin keçirilməsi ilə əlaqədar Gəncə şəhər Mərkəzi Kitabxanasında "Azərbaycan xalqının tarixi", "Azərbaycan nağıl və dastanları", "Qədim Gəncə" adlı kitab sərgiləri təşkil olunmuşdur.

 

 

Zümrüd

 

Səs.- 2010.- 12 mart.- S. 12.