Bu gün Torpaq çərşənbəsidir
Bu insanın həyata gəlişi
və həyatın canlanması ilə əlaqədardır
Milli-mənəvi dəyərləri ilə yer üzündə tanınan Azərbaycan xalqı zaman-zaman yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, gözəl adət-ənənələri, milli xüsusiyyətləri dünya xalqları arasında özünəməxsus yer tutmuşdur. Xalqın tarixi ilə aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu öz maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələri yaşayaraq bizim əsrə, yəni yüzilliyə qədər gəlib çatmışdır. Hər il müsəlman dünyasının böyük həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadan gündür. Bu bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş su, od, yel və torpaq çərşənbələri qeyd olunurdu.
Xalqın erkən
düşüncəsində yaratdığı çərşənbələrlə
bağlı ayin və etiqadları, adət-ənənələri
yaşatmaq hər kəsin mənəvi
dünyasının tələbatından irəli gəlir.
Belə bir mahiyyətə malik
olan Novruz
bayramının beynəlxalq miqyasda Beynəlxalq
Gün kimi qəbul
edilməsi artıq dünyada buna olan münasibətdə
dəyişiklik, eləcə də, astroloji
faktlar buna
marağın yaranması ilə əlaqədardır. Bu dörd çərşənbənin
qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın
həyata gəlişi və həyatın canlanması ilə
əlaqədardır.
Qeyd edim ki,
dünyanın müxtəlif ölkələrində Novruz
bayramı qeyd olunur. Belə ki, bu bayram İranda, Türkiyədə,
Pakistanda, Orta Asiyada və digər müsəlman dövlətlərində
təntənəli bir şəkildə yaşanır. Bu fakt
da dünya miqyasında bir baxış kimi diqqətdədir. Minilliklərin sınağından
çıxaraq, bu günə gəlib çatmış
Novruz bayramını hələ Azərbaycan Sasanilər
dövlətinin tərkibində olduğu zaman qeyd etmişdir. Uzun illər
aparılan arxeoloji qazıntılar bunu təsdiqləyir.
Daş dövrünə aid olan əşyalar qazıntılar
zamanı əldə olunan mənəvi mədəniyyət
abidələrimiz Novruz bayramının qədim tarixi
olduğunu bir daha təsdiqləyən əsas dəlillərdir.
Novruz süfrəsinin əsas bəzəyi olan şamdanın,
dörd ayaqlı səməni qabının və başqa əşyaların
tapılması, məhz tarixi baxımdan bu el bayramının
tarixi qədimliyini sübuta yetirir. Azərbaycanın
böyük klassikləri olan Nizami Gəncəvi, Şah
İsmayıl Xətai, Xaqani kimi dahilərimiz baharın gəlişini
əks etdirən nümunələr yaratmışlar. Hətta
Novruz bayramına həsr olunmuş şeirlər, musiqilər
belə bəstələnmişdir.
Novruz sözün
etimologiyasına diqqət etsək, görərik ki, bu
sözün həqiqi mənası yeni günün
başlanması deməkdir. Novruz bayramına qədər
insanlar dörd çərşənbəni qeyd edirlər. Bu
da təsadüfi hal deyil. Belə ki, bayramın gəlişi
zamanı bayram əhvali-ruhiyyəsi yaşanır və
müjdə verilir. İnsan dörd ünsürdən yaranmışdır.
Novruzaqədərki çərşənbələri
ulularımız Su, Od, Yel, Torpaq deyə
adlandırmışdılar. Rəmzi məna daşıyan
çərşənbələri ulu babalarımız bayram
hesab etmişdilər. Torpağa nəfəs gəlir. Təbiət,
eləcə də, bütün canlılar oyanır. Su müqəddəslik
rəmzidir, həyatın başlanğıcıdır. Elə
Novruzun rəmzi olan səməni də su ilə göyərir.
Rəmzi məna daşıyan çərşənbələri
ulu babalarımız bayramdan da irəli hesab etmişlər. Baharın
gəlişi yeni bir həyatın
başlanğıcıdır.
Ardıcıllıqla
qeyd edilən çərşənbələr
sırasında bu gün qeyd etdiyimiz sonuncu çərşənbə
torpaq çərşənbəsidir. Xalq arasında torpaq
çərşənbəsi "İlaxır çərşənbə",
"Yer çərşənbəsi", "Çərşənbə-suri"
kimi də adlanır. Torpaq çərşənbəsində
torpağa istilik gəlir və bütün təbiət
oyanmağa başlayır. Bununla bağlı xalq arasında
bir çox inanclar yaranmışdır. Dörd ünsürdən
sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha
böyük güc alır. İnsanlar yoxsulluq və
qıtlıqdan, çətinlik və məhrumiyyətdən
xilas olurlar. Bu inamla bağlı xalq arasında
yazılmış mifoloji təsəvvürə görə
insanların qıtlıqdan, yoxsulluqdan əziyyət çəkdiyi
bir zamanda Sel, Atəş, Yel, Torpaq Xatunun yeraltı məbədinə
qonaq gəlirlər. Burada yatmış torpaq Xatunu oyadıb,
insanların aclıq və qıtlıq çəkdiyini ona ərz
edirlər. O zaman Torpaq Xatunu yerindən qalxaraq "Adamları
fəlakətə salan, özü fəlakətə
düşər" deyir və beləliklə, Sel, Atəş,
Yel və Torpaq Xatun əl-ələ verib:
Zəmzəm gəldi,
Atəş gəldi,
Yel gəldi,
Təzə ömür,
təzə məhsul,
il gəldi
- deyə oxuya-oxuya
işıqlı dünyaya çıxırlar. Deyilənə
görə, həmin gün ilaxır çərşənbə
idi. Selə, Atəşə, Yelə və Torpağa
tapınmanı, bütövlükdə, özündə əks
etdirən ilaxır çərşənbələrin islamdan
və zərdüşlükdən əvvəlki
görüşləri ilə bağlı olduğunu göstərir.
Axır çərşənbə bəzən yanlış
olaraq Yellə bağlı da izah edilir. Lakin mənbələrə
və müşahidələrə əsaslanaraq, demək
mümkündür ki, Novruz torpağın oyanması, yəni
əkin mövsümünün başlanması ilə səciyyələnir.
Torpaqdan əvvəl oyanan Su, Od və Yelin başlıca məqsədi
torpağı oyatmaqdır. Axır çərşənbə
mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha
çox zəngindir. Bu çərşənbədə əvvəlki
çərşənbələrdə icra olunan bütün
ayinlər kütləvi xalq
şənlikləri kimi qeyd olunur. Şənliklər sübh
tezdən suya tapınma ayini ilə başlanır. Adamlar su
üstünə çıxıb, su üstündən
atdanaraq, dərdini, arzusunu suya danışıb, ondan imdad diləyirlər.
Gün ərzində müxtəlif ayinlər keçirilir.
Axır çərşənbənin axşamı şənliklər
daha da güclənir. Tonqallar alovlanır, bacalardan torbalar
atılır, qulaq falları qurulur və xoş ovqatlı
ayinlər həyata keçirilir. Bu çərşənbə
ilə bağlı olan ayinlər zaman-zaman yaşanır və
xalq öz milli Novruz bayramını böyük əhvali-ruhiyyə
ilə qeyd etmiş və bu gün də ruh yüksəkliyi
insanların mənəvi dünyasında yaşayır.
Çərşənbə
axşamı ilə bağlı müxtəlif inanclar, ayinlər
və s.mövcuddur - inanclar: çərşənbə
axşamı libas üstə libas geyən heç vaxt
çılpaq olmaz, çərşənbə axşamı
qulağı cingildəyənə müjdə gələr. Çərşənbə
adətləri: axır çərşənbə
günü ilin müqəddəs yeməkləri 7 cür
xörək və ya şirniyyat bişirilir, səməni
halvası hazırlanır. Axır çərşənbə
süfrəsində yeyilmiş balığın çanaq
sümüyünü iki barmaq arasından atarlar. Arxası
üstə düşərsə ürəyinizdəki niyyət
etdiyiniz ilk övladınız qız, üzü üstə
düşərsə, oğlan olacaq. Sınamalar: ilk olaraq
göyərçinlər əkin-biçin sahəsindən
uçarsa, həmin il bolluq ili olacağını göstərir.
Əgər əks-halda quru yerlərə evlərin damına
qonarlarsa, il quraqlıq, kasadlıq ili olacağını
göstərir. Bayram süfrəsi üçün göyərdilmiş
səməninin ortadan saralması qıraqlarının
yaşıl qalması ilin taxıl qıtlığı
olacağına işarədir.
Son çərşənbədə
həyət-bacada tonqallar qalanır, insanlar tonqalın
üstündən atılıb
ağrı-acılarının oda tökülməsini arzu
edirlər: "ağırlığım-uğurluğum,
qadam-balam tonqalda yansın", yaxud
"ağırlığım-uğurluğum odlara, tonqaldan
mənimlə atılmayan yadlara". Burada məqsəd
qışdan qalan dərdin, ağrı-acının adamın
canından tökülməsi, insanın sağlam ruhla, saf qəlblə
bayrama qovuşmaq istəyidir.
Həmin gün bayram
süfrəsində balığın olması bərəkət
rəmzi hesab edilir. Bişmiş və ya qurudulmuş
bütöv balığı süfrəyə gətirər,
bir tərəfinə su, digər tərəfinə isə
düyü qoyar, balığın gözünə baxıb,
arzu tutarlar. Sonra balıqdan bir az yeyər və inanarlar ki,
arzular tezliklə çin olacaq.
Qulaq falına
çıxmaq, qapılara papaq atmaq bu bayramın tərkib hissələridir.
Küsülüləri barışdırmaq, xəstələrə
baş çəkmək, körpələrə yeni libas
almaq da bu bayrama aid xüsusiyyətlərdəndir. Bu günə
el arasında həm də niyyət, dilək çərşənbəsi
deyilir. İnanca görə, həmin gün ürəkdə
tutulan xoş diləklərin hamısı hasil olur. Odur ki, həmin
gün mütləq xoş sözlər
danışılmalıdır. Axı kimsə qulaq falına
çıxıb qapıya gələ bilər. Çərşənbə
axşamı ailədə könül açan sözlər
danışıb, dava-dalaş etməzlər ki, qulaq
falına çıxan şəxs xoşagəlməz ifadələr
eşidib evinə ümidsiz dönsün. Süfrənin əsas
bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi
olan yumurta bir də baharın gəlişini əks etdirən
səmənidir. Novruz sevinci, əhvali-ruhiyyəsi ilə
yaşayan xalq ta qədimdən bu bayramı təkcə evdə
keçirməklə kifayətlənməmiş, rəsmi bir
şəkildə (sovet rejimində olan məlum səbəblərə
görə qadağa olunmuş illəri nəzərə
almasaq) qeyd etmişlər.
Bu gün ilin son çərşənbə bayramıdır. Çərşənbələrin sultanı hesab
edilən Torpaq çərşənbəsinin qədimdən bir çox özünəməxsus
adət-ənənələri olub və indi
də yaşamaqdadır.
Qeyd etdiyimiz kimi Su, Od,
Yel çərşənbələrindən
sonra gələn Torpaq çərşənbəsi
torpağın oyanmasına
işarədir.
Bu gün bayram
münasibətilə Bakıda təntənəli mərasim
keçiriləcək. Atəşgahdan götürülən
od faytonların və atlıların müşayiəti ilə
şəhərin mərkəzinə gətiriləcək.
Evinizin xeyir-bərəkəti,
ruzisi bol olsun, ocağınız gur yansın! Bayramınız
mübarək!
ZÜMRÜD
Səs.- 2010.- 16 mart.- S.16.