Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası Azərbaycanın inkişafının əsasını təşkil edir

 

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərovun yap.org.az-a müsahibəsi

 

- Valeh müəllim, bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf etməkdə, böyük uğurlar qazanmaqdadır. Amma bu da məlumdur ki, "Əsrin müqaviləsi"nin imzalanmasına qarşı müqavimətlər olub, xarici dövlətlərlə çətin danışıqlar aparlıb. Ümumiyyətlə, o zaman həmin danışıqlarda iştirak edən şəxs kimi prosesləri necə xatırlayırsınız?

 

- Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın neft strategiyasından danışanda o zaman ölkədə, neft-qaz sənayesində gedən prosesləri xatırlamamaq olmur. 1980-ci illərin sonunda artıq qəbul edilirdi ki, müasir Qərb texnologiyalarını, avadanlıqlarını və böyük həcmdə tələb olunan maliyyə resurslarını cəlb etmədən, tətbiq etmədən Xəzər dənizinin dərin sularında yerləşən neft-qaz ehtiyatlarının kəşfiyyatını, işlənməsini təmin etmək mümkün olmayacaq. Hətta o da qəbul edilirdi ki, bu işlərin uğurla aparılması üçün mütləq tanınmış xarici şirkətlər də cəlb edilməlidir.

1990-1993-cü illərdə çoxsaylı xarici şirkətlərlə, maliyyə-kredit institutları ilə görüşlər keçirilirdi, danışıqlar aparılırdı, tenderlər keçirilirdi, hətta bu tenderlərin qalibləri elan edilirdi, protokollar, meomrandumlar, başqa sənədlər imzalanırdı. Ancaq nəticə yox idi! Nəticə deyəndə söhbət nədən gedir - imzalanmış və hüquqi qüvvəyə minmiş anlaşma, saziş; bunun davamı olaraq qoyulmuş sərmayələr, başlanmış işlər - bunlar yox idi. Bunlar ola da bilməzdi, çünki o zamanlar hakimiyyətdə olanların arasında beynəlxalq iqtisadiyyatın, maliyyə-kredit sisteminin, ümumilikdə, beynəlxalq siyasətin və konkret olaraq milli təbii ehtiyatların kəşfiyyatı, işlənməsində xarici şirkətlərin cəlb edilməsinin qanunvericilik, hüquqi, idarəetmə və s. əsaslarını, incəliklərini mükəmməl bilən, böyük təcrübəsi olan, beynəlxalq dairələrdə nüfuzu olan, biliyinə, təcrübəsinə, nüfuzuna millətin hörməti və ehtiramına, inam və dəstəyinə arxalanıb, müsbət və mənfi məqamları, riskləri nəzərə alıb uzunvədəli neft-qaz stratategiyasını, bu strategiya ilə bərabər və buna əsaslanan iqtisadiyyatın başqa sahələrinin inkişaf strategiyasının işlənməsini və həyata keçirilməsini təmin edə bilən, bu prosesi idarə edə bilən, bunlarla bağlı bütün məsulliyəti öz üzərinə götürə bilən siyasi lider yox idi.

- Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bu proseslərə nə dərəcədə təsir etdi?

- 1993-cü ilin iyun ayında, faktiki olaraq, Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Azərbaycan dövlət olaraq parçalanma ərəfəsində idi, Ermənistanın Azərbaycana qarşı təcavüzü genişlənərək davam edir, bir sözlə, ölkə ictimai-siyasi, iqtisadi, maliyyə böhranında idi. Bu gərgin şəraitdə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə Ümummilli Liderimiz Heydər Əliyev gəldi. Çoxları və birinci növbədə xarici neft şirkətləri, onları dəstəkləyən dövlət və hökumətlər, beynəlxalq maliyyə qurumları gözləyirdilər ki, bu böhrandan çıxış olaraq xəzinəsində bir quruş parası olmayan və təcili maliyyə yardıma ehtiyacı olan dövlətin yeni rəhbərliyi "Azəri-Çıraq-Günəşli" neft yataqlarına dair kontraktın imzalanmasını məcburiyyət qarşısında tezləşdirərək. Ancaq hadisələr başqa istiqamətdə inkişaf etdi. Xarici neft şirkətləri ilə danışıqlar, faktiki olaraq, dayandırıldı. O zaman, o şəraitdə bu qərarı verən şəxs nə qədər səbirli, dözümlü olmalı idi, hansı iradənin sahibi olmalı idi - bunları bu gün də təsəvvür etmək adi insan üçün çox çətindir. Eyni zamanda, bu qərarı verən şəxsin nə qədər müdrik, uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi.

Azərbaycanın xarici neft şirkətləri ilə "Azəri-Çıraq və Günəşli" yatağının dərin sularda yerləşən hissəsinə dair sazişlə bağlı danışıqlara hazır olduğu, ancaq 1994-cü ilin may ayında elan edildi, sonrakı hadisələr göstərdi ki, bu 10 ay ərzində (iyul 1993 - may 1994-cü il) Azərbaycanın uzunmüddətli, ancaq bir saziş ilə, ancaq neftqaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi ilə məhdudlaşmayan, çoxşaxəli, onlarla illəri əhatə edən neft-qaz strategiyası üzərində gərgin işlər aparılırmış.

- Bu müqavilənin imzalanma mərasimi təntənəli oldu. Bir sıra dövlətlərin yüksək səviyyəli hökumət üzvləri də mərasimdə iştirak edirdi. Həmin şəxslərin iştirakının önəmi nədən ibarət idi?

- İllər keçdikdə, Ulu Öndərin neft-qaz strategiyasının uğurlarını gördükcə, yaşadıqca bu strategiyanın hüquqi, qanunvericilik, iqtisadi nəticələri, regional siyasətə, regionda, Avrasiya məkanında güclər balansına, geosiyasi tarazlığa təsirlər açıqlandıqca, başa düşürsən ki, Heydər Əliyevin neft-qaz strategiyasını izah etmək, şərh etmək, təhlil etmək bir adamın işi deyil, bir yazı ilə əhatə edilən deyil. Ancaq, bu strategiyanın böyüklüyü, zənginliyi ayrı-ayrı misallarda da göründüyündən, cəhd edib bəzi məqamlara toxunmaq olar.

"Azəri-Çıraq-Günəşli" layihəsini əhatə edən sazişə dair danışıqlar zamanı xarici şirkətlər ən böyük risklər kimi bəzi məsələləri ortaya qoymuşdular və bəyan etmişdilər ki, saziş imzalansa da bu risklər, onları qane edən şəkildə həll edilməyincə şirkətlərin sərmayə qoyub yataqların dəyərlərindirilməsini, işlənməsini təmin edib, neft hasil etmək öhdəlikləri olmamalıdır. Bu risklərdən də ən önəmlisi kimi Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi göstərilirdi. Vəziyyət o yerə gəlmişdi ki, 1994-cü ilin iyul ayından aparılan danışıqlar, faktiki olaraq, dayanmışdı və nəticə olaraq ARDNŞ-nin birinci vitse-Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşüb beynəlxalq hüquq normalarına, müvafiq sazişlərə və təcrübəyə əsaslanaraq, bu tələbin əsassız olduğunu isbat edə bildixarici şirkətlər tələblərini geri götürməli oldular. Ancaq ümumilikdə götürəndə, əlbəttə problem var idi və gələcəkdə bu, kəşfiyyat və işlənmə işlərinin ləngiməsinə gətirib çıxara bilərdi.

Azərbaycan tərəfinin təkidi ilə sazişdə mütləq bir şərt öz əksini tapdı: saziş qüvvəyə minəndən 30 ay ərzində xarici şirkətlər bu yataqlardan neft hasilatına başlamasalar Azərbaycan tərəfi bu sazişə birtərəfli xitam verə bilər və xarici şirkətlər tərəfindən xərclənmiş vəsaitləri ödəmək öhdəliyi olmayacaq. Daha önəmli və strateji əhəmiyyətli gedişat ondan ibarətdir ki, sazişin adında və dəfələrlə mətnində də yazılmışdı: "...Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq" yataqları və "Günəşli" yatağının...".

20 sentyabr 1994-cü ildə bu sazişin təntənəli imzalanma mərasimində sazişi imzalayan şirkətlərin səlahiyyətli nümayəndələri ilə bərabər həm də bunların təmsil etdiyi ölkələrin (ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə) yüksək rütbəli hökumət rəsmiləri var idi. Şirkətlərin rəhbərləri "Əsrin müqaviləsi" kimi tanınmış sazişi imzalayandan sonra, saziş imzalanmaq üçün hökumət rəsmilərinə (şahidlər qismində!) təqdim edildi. Müvafiq prosedurlardan sonra bu saziş Milli Məclisdə ratifikasiya edilib hüquqi qüvvəyə mindi (faktiki olaraq, -beynəlxalq saziş statusunda) və beləliklə, saziş əhatə etdiyi dəniz ərazisinin, bu yataqların Azərbaycana məxsus olması yeni tarixdə rəsmi, beynəlxalq sənədlə tanındı və bizim üçün həyatı önəm daşıyan beynəlxalq, hüquqi presedent yarandı. Bununla, həm də Xəzər dənizinin delimitasiyasının sivil, beynəlxalq normalara, sazişlərə və təcrübəyə müvafiq şəkildə həll olunmasının təməli qoyuldu. Bu prosesin davamı olaraq, məlum olduğu kimi, Rusiya, Qazaxıstan, Azərbaycan arasında Xəzər dənizinin delimitasiyasına dair iki və üçtərəfli sazişlər imzalandı və əminəm ki, başqa ölkələrində bu sazişlərə qatılmasını görəcəyik.

- Neft strategiyasının reallaşmasında, Azərbaycan neftinin dünya bazarına çıxarılmasında ixrac kəmərlərinin də rolu hər kəsə məlumdur. İstərdik, bu məsələnin tarixi haqqında da danışasınız. Bir neçə istiqamətdə neft kəmərlərinin çəkilməsi ideyası necə yarandı?

- Prezident İlham Əliyev bir neçə il bundan əvvəl çıxışlarından birində deyəndə ki, Azərbaycan hasil etdiyi neft və qazı dünya bazarlarına artıq yeddi (!) boru kəməri vasitəsi ilə ixrac edə bilər, tədbirdə iştirak edənlərin bəziləri təəccüblə bir-birinə baxdı, bəziləri bunu tərcümə səhvi kimi anladı, bəzilərinin də ürəkləri qürurla doldu - bir neçə il bundan öncə dünya bazarlarına heç bir boru kəməri olmayan Azərbaycan bu gün istədiyi istiqamətdə, istədiyi istehlakçıya, məqbul bildiyi şərtlərlə neftini, qazını ixrac edə bilər. Əlbəttə ki, bu imkanlar Heydər Əliyevin neft-qaz strategiyasının və bu strategiyanı məharətlə təkmilləşdirərək həyata keçirən Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

"Əsrin kontraktı" imzalanmamışdan öncə, xarici sərmayəçilər (söhbət milyardlarla ölçülən sərmayələrdən gedirdi) ən böyük risklər və qeyri-müəyyənliklər sırasında həm də açıq dənizlərə ixrac boru kəmərlərinin olmamasını görürdü. Nəzərə alsaq ki, "Əsrin kontarktı" çərçivəsində yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 1995-ci ilin əvvəlindən fəaliyyətinə başladı və kontraktın şərtlərinə uyğun olaraq 1997-ci ilin ikinci yarısında artıq neft hasilatına başlamalı idi və təbii ki, bu neft dünya bazarlarına ixrac edilməli idi. Çoxları inanmırdı ki, cəmi 30 ay içində, hətta hasil edilən neftin boru kəməri vasitəsi ilə sahilə nəql edilməsi təmin edilsə belə, bu nefti ən yaxın məsafədə olan Qara dəniz limanlarına çatdıra bilən boru kəmərini tikmək mümkün olar.

İqtisadiyyatın siyasi ölçüsünü, siyasətin iqtisadi ölçüsünü dərindən bilən və bunlardan məharətlə istifadə edə bilən Ulu Öndərimizin qərarı ilə Rusiya ilə danışıqlar başlandı. Məqsəd - Rusiyanın Volqaboyu, Ural və Qərbi Sibirdəki neft yataqlarını Qara dənizdəki ixrac limanı Novorossiysklə birləşdirən boru kəmərlərindən, bu neftlərin bir hissəsini bir zaman Bakı emal zavodlarına çatdıran boru kəmərini əks istiqamətdə (Bakı-Novorossiysk) istifadəsini təmin edən sazişlərin razılaşdırılması idi. Danışıqlar çox çətin şəraitdə keçsə də - çətinliklər də birinci növbədə Rusiya tərəfinin bu sazişlərlə Azərbaycan neftinin ixracını birdəfəlik ancaq öz kəmərlər sisteminə bağlamaqticari şərtlərin sazişlərin qüvvədə olduğu müddət ərzində dəyişmək hüququna malik olmaq istəyindən və bunlarında Azərbaycan nümayəndələri tərəfindən heç bir variantda və şəkildə qəbul etməməsindən yaranırdı - Heydər Əliyevin şəxsi müdaxiləsi nəticəsində ədalətli bir dövlətlərarası saziş imzalandı və bu gərgin prosesin sonunda 1997-ci ilin sonunda Bakı-Novorossiysk boru kəməri istismara buraxıldı.

Bununla da, həm ARDNŞ-in hasil etdiyi neftin ixracı üçün, həm ABƏŞ-in istehsal etdiyi neftin ixracı üçün yol açıldı! Sözsüz ki, bunlarla bərabər Rusiya ilə də siyasi, ticari münasibətlərdə də yeni imkanlar açılırdı. Başqa bir önəmli məqamda qeyd edilməlidir - "Azəri-Çıraq-Günəşli" kontrakt sahəsində hasil edilən neftin Rusiya ərazisindən dövlətlərarası saziş çərçivəsində nəql və ixrac edilməsi faktı həm də Azərbaycanın Xəzər dənizinin delimitasiyasına dair beynəlxalq hüquq normalarına, beynəlxalq sazişlərə və təcrübəyə əsaslanan mövqeyinə de-fakto bir dəstək verirdi. Adları çəkilən yataqlarda hasil edilən neft dövlətlərarası sazişlə tənzimlənən münasibətlər çərçivəsində iki dövlətin ərazisindən keçən boru kəməri vasitəsi ilə ixrac edilirsə, deməli, bu yataqlar artıq mübahisə predmeti deyil!

Bakı-Novorossiysk boru kəmərində bərpa işləri hələ başlamamış Ulu Öndər tərəfindən ARDNŞ və ABƏŞ rəhbərliyinə Bakı-Xaşuri (Gürcüstan) neft məhsulları boru kəmərinin vəziyyətini öyrənmək və bundan istifadə edərək Xəzər dənizini Qara dənizlə birləşdirən boru kəmərinin inşasına hazırlaşmaq tapşırığı verildi. Bu qərar bəzilərini təəccübləndirdi, bəzilərinin (xarici şirkətlər, maliyyə qurumları və s.) narazılığına səbəb oldu. Onları da başa düşmək olardı - təcrübədən məlum idi ki, gərək Bakı-Novrorssiysk kəməri istismara buraxılmalı idi, sonradan bunun keçiriləcəyinin artırılması imkanları öyrənilməli və təhlil edilməli idi, hasilat artdıqca addım-addım keçiricilik də artırılmalı idi, buna da həm zaman, həm əlavə vəsait tələb olunacaq.

Sonrakı hadisələr, bu qərarın həm siyasi, həm iqtisadi cəhətdən nə qədər uzaqgörən və səmərəli olduğunu açıq-aydın göstərdi. Bir sözlə, müvafiq dövlətlərarası, dövlət və şirkətlərarası sazişlər imzalandı, layihənin parametrləri, maliyyə mənbələri müəyyən edildi və 1997-ci ilin sentyabr ayında layihənin icrasına başlandı. 1999-cu ilin aprel ayında Bakı-Tbilisi-Supsa boru kəməri (850 km yaxın uzunluğu olan) nasos stansiyalarınla, Supsada inşa edilmiş terminal və limanla təntənəli şəraitdə istismara buraxıldı. Bu hadisədən cəmi yeddi ay keçməmiş 1999-cu ilin noyabr ayında İstanbulda Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinə dair dövlətlərarası saziş (buna əlavə edilmiş tranzit ölkələrinin hökumətləri və bu layihənin gələcək investorları, iştirakçıları arasında imzalanacaq sazişlərlə) imzalandı. Bundan bir il keçməmiş Cənubi Qafqaz Qaz Boru kəməri layihəsinə (Azərbaycan qazını Azərbaycan, Gürcüstan ərazisi ilə Türkiyəyə və gələcəkdə başqa ölkələrə çatdıra bilən) dair Azərbaycan və Gürcüstan arasında dövlətlərarası saziş imzalandı və qısa müddətdən sonra eyni dəhlizdə yerləşən bu layihələrin inşasına başlandı.

Sadaladığım boru kəmərlərinə dair danışıqların aparılması, müvafiq sazişlərin imzalanması, qüvvəyə minmə zaman və tarixlərini təhlil edəndə görünür ki, bunların hamısı əvvəlcədən ölçülüb-biçilmiş, hesablanmış, uzunmüddətli bir strateji planın hissələri idi. Bu strateji plan və ümumiyyətlə, Heydər Əliyevin neft-qaz strategiyası o qədər məharətlə və bütün məqamları, o cümlədən, mümkün ola bilən təzyiqləri, siyasi oyunları, təxribatları nəzərə alan, əsalandırılmış şəkildə hazırlanıb və həyata keçilirdi ki, bu planların, bu strategiyanın qarşısını heç kim ala bilmədi.

- Enerji təhlükəsizliyi məsələsi dünyanın qlobal probleminə çevrilib. Belə bir şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında nə deyə bilərsiniz?

- Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu haqqında danışarkən bir neçə məqamı nəzərə almalıyıq:

- Azərbaycanın zəngin neft-qaz ehtiyatları (mövcud ehtiyatlar və gələcəkdə kəşf ediləcək ehtiyatlar);

- Azərbaycanın, Xəzər dənizinin neft-qaz ehtiyatlarını (tək Azərbaycan sektorunda yox, həm də qonşu ölkələrə məxsus olan sektorlarda) Avropa bazarlarına çatdıra bilən nəqliyyat infrastrukturu (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa, Bakı-Novorossiysk ixrac neft boru kəmərləri; Cənub Qafqaz ixrac qaz boru kəməri - daha çox Bakı-Tbilisi-Ərzurum kimi tanınan kəmər; dəmir yolu);

- Azərbaycanın, beynəlxalq əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində olan təcrübəsi və qüdrəti;

- Azərbaycanın sözünə, vədinə, imzaladığı sənədlərə sadiqliyi (zamanla yoxlanılmış, çətin sınaqlardan keçmiş);

- Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunması və bunlara əsaslanan dayanaqlı sosial-iqtisadi inkişafın təmin edilməsi.

Sözsüz ki, Xəzər dənizinin neft-qaz ehtiyatlarının Avropa enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri var və bu ehtiyatlara Avropa bazarında ehtiyac ildən-ilə atracaq.

Təbii ki, Azərbaycanın mövcud ixrac-tranzit infrastrukturuna, bu infrastrukturun genişlənməsinə də ehtiyac artacaq.

Yuxarıda sadaladığım məqamları da nəzərə alsaq, qəbul etməliyik ki, Azərbaycanın iştirakı, Azərbaycanın dəstəyi olmadan, Azərbaycanın maraqları nəzərə alınmadan, hər hansı beynəlxalq əhəmiyyətli enerji layihəsinin icrası mümkün deyil.

- Bu gün ölkəmiz inkişafı baxımdan dünyada ən öndə gedən dövlətlərdən biridir və artıq Azərbaycanın iqtisadi inkişaf modeli aparıcı beynəlxalq institutlar tərəfindən öyrənilməkdədir. Bu mənada, Azərbaycanın inkişaf modelinin formalaşmasında neft strategiyasının rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycanın son 15 illik inkişaf tarixini təhlil edən hər bir kəs, razılaşar ki, neft strategiyası, ölkəmizin bütün sahələrinin - ictimai-siyasi, iqtisadi, sosial, mədəni və s. inkişafını əhatə edən geniş strateji planın bir hissəsidir; əlbəttə ki, xüsusi yeri olan, xüsusi önəmi, dəyəri olan bir hissəsidir.

Dayanıqlı inkişafı təmin edən geniş strateji planın ayrı-ayrı istiqamətlərinin, sahələrinin inkişafını təmin edən planlar, tədbirlər arasında hər birinin ayrılıqda və hamısının cəm şəkildə inkişafını təmin edən, bunlara daxildən və xaricdən mənfi təsirlərin qarşısını ala bilən və ya da mümkün qədər neytrallaşdıra bilən, müsbət təsirlərin isə gücünü artıra bilən əlaqələr, mexanizmlər, bunların idarə olunması, icrayə nəzarəti yolları müəyyən edilməsə idi, bunların səmərəli tətbiqi təmin edilməsə idi və yəqin ki, həm neft strategiyamızın uğurları, həm də həyatımızın bütün sahələrində əldə etdiyimiz uğurlar bugünkü səviyyədə olmazdı.

Çox önəmli bir məqama da toxunmaq lazımdır: Heydər Əliyevin neft-qaz strategiyasında, neft-qaz strategiyası önəmli bir hissəsi olan geniş strateji inkişaf planının zamanın tələblərini, regionda, dünyada gedən prosesləri nəzərə alaraq ardıcıllıqla, əzmkarlıqla təkmilləşdirilməsinin təşkil və təmin olunması, tətbiq edilməsi - bunlar olmasaydı, yəqin ki, Azərbaycan hər bir sahədə və ümumi inkişafını əks etdirən makroiqtisadi göstəricilərinə görə dünyada ən yüksək səviyyədə olan ölkələr arasında olmazdı.

Neft və qaz ehtiyatları olan, neft və qaz hasil edən ölkələrin sayı onlarla ölçülür və bunların içində həm neft-qaz ehtiyatları ilə, həm də neft-qaz hasilatının həcminə görə Azərbaycandan çox-çox irəlidə gedən ölkələr var (o cümlədən, yaxın qonşularımız).

Ancaq ən obyektiv göstəricilər olan maroiqtisadi göstəriciləri müqayisə etsək ölkəmizin bunların əksəriyyətindən gözə çarpan dərəcədə irəlidə olduğunu görərik. Bunun da səbəbi, mənim fikrimcə, yuxarıda qeyd etdiyim məqamlardan irəli gəlir.

 

 

VALEH ƏLƏSGƏROV

 

Səs.- 2010.- 18 mart.- S. 4-5.