“Milli-mənəvi dəyərlərin inkişafı və təbliği"

 

"Səs" qəzeti bu mövzuda növbəti dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

Ənənəvi olaraq "Səs" qəzetinin redaksiyasında keçirilən dəyirmi masalar ölkə ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə izlənməkdədir. Davamlı şəkildə ölkəmizin ictimai-siyasi və sosial həyatında baş verən dəyişikliklər məhz bu dəyirmi masalarda hökumət, dövlət, millət vəkilləri, QHT rəhbərlərinin iştirakı ilə ətraflı şəkildə müzakirə olunub, geniş ictimaiyyətə təqdim olunur. Budəfəki dəyirmi masanın mövzusu isə milli-mənəvi dəyərlərə bağlı oldu. Dəyirmi masada Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət- siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şair, türkoloq, filologiya elmləri namizədi, "Ədəbiyyat" qəzetinin şöbə müdiri Adil Cəmil, Azərbaycan  Gənc Tamaşaçılar Teatrının baş redaktoru Səriyyə İsmayılova, Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru, xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı Ağaxan Salmanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Buludxan Xəlilov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynova iştirak edirdilər.

Dəyirmi  masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə qonaqları qəzetin kollektivi adından təbrik etdi. Bildirdi ki, "Səs" qəzetinin redaksiyasında artıq 4 ilə yaxındır ki, hər həftənin çərşənbə günləri ölkəmizdə maraq doğuran məsələlər ətrafında dəyirmi masalar keçirilir. Bu dəyirmi masalarda millət vəkilləri, dövlət və hökumət, geniş ictimaiyyətin nümayəndələri təmsil olunur. Məqsəd isə qloballaşan dünyada internet saytlarının sayının kifayət qədər çox olduğu bir dövrdə Azərbaycanla bağlı istənilən məlumatın yayılmasında bu cür dəyirmi masalarda səslənən fikirlərin böyük məna kəsb etdiyini qeyd edən İ.Əliyev bugünkü mövzunun milli-mənəvi dəyərlərə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə böyük hörmət və ehtiram mövcud olub. Məhz dövrümüzdə də milli-mənəvi dəyərlərə böyük diqqətin bariz nümunəsini Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva göstərir. Belə ki, bilavasitə, Onun təşəbbüsü və səyləri nəticəsində milli-mənəvi dəyərlərimizin inkişafı, geniş təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilib. YUNESKO-da Azərbaycanın milli muğam sənətinin, aşıq sənətinin maddi-mədəni irs siyahısına salınması, eləcə də, BMT-də hər ilin mart ayının 21-nin bütün dünya ölkələri tərəfindən Novruz Günü kimi qeyd olunması haqqında qətnamənin imzalanması məhz Onun uzaqgörən əməyinin bəhrəsidir. İstərdik ki, bugünkü dəyirmi masamızda iştirak edən qonaqlar da bu mövzu ətrafında öz fikir və mülahizələrini bildirsinlər.

 

 Buludxan Xəlilov:

 

- Burada səslənən fikirlərə əlavə olaraq, onu deyə bilərəm ki, Azərbaycan tarixinin bir çox dövrlərini milli-adət ənənələrimizi və ən nəhayət, dilimizin qorunub saxlanmasında Azərbaycan nağıllarının xüsusi əhəmiyyəti var. Bu günlərdə istər radio və televiziyalarda, istərsə də bir sıra mətbu orqanlarda dilimizin bu və ya digər şəkildə təhrif edilməsi müəyyən yanlışlıqlara yol verilməsi məhz nağıllarımızı və nağıllarımızda özünü ehtiva edən dilçilik prinsipimizi yaxşı mənimsəməməkdən irəli gəlir. Azərbaycan dilinin incəliklərini dərindən bilmək üçün nağıllarımıza, dastanlarımıza, bayatılarımıza, lətifələrimizə dərindən bələd olmaq lazımdır ki, dilimizin daha incə çalarlara malik olmasını mənimsəyəsən. Bu gün üç türk qövmünə aid olan uşağı bir-biri ilə müqayisə etsək, Azərbaycan türkcəsində danışan uşağın leksikonunda sərbəst ifadələrin yer almadığını müşahidə edərik. Bir faktı da qeyd etmək lazımdır ki, müəyyən qismə aid olan ziyalılarımız dərin nitq mədəniyyətinə malik deyillər. Çünki onların lüğət tərkibi kasaddır. Onlar həmin o nağıllarda milli dilin ruhunu mənimsəmədiklərinə görə, belə bir halla qarşılaşıblar. Burada "Kitabi Dədə Qorqud" dastanı ilə səslənən fikirlərlə razı deyiləm ki, guya həmin dastanda türk qövmünə aid olan sərkərdələr bir-birinə qarşı mübarizə aparırlar. Bu çox yanlış mövqedir. Eyni zamanda, vurğulamaq lazımdır ki, bu, keçmiş sovet ideologiyasının əsas xətti idi ki, "Kitabi Dədə Qorqud" dastanı bizi milli kimliyimizdən uzaqlaşdırmır. Amma bu gün biz öz gənclərimizə tövsiyə etməliyik ki, bu dastana daha dərindən yanaşsınlar. Çünki bu dastanın tarixi daha qədimlərə gedib çıxır. Burada qəbilə-tayfa dövrünə aid bir çox prinsiplər öz əksini tapıb ki, bu da Azərbaycan ərazisinin və xalqımızın qədim köklərə malik olmasını bir daha təsdiqləyir.

 

"Səs" qəzetinin əməkdaşı

 

- Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda maddi- mədəniyyət abidələrimizlə yanaşı, folklor nümunələrimiz də məhv edilib və mənimsənilib. Bu barədə nə deyərdiniz?

 

Fikrət Babayev:

 

- Qloballaşan dünyada Azərbaycan cəmiyyətinin, Azərbaycan mədəniyyətinin də bir çox dəyişikliklərə məruz qalması qaçılmazdır. Bir faktı da qeyd edim ki, Azərbaycanın maddi-mədəniyyət abidələrinin, muzeylərinin qorunması istiqamətində müəyyən uğurlu addımlar atılmış və bu cür zəngin tarixə malik olan mənbələrimizin beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən veb-saytlar yaradılıb ki, bunun vasitəsilə Azərbaycanın tarixi keçmişi və mədəniyyət abidələri haqda ətraflı məlumat əldə etmək mümkün olur.

Burada səslənən bir fikrə də münasibət bildirmək istərdim ki, bu gün Azərbaycan gəncliyi tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi bir o qədər də yaxşı mənimsəməyib. Bu, tamamilə yanlış bir fikir və yanlış yanaşmadır. Çünki hər bir dövrdə yetişməkdə olan gənc nəsil yaşlı nəsil tərəfindən daima qınaq və tənqid obyektinə çevrilir. Bu, hər zaman olub və olacaq. Amma bütün bunlara baxmayaraq, bu gün Azərbaycan gəncliyi Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərimizi, folklorumuzu daha yaxşı bilir və bu istiqamətdə beynəlxalq təcrübədən yararlanaraq, milli kimliyimizin inteqrasiyasına nail olur.

  Bir faktı da qeyd edim ki, ABŞ Dövlət Departamentinin kitabxanasında müəyyən vaxtlarda Azərbaycan muğamları erməni muğamları kimi təqdim olunur. Məhz bu gün bizim gəncliyimiz bunlara qarşı mübariz olub, özümüzün malik olduğumuz milli keyfiyyətlərin qorunmasına və onun təbliğinə nail olmalıdır.

 

Buludxan Xəlilov:

 

- Kənar qüvvələr tərəfindən Azərbaycanın malik olduğu bir sıra milli-mənəvi dəyərlərin mənimsənilməsi hallarına qarşı mübarizə aparmaq üçün ölkəmizdə fəaliyyət göstərən Dillər Universitetinin, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tələbələrindən ibarət bir koordinasiya mərkəzinin yaranması daha təqdirəlayiq olardı. Çünki məhz xarici dillərdə Azərbaycanın milli dəyərləri, ornamentləri, tarixi, mədəni irsi barədə müəyyən qədər məlumatlar dərc edilib, zəruri yerlərə çatdırılsa, bu cür xoşagəlməz hallar bir daha təkrarlanmaz.

 

Əkbər Qoşalı:

 

- Problemlərin olmasına baxmayaraq, düşünərək, bu problemlərin həll edilməsinə və öz sözünü layiqincə deyə biləcək bir nəsil də artıq Azərbaycanda formalaşıb. Bu məsələlərə münasibətdə dövlətlə ictimaiyyətin mövqeləri üst-üstə düşür. Misal olaraq Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə görmüş olduğu işləri göstərmək olar. Azərbaycanın görkəmli alimi Əziz Ələkbərlinin müəllifi olduğu Qərbi Azərbaycan abidələri barəsində beş dildə çap edilən nəşrin böyük əhəmiyyətini də vurğulamaq yerinə düşərdi. Bütün bunlara baxmayaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərimizə, onların qorunub saxlanılmasına qarşı yönələn işlər də kifayət qədərdir. YUNESKO səviyyəsində Azərbaycan muğamının, BMT səviyyəsində aşıq sənətinin, Novruz bayramının Azərbaycanın milli-mənəvi sərvəti kimi etiraf olunması və bir bəşəri sərvət kimi təqdim olunması böyük bir uğurun bariz nümunəsidir. Eyni zamanda, bir faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycanın milli-mənəvi dəyərləri, xalqımızın iç dünyası daha çox xeyir və şər mərasimlərində özünü büruzə verir. Etiraf etmək lazımdır ki, bu gün ölkəmizdə xeyir və şər mərasimləri artıq azərbaycançılıqdan çox-çox kənara çıxıb.

 

 Adil Cəmil:

 

- Artıq Milli Məclisdə də Azərbaycanda xeyir və şər məclislərinin qeyd olunmasında həddən ziyada israfçılığa və milli keyfiyyətlərdən kənara çıxma hallarına yol verilməsi məsələsi ətrafında da müəyyən müzakirələr aparılıb. Ona görə də, bu məsələləri tənzimləyən bir qanunun qəbul edilməsinə ehtiyac var.

 

 Əkbər Qoşalı:

 

- Ola bilsin ki, bu, bir söz olaraq deyilir, amma bunu qanuniləşdirmək çox çətin görünür.

 

Ağaxan Salmanlı:

 

- Milli-mənəvi dəyərlərimizlə bağlı söhbətlər gedəndə, xeyir-şər mərasimlərinin həddən ziyadə biabırçı formada keçirilməsini daha çox önə çəkməliyik. Çünki bu məsələləri bir tərəfdən sadələşdiririksə, digər tərəfdən daha çox mürəkkəbləşdirməli oluruq. Bu gün şər mərasimlərimizdə Novruz bayramının rəmzi olan şəkərbura və paxlava insanlara ehsan kimi təqdim olunur. Bunlar isə kökündən yanlış və düşünülməmiş məsələlərdir.

 

Əkbər Qoşalı:

 

- Qaranlıq bir gecənin gündüzü olduğu kimi, hər halda, bu məsələlərin də bir vaxtlar layiqli sonluğuna çatmasına nail olacağıq. Bunun üçün isə hər birimiz öz üzərimizə düşən mənəvi borcu layiqincə yerinə yetirməliyik.

 

Adil Cəmil:

 

- Sovet dönəmlərində gənclər pionerlikdən komsomolçuluğa qədər yüksəlirdi. Bu gün də məhz milli ideologiyamıza əsaslanaraq, gənclərimiz müstəqil Azərbaycanın çiçəklənməsi və gələcək perspektivi naminə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər və bundan sonra da bu hal davam etdiriləcək.

 

Buludxan Xəlilov:

 

- Gəncliklə işləyən bir şəxs kimi deyə bilərəm ki, bu gün gənclərimiz xarici dil bilmək, kompüter texnologiyalarına yiyələnmək baxımından, onlar artıq çox qabağa gediblər. Ona görə də, bizim çox ümidverici gəncliyimiz var. Sadəcə olaraq, bizlər onların içində olub, onları düzgün yola istiqamətləndirməliyik ki, nədən daha çox istifadə etməyə və daha çox nəyə meyil etmək lazımdır. Amma bir faktı da nəzərə almaq lazımdır ki, biz valideynlərimizdən daha çox zəmanə uşaqlarına bənzəməyə çalışmışıq. Gəncliyimiz bu zamanda yaşayır və biz onları bundan təcrid etməməliyik. Bizim borcumuz bu gəncliyi qloballaşan dünyada düzgün istiqamətləndirməkdir.

 

 Aydın Xan Əbilov:

 

- Dəyirmi masanın sonunda "Səs" qəzetinin redaksiyasına öz minnətdarlığımızı bildiririk. Doğrudan da, ölkəmizdə ən aktual problemlərə həsr olunmuş bu dəyirmi masalar Azərbaycan cəmiyyətinin diqqətinə səbəb olub.

 

 

Tapdıq QURBANLI,

 

Kübra ƏLİYARLI

 

Səs.- 2010.- 20 mart.- S. 8-9.