Azərbaycan iqtisadiyyatı sürətlə
inkişaf edir
- Vüqar
müəllim, ötən ili necə
xarakterizə etmək olar?
- 2009-cu il dünyada maliyyə böhranının olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf tempindən geri qalmadı. Məlum olduğu kimi, ümumi daxili məhsul artımı 9,3 faiz, sənaye artımı isə, 8,6 faiz oldu. Eyni zamanda, biz taxıl istehsalında da artımın şahidi olduq. Belə ki, ötən il ölkəmizdə 2 milyon ton taxıl istehsal olunub. Buna baxmayaraq, bəzi sektorlarda durğunluq müşahidə olundu. Belə ki, maliyyə böhranı müəyyən mənada tikinti sektoruna öz mənfi təsirini göstərdi. Böhran bank sektoruna təsir göstərsə də, banklar öz xarici borc öhdəliklərini kifayət qədər yerinə yetirə bildilər. Bütövlükdə, 2009-cu ilin ölkəmizin iqtisadi göstəricilərini və hökumətin fəaliyyətini müsbət qiymətləndirmək olar. Hesab edirəm ki, iqtisadiyyatın inkişafına mənfi təsir göstərən problemlərin, xüsusən də, intihsarla bağlı mövcud olan problemlərin həll edilməsi ilə bağlı görülən işləri daha da sürətləndirmək lazımdır. Bildiyiniz kimi, regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramının icrasına dair keçirilən müşavirədə ölkə başçısı İlham Əliyev qeyd etdi ki, sahibkarların fəaliyyətinə yersiz müdaxilələr edilir və buna son qoyulmalıdır.
- Regionların sosial-iqtisadi
inkişafına dair II Dövlət
Proqramının icrasını necə qiymətləndirirsiniz?
-
Regionların inkişafı kifayət qədər əhəmiyyətli
məsələdir. Ona görə ki, Azərbaycanda biznesin böyük faizi Abşeron iqtisadi rayonunda yerləşir. Bütövlükdə,
Dövlət Proqramını qiymətləndirən zaman proqramda nəzərdə
tutulan tədbirləri
ayrı-ayrılıqda qiymətləndirsək, əksər tədbirlər
üzrə müəyyən irəliləyişlərin olduğunu qeyd etmək
lazımdır. Məlum olduğu kimi, regionlar üçün ən böyük problem infrastruktur problemi idi. Yəni yol, işıq
və qazla bağlı mövcud olan problemlər öz həllini tapıb. Sözsüz ki, bütün
bunlar da sahibkarlığın və
bütövlükdə, regionların
sosial-iqtisadi inkişafına
təsir edən müsbət amillərdəndir.
Təəssüf ki, regionların
sosial-iqtisadi inkişafına
mane olan bəzi subyektiv amillər də mövcuddur. Maliyyə Nazirliyinin subsidiyaların verilməsinə dair apardığı yoxlamalar
zamanı bəzi rayonlarda mənimsəmə
faktlarının olduğu
məlum oldu. Hesab edirəm ki, bu kimi problemlər
öz həllini tapmalıdır. Ölkə rəhbərliyi
tərəfindən regionlarda
sahibkarlığın inkişafına
hər cür şərait yaradılıb.
- Son illər ərzində
aqrar sektorun inkişafı ilə bağlı görülən
işləri, bir iqtisadçı olaraq, necə qiymətləndirirsiniz?
- Bu gün
aqrar sektorla bağlı ümumi qiymətləndirmə aparsaq,
görərik ki, kənd təsərrüfatı
məhsullarının istehsalında
artım var. Qeyd etdiyimiz kimi, 2009-cu ildə ölkədə 2
milyon taxıl ton istehsal olunub. Məlumdur ki, əmək qabiliyyətli əhalinin
40 faizi aqrar sektorda çalışır.
Yəni aqrar sektorun inkişafı əhalinin məşğulluq probleminin
həllinə öz müsbət təsirini göstərir. Ancaq etiraf
etmək lazımdır
ki, ÜDM-də kənd təsərrüfatının
çəkisi aşağıdır.
Hesab edirəm ki, subsidiyaların verilməsinin
təkmilləşməsinə, ümumiyyətlə, aqrar
sektorda islahatların həyata keçirilməsinə
ehtiyac var. Dövlətimiz
tərəfindən aqrar
sektorun inkişafı
ilə bağlı uğurlu işlər görülməkdədir. Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət
Kreditlər Agentliyinin,
həmçinin, Sahibkarlığa
Yardım Milli Fondunun xətti ilə kənd təsərüfatı ilə
məşğul olan sahibkarlara vəsait verilir. Eyni zamanda, "Aqrolizinq"
ASC-nin xətti ilə texnika, kübrə və digər kənd təsərrüfatına lazım
olan avadanlıqlar dövlət hesabına regionlara çatdırılır.
Bu, ölkəmizdə aqrar sektorun inkişafına müsbət
təsir göstərən
amillərdəndir.
- Turizmin inkişafı
ilə bağlı görülən işlər
qaneedicidirmi?
- Turizmin
inkişafına mənfi
təsir göstərən
bir sıra amillər mövcuddur. Bu amillərdən biri də Ermənistan
və Azərbaycan arasında mövcud olan münaqişənin hələ də həll edilməməsidir.
Çünki xarici turistlər
ölkəmizə gəlməkdən
ehtiyat edirlər.
Lakin buna baxmayaraq, Azərbaycanın
turizm imkanları ilə bağlı xarici ölkə kanallarında reklam çarxının verilməsi,
eyni zamanda, ölkəmizin xarici ölkələrdə fəaliyyət
göstərən səfirliklərinin
bu istiqamətdə gördüyü işlər
ölkəmizə turizm
axınına səbəb
olub. Təəssüf
ki, ölkəmizdə
turizm obyektlərində
qiymət və xidmətin səviyyəsi
qaneedici səviyyədə
deyil. Ölkəmizdə
turizmin inkişafına
mənfi təsir göstərən bu kimi halların qarşısı alınmalıdır.
- Dünya bazarında
neftin qiymətinin qalxması ölkə iqtisadiyyatına nə kimi təsir göstərə bilər?
- Şübhəsiz
ki, dünya bazarında neft məhsullarının baha
qiymətə satılması
Azərbaycan iqtisadiyyatına
müsbət təsir
göstərir. Bu gün
dünya bazarında neftin qiyməti 80 dollara yaxındır. Neftin baha qiymətə
satılması dünya
iqtisadiyyatına, o cümlədən,
Azərbaycan iqtisadiyyatına
müsbət təsir
göstərəcək. Müsbət
haldır ki, dövlət büdcəsində bu il neftin qiyməti
45 dollardan götürülüb.
Hesab edirəm ki, neftin baha
qiymətə satılması
dövlət büdcəsində
əlavə və dəyişikliklərin edilməsinə
səbəb ola bilər. Onu da qeyd edim
ki, dünya bazarında neftin baha qiymətə satılması respublikamızda
tikinti sektorunun inkişafına müsbət
təsir göstərəcək.
- NABUCCO layihəsinin tezliklə
reallaşması gözləniləndimi?
Bir iqtisadçı
olaraq, NABUCCO layihəsinin
reallaşmasına inanıram.
NABUCCO-nun tikintisi kifayət
qədər realdır.
Adıçəkilən layihə
reallaşarsa, 2015-ci ildə
istifadəyə veriləcək.
NABUCCO layihəsinin istifadəyə
verilməsi üçün
ilkin mərhələdə
30 milyard kubmetr təbii qaza ehtiyac var. Bunun 15 milyard kubmetrini İraq, 8 milyard kubmetri Azərbaycan, 7 milyard kubmetrini Türkmənistan təmin
edəcək. Ölkəmizin
NABUCCO-ya mavi qazın verilməsi üçün heç bir problemi yoxdur.
ANAR MƏCİDZADƏ
Səs.- 2010.- 30 mart.- S. 8.