1918-i ilin mart hadisələri
zamanı 700 minə qədər azərbaycanlı ermənilər
tərəfindən qətlə yetirilib
AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi
Bəhramovun yap.org.az-a müsahibəsi
- Cəbi müəllim, tarix boyu dəfələrlə
ermənilər azərbaycanlılara qarşı
qırğınlar törədiblər. Bunların
sırasında miqyasına görə 1918-ci ilin mart ayında
törədilmiş qətliamlar daha dəhşətlidir. Ulu
Öndər Heydər Əliyevin Fərmanı ilə 31 mart
tarixi hər il azərbaycanlıların soyqırımı
günü kimi qeyd edilir. İstərdik ki, bu sənədin
əhəmiyyəti haqqında fikirlərinizi bildirəsiniz...
- Bildiyimiz kimi, Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı Fərmana əsasən, 31 mart tarixi, azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin bu tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Nə üçün məhz bu günü dövlət başçısının imzaladığı Fərman əsas gün kimi qəbul edib? Çünki bunun həm hüquqi, həm də tarixi əsasları vardır. Bu iki məqam həmin Fərmanın imzalanmasına zəmin yaratdı. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Bu baxımdan əlbəttə ki, imzalanan Fərmanın böyük əhəmiyyəti vardır. Bilirsiniz, hansısa hadisələrə soyqırımı demək, onun soyqırımı olduğunu iddia etmək elə də asan məsələ deyil. Bunun çox dərin tarixi, hüquqi əsasları olmalıdır. Ümumiyyətlə isə, ilk dəfə "soyqırım" beynəlxalq hüquqi termininin mahiyyəti 1948-ci ildə ilk dəfə BMT-nin İnsan hüquqları komitəsinin qəbul etdiyi 264 saylı konvensiyaya uyğun olaraq müəyyən edilib və bu anlayış bir dövlət, bir siyasi qurum, hərbi təşkilatın bir milləti, xalqı, etnik qrupu qəsdən, bilərəkdən irqi, dini, milli mənsubiyyətinə görə məhvə məhkum etməsini ifadə edir. Məhz bu məqamları nəzərə alsaq, söyləyə bilərik ki, azərbaycanlıların etnik təmizləməyə məruz qalmasının, deportasiyaya, soyqırıma məruz qalmasının 200 illik tarixi var. Erməni kilsəsinin fitvası ilə, ermənilərin əli ilə, erməni terror təşkilatlarının - daşnaksütyun, ASALA və digər təşkilatların iştirakı ilə azərbaycanılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirilib və çar Rusiyası, Sovet hökuməti, İngiltərə hökuməti onların ilhamvericiləri olub. Bütün bunların hamısı arxiv sənədləri ilə təsdiq olunub.
- Ümumiyyətlə,
xalqımıza qarşı törədilmiş
soyqırımın tarixi kökləri haqqında nə deyə
bilərsiniz? Bu prosesdə ermənilərin Azərbaycan ərazilərinə
köçürülməsi nə dərəcədə rol
oynayıb?
- Biz soyqırımdan danışanda iki böyük tarixi hökmən vurğulamalyıq. Birincisi, 1918-ci il 31 mart soyqırımı, ikincisi, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı. Bu soyqırımlar yuxarıda adlarını sadaladığımız havadarlar tərəfindən dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib. Bu prosesin tarixinə gəldikdə isə, qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədilib. Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırım mərhələsinə keçib. İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlandı. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlandı, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Hətta 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra 1829-cu ilin 21 martında bu ərazidə erməni vilayəti yaratdılar. Bu hadisələrsə ona gətirib çıxartdı ki, bu ərazilərdə ermənilərin sayı 1 milyon 300 mindən nəfərdən çox oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə 1 nəfər də olsun erməni yaşamayıb.
- 1918-ci ilin mart ayında baş
vermiş hadisə haqqında nə deyə bilərsiniz? Bu
tarixlə bağlı müxtəlif ehtimallar, rəqəmlər
səsləndirilir...
- Bilirsiniz ki, 1917-ci ilin fevralında çar Rusiyası dağıldı, həmin ilin oktyabrında bolşeviklər hərbi çeviriliş edərək hakimiyyəti ələ keçirdilər. Bu zaman dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunur və ona 500 min rubl pul ayrılır. Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb. Onu da qeyd edim ki, Ərzincan müqaviləsinə görə rus ordusu Qafqaz cəbhəsindən Rusiyaya qayıtmalı idi. Rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlmişdi. Deməli, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng Bakıya yerləşdirilən erməni hərbçiləri üçün nəzərdə tutulubmuş. Bu hərbi qüvvələr isə azərbaycanlıların qətlə yetirilməsinə, soyqırımına məruz qalmasına yönəldilmişdi. 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam etdi.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmişdi. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, "Azərbaycan" qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlınının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, biz Bakıda 25 min nəfəri qətlə yetirmişik. Bütövlükdə götürəndə, Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi, Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Qeyd edim ki, tarixən qətliamlar törədən ermənilərin arxasında çar Rusiyası, bəzi Avropa dövlətləri və Sovet hökuməti dayanıb.
- Bəs Sovet hakimiyyəti
dövründə baş proseslər haqqında nə deyə
bilərsiniz?
- Bu proses 1920-ci ildə Azərbaycan
Sovet Rusiyası tərəfindən işğal olunandan sonra
da davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər
Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər
qətlə yetirilib. Azərbaycanda arxeoloji qazıntılar
davam etdirilsə, Qubadakı məzarlıqlar kimi xeyli məzarlıqlar
üzə çıxacaq. Çünki bu qətliamlar
bütün Azərbaycan üzrə kütləvi xarakter alıb.
1930-cu illərə də diqqət yetirsək bolşevik
hökuməti tərəfindən müxtəlif repressiyalar
adı altında xalqımız soyqırıma məruz
qalıb. Bu proses 1941-1945-ci illər müharibəsində də
davam edib. Bu müharibədə Azərbaycandan 700 min nəfər
iştirak edib. Onların yarısı geri qayıtmayıb.
Müharibəyə gedənlərinr 70-80 faizi rus dilini
bilmirdi. O zaman ordududa olan ermənilər, rus şovinistləri
əmri yerinə yetirməmək bəhanəsi adı
altında azərbaycanlıları güllələyirdilər.
Belə olan halda Azərbaycanın rəhbəri Mircəfər
Bağırov vəziyyətə müdaxilə etdi və
milli diviziyalar təşkil olundu. Azərbaycanlılar sübut
etdi ki, digər xalqlardan da döyüşkəndirlər və
müharibədə qəhrəmanlıqlarla bunu sübut etdilər.
1945-ci ildə Ermənistan rəhbəri
Aryutunov Stalinə Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi təklifi ilə müraciət edir. O
zaman Mircəfər Bağırov Azərbaycan alimlərini
toplayaraq məsələ ilə bağlı elmi arayış
hazırlatdırır və bu arayış Stalinə təqdim
olunur. Həmin arayışda Mircəfər Bağırov Azərbaycanın
tarixi torpaqlarının - Dərbəndin, Zəngəzurun,
Göyçənin, Borçalının Azərbaycana
qaytarıldığı təqdirdə Şuşa şəhəri
istisna olmaqla Dağlıq Qarabağın Ermənistana verilməsinə
razı olduğunu bildirib. Bu, sovet dövründə Azərbaycan
rəhbərliyində ilk dəfə itirilmiş torpaqların
geri qaytarılması məsələsinin
qaldırılması idi. Bundan sonra Stalin ermənilərin
müraciətini rədd edir və bu məsələyə
bir də qayıdılmaması haqqında dərkənar
qoyur.
Bununla kifayətlənməyən
ermənilər indiki Ermənistanın ərazisi olan qərbi
Azərbaycan torpaqlarından 150 min azərbaycanlının
deportasiyası haqqında iki qərarın qəbul
olunmasına nail olurlar. Bunun nəticəsində 100 min azərbaycanlı
köçürüldü, amma insanların
inadkarlığı sayəsində qərar tam yerinə
yetirilmədi. Qeyd edək ki, Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları 1960-cı illərdə də
olub. 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən
ermənilər bundan istifadə edərək öz məqsədlərinə
nail olmağa çalışsalar da, Ulu Öndər Heydər
Əliyev buna imkan vermədi. Bu proses bir daha 1987-ci ildə Ulu
Öndər SSRİ rəhbərliyindən istefa verdikdən
sonra başladı. SSRİ rəhbərliyinin
razılığı ilə Ermənistan Azərbaycana
qarşı ərazi iddialarına başladı və bu
gün həmin təcaüzün nəticələri davam etməkdədir.
AMEA-nın Tarix İnstitutu bu hadisələrlə
bağlı bir sıra elmi, tarixi kitablar nəşr edib və
proses hazırda davam etməkdədir.
Cəbi Bəhrəmov
Səs.- 2010.- 31 mart.- S. 4.