XX əsrin ən böyük
soyqırımı mart soyqırımı hesab
olunmalıdır
Musa Qasımlı: "Azərbaycanlılara
qarşı törədilən soyqırımının
köklərini çarizmin isti dənizlərə
çıxmaq, münbit torpaqlar ələ keçirmək və
Bakı neftinə yiyələnmək siyasətində axtarmaq
lazımdır"
1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə Azərbaycan türkü və digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib. Sovet dövründə bu faciə bizə unutdurulmağa çalışılsa da, son vaxtlar bu soyqırımı aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanır və dünya ictimaiyyətinə çatdırılır. Bu, yalançı erməni təbliğatının qarşısının alınmasında ən mühüm rol oynaya bilər. Həmin dövrün hadisələrinə bir daha nəzər salmaq üçün suallarımızı BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlıya ünvanladıq.
- Musa müəllim, məlum olduğu kimi, 1918-ci il martın sonları-aprelin başlanğıcında Azərbaycanda ermənilər tərəfindən xalqımıza qarşı soyqırımı aktı həyata keçirilib. Bu akt ölkənin bir çox bölgələrində kütləvi qətliamlarla müşayiət olunub. İstərdik ki, öncə bu soyqırımına gətirib çıxaran proseslər və yaranmış tarixi situasiya haqda oxucularımıza məlumat verəsiniz...
- 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan türklərinə və burada yaşayan digər xalqlara qarşı törədilən kütləvi qətllər ona qədərki dövrdə yeridilən siyasətin nəticəsi idi və bu nəticə sonralar çoxlu faciəvi hadisələrə səbəb oldu. 1918-ci ilin mart soyqırımının səbəbi nə idi?
Azərbaycanlılara qarşı törədilən soyqırımının köklərini çarizmin isti dənizlərə çıxmaq, münbit torpaqlar ələ keçirmək siyasətində axtarmaq lazımdır. Azərbaycan 1828-ci ildə bölüşdürüldükdən və ölkənin şimalı Rusiya tərəfindən işğal edildikdən sonra hakimiyyət orqanları sistemli şəkildə Azərbaycan torpaqlarına digər xalqları yerləşdirməyə başladılar, demoqrafik durumu dəyişdirməyə cəhd edirdilər.
Bu işdə üstün rol xarici ölkələrdən, xüsusən, İrandan və Osmanlıdan ermənilərin köçürülməsinə verildi. Bu da səbəbsiz deyildi, çünki ermənilər Şərq xalqları içərisində yaşamışdılar, o xalqların psixologiyasını, adət-ənənələrini, dilini bilirdilər və şəraitə tez uyğunlaşmaq qabiliyyətinə malik idilər.
1828-ci ildən sonra çarizmin köçürmə siyasəti nəticəsində Cənubi Qafqaza təxminən 1 milyona yaxın erməni köçürülmüşdü. Beləliklə, Cənubi Qafqazda ermənilərin sayı 1 milyon 300 min nəfərə çatdırıldı. İlk öncə, ermənilər Azərbaycan torpaqlarına yerləşdirildilər və azərbaycanlıların hesabına varlandılar.
Rusiya çarizmi tərəfindən aparılan bu siyasət hiddətə səbəb olurdu və milli ziddiyyətləri kəskinləşdirirdi. Məhz çarizmin himayəsi altında erməni siyasi təşkilatları yaradıldı və ermənilər üçün bir ideologiya işlənib hazırlandı. Ən böhranlı anlarda- 1905-07-ci illərdə erməni silahlı dəstələri işə düşdü. Həmin illərdə ermənilər dinc insanları-türk əhalini kütləvi şəkildə qətlə yetirdilər.
- Bu qədər böyük miqyaslı soyqırımı aktını həyata keçirmək üçün ermənilər lazım olan gücü hardan almışdılar, silah təchizatı və təşkilatlanma hansı mərkəzlərdən həyata keçirilmişdi?
- 1914-cü ilə qədər ermənilərin xarici ölkələrdən Cənubi Qafqaza gətirilməsi davam etdirildi. Birinci Dünya savaşı başlayandan sonra çarizm sistemli şəkildə erməni silahlı dəstələrini hazırladı. Bunlar Anadoluda, Cənubi Azərbaycanda və Qafqazda hazırlandılar və dinc türk əhaliyə qarşı soyqırımı həyata keçirdilər. Soyqırımı siyasətinin coğrafiyası Anadolunu, Cənubi Azərbaycanı, Borçalını, İrəvan quberniyasını və indiki Azərbaycan Respublikası ərazisini əhatə edirdi.
1917-ci ildə Qafqaz cəbhəsi dağılandan və rus ordusu geri çəkiləndən sonra hərbi hissələr öz silahlarını erməni dəstələrinə verdilər. Həmin dövrdə Bakıda Şaumyan başda olmaqla Bakı Soveti daşnak qüvvələri ilə birgə hərəkət etdi. Daşnaklarla bolşeviklərin ittifaqına erməni kilsəsi də yardım edirdi, erməni ziyalıları da yaxından iştirak edirdilər.
Azərbaycanlılara qarşı ölkənin müxtəlif ərazilərində soyqırımlar törədildi. Lənkəranda, Kürdəmirdə, Qubada, Şamaxıda və digər yerlərdə qırğınlar törədildi. Bunun zirvə nöqtəsi isə, 1918-ci ilin martında Bakıda oldu. Müxtəlif rəqəmlər söylənilir, 10 min, 15 min, amma ingilis mənbələrində göstərilir ki, ermənilər tərəfindən həmin ilin martında 25 min nəfər qətlə yetirilib.
Soyqırımda əsas məqsəd Azərbaycanın istiqlalına gedən yolu kəsmək, Azərbaycanı türklərdən tamam azad etmək və Rusiyaya birləşdirmək idi. Bakının Rusiyaya birləşdirilməsi haqda plan 1920-ci ildə də var idi. 1921-ci ildə Bakı partiya komitəsinin bu haqda qərarı qəbul edilmişdi, amma sonradan buna cəsarət etmədilər. Amma bu soyqırımlar istənilən nəticəni vermədi, baxmayaraq ki, bu qətliamlar kütləvi çəkildə qəddarlıqla həyata keçirildi. Qadınlar, qocaların, uşaqların vəhşicəsinə işgəncələrlə öldürülməsi ilə bağlı yüzlərlə faktlar var.
- Bəzi yerlərdə, məsələn, Quba kimi ermənilərin yaşamadığı və ya az yaşadığı bölgələrdə də ermənilər kütləvi qətllər törədiblər. Maraqlıdır, həmin yerlərdə ermənilərin kiyafət qədər gücü və imkanı var idimi, yoxsa onlara başqa qüvvələrmi yardım etmişdi?
- Söhbət ondan gedir ki, Şaumyan başda olmaqla Bakıda sovet hakimiyyəti 1917-ci ilin noyabrında elan edilsə də, 1918-ci ilin mart soyqırımına qədər real gücə malik deyildilər. Onlar daha çox daşnak silahlı dəstələrinə arxalanırdılar. Mahiyyət baxımından məsələ, əslində, yalnız neft uğrunda mübarizədən gedirdi. Hətta Nərimanov özü də etiraf edirdi ki, söhbət hakimiyyətin kimdə olmasından yox, neftin kimin əlindən olmasından gedirdi.
Müharibənin son dövründə əsas mübarizə Bakı və Mosul nefti uğrunda gedirdi. Hesab olunurdu ki, Bakı nefti kimin əlində olsa, qələbə də onunla olacaq və bolşeviklər də bu siyasəti həyata keçirməkdə daşnak silahlı qüvvələrinə arxalanırdılar. Amma heç şübhəsiz, bolşevik hakimiyyəti, ilk növbədə, sovet Rusiyasının maraqlarını güdürdü.
Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra erməni daşnakları və bolşeviklər öz məqsədlərinə nail ola bilmədilər və sonrakı planlarını həyata keçirə bilmədilər. Azərbaycan ərazilərinin əsas hissəsi milli hakimiyyətin nəzarətində idi. Sonradan İrəvan quberniyası ermənilərə güzəştə gedirdi, daha sonralar isə, Göyçə və Zəngəzur da ermənilərə verildi.
- Dövləti
olmayan və Azərbaycan ərazilərində
dağınıq yaşayan ermənilərin Azərbaycan
dövlətinə qarşı bunu həyata keçirmək
imkanları yox idi. O
zaman bu prosesin baş verməsində hansı amillər rol
oynadı?
- 1918-ci ilə qədər Cənubi
Qafqazda heç zaman Ermənistan adlı siyasi, inzibatı bir ərazi
vahidi olmayıb. 1918-ci ildə Ararat Respublikası
yaradılıb və onun da yaradılmasında Osmanlı
İmperiyası xüsusi rol
oynayıb. Bu, dövlət elan olunan zaman Azərbaycan
torpaqları üzərində yaradıldı. Ərazisi təxminən
10 min kv.km idi, paytaxtı da yox idi. Azərbaycanlılar İrəvanı
paytaxt olaraq Ermənistana güzəştə getdi və
burada bir çox daxili və xarici faktorlar rol oynadı.
Təbii ki, erməni
silahlı dəstələrinin Azərbaycana qarşı
döyüşmək gücləri yox idi, baxmayaraq ki, hərb
sahəsində ermənilərin müəyyən təcrübəsi
var idi. Çarizm həmin silahlı dəstələri
hazırlamışdı, onları hərbi xidmətə cəlb
edirdi, amma çarizm heç vaxt Azərbaycan türklərini
hərbi xidmətə çağırmırdı. Yalnız
tək-tük adamlar müraciət edib könüllü hərbi
xidmətə gedirdilər. Erməni silahlı dəstələrindən
bəzi dövlətlər müharibə dövründə
öz məqsədləri üçün istifadə etdilər.
Nəticədə türksüz bir Ermənistanın
yaradılmasına nail oldular.
1918-20 illərdə Azərbaycanın
ərazisi 114 min kv.km idi və milli hakimiyyət bu əraziləri
nəzarəti altına almışdı. Sonradan Azərbaycan
hökumətinə qarşı baş verən qiyamlarda da
xarici dövlətlərin əli var idi. Osmanlı müharibədə
məğlub olandan sonra həmin qiyamların baş verməsi
üçün ermənilər bir imkan qazandılar və Azərbaycan
hakimiyyətinə qarşı çıxdılar.
- Musa müəllim,
Rusiyanın Qafqazda məlum siyasətinə tarixçilər
müxtəlif səbəblər göstərirlər. Burada
Rusiyanın regionda geostrateji planları, xristian-müsəlman
faktoru və iqtisadi maraqlarının mühüm rolunun
olduğu vurğulanır. Sizcə, bu faktorlardan
hansının əhəmiyyəti daha böyük idi və
erməni-rus qardaşlığının kökləri nədən
qaynaqlanır?
- Dediyiniz amillərin birinin təsirinin
azaldılıb, digərinin çoxaldılması, fikrimcə,
doğru olmazdı. Azərbaycanın, ümumiyyətlə, Cənubi
Qafqazın olduqca mühüm coğrafi və geosiyasi
mövqeyi, neft amilinin varlığı mühüm rol
oynayırdı, lakin digər amillər də elə bu qədər
təsir göstərirdi.
1918-ci ilin martında baş
verən hadisələr türk soyqırımı idi,
çünki bir millətə mənsub insanlar heç nəyə
fərq qoyulmadan milli əlamətə görə kütləvi
şəkildə məhv edilirdi. Həmin vaxt siyasi mənsubiyyət
də rol oynamırdı, kimin hansı partiyadan olduğunu da
soruşmurdular. Təkcə bir prinsiplə soyqırımı
həyata keçirilirdi- "türksənsə
öldürülməlisən"-deyə. Bir sözlə,
ermənilərin rusların yardımı ilə həyata
keçirdiyi bu soyqırımı tarixin ən dəhşətli
faciələrindən biridir və bəşəriyyət
buna layiqli qiymətini verməlidir.
Elçin Bayramlı
Səs.- 2010.- 31 mart.- S. 5.