Bəşəriyyətə qarşı erməni vəhşiliyi- Mart Soyqırımı

 

1918-ci ilin martında ermənilər tərəfindən həyata keçirilən soyqırımı nəticəsində on minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilib

 

Qafqaza köçürüldükdən sonra ermənilər bu torpaqları özününküləşdirmək, yerli xalqları məhv etmək və bu ərazilərdə öz dövlətlərini yaratmaq amacı ilə çirkin niyyətlərini həyata keçirməyə cəhd edirdilər. XIX əsrin sonlarından rusların köməyindən bəhrələnməklə, Azərbaycan ərazilərində qırğınlar törədən ermənilər Zəngəzur, Qarabağ, Göyçə və digər mahallarda yerli əhalini didərgin salmaq və öz hakimiyyətlərini qurmağa çalışırdılar. I Dünya müharibəsindən sonra Rusiyada yaranmış durumdan istifadə edən ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər.

Bakı Kommunası əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. Bu qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmışdı. Arxiv materialları göstərir ki, ermənilər mart qətliamından qabaq Ərzurum yaxınlığında-Taşılyaylada 3000 türkü qətlə yetirmişlər.

Erməni siyasi partiyaları guya "Böyük Azərbaycan" düşüncəsini elə beşikdə boğmaq üçün təxminən 7000 erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Bundan başqa "Qızıl Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 %-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşma əsasında bolşevik-erməni koalisiyası  Stepan Şaumyanın da ifadə etdiyi kimi savaşa hər cür hazırlığı etmişdi və bütün cəbhə boyu hücuma keçdi.

30 mart axşam saat 5-də Bakıda ilk atəş səsləri eşidildi. Öncədən planlaşdırılmış şəkildə təkcə erməni əsgərləri deyil, Bakıdakı ermənipərəstlər də bu savaşa qoşuldular. Yaxşı silahlanmış və hazırlıqlı erməni əsgərləri türklərin evlərinə basqınlar edərək onları öldürür, 3-4 günlük körpələri xəncərlə qətl edir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.

Cənubi Azərbaycan türklərindən Mir Cəfər Pişəvəri öz xatirələrində yazır: "Mən 1918-ci ilin martında erməni daşnaklarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyitlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu, çox nifrət ediləcək bir hərəkətdir"

 Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında qeyd edir: "Bolşevik olan bir türkə belə aman verilmədi. Daşnaklar- "bolşevikliyinizi tanımırıq, bir halda ki, türksünüz- bu, yetər" deyirdilər. Bolşevik adı altında türklərə qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar bunlardan canlarını qurtara bilmədilər".

Bakıda törədilən bu soyqırıma "vətəndaş müharibəsi" adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün səylə çalışan S.Şaumyan 13 apreldə Moskvaya göndərdiyi məktubda yazır: "Üç gün içində, yəni 30-31 mart və 1 apreldə Bakıda şiddətli bir savaş oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və erməni milli ordusu Müsavat partiyasının liderliyindəki müsəlman "Dikaya Dviziya"sıyla və silahlı müsəlman quldurlarıyla savaşdılır. Bu savaşda yüksək nəticələr əldə etdik. Düşmən tamamilə yox edildi. Hər iki tərəfdən öldürülənlərin sayı 3000-dən çoxdur. Əgər türklər qalib gəlsəydilər, Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri-müsəlmanlar isə qətliama məruz qalacaqdılar". Baxın bu da S.Şaumyanın sanki soyqırımla heç bir əlaqəsi olmayıbmış kimi Moskvaya göndərdiyi məktub.

 Mart soyqırımından 1 il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuata yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir.

S.Şaumyandan da qabağa gedərək Baqrat Bakıda mart hadisələri sırasında öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün türk olduğunu iddia edirdi. Bu soyqırımı təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

 Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında  22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və azərbaycanlılar üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma Komissiyasının 12 iyul 1919-cu il tarixli qərarı göstərmək olar.

Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz araşdırma komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın dolusu silah, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.

Şamaxıda üstünlüyü ələ keçirən ermənilər buranı Azərbaycan türklərindən təmizləməyə başladılar. Erməni işğalçı ordusunun komandanlığına S.Şaumyanın köməkçiləri və bilavasitə ondan təlimat alan S.Lalayan liderlik edirdi. Qoşunuyla Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etdi. Arxivlərdə göstərilir: "...Uşaq və qadınların böyük bir hissəsi məsciddə gizləndi.

Tanınmış Axund Molla Cəfərqulu öldürüldü. Hər kəs axunda bir şey edilməyəcəyini, ona əl qaldırılmayacağını fikirləşirdi. Amma ermənilər məscidə girərək axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər. Məsciddəki bütün qadınlar öldürüldü".

Təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaqdı. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1701 nəfərə enmişdi.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu  kütləvi soyqırımı hadisələri təkcə Bakı və Şamaxıda deyil, Azərbaycanın, demək olar ki, bütün bölgələrində həyata keçirilmişdi. Quba qəzasına göndərilən erməni silahlı birləşmələrinə isə S.Şaumyandan bilavasitə əmr alan Hamazasp liderlik edirdi. Aprel ayında bu bölgənin 122 kəndi dağıdılmış, yüzlərlə türk və ləzgi qətlə yetirilmişdi.

Maraqlıdır ki, ermənilərin yaşamadığı və ya barmaqla sayıla biləcək erməninin yaşadığı Quba şəhərində bu hadisələr necə baş vermişdi?

Bu da sırf soyqırımı məqsədilə ora sonradan erməni qoşunlarının getdiyini göstərir. Ermənilərin Qubada törətdikləri qətliamlar haqqında həmin dövrdə şəhərin rəisi olmuş A.Əlibəyov yazır: "Ermənilər şəhəri tərk etdikdən sonra mən şəhərə dəyən maddi zərəri dəyərləndirdim və eyni zamanda bir neçəsi uşaq və qadın olmaq üzərə 2000-dən çox türkün qətl edildiyini araşdırdım".

Quba şəhəri və ona qonşu kəndlərdə etdikləri cinayət və qətliamlara görə Təcili Araşdırma Komissiyası tərəfindən Hamazasp, onun köməkçisi Nikolay, polis Venuntsa, Hartun Hayrapetov, Avakov və Erircanyan məhkəməyə verilmişdi. Lakin 27 aprel 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının dağılmasından sonra onun qəbul etdiyi bütün qərarlar da 10 oktyabr 1920-ci ildə hakimiyyətə gələn bolşevik hökuməti tərəfindən rədd edildi. Elə bu haqsızlıqlardan ilham alan erməni daşnakları ortaya atdıqları torpaq iddiaları ilə 1988-ci ildən başlayaraq minlərlə günahsız azərbaycanlını qətlə yetirmiş, bir milyondan artıq insanı qaçqın vəziyyətinə salmışlar.

Ermənilər Azərbaycanda mart-aprel aylarında qətliamlar etməklə Bakı quberniyasında qalibiyyət əldə etdikdən sonra Gəncəyə hücum edərək bütün Azərbaycanı işğala cəhd göstərdilər. Bakı, Şamaxı, Kürdəmir, Salyan, Quba və Lənkəranın işğalından sonra sıradakı hədəf Gəncəydi. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar.

Bunu S.Şaumyan Xalq Komissarları Sovetinə göndərdiyi məktubda da etiraf edirdi. Onun planına görə, sovet ordusu Yevlax körpüsünü ələ keçirib Kür çayı boyunca müdafiə xətti quracaq, sonra bu ordu Gəncəyə yeridiləcək və sonda digər bölgələrdəki ermənilərlə birləşəcəkdilər. Amma 1918-ci ilin mayında ADR-in qurulması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-qalım mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min Azərbaycan türkünü qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovublar. XX əsrin sonlarında ermənilər yenidən rusların yardımı ilə Azərbaycan xalqına qarşı yeni soyqırımı aktı həyata keçirdilər. Xocalı qətliamı bəşər tarixində ən dəhşətli soyqırımı aktı kimi artıq tarixə düşüb.

İndi dünyaya yalançı erməni soyqırımı nağıllarını qəbul etdirmək istəyən ermənilər bu tarixi faktlar qarşısında aciz duruma düşürlər. Azərbaycan və qonşu ölkələrin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımı haqda minlərlə fakt və sənədlər var. Bunlar ermənilərin iç üzünün açılması və vəhşi ermənilərin dünya qarşısında ifşası üçün tam kifayət edir.

Azərbaycan tərəfindən bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən işlər artıq dünya ictimaiyyətinin əsil tarixi həqiqətlərlə tanış olması üçün gözəl şans yaradıb. Lakin bu işlər dayandırılmamalı, daha da genişləndirilməli və dünya birliyinin qarşısına çıxarılmalıdır.

Bu məsələ Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktına da inandırıcı arqumentlər əlavə edə bilər. Dünya Ermənistanın bir dövlət kimi Azərbaycan əraziləri üzərində yaradıldığını və bununla kifayətlənməyərək Azərbaycan ərazilərinin daha 20 faizini işğal etməsini qəbul və etiraf etməlidir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 31 mart.- S. 10.