“HEYDƏR ƏLİYEV - ƏBƏDİYAŞAR
LİDER"
YAP Siyəzən rayon təşkilatında bu mövzuda
elmi-praktiki konfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Siyəzən
rayon təşkilatının qərargahında rayonun fəal
gəncləri ilə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümü münasibətilə
"HEYDƏR ƏLİYEV - ƏBƏDİYAŞAR
LİDER" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda giriş sözü ilə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun ölkəmizin inkişafı yolundakı misilsiz xidmətlərindən danışıb. "Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı sayəsində Azərbaycan həm iqtisadi, həm siyasi baxımdan öz uğurlu addımlarını atdı. Ümummilli liderimiz Heydər Əliyev bütövlükdə siyasi səhnəyə daxil olduğu illərdən - gənclik dövründən başlayaraq, Özünü böyük şəxsiyyət kimi sübuta yetirmiş, qurucu insan, mahir idarəçi və böyük düşüncə sahibi olduğunu göstərmişdir. O, xalqın tarixində dönüş yarada bilən bir lider idi. Onun uzaqgörənliyi sayəsində respublikamız iqtisadi inkişafa doğru istiqamət götürdü, dünya birliyinə inteqrasiya etməyə başladı, Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırıla bildi" deyən E.Heydərov ümummilli lider Heydər Əliyevin xalqımızın qəlbində əbədiyaşar mövqe qazandığını, dövlətimizin suverenliyi və millətimizin rifahı üçün həyata keçirdiyi işlərin böyüklüyü barəsində konfrans iştirakçılarına ətraflı məlumat verdi. E.Heydərov, həmçinin, bu gün Azərbaycan xalqının öz sevimli lideri olan ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında möhkəm birləşdiyini də vurğuladı.
Konfransda YAP Siyəzən rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev "Əbədiyaşar Lider" mövzusunda çıxış etdi. Ulu öndər Heydər Əliyevin adını daşıyan muzeyin direktoru Şəms İslamova çıxış edərək, bildirdi ki, ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı sayəsində Azərbaycan bütün bəlalardan xilas olaraq inkişaf tərəqqi yoluna qədəm qoydu. "Azərbaycanın əsaslı, qüdrətli, milli dövlətçilik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan və dünya dövlətçilik ənənələri sistemində son dərəcə şanlı, milli və sosial gedişlər edən, Azərbaycan dövlətçiliyinin elmi-nəzəri və təcrübi əsaslarını yaradan, gələcək üçün işıqlı yollar açan böyük insan, qüdrətli dövlət xadimi, böyük siyasətçi və xüsusilə də, dünya ölkələri-dünya dövlətləri sisteminin yeni dahisi idi" deyən Ş.İslamova Azərbaycan xalqının ulu öndər Heydər Əliyevin zəngin irsindən daima yararlanacağını bildirdi.
Konfransın sonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar "Əbədiyaşar Lider" mövzusunda məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibi Siyəzən şəhər 1 saylı orta məktəbin XI sinif şagirdi Abidli Əsəd Ramiz oğlu YAP Siyəzən rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.
Tapdıq Qurbanlı
Səs.- 2010.- 1 may.- S. 8.