Sevgi dənizindən
bir damla
Azərbaycanın qədim diyarı Naxçıvanın dilbər guşələrindən biri olan Şahbuz rayonu həm də şeir, söz, sənət ocağı kimi tanınıb. Ədəbiyyatımıza Məmməd Araz kimi dühanı bəxş edən bu torpağın övladları Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqətli olmaqları ilə də seçiliblər. Ümummilli liderimiz Heydər Əliyevə olan sonsuz məhəbbət isə, bütün azərbaycanlılarda olduğu kimi, şahbuzluların da qəlbində əbədi məskən salıb. Bu günlərdə işıq üzü görən "El məhəbbəti" şeir kitabı da ümmana dönən sevgi selindən bir damla kimi süzülərək ərsəyə gəlib.
Kitabın tərtibçiləri Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya elmləri namizədi Əbülfəz Muxtaroğlu və tanınmış pedaqoq Süleyman Rzazadədir.
Kitab "Məmməd Araz" ədəbi birliyinə üzv olan qələm sahiblərinin müxtəlif zamanlarda Şahbuz rayonunda çıxan "Oğuz səsi" qəzetində dərc etdirdikləri şeirlərindən ibarətdir. Bu şeirlərin hər biri əbədi liderimiz Heydər Əliyevə həsr olunub. Digər şeir kitablarından fərqi isə ondadır ki, burada 100 yaşlı ağsaqqaldan tutmuş, 5-ci sinif şagirdinədək hər yaşdan olan insanların duyğularını oyadan şeirlər toplanmışdır. Onların arasında Azərbaycan Yazıçılar Birliyinin üzvləri ilə yanaşı, əvvəllər qələmini şeirdə sınamayan, fəqət, ulu öndərə olan dərin sevgi və məhəbbətini ifadə etmək üçün şeir yazanlar da yer alıb.
Şahbuz rayonunda və ondan kənarda
yaradıcılıqla məşğul
olan 41 şairin şeirlərindən ibarət
olan bu kitabı
oxuyarkən, Heydər
Əliyevə bəslənilən
böyük rəğbətin
səbəbini bir daha anlayırsan. "O, insan azadlığı, sülhün əlifbasıydı.
O, bir millətin deyil, bəşərin dühasıydı" --misraları
da Heydər Əliyevin əzəmətini,
onun xalqımız və insanlıq üçün gördüyü
işləri diqqətə
çatdırır. Təbii ki,
el məhəbbətinin
ən önəmli səbəblərindən biri
də ulu öndərin ölkəmizdə
baş alıb gedən xaos və anarxiyanın qarşısını alması,
Azərbaycanı parçalanmaqdan
xilas etməsi, məlum qüvvələr
tərəfindən, necə
deyərlər, xarabalığa
çevrilən
bir məmləkətdə
qüdrətli və əbədiyaşar bir dövlət qurmasıdır.
Gənc şair Elnur Əbülfətoğlu
da "Azərbaycanın
memarı" şeirində
bu məqama toxunur:
Qurub-yaratmaq sənin şüarın, devizindi,
Xalqın Sənin sayəndə azad yaşayır indi.
Azərbaycan dövləti
ən gözəl əsərindi.
Şanlı Azərbaycanın
memarı ulu Heydər.
Böyük şəxsiyyətlər haqqında söz demək çox böyük məsuliyyət tələb edir. Çünki peşəkar və öz sahəsinin bilicisi olan bir insan belə tarixdə ad qoyub gedən insanları əməlini sözlə ifadə etməyə çalışarkən, onun ucalığını, xidmətlərini olduğu kimi, oxucuya çatdırmaqda çətinlik çəkir. Lakin "El məhəbbəti" kitabını oxuduqdan sonra, belə qənaətə gəlirsən ki, tərtibçilər bu məsələyə həssaslıqla yanaşıblar. Şeir və poemaları ciddi şəkildə ələkdən keçirmiş, dilimizin, ədəbiyyatımızın tələblərini diqqətdə saxlamış, yerində olmayan lazımsız ifadələri əsaslı və məntiqli fikirlərlə əvəz etmişlər. Təbii ki, bu zaman üsluba toxunulmamış, əsas fikir, ana xətt qorunub saxlanılmışdır.
Bakı Metropolitenin rəisi Tağı Əhmədovun maddi və mənəvi dəstəyi nəticəsində ərsəyə gələn "El məhəbbəti" şeir toplusunu xalqın ümummilli liderə dərin və sonsuz məhəbbətinin növbəti təzahürü kimi qiymətləndirmək olar. Bu, bir həqiqətdir ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı yaşayır, ümummilli lider Heydər Əliyevə olan el məhəbbəti də yaşayacaq. Müstəqillik tarixini, həqiqətləri öyrənəcək gələcək nəsillərsə, böyük öndərə həsr olunmuş yüzlərlə belə şeirlər yazmaqla bu məhəbbəti əbədiyyətə qədər yaşadacaqlar.
Rauf KƏNGƏRLİ
Səs.- 2010.- 4 may.- S. 7.