Xalqın əbədiyaşar lideri

 

YAP Qax rayon təşkilatı gənclər birliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar tədbir keçirib

 

Respublikamızın bütün bölgələrində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı geniş tədbirlər  keçirilir. Belə tədbirlərdən olan YAP Qax rayon təşkilatı gənclər birliyinin rayon şahmat məktəbində sürətli şahmat üzrə zona turniri keçirilib. Turnir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər. Sonra tədbir Qax şahmat məktəbində davam etdi.

Şəki, Zaqatala və Balakən rayonlarının 10-20 yaş həddi üzrə şahmatçıların iştirakı ilə keçirilən tədbirdə çıxış edən YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov  çıxış edərək bildirdi ki, Azərbaycan xalqı ulu öndərimiz Heydər Əliyev ideyalarına sadiqdir: "Əziz və tarixi günü qeyd etmək üçün respublikamızın bütün regionlarında keçirilən tədbirdə qoca, cavan, uşaq - hamı ulu öndərin 87-ci ildönümünü qeyd edir. Bu xalqın öz liderinə sonsuz hörmət və  dərin məhəbbətindən irəli gəlir. Bu gün respublikamızın hər yerində ulu öndərimizin heykəlləri qoyulub. Amma o abidələrin ən əzəmətlisi hər bir  azərbaycanlının qəlbində ucaldılıb. Azərbaycanlı olması ilə fəxr edən, bu fəxarət duyğusunun ən böyük nemət olduğunu hər birimizə öyrədən də ümummilli lider Heydər Əliyev oldu: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam."

N.Əhmədov ümummilli lider Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycanın gələcəyi üçün çalışdığını bildirdi:     

"Xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev Azərbaycanın  müstəqilliyinin əbədi olması üçün  tarixi missiyanı ləyaqətlə yerinə yetirdi".  

Tədbirdə Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev toplantıda çıxış edərək ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünün rayonda qeyd olunması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər haqda məlumat verdi. Bildirdi ki, bu tədbirlər, nəinki rayonda fəaliyyət göstərən bütün idarə, təşkilat və müəssisələrdə, həmçinin, hər bir ailədə qeyd olunur: "Çünki ulu öndər Heydər Əliyev bizlərə güclü, demokratik və beynəlxalq aləmdə tanınan müstəqil Azərbaycan bəxş edib. Qax rayon ictimaiyyəti ulu öndərin xatirəsini daim uca tutur, Onun yaratdığı partiyaya inanır və göstərdiyi yolla gedirlər. Təsadüfi deyil ki, YAP-ın rayon təşkilatına qəbul olunmaq üçün ərizə verən vətəndaşların sayı getdikcə artır".

M.Şəkiliyev onu da qeyd etdi ki, hər bir partiya üzvü öz vəzifəsini vicdanla yerinə yetirməli, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, YAP Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi işlərdə öz yardımını göstərməlidir: "Dövlətin iqtisadi dirçəlişinin, millətin mənəvi yüksəlişinin təməlini qoyan, "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir" deyən və bunun yeni dövlətçilik konsepsiyasının əsası olduğunu yeni Azərbaycanın timsalında dünyaya nümayiş etdirən Heydər Əliyev oldu. Səsimizi  ən yüksək tribunalardan bəyan edən, Azərbaycanı dünyaya tanıtdıran böyük öndərin qarşısında daim böyük minnətdarlıq hissi ilə baş əyirik".

Tədbirdə çıxış edən partiya fəalları rayonlararası belə tədbirlərin keçirilməsi ulu öndər Heydər Əliyevin irsinin öyrənilərək gələcək nəsillərə çatdırılmasına imkan verməklə yanaşı, eyni zamanda, rayon təşkilatları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə də şərait yaradır. Çıxışlardan sonra turnirə start verildi. Günün sonunadək davam edən turnirdə qalib gələn şahmatçılar (10-12 yaş, 13-16 yaş, 17-20 yaş qrupları üzrə) YAP Qax rayon təşkilatı tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olundular.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 4 may.- S. 7.