"Heydər Əliyev və insan hüquqları: əqli mülkiyyət, elm və mədəniyyət sahələrində Heydər Əliyevin töhfələri"

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Ombudsman Aparatında dəyirmi masa keçirildi

 

Dünən Ombudsman Aparatında ümummilli liderimiz Heydər Əliyevin doğum günün 87-ci ildönümü ilə bağlı dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin sədrinin müavini Sona Salmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyin sədri Kamran İmanov, QHT üzvləri və mətbuat nümayəndələri iştirak etdi.

 Ombudsman Elmira Süleymanova çıxış edərək bildirdi ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində bir araya gələrək, böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməmişik: "Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir".

E.Süleymanovanın dediyinə görə, ulu öndərimiz ölkəmizin daxilində qayda-qanun və sabitlik yaratmaqla bərabər, Azərbaycanın dünya birliyinə tamhüquqlu üzv kimi qəbul edilməsini, ölkəmizin üzləşdiyi problemləri olduğu kimi dünyaya çatdırmağı öz siyasətinin əsas istiqamətinə çevirmişdir: "Ulu öndər Heydər Əliyev, sözün əsil mənasında, xalqının, millətinin taleyi ilə yaşayan müstəqil Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək üçün rahatlıq tapmayan bir şəxsiyyət idi. Ömrünün qalan hissəsini də xalqına qurban verməyə hazır olan Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın inamını doğrultmaq üçün yorulmadan çalışdı, Azərbaycanı müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsindən qurtardı".

E.Süleymanova, onu da vurğuladı ki, ümummilli liderimizin diqqətindən kənar qalan bir sahə yox idi: "Ümummilli liderimiz Heydər Əliyevin hüquqi islahatlar sahəsində də böyük fundamental işlər görürdü. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquq və azadlıqları təmin olundu, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atıldı".

E.Süleymanova ölkəmizdə ölüm cəzasının ləğvinin məhz Heydər Əliyevin mühüm xidməti olduğunu, onun humanist siyasəti nəticəsində bir çox amnistiya aktlarının tətbiq edildiyini, əfv fərmanlarının imzalandığını xatırlatdı. Ombudsman müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyinin onun insan hüquqlarına münasibəti ilə müəyyən olunduğunu söylədi. O, insan hüquq və azadlıqlarının müdafiəsində mühüm vasitə olan, Heydər Əliyevin banisi olduğu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil təsisatının müstəqil şəraitdə fəaliyyət göstərməsini bunların bariz nümunəsi olduğunu dedi. İnsan hüquqlarının qorunması istiqamətində bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyi qeyd etdi: "Hər kəs öz məsuliyyətini dərk etməlidir!" Bu sözlər də ulu öndərimizə məxsusdur. Fenomenal şəxsiyyət olan Heydər Əliyevdən bəhs edərkən, belə bir deyimin yerində olduğunu görürük. Çünki bizim hər birimizi öz məsuliyyətini dərk etməyə çağıran ümummilli liderimizin sözlərini hər kəs, o cümlədən, qadınlarımız da, necə deyərlər, öz qulağında sırğa edib, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmaq üçün qüvvə və bacarığını əsirgəmir. Heydər Əliyevin bizə yadigar qoyduğu ən böyük şah əsəri olan müstəqil Azərbaycanın bugünkü nəsli kimi, gələcək nəsli də millətimizin böyük oğlunun xatirəsini daim əziz tutacaq, müəyyənləşdirdiyi yolla daha böyük zirvələri fəth edəcəkdir".

Tədbirdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Azərbaycan müəllif hüquq institunun formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır" mövzusu ətrafında çıxış etdi: "Ulu öndər Heydər Əliyevin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz - onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra zaman özü bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsil qiymətini verəcək. Millətin böyüklüyünün onun ayrı-ayrı şəxsiyyətlərinin böyüklüyünü təşkil edən keyfiyyətlərdən ibarət olmasını, tarix boyunca xalqın intellektinin ən dəyərli sərvət, əqli yaradıcılığın isə bu xəzinənin tükənməz mənbəyi olmasını görən dahi öndərimiz müəllif hüququ və digər əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi, bir sözlə, dövlətin bu sahədəki siyasətini ön plana çəkdi. İlk dəfə olaraq, bütün sivil standartlara uyğun olan "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlar qəbul edildi. Məhz dahi öndərimizin təşəbbüsü ilə, ilk dəfə olaraq, konstitusiyamızın 30-cu maddəsində müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları təsbit olundu və gələcək qanunların qəbul edilməsinə əsas yaratdı".

"Bu gün Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan "mədəni sənaye" sahəsi sürətlə inkişaf edir" fikrini söyləyən K.İmanov vurğuladı ki, o zamanlar Azərbaycanda internetə qoşulmuş kompüterləri barmaqla saymaq olardı: "Ümumiyyətlə, 1996-cı ildə bütün dünyada internetə qoşulmuş kompüterlərin sayı cəmi 16 milyon idi, hazırda isə bu rəqəm 200 milyona yaxındır və Azərbaycanda əhalinin 1,4 milyonu qlobal rəqəmli şəbəkədən istifadə edir və 61 faizi mobil telefon şəbəkəsindədir. Yeni şəraitdə elektron ticarət getdikcə  daha güclü rol oynayır. İnternet şəbəkəsinə yerləşdirilmiş informasiyaların 50 faizdən artığı müəlliflik hüququ və əlaqəli hüquqlarla qorunur, daha çox satılan dörd məhsul növündən üçü müəlliflik hüququ və əlaqəli hüquqların obyektləridir".

Dəyirmi masada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin müavini Sona Salmanova "Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının memarıdır" mövzusunda məruzə ilə çıxış edərək, milli konstitusiyanın banisinin Heydər Əliyev olduğunu qeyd edərək, bu sənəddə dövlətin inkişaf ideyalarının əksini tapdığını bildirdi: "Bu gün biz "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur" deyəndə, eyni zamanda, onu nəzərdə tuturuq ki, Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin qurucusudur. Bu, çox ciddi məsələdir. Ümumiyyətlə, hüquqi konstitusion dövlət hər xalqa nəsib olmayan anlayışdır. Bizim xoşbəxtliyimiz ondadır ki, ümummilli liderimiz Heydər Əliyev, eyni zamanda, dövlətimizin hüquqi əsaslarını qurub. Hər bir hüquqi dövlətin özünəməxsus əlamətləri var. Konstitusiyon dövlət nədir? Yəni, bu dövlətdə, ilk növbədə, qanunun aliliyi, hakimiyyətin bölünməsi, vətəndaşların sosial müdafiəsi, siyasi plüralizm və sairə prinsiplər əsas götürülür, dövlət bu prinsiplər üzrə idarə olunur. Azərbaycan həm də sosial dövlətdir. Bilirsiniz ki, referendum nəticəsində konstitusiyaya sosial yönümlü iqtisadiyyat müddəası əlavə olunub. Bu müddəa Azərbaycanda sosial dövlət qurulmasını özündə ehtiva edir. Bütün bunlar, onu deməyə əsas verir ki, hüquqi dövlətin qurulması Azərbaycanda hər bir vətəndaşın, həmçinin, qeyri-vətəndaşın hüquq və azadlıqlarının layiqli səviyyədə dövlət tərəfindən qorunmasına xidmət edir. Hüquqi dövlət deyəndə, bunu başa düşürük. Bunun əsaslarını isə Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib. Xalqın iradəsi ilə qurulan hər bir dövlətin, o cümlədən, Azərbaycan dövlətinin başlıca məqsədi və fəaliyyət istiqamətləri xalqın milli maraqlarını qorumaq, vətəndaşların hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir".

"1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının da müəllifi məhz ümumilli liderimiz Heydər Əliyevdir" fikrini söyləyən S.Salmanova söylədi ki, Azərbaycan Konstitusiyası dünyanın bir çox qabaqcıl ölkələrinə örnək ola biləcək sənəddir: "Ulu öndərimiz Heydər Əliyev həmişə deyirdi ki, Azərbaycan Konstitusiyası elə bir hüquqi sənəd olmalıdır ki, cəmiyyətdə mövcud olan bütün zümrələrin mənafeyi nəzərə alınsın. Bu gün Azərbaycan Konstitusiyasında o qədər işlək mexanizmlər var ki, doğrudan da, örnək ola bilər. Konstitusiya qəbul olunandan sonra 1996-cı ildə Azərbaycan Prezidenti yanında hüquqi islahatlar komissiyası yaradıldı və bu komissiya Konstitusiyadan irəli gələn qanunların işlənib hazırlanması üçün işlər gördü. Çoxlu sayda qanunlar, məcəllələr qəbul etdik. Bütün bu qanunların mayasında bir məqam dayanır ki, o da Ana Yasanın 12-ci maddəsində təsbit olunub. Orada qeyd olunur ki, Azərbaycan dövlətinin ali məqsədi hər bir Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini təmin etməkdir, hüquq və azadlıqlarını qorumaqdır. Hesab edirəm ki, qanunlar hüquqi dövlət quruculuğu prosesində aparıcı rol oynayır və bundan sonra da belə olacaq".

"Heydər Əliyev və Azərbaycanda intellektual mədəniyyət" mövzusunda çıxış edən "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov bildirdi ki, hər bir xalqın həyatında mühüm rol oynayan faktorlardan olan onun dili, tarixi, mədəniyyəti, incəsənəti, mənəviyyatı ilə bağlı məsələlər təşkil edir: "Türk dünyasının lideri Heydər Əliyev hakimiyyətdə olduğu illərdə mədəniyyətin, incəsənətin inkişafına təkan verən böyük və dəyərli layihələrə imza atdı. Ölkəmizdə əksər muzeylərin yaradılması və yenidən bərpa edilməsi də məhz Onun təşəbbüsünün nəticəsi idi. Bu gün ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 4 may.- S. 8.