Yevlax rayon ictimaiyyətinin nümayəndələri
Heydər Əliyev Fondunda olublar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Yevlax rayon ictimaiyyətinin nümayəndələri dünən
Heydər Əliyev Fondunu ziyarət etmişlər. Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını
yeni nəsillərə
daim aşılamaq məqsədi daşıyan
Heydər Əliyev Fondunun zəngin ekspozisiyası ilə tanış olmuşlar. Onların diqqətinə çatdırılmışdır ki, burada toplanan
maraqlı fotolar və eksponatlar görkəmli dövlət
xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük
şəxsiyyətin səyləri
nəticəsində ölkəmizin
ictimai-siyasi, sosial-iqtisadi,
elmi-mədəni həyatında
ciddi dönüş mərhələsinin başlanğıcı
qoyulmuşdur. Ulu öndərin
şəxsi arxivindən
götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini
əhatə edən fotoşəkillər, Azərbaycan
tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən
maraqla qarşılanmışdır. Fondda ümummilli liderin
oxuduğu təhsil ocaqlarında fərqləndiyini
əks etdirən diplomlar, təhlükəsizlik
orqanlarında işlədiyi
dövrdəki xidməti
vəsiqələri, həm
sovetlər, həm də müstəqillik dövründə Azərbaycana
rəhbərlik etdiyi zaman həyata keçirdiyi quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi
illər, hakimiyyəti
dövrlərində ölkənin
müxtəlif sahələrində
qazanılan uğurlar,
həyata keçirilən
layihələr fondun ziyarətçilərində böyük
maraq doğurmuşdur.
Qonaqlar Heydər Əliyev Fonduna xatirə hədiyyəsi təqdim
etdilər.
Səs.- 2010.- 5 may.- S. 4.