YAP Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyəti ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə
həsr edilmiş tədbir keçirdi
Dünən Azərbaycan Dillər Universitetinin (ADU)
akt zalında YAP Nəsimi rayon təşkilatının və
Nəsimi rayon icra hakimiyyətinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr
edilmiş yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət İbrahimqızı
açdı. O, qeyd etdi ki, ümummilli
lider Heydər Əliyev, hər şeydən əvəl, tarixi şəxsiyyətdir.
Tarixi şəxsiyyətlərin
yetişməsində isə
ictimai-siyasi mühit, hadisə və proseslər öz sözünü deyir:
"Lakin bu hadisə və proseslərin mərkəzində
dayanan ən əsas amil yenə də şəxsiyyətlərin özüdür.
Onun Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalq, vətən üçün etdiklərini
bəzən normal təfəkkürün əhatə
dairəsinə sığışdırmaq
olmur. Böyük öndərimiz tariximizə
xilaskar kimi daxil olub və
ölkəmizə rəhbərlik
etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla davam etdirib".
M.İbrahimqızı onu da bildirdi ki,
müstəqil Azərbaycan
dövlətinin qurulması
birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.
Bu tarixi həqiqət bütün
xalqımız tərəfindən
qəbul olunur: "Azərbaycan xalqını
rəzalətdən, vətəndaş
müharibəsindən, parçalanmaq
təhlükəsindən xilas
edən ulu öndər bizə sabit inkişafı təmin edilmiş bir dövlət miras qoyub".
Tədbirdə çıxış edən ADU-nin rektoru, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin
sədri Səməd Seyidov vurğuladı ki, ulu öndər
Heydər Əliyevin həyatdan gedişi bizim üçün nə qədər ağır olsa da, özümüzü bir tarixi gerçəklə
ovundura bilərik-bu, Heydər Əliyevin qurduğu və xalqımıza etibar etdiyi Azərbaycan
dövlətidir: "Bu
dövlət hər ili başa vurduqca,
yaşının üstünə
yaş gəldikcə,
onun hər uğurunun üzərinə
yeni uğur əldə etdikcə, Heydər Əliyev yaşayacaq".
S.Seyidov onu da
əlavə etdi ki, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan
ulu öndərin bu dönüşü ilə ictimai-siyasi həyatın bütün
sahələrində yenidən
bir dirçəliş,
oyanış baş verdi: "Azərbaycanın
milli dövlətçilik
tarixində ilk dəfə olaraq, məhz Heydər Əliyevin simasında siyasi prinsiplər və milli-mənəvi meyarlar birləşdi".
Azərbaycan Tibb
Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov
çıxışında qeyd etdi ki, Azərbaycan
səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin
bütün ağırlıqlarını öz
çiyinləri üzərinə götürərək, onu
inkişaf etdirən və gələcək perspektivlərini
müəyyənləşdirən dahi Heydər Əliyev
dəsti-xətti, qüdrəti öz
möhtəşəmliyi ilə kəskin surətdə
seçilir və bənzərsizliyi ilə fərqlənirdi:
"Müasir Azərbaycanın memarı, ulu öndər
Heydər Əliyevin siyasəti əbədidir,
həmişəyaşardır. 1969-cu il iyul ayının
14-də ulu öndər
Heydər Əliyevin ilk dəfə Azərbaycan KP MK-nın birinci katibi seçildiyi gündən
respublikamızda xoş
əhval-ruhiyyəli canlanma,
gələcəyə nikbinliklə baxmağa əsas verən sevincli anlar hökm sürməkdə
idi. O vaxtlar
mən Azərbaycan Dövlət Tibb İnstitutunun dördüncü
kurs tələbəsi
idim və Azərbaycan xalqının
bütün zümrələrindən
olan insanların bu seçimə ürəkdən sevinməsi
bizə - 60-cı illərin
tələbələrinə də sirayət etmişdi. Hamı tənəzzüllə üzləşən Azərbaycana
rəhbərliyə gəlmiş
bu fövqəladə
insana, sözün həqiqi mənasında, inanır və ümid çırağı
kimi baxırdı. Çox keçmədi ki, ümummilli lider zirvəsinə yüksələrək, dünya
siyasətçiləri sırasında
öncül mövqeyə çıxan dahi Heydər Əliyev fenomeni ona bəslənən
ümidləri doğruldaraq
əsil xarüqələr
yaratmağa başladı.
Xalqın öz liderinə olan inamının geniş vüsət alması yerinə yetirilən əməli tədbirlərə,
gərgin fəaliyyətin
əyani nəticələrinə
əsaslanırdı".
Ə.Əmiraslanov onu da əlavə etdi ki, Heydər
Əliyevin xarici ölkələrdə oxutdurduğu
gənclər indi Azərbaycanda aparıcı
mütəxəssislərə çevriliblər. Onun qoyduğu təməllərin
bəhrəsi Azərbaycan
Tibb Universitetinin timsalında özünü
daha qabarıq şəkildə göstərir:
"Bu ali təhsil ocağı yarandığı gündən
həmişə milli
kadr qıtlığından
əziyyət çəkib.
Lakin indi tam əminliklə demək olar ki, Azərbaycanda tibb sahəsinin, səhiyyənin bütün
sahələri üzrə
çox sanballı, yüksək səviyyəli
milli kadrlar yetişib və onlar da öz
məktəblərini yarada
biliblər".
Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev ulu
öndərin xalq təsərrüfatının bütün
sahələrinin inkişafını
həmahəng surətdə
ardıcıllıqla həyata
keçirdiyini, yeniliyə,
tərəqqiyə sədd
yaradan, keçmişdən miras qalmış maneələri,
lüzumsuz stereotipləri
inamla aradan qaldırdığını vurğuladı:
"Onun düşünən
beyni sanki istirahət bilmədən
daim fəaliyyət göstərir, Azərbaycanın
gələcəyi naminə
yeni-yeni ideyaların eskizlərini hazırlayır
və dərhal da onların zəruriliyini hiss edib həyata keçirilmələrinə şərait
yaradırdı. Heydər
Əliyevin uzaqgörən
siyasəti nəticəsində Azərbaycan
ən mütərəqqi
müasir islahatların
tətbiqi və həyata keçirilməsi
meydanına çevrilmişdi.
Ümummilli lider gənclər haqqında düşündüklərini ardıcıllıqla
həyata keçirə
bildi. Bu gün ölkədə yaranan bir çox
gənclər təşkilatı
öz miqyasını
genişləndirmişdir. Ulu
öndərin xalqımız
tərəfindən bəyənilən
və dəstəklənən
iqtisadi-siyasi kursu hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən
böyük müvəffəqiyyətlə
davam etdirilir".
Tədbirdə çıxış
edən tələbələr
Əsmər Ramazanova və Emil Əliyev
qeyd etdilər ki, ulu öndər
Heydər Əliyevin siyasətinin bundan sonra davam etməsi
Azərbaycan dövlətinin
tərəqqisi üçün
ən böyük təminatdır. Bu yol Azərbaycan dövlətçiliyi üçün
ən uğurlu və əbədi yoldur.
Tədbirdə, həmçinin, qeyd olundu ki,
ulu öndər Heydər Əliyevin doğum günün 87-ci ildönümü ilə əlaqədar olaraq ali təhsil ocaqlarının tələbələri
arasında müsabiqə
elan edilmiş və 34 tələbə müsabiqənin qalibi olmuşdu. Sonda müsabiqə qəlibləri
diplom və qiymətli hədiyyələrlə
mükafatlandırıldı.
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 5 may.- S. 7.