1941-1945-ci illərdə Azərbaycandan ordu sıralarına 640 min nəfər səfərbər edilib

 

Firudin Süleymanoğlu:"Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən, Azərbaycana xüsusi diqqət yetirilirdi"

 

Böyük Vətən müharibəsinin qələbə tarixindən 65 il ötür. İyunun 22-də faşist Almaniyası keçmiş Sovet İttifaqına hücum etdi. Bu müharibə imperiyaya daxil olan xalqlar tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Bu baxımdan, müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən, Azərbaycan xalqı Vətən uğrunda müharibəyə qoşuldu. Müharibənin şahidi olmuş və o illərdə acı ruzigar yaşamış insanların təəssüratları hər kəs üçün maraq doğurur. Həyatında iki müharibənin dəhşətini yaşamış    Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının üzvü Hacı Firudin Süleymanoğlunun iki savaşla bağlı fikirlərini oxuculara təqdim edirik:

-  Bildiyimiz kimi, Böyük Vətən müharibəsi illərində sovet imperiyasının tərkibinə daxil olan ölkələr son dərəcə çətin və məsul vəzifəsini yerinə yetirməli idi. Tarixdən məlum olan sənədlərə əsasən, faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən, Azərbaycana xüsusi diqqət yetirilirdi. Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Alman faşizmi Bakını işğal edib, onun neftini öz şirkətlərinin sərəncamına verməli idi. Artıq bu plan üzərində böyük bir siyasi xətt yeridilirdi. Bakının hərbi məntəqəyə çevrilməsi ilə bağlı qərar da çıxarılmışdı. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

Tarixi dəlildir ki, 1941-1945-ci illərdə Azərbaycanda sovet ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərilmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi.

Təbii ki, XX əsrin ən dəhşətli səhifəsi hesab edilən Böyük Vətən müharibəsi Azərbaycan üçün çoxlu qurbanlarla sona yetmiş olsa da, bu müharibə dünyada misli görünməmiş qələbə ilə başa çatdı. Böyük Vətən müharibəsi dövründə müharibənin şahidi olduğum üçün o illərin döyüş vəziyyətini yaxşı xatırlayıram. Müharibənin ön cəbhəsi qan-qada, itki, irəli və geriçəkilmə idisə, arxa cəbhə insanlar üçün döyüş meydanlarından gələn qara xəbərlərdən ibarət idi. Hər bir müharibə cənazəsi, dəfn mərasimi, uzaq bir müharibənin faciəvi sədası idi. Bir də, o illərdə Şahtaxtıda - Naxçıvan Muxtar Respublikası ərazisində "Rus diki" adlanan yerdə dirəkdən asılmış radiodan "Sovinform"un məlumatarını oxuyan Levitanın səsindən qələbənin əlindən tutmuş kimi yapışardı. Mən bu gün, bir daha demək istəyirəm ki, bizim üçün İkinci Dünya müharibəsində, faşizmə qarşı aparılan döyüşdə iştirak etmiş hər bir şəxs yüksək hörmətə malikdir. Bizim cəmiyyətdə onların xüsusi yeri vardı. Biz heç vaxt belə insanların  xidmətlərini unutmayacağıq.

Zaman keçdikcə, illər ötdükcə bu qələbənin mənası, mahiyyəti və tarixi əhəmiyyəti bütün dünya üçün böyük məna kəsb edir. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər. Bu baxımdan,  deyə bilərik ki, alman faşizmi üzərində çalınan qələbədə Azərbaycan xalqının da böyük payı vardır. Bu gün alman faşizminin qarşısını almaq üçün həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edir, baş əyirik. Onların qəhrəmanlıqları qəlbimizdə əbədi olaraq yaşayacaqdır. 

Taleyin acı ruzigarı qismətimizə ahıl çağımızda yenidən bir müharibəni - Qarabağ müharibəsini yaşamaq nəsib etdi. Biz alman faşizmindən daha qəddar olan erməni faşizmi ilə üz-üzə qaldıq. Hər iki müharibədə öndə - döyüş xəttində xalqın mərd oğulları, arxada isə meşələri, ağacları qırıldı, yaşıllıqları məhv oldu.

Həyatımda iki müharibənin şahidi olmuşam. İki müharibənin canlı şahidi olaraq hər iki hadisənin Böyük Vətən müharibəsinin və Qarabağ savaşının oxşar və fərqli cəhətlərin göstərmək istərdim. Böyük Vətən müharibəsi illərində uşaqlığımızı itirdik, ailə başçılarını itirdik, vətənə, ailəyə dayaq olduq. Müharibəyə yola saldığımız insanların əvəzləyəcisi olmaq məsuliyyətini üzərimizə götürdük. Qarabağ müharibəsində Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası blokadaya alındıqdan sonra, qaz və elektrik xətləri erməni hərbi quldur dəstələri tərəfindən sıradan çıxarıldı. Dəmir və avtomobil yollarının fəaliyyəti dayandırıldı. Enerji təchizatından, yanacaqdan əziyyət çəkən insanlar bağları, seyrək meşələri qıraraq, odun yerinə işlətdilər. O zaman Naxçıvan Ali Məclisinə rəhbərlik edən Heydər Əliyev var gücünü sərf edir, əhalini yanacaq və enerji ilə təmin etmək üçün bütün imkanlardan yararlanmağa çalışır, qonşu dövlətlərlə danışıqlar aparırdı.

İkinci Dünya müharibəsində qışda uşaqlar şaxtadan donmasın deyə camaat ağacları qırıb yandıranda, Ceyran adında qadın hay salardı ki, Hitler davada oğullarımızı qırır, siz də burada ağacları. Şahbağı deyilən yerdə bütün ağaclar beləcə qırıldı, yandırıldı. Ceyrangilin həyətindəki 8 tut ağacından sonuncunu kəsmək istəyən qohumlarının qabağına, o, yaylığını atıb yalvarmışdı ki, heç olmasa, bunu balalarımıza saxlayın. Yayda yeməyə çərəzləri olsun, yoxsa acından öləcəklər.

Böyük Vətən müharibəsi bizim Şahtaxtlı  kəndində Ağa dərəsində "Düzmə iydələr" adında gözəl bir bağ salınmışdı. Əslinə, qalsa, "Düzmə iydələr" bizim Şahtaxtın möcüzəsi idi. Amma o da müharibənin qurbanına çevrildi. Qarabağ müharibəsində erməni blokadası da respublikanın ekologiyasına  sağalmaz bir yara vurdu. Problem nə qədər ağır olsa da, öz həllini tapdı. Azərbaycan hökumətinin Türkiyə və İranla səmimi qonşuluğu üç yaxın xalqın tarixi bağlılığı məsələnin həllinə müsbət təsirini göstərdi. Eyni zamanda, muxtar respublikanın hakimiyyəti əhalinin qaz və elektrik enerjisi ilə təchizatının sürətlənməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirdi.  Artıq neçə ildir ki, Naxçıvanın ən ucqar dağ kəndində belə mavi yanacaqdan istifadə olunur. Bu ağacların qırılmasının qarşısını alan çox ciddi tədbir idi. Artıq neçə ildir ki, muxtar respublikanın bütün rayon və kəndlərində yaşıllıqların bərpası, bağların salınması istiqamətində ciddi işlər görülür. Ömrümün ixtiyar çağını yaşayan bir ahıl kimi yaşıllaşan Naxçıvana, boy atan, uzanan ağaclara baxanda yetişən nəsli düşüürəm. Məni hər şeydən çox sevindirən muxtar respublikanın şəhər və rayonlarında getdikcə artan yaşıllıqlardır. Müstəqil Azərbaycanın fidan balaları sülh şəraitində, əmin-amanlıqla böyüyür, beləcə, müharibənin yaraları sağalır.

Fikirlərimi davam etdirərək, qeyd etmək istəyirəm ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə respublika ictimai-mədəni həyatında baş verən dəyişikliklərin hər biri yaddaşımda vərəqlənir. Yarım əsrlik dövr ərizində baş verən hadisələr diqqətimdədir. Müstəqilliyimiz əldə edildikdən sonra, bütün inkişaf prosesləri  bir vətəndaş kimi məni qürurlandırır.

Lakin qısa bir dövrdə Azərbaycanda müstəqilliyin ilk illərində  hakimiyyətə gəlmiş qüvvələr Azərbaycanın keçmiş tarixini inkar etməyə, Azərbaycan övladlarının Böyük Vətən müharibəsində göstərdikləri şücaətlərə görə dırnaqarası baxmağa, faşizmə qarşı müharibədə olan itkiləri unutdurmağa çalışsalar da, buna müvəffəq ola bilmədilər.   

Azərbaycanda ictimai-siyasi vəziyyət dəyişəndən və Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Böyük Vətən müharibəsinin veteranlarına və ümumiyyətlə, İkinci Dünya müharibəsinin qəhrəmanlarına müəyyən bir dövrdə nümayiş etdirilən etinasızlıq və bəzən də hörmətsizlik halları qısa bir zaman məsafəsində aradan götürüldü.

Azərbaycan xalqı böyük imtahanlardan keçərək, nəhayət, öz milli azadlığına, dövlət müstəqilliyinə nail olub, indi öz taleyinin sahibidir. Bu gün bizi ən çox sevindirən cəhətlərdən biri də odur ki, Böyük Vətən müharibəsində qələbə naminə vuruşanların, döyüşənlərin böyük bir dəstəsi indi də bizim sıralarımızdadır. Onlar yaşayır və müstəqil Azərbaycanın həyatında, dövlət quruculuğu prosesində fəal iştirakçılarıdırlar.

Böyük Vətən müharibəsinin cəbhələrində, döyüşlərdə Azərbaycan xalqı nəyə qadir olduğunu bütün dünyaya sübut edib. Döyüşlərdə qazanılan dövlət ordenləri, medalları, nişanları mənim dediyim bu sözlərə əyani sübutdur. İndi Müstəqil Azərbaycanda Böyük Vətən müharibəsinin veteranlarına xüsusi qayğı göstərilir və bundan sonra da göstəriləcəkdir. Çünki Azərbaycan dövləti, ölkə Prezidenti İlham  Əliyev onların problemləri ilə yaxından maraqlanır və yüksək qayğı göstərilir.

 

 

ZÜMRÜD BAYRAMOVA

 

Səs.- 2010.- 5 may.- S. 10.