Ənvər Əskərovun 70 illik yubiley sərgisi açılıb

 

Dünən Muzey Mərkəzinin Sərgi Qalereyasında tanınmış istedadlı fırça ustası, Azərbaycanın əməkdar rəssamı Ənvər Əsgərovun 70 illik yubiley sərgisi açılıb. Ekspozisiyada rəssamın son illərdə yaratdığı yeni, indiyədək geniş tamaşaçılara təqdim olunmamış əsərləri nümayiş olunub. Bu sərgi sanki rəssamın tamaşaçılar qarşısında yaradıcılıq hesabatıdır. Qeyd edim ki, Ə.Əsgərov ilk professional təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov Lətif Feyzullayev kimi tanınmış rəssamlardan almışdır. Daha sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunu bitirmişdir,1968-ci ildən Azərbaycan SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Soltan Məhəmməd mükafatına layiq görülmüşdür. Ə.Əsgərov 1994 2003-cü illərdə Bakıda fərdi sərgilərini təşkil etmişdir. Onun əsərləri 1998-ci ildə Vaşinqtonda keçirilən "World bank art" adlı sərgidə nümayiş etdirilmiş bir neçə əsəri ABŞ kolleksiyaçıları tərəfindən alınmışdır. 1967-ci ildə ilk dəfə olaraq, Ə.Əsgərov "Borular" adlı əsəri ilə sərgidə iştirak etmişdir. Bu dövr ərzində onun yaradıcılığı zənginləşmiş, özünəməxsus cəhətləri ilə başqalarından fərqlənmişdir. Bir neçə on il bundan əvvələ qədər monumental sənaye kompozisiyalarına üstünlük verən rəssam sonralar kamera tipli həndəsi natürmortlar çəkməyə başlamış, az sonra isə, formal baxımdan, çox sadə olan bu əsərlər op-art üslubunda işlənmiş rəsmlərlə əvəz edilmişdir. Sənətdə öz yerini, yaradıcılıq yolu istiqamətini tapmış rəssamın əsərlərinə tamaşa edərkən, düşünürsən ki, onun fantaziyasının həddi-hüdudu yoxdur. Tünd yaşıl rəngli meşələrin təsvirində isə mistik bir məqam duyulur. Bu lövhələr qədər real olsa da, onları realist üsluba yalnız şərti mənada aid etmək olar. Onun əsərlərinin təbiiliyi tamaşaçıya, sanki təzə-tər yarpaqların qoxusunu çatdırır, adama elə gəlir ki, bu qoxu insana fiziki mənada təsir göstərir. Rəssamın palitrasında, əsasən, təbiət rəngi sayılan yaşıl rəngin müxtəlif çalarları üstünlük təşkil edir. Rənglər onun tablolarında bir-biri ilə üzvi şəkildə əlaqələndirilir. Sanki onlar rəssam tərəfindən deyil, təbiətin özü tərəfindən işlənmişdir. Özünəməxsus yaradıcılıq üslubu orijinal tərzdə işlənmiş tabloları ilə rəssam bu illər ərzində tamaşaçıların sənətsevərlərin marağını özünə cəlb etmişdir. O, hansı zamanda ictimai quruluşda yaşamasından asılı olmayaraq, daim öz sənət ideallarına sadiq qalan insan kimi, milli incəsənətimizin zəngin xəzinəsinə öz töhfələrini verməkdə davam edir. Ə.Əsgərovun səmərəli bədii yaradıcılıq fəaliyyəti Azərbaycan Dövləti tərəfindən yüksək qiymətləndirilmiş o, 2000-ci ildə əməkdar rəssam fəxri adına layiq görülmüşdür. 2009-cu ildə "Azerbaijan culturalscapes" layihəsi çərçivəsində nazirlik tərəfindən İsveçrənin Bazel şəhərində keçirilmiş "Baku Unlimited" adlı sərgidə Ənvər Əsgərovun əsərləri uğurla nümayiş etdirilmişdir. Onun əsərləri Rusiya Mədəniyyət Nazirliyinin fondunda, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında bir çox xarici ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Zümrüd

 

Səs.- 2010.- 5 may.- S. 12.