Günəşin hörükləri
Ağappaq bir yay gecəsi idi. Qaz yumurtası boyda yuvarlaq, bədirlənmiş ay, səmanı nəhəng ağ çadıra bənzədirdi. Gecənin aydınlığında, kəndin yuxarı başında, Günəşgilin evinin arxasından, Zeynal kişinin evinin lap qabağından, su arxının üstündən keçib kəndin qəbiristanlığına tərəf səmt alan yolun ortasına, körpünü əvəz edən su borusunun köhnəlib pas atmış dəlmə-deşiklərindən axıb yola dağılan suyun qarşısını almaq məqsədi ilə yaxınlıqda yaşayan yaşı ötmüş sinli kişiləri bu işə cəlb edən kolxoz sədri Mərkəz qağanın (kənddə hamı ona "Mərkəz qağa" deyərdi), səsi-səmiri ətrafa yayılırdı. Böyük Vətən müharibəsinin qızğın vədəsiydi. Əli silah tutan, baldırı bərk adamların hamısını cəbhəyə aparmışdılar. Tək-tük qalanlar beli-buxunu bükük yaşlı-qocalardı, bir də azyaşlı yeniyetmələr və qadınlardı.
Günəşin də əri müharibəyə getmişdi. Günəş ortaboylu düpbədüz bədən quruluşlu, 25-30 yaşlarında, lovğa, bir qədər də gözəgəlimli gəlin idi. Qol yoğunluqda arxası boyunca gərdəninə uzanan qara hörükləri vardı. Yeriyəndə hörükləri yerişinə rəğmən, sanki rəqs edərdi. İki azyaşlı qızı bir də qoca anasıyla bir evdə yaşayardılar. Evlərinin qabağında (lap evin kəlləsinə bitişik) palçıq suvaqlı qarğıdan tikilmiş, əl-ayaq daxmaları da vardı. Belə aydınlıq gecədə 10-11 yaşlı Nofəl qarğı atına minib kəndin arası ilə aşağı, yuxarı çapardı. Bir qədər nadinc uşaqdı (Arvadlar ona "'allahın bəlası" deyərdilər). Nofəl qarğı atıyla su borusunu qazıyıb çıxarmaq istəyən kişilərin həndəvərində, o yana, bu yana çapardı. İşin gərgin məqamında sədr Mərkəz qağa harasa qeyb oldu. Bu, Nofəlin gözündən yayınmadı, qarğı atını mahmızlayıb, onun ardınca çapdı. Mərkəz qağa əvvəl-əvvəl Günəşgilin qonşusu dərzi Güləbətin nənəgilin qapı-bacasına göz gəzdirdi. Sonra da Günəşgilin pəncərəsindən boylanıb içini arıtladı. Öskürdü, həyətin ön tərəfinə keçdi. Qəflətən Günəşgilin qapısı açıldı. Günəş çiynində şalı çıxdı. Çıxan kimi də evə bitişik olan, əl-ayaq damına girdi. Mərkəz qağa da onun ardınca dama soxuldu.
Nofəl bayaqdan Mərkəz qağanı təqib edirdi. Qarğı damının divarına söykənib, onları pusmağa başladı. Damın qapısı yoxuydu. Süd kimi aydınlıq içərini işıqlandırırdı. Nofəl arabir əyilib içəri baxırdı. Mərkəz qağa Günəşi qucaqlamışdı. Onlar bir-birini duz kimi yalayırdı. İşlərini başa vurdular. Ləzzət mərasimi qurtardıqdan sonra bayaqdan, qarğı damındakı hıqqıltı-mıqqıltıda yavaş-yavaş söndü. Elə bu məqamda qapının ağzında kimsə fit verib, şimşək kimi parıltı salıb ötdü...
Mərkəz qağa təəccüblə soruşdu:
- Bu nəydi, kimdi?!
- Mən nə bilim-deyə Günəşin içindən gələn hikkəli bir səslə-Allahın bəlasından başqa kim olacaq-dedi. - O, kimdir?
Nofəl deyilən bir bəla. Gecə-gündüz, it əl-ayağı yemiş kimi burnunu hara gəldi soxur... Onun qulağını yerindən cıraram...
Fikir vermə. Çıx get... Başdan xarabın biridi.
Mərkəz qağa gedəndən sonra, Günəş də əyin-başını düzəldib getdi. O, gecə gözlərinə yuxu gəlmədi. Nofəlin qarasına söyüb-söyləndi. Qorxurdu ki, Nofəl onu bütün kəndin içində rüsvay edəcək... Qəlbinin dərinliyində zamanı, müharibəni, Hitleri lənətlədi.
Səhər yuxudan duranda qonşuları Zeynal kişinin gərnəşdiyini gördü. Zeynal kişi öz-özünə deyinirdi:
- Bu gecə səhərə kimi əlləşmişik. Tərs oğlu tərs ayağını dirəyib ki, gərək su arxının turbası köhnəlib, dəyişmək lazımdır. Günəş dillənmədi. (Bildi ki, tərs oğlu tərs deyəndə, Zeynal kişi Mərkəzi deyir.) Ağzına baş yapısının yaşmağını çəkib dilləndi.
- Nəyinizə lazımdır, turbanı dəyişdiniz?
- Allah saa insaf versin, bizdən
soruşan var ki, Avdal eşşəyin hayandadı?..
Günəş bu sözləri
qulaqardına vurub, vedrəsini arxın suyundan doldurub,
uzaqlaşdı. Elə bu məqamda Nofəl qarğı
atını çapa-çapa böyürdən
çıxdı.
- Mən bilirəm. Sədr
qağanın dərdi nəydi, turba da bir bəhanəydi.
- A bala nəydi, desənə!-
deyə Zeynal kişi soruşdu.
- Demirəm, niyə deyirəm,
odey Günəş xaladan soruşun.
- Al ey, kül dəli
başına-deyib, Günəş həyətdə gözdən
itdi.
Ertəsi gün günortadan gün əyiləndə,
Günəş başında çırpı şələsi
meşəlikdən gəlirdi (təndir
çırpısı gətirirdi). Qəflətən Nofəl
qabağına çıxdı. Dərhal qaçıb evlərindən
paltar qayçısını götürüb, pencəyinin
altında gizlədərək, oğrun-oğrun Günəşi
arxadan təqib etməyə başladı. Başında
çırpı şələsi lovğa-lovğa gedən
Günəşin uzun hörükləri yerişinə
uyğun yellənirdi. Nofəl sakit addımlarla, ona
çatıb ehmallıca hörükləri ovcunda dəstəkləyib,
qayçı ilə kəsdi. Gəlin hənirti eşidib
arxasına baxanda, Nofəlin əlində kəsilmiş
hörüklərini görəndə, dəlicəsinə
bir fəryad qopdu sinəsindən. Başındakı
çırpı şələsini atıb, Nofəli
qovmağa başladı. Uşaq ayaqları yerə dəymədən
qaçırdı. Qaçırdı-arxdan, xəndəkdən
atılıb düzü biyabana üz tutub
qaçırdı. Günəş başına,
gözünə, dizinə döyüb
hönkürürdü. Söyürdü Nofəlin
qarasına, nif-nalə qarğışlar
yağdırırdı. Axırda huşunu itirib
yıxıldı. Nofəlin atası da gəlmişdi,
eşidənlər, görənlər gəlmişdi. Günəşin
üzünə-gözünə su çiləyib
ayıltdılar. Sonra da qoluna girib evinə apardılar. Nofəl
böyüklərdən eşitmişdi ki, pis yola gedən
qadınların saçını kəsirlər,
başını qırxırlar...
Atası çox həyəcanlıydı,
oğlunun qarasına söyüb- söylənirdi.
*
* *
Ara sakitləşmişdi.
Qoca əhvalatın səbəbini (ucundan-qulağından)
öyrəndikdən sonra bir qədər səbri
alınmışdı. Oğlunun qeyrətini, təəssübkeşliyini,
götür-qoy eliyib, qəlbinin dərinliyində qürur
hissi baş qaldırmışdı, qürrələnmişdi.
Daha Nofəli danlamırdı, qınamırdı.
Hər şey
yavaş-yavaş qaydasına düşürdü. Bir gün
kəndə bir milis gəldi. Özüynən də at
arabası gətirmişdi. Arabanı Günəşgilin
qapısına sürdürdü. Camaat Günəşgilin həyətinə
toplaşdılar. Kolxoz sədri Mərkəz qağa da gəlimşdi.
(Ardı var)
Nurəddin Qənbər
Səs.- 2010.- 5 may.- S. 12.