“AZƏRBAYCANIN BUGÜNÜ VƏ GƏLƏCƏYİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR"

 

"SƏS" QƏZETİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 87-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİB

 

Bu gün ölkəmizin bütün kənd və qəsəbələrində, rayon və şəhərlərində xalqımızın ümummilli lideri Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Bu tədbirlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin xalq və dövlət üçün gördüyü əvəzsiz işlər bir daha faktlar və sənədlərlə qeyd olunur, Onunla bağlı xatirələr səsləndirilir. "Səs" qəzeti mənim üçün ən əziz qəzetdir" - deyən, ümummilli liderimiz Heydər Əliyevin tarixi müdrik etimadını "Səs" qəzeti bütün fəaliyyəti ilə nümayiş etdirməyə çalışır. Vaxtaşırı olaraq ulu öndərin ideyaları və fəaliyyəti ilə bağlı müxtəlif səpgili tədbirlər keçirir, dəyirmi masalar təşkil edir. Dahi öndərin 87-ci ildönümü ilə bağlı "Azərbaycanın bu günü və gələcəyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda keçirdiyi dəyirmi masa da ənənəvi tədbirlərin davamı hesab olunur.

 Budəfəki dəyirmi masada Azərbaycan Prezidenti Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov, millət vəkilləri Məlahət İbrahimqızı, Gülər Əhmədova, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Siyasi Şurasının üzvləri Aydın Hüseynov, Vilayət Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ulu öndər Heydər Əliyevin 1969-cu ildən Azərbaycana rəhbərliyə gəldiyi dövrdən həyatının sonuna qədər millət və dövlət üçün gördüyü xeyirli, gərəkli işlərdən konkret faktlarla çıxış etdi. Baş redaktor ulu öndərin hakimiyyətdə olduğu illəri müxtəlif dövrlərə ayıraraq, bu dövrlərin hər biri haqqında geniş və əhatəli məlumatlar verdi. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə Azərbaycanda dövlət idarəçiliyi sistemi tamamilə yenidən qurulmuş, vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin sürətlənməsi istiqamətində, əhalinin sosial-rifah halının yaxşılaşmasında, ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inqilaba bərabər islahatlar həyata keçirilmişdir. Azərbaycanın dünya xəritəsində yeri və rolu möhkəmlənmiş, beynəlxalq aləmdə nüfuzlu aparıcı dövlətlərdən birinə çevrilmişdir. B.Quliyev dəyirmi masa iştirakçılarına ulu öndər Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı diskussiya xarakterli müzakirələrin aparılmasının vacibliyini söylədi.

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İNSAN QALAKTİKASINDA PARLAQ BİR ULDUZA BƏNZƏYİR

 

Novruz Məmmədov:

 

- Hər il olduğu kimi, bu il də "Səs" qəzeti ənənəvi olaraq, ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı dəyirmi masalar keçirir. Buna görə qəzetin baş redaktoruna  və onun kollektivinə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bugünkü müzakirələr hər birimiz üçün faydalıdır. Ulu öndər Heydər Əliyev insan qalaktikasında parlaq bir ulduza bənzəyir. Onun şəffaf parıltısı və istiliyi daim qəlbimizdə qalacaqdır. Ona görə taleyimdə belə bir insanla rastlaşıb, birgə əməkdaşlıq etdiyim üçün çox xoşbəxtəm. Mən ulu öndərlə dünyanın 60 ölkəsinin rəhbərlərinin nəsilləri ilə tanış olmuşam, söhbətlər aparmışam. Həmin söhbətlərdə iştirak etməyimin mənim üçün çox böyük faydası olub. XX-XXI yüzilliklərdə dünyanın heç bir ölkəsində ulu öndər Heydər Əliyev kimi şəxsiyyətə rast gəlməmişəm. Mübaliğəsiz deyirəm ki, onların hamısı Heydər Əliyev simasının, zəkasının, dühasının kölgəsində qalıblar. Bunu zaman özü artıq sübut edib. Ümumilli lider Heydər Əliyev elə bir şəxsiyyət idi ki, Onun yaşadığı zaman tarixə çevrildi. O, müxtəlif şərait və vəziyyətlərdə həyatının böyük qərinəsini xalqına xidmət edib. Bununla ulu öndər göstərdi ki, xalqa xidmət etmək yolu var və hər kəs bu yolla getməlidir.

1989-cu ildə 2-3 ay ərzində Timurçin Hacıbəylinin münaqişə ilə bağlı 28 səhifəlik məqaləsini tərcümə etmişdim. Tərcümə etdikdən sonra onu harada çap etdirəcəyimi bilmirdim. Nəhayət, bünün üçün Ziya Bünyadovun yanına üz tutdum. Halbuki həmin vaxt onunla heç bir tanışlığım yox idi. Mən ona telefon açaraq, Xarici Dillər Universitetinin baş müəllimi olduğumu söylədim. Soruşdu ki, nə istəyirsən? Dedim ki, belə bir məqalə var və onu "Kommunist" qəzetində çap etdirmək istəyirəm. Sabahısı gün onunla görüşə getdim. O, məqaləyə baxdı və mövzusunun çox ciddi olduğunu bildirdi. Daha sonra yanına iki nəfəri, Sara Aşırbəylini və Ağabala Rzayevi çağırdı. A.Rzayev "Hüquq" cəmiyyətinin rəhbəri, professor idi. Z.Bünyadov onlara bildirdi ki, bu cavan oğlana kömək etmək lazımdır. Həmin vaxt Fransaya gedəcəkdim. Yazını onun yanında qoyub, Fransaya getməli oldum. Qayıdıb gəldikdən sonra, gördüm ki, yazı hələ də dərc olunmayıb. Sentyabr ayının 5-də zəng gəldi və Z.Bünyadov mənə bildirdi ki, danışıqlar gedib, artıq sabah yazı qəzetdə dərc olunacaq. Gecə saat 3-də də zəng edildi, bildirildi ki, 3 min nüsxə qəzetdə çıxıb, lakin Ayaz Mütəllimova xəbər çatdırıldıqdan sonra, o, buna razı olmayıb. Qəzet çap olundu, orada mənim də nüsxədərim çıxdı. Bu hadisədən 2-3 gün öncə, Ataxan Paşayevə dedim ki, həmin məqaləni tapıb, mənə verin. O, tapa bilmədi, amma sonradan mən onu tapdım. A.Mütəllimov vətənə borcunu yerinə yetirmək üçün bu məqaləni çap etdirməli idi. Ancaq o, bunun qarşısını aldı. Ulu öndər Heydər Əliyev isə bütün fəaliyyəti dövründə böyük vətəndaş oldu. Vətəninə və xalqına olan sevgisini atdığı bütün addımlarda sübut etdi.

 

HEYDƏR ƏLİYEVLƏ GÖRÜŞMƏK HƏSRƏTİNDƏ İDİM

 

Eldar İbrahimov:

 

- Mən də Novruz müəllimə qoşularaq, belə bir dəyirmi masa keçirdiyinə görə "Səs" qəzetinə minnətdarlıq edirəm. Naxçıvan blokadada olarkən bizim harayımıza "Səs" qəzeti çatıb. 1969-cu ildə ulu öndər Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi olarkən, Onun bütün fəaliyyətini diqqətlə izləyirdim. Ulu öndər  Heydər Əliyevin geyiminə, qalstukuna və hərəkətlərinə böyük pərəstişkarlıqla baxırdım. Azərbaycanı palçığın içərisindən çəkib çıxaran və SSRİ-də də tanıdan məhz O olub. Ölkədə bütün neftayırma zavodlarının, sənaye, tikinti sahələrinin yenidən qurulması və kənd təsərrüfatı sahəsində 1 milyon ton pambıq, 2 milyon tondan artıq üzüm istehsal edilməsi Onun xidmətidir. Azərbaycan kəndlisinin simasını dəyişən və insanları zənginləşdirən bir rəhbər kimi, O, daim qəlblərdə yaşayacaq. 1981-ci ildə vilayət partiya komitəsində təlimatçı işləyirdim. Naxçıvana möhkəm qar yağırdı. Həmin vaxt ulu öndər Heydər Əliyev Gürcüstanda idi və oradan dərhal Naxçıvana gəldi. Mövcud ziyanı aradan qaldırmaq üçün Bakıdan gələn müxtəlif strukturlara rəhbərlik edən nazirlərin iştirakı ilə iki müşavirə keçirildi. Həmin vaxt üçüncü katib məni yanına çağırdı. Dedi ki, Heydər Əliyev gələcək və Ona məruzə edərsən. Mən də, Heydər Əliyevin həsrətində olan adam kimi, Onu yaxından görmək istəyirdim. Çox təəssüflər ki, ilahi bunu mənə qismət etmədi. Heydər Əliyev birinci mərtəbədə müşavirə keçirdikdən sonra oranı tərk etdi. Lakin həyat elə gətirdi ki, sonralar ulu öndərlə çoxsaylı görüşlərim oldu.

 

Kərim Kərimov:

 

- Ulu öndər Heydər Əliyevin Ali Sovetin sessiyasındakı çıxışından bir hissəni nəzərinizə çatdırmaq istəyirəm. Ulu öndər qeyd edirdi: "Respublikanın keçmiş rəhbəri kimi mən naməlum ittifaqa xidmət etdiyimi, buraxdığım səhvləri etiraf edirəm və heyifslənirəm". Heydər Əliyevin böyüklüyü müstəqil Azərbaycana rəhbərliyi ilə ölçülür. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi tarixə düşüb. Müstəqilliyi bərqərar edən, onu əbədiləşdirən dahi şəxsiyyət olub.

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV HƏMİŞƏ ZİRVƏDƏ DURMUŞ, DURUR VƏ ƏBƏDİ OLARAQ  DURACAQDIR!

 

Vilayət Əliyev:

 

- Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onu dövlətçiliyinin ayrılmaz tərkib hissəsi və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində ümummilli liderimiz Heydər Əliyev qədər qüdrətli və cəsarətli şəxsiyyət olmamışdır. Onun fəaliyyətində, əməllərində bir tamlıq vardır. O, həmişə zirvədə durmuş, durur və əbədi olaraq duracaqdır! Çünki Heydər Əliyev Azərbaycançılığın yaradıcısı, ilhamçısı və müdafəəçisidir. Azərbaycançılıq fəlsəfəsini dərk etməyən şəxs Azərbaycan vətəndaşı ola bilməz! Azərbaycançılıq nədir? Bu sualın ən kamil cavabını Heydər Əliyev vermişdir: "Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir". Milli-mənəvi dəyərlər, onların qorunması, yabançı təsirlərdən xilas olunması, saflaşması, Azərbaycan xalqının dəyərli sərvəti kimi milli emblemə çevrilməsində böyük öndərimizin uzaqgörən siyasəti, əməli fəaliyyəti, verdiyi fərman və sərəncamlar, keçirdiyi tədbirlər, apardığı görüşlər, beynəlxalq kürsülərdən söylədiyi tarixi nitqlər, gənc nəslin milli-mənəvi dəyərlərə yiyələnməsi üçün istiqamətləndirdiyi tədbirlər və özünün şəxsi nümunəsi əvəzsiz rol oynamışdı. "Azərbaycan mənim ürəyimdir", "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyən Heydər Əliyev xalqının ürəyində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl - Heydər Əliyev ideyaları məşəli yandırmışdır. Bu məşəl ilahi bir varlığın istəyi ilə günü-gündən daha da güclənir, parlaq səmalarda Azərbaycanın simvoluna çevrilir. Hər bir azərbaycanlı ulu öndərimiz Heydər Əliyevin azərbaycançılıq və türkçülük ideyalarını özünün həyat amalına çevirmişdir. Dünya inteqrasiyasına gün-gündən daha çox qovuşduğumuz bir dövrdə, bu, olduqca vacibdir. Bu reallığı müstəqil Azərbaycan Respublikasındakı 9 milyonluq azərbaycanlıdan daha çox duyan, qiymətləndirən zaman-zaman dünyaya səpələnmiş, taleyin hökmü ilə xaric adlandırdığımız ölkələrdə yaşayan 50,5 milyondan çox soydaşımızdır. Çünki dağın nəhəngliyi, ucalığı ondan uzaqlaşdıqca daha möhtəşəm olur, xalqına və onun milli-mənəvi dəyərlərinə istək daha güclü, səmimi və insani olur.

XXI əsrin başlanğıcında Azərbaycan, onun müstəqil, qurub-yaratmaq eşqi ilə fəaliyyət göstərən xalqı belə görünür. Onu bizlərə bəxş edən böyük öndərimiz Heydər Əliyevdir. Azərbaycan və onun xalqı tarixin amansız sınaqları ilə çox üzləşmiş, müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında maraqlı və ziddiyyətli bir tarix yaratmışdır. Onun yaxşısı da, pisi də bizimdir. Azərbaycanı parçalayan ellər xalqımızın ürəyinə, beyninə uzanmış, xalqımızı yaddaşsızlığa, türk kökündən uzaqlaşdırmağa, manqurtluğa, onun qram-qram qazandığı və tarixin sınaqlarından qoruduğu milli-mənəvi dəyərlərimizi dəyişməyə, yenisi ilə əvəz etməyə səy göstərmişdir. Son 19 il göstərdi ki, Azərbaycan xalqı torpağına, taleyinə, milli-mənəvi dəyərlərinə bağlı və olduqca sadiq bir xalqdır. Bunu Azərbaycan xalqına bəxş edən, bu inamı daha da möhkəmləndirən böyük öndərimizdir. 19 il tarix üçün adi, diqqəti cəlb etməyən adi bir rəqəmdir. Lakin bu, 19 il Azərbaycan xalqı üçün hər şeydir. Bu 19 il Azərbaycan türkünün oyanışı, müstəqil Azərbaycanın bərpasıdır. Bu illər Heydər Əliyevin, əbədi olaraq, Azərbaycana, onun xalqının həyatına, dövlətçiliyimizə, gələcək taleyimizə qayıdışıdır. Dünya birliyində Azərbaycan bayrağının ucalması, Azərbaycan dilinin mötəbər kürsülərdə səslənməsi, özü də böyük öndərimiz Heydər Əliyevin ecazkar nitqində vüqarla səslənməsidir. Böyük neft və qaz müqavilələrinin bağlanması, "Bakı-Tbilisi-Ceyhan" neft, Bakı-Ərzurum qaz kəmərlərinin çəkilməsi, dünya ölkələrinin Azərbaycan reallığını təsdiq etməsi, nəhayət, Azərbaycan intibahının çiçəklənməsi illəri kimi yadda qalacaqdır.

 

 

(Ardı var)

 

KÜBRA ƏLİYARLI,

 

SEVİNC NƏZƏROVA

 

Səs.- 2010.- 6 may.- S. 8-9.